Məhkəmə qərarları › İş №1(007)-541/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-541/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-541/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2942A, ev 34, mənzil 180-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 06 may 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir.. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədilə guya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində tanışı olması barədə Zərərçəkmiş şəxs2 yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncuya sürücülük vəsiqəsi alacağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 2024-cü ilin oktyabr ayının sonlarında ünvan 1 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs2 50 manat, 2024-cü ilin noyabr ayında eyni ünvanın yaxınlığında 750 manat pul vəsaitini alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 800 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədilə guya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində tanışı olması barədə Zərərçəkmiş şəxs1 yalan məlumat verib inandıraraq etibarını qazandıqdan sonra sonuncuya sürücülük vəsiqəsi alacağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 31 yanvar 2025-ci il tarixdə, saat 14:00-da ünvan 2 ünvanında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus 5411-2498-1282-3857 nömrəli "xxxx" KB ASC-yə aid "xxxx" kart hesabına göndərdiyi 600 manat, 20 fevral 2025ci il tarixdə, saat 10:24-də ünvan 2 ünvanında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə ona məxsus 5411-2498-1282-3857 nömrəli "xxxx" kart hesabına göndərdiyi 300 manat, ümumilikdə Zərərçəkmiş şəxs1 900 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xanımlara avtomobil sürməyi öyrətmək məqsədilə təlim mərkəzində işləyir. 2024-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 ona müraciət edərək avtomobil sürməyi öyrənmək istədiyini bildirmişdir. O, Gülçinə təlim keçərək avtomobil sürməyi öyrətmək məqsədilə təlim keçmişdir. Təlim ərəfəsində Gülçin sürücülük vəsiqəsinin olmadığını və sürücülük vəsiqəsi düzəltdirmək istədiyini bildirmişdir. Onun pula ehtiyacı olduğundan Gülçinə tanışıları olduğunu və 800 manat müqabilində ona sürücülük vəsiqəsi düzəldə biləcəyini demişdir. O, Gülçinə adının “avtotəlim” məktəbinə yazılması üçün 50 manat, sürücülük vəsiqəsi almaq üçün isə 750 manat pul verəcəyini demişdir. Gülçin onunla razılaşmışdır. 2024-cü ilin oktyabr ayında Gülçinin yaşadığı ünvan 3 ünvanında binanın həyətində adının “avtotəlim” məktəbinə yazılması adı ilə ondan 50 manat, 2024-cü ilin noyabr ayının sonlarında günorta radələrində həmin ünvanda sürücülük vəsiqəsinin əldə edilməsi üçün imtahanı həll etmək adı ilə 750 manat pul almışdır. O, Gülçinə 2 həftəyə sürücülük vəsiqəsini alacağını bildirmişdir. Lakin sonra Gülçin dəfələrlə onunla əlaqə saxlasa da o, müxtəlif bəhanələr gətirərək Gülçini aldatmışdır. Buna baxmayaraq 17 aprel 2025-ci il tarixdə Gülçindən aldığı pulu tam olaraq ona ödəmişdir. Zərərçəkmiş şəxs1 2025-ci ilin yanvar ayının sonlarında sürücülük təlimi ilə əlaqədar ona müraciət etməsi səbəbindən tanımışdır. 29 may 2025-ci il tarixdə avtomobil sürmə təlimi keçən zaman Aynur sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Aralarında gedən söhbət zamanı o, Aynura Baş X5i İdarəsində tanışı olduğunu, 900 manata ona “B” kateqoriyalı sürücülük vəsiqəsi ala biləcəyini bildirmişdir. Aynur 900 manat pulu olmamasını, əvvəlcə 600 manat, daha sonra qalıq 300 manat ödəyə biləcəyini bildirmişdir. O, Aynurla razılaşmışdır. 31 yanvar 2025-ci il tarixdə o, “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə Aynura özünə məxsus olan "xxxx"da açdırdığı 5411-2498-1282-3857 nömrəli kartın şəklini göndərmişdir. Həmin gün saat 14 radələrində Aynur ona 600 manat, daha sonra 20 fevral 2025-ci il tarixdə saat 10 radələrində 300 manat pul göndərmişdir. O, Aynura əvvəlcə 2025-ci ilin fevral ayının sonlarında formal olaraq sürücülük vəsiqəsi almaq üçün olan imtahanda iştirak edəcəyini və sürücülük vəsiqəsini alacağını demişdir. Daha sonra mart ayının əvvəlində imtahanın olacağını demişdir. Sonradan müxtəlif bəhanələrlə Aynuru aldatmışdır. Buna baxmayaraq sonradan o, aldığı həmin 900 manat pulu tam olaraq Aynura qaytarmışdır. Onun sürücülük vəsiqəsi düzəldilməsi ilə əlaqədar heç bir səlahiyyəti, Baş X5i İdarəsində heç bir tanışı olmamışdır, o, zərərçəkmiş şəxslərdə etibar qazanmaq üçün tanışı olduğunu demiş, aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmiş, puldan heç kimə heç nə verməmişdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə verərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirərək, həmin şəxsə yüngül cəza təyin olunmasını və ya qanunvericilik imkan verdikdə, onun haqqında iş üzrə icraata xitam verilməsinə hər hansı bir etirazının olmadığını göstərmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında avtomobil sürmə təlimi ilə bağlı praktiki sürmə dərsləri ilə əlaqədar Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs sürücülük təlimi ilə əlaqədar ona 20 saat dərs keçmişdir. Bu təlim ilə əlaqədar 380 manat ödəniş etmişdir. Onun sürücülük vəsiqəsi olmadığından bu barədə təlim zamanı söhbət əsnasında Təqsirləndirilən şəxs demişdir. Günel ona tanışı olduğunu, tanışı vasitəsilə 800 manat müqabilində ona sürücülük vəsiqəsi düzəldə biləcəyini, pulu verdikdən 2 həftə ərzində onun Baş X5i İdarəsinə çağrılacağını və formal olaraq imtahanda iştirak etdikdən sonra sürücülük vəsiqəsi alacağını demişdir. Günel ona sürücülük məktəbindən müvafiq sənədi almaq üçün 50 manat, digər işlər üçün isə 750 manat pul verməli olduğunu demişdir. O, 2024-cü ilin oktyabr ayının sonlarında yaşadığı ünvan 1 binasının yaxınlığında Günelə nağd şəkildə 50 manat, 2024-cü ilin noyabr ayında isə yaşadığı həmin binanın yaxınlığında nağd şəkildə 750 manat pul vermişdir. O, iki həftə sonra Güneldən məsələnin nə yerdə olmasını soruşduqda Günel müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. 2025-ci ilin fevral ayına qədər Günel onu aldatmağa davam etmişdir. Daha sonra o, aldadıldığını başa düşüb Güneldən pulunu tələb etmişdir. Günel onun pulunu qaytarmadığından 102 Xidmətinə zəng edib məlumat vermişdir. Günel ona vurduğu maddi ziyandan 80 manatını nağd şəkildə, 17 aprel 2025-ci il tarixdə isə qalıq 720 manatı kart hesabına göndərməklə vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Ona sürücülük vəsiqəsi almaq üçün tanışı olması barədə Günel şifahi olaraq bildirsə də həmin şəxsin şəxsiyyəti barədə məlumat verməmiş, o, həmin şəxsi görməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaqla əlaqədar heç bir iş görməmişdir. Heç bir sürücülük məktəbində qeydiyyata alınmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, avtomobil idarə etməyi öyrənmək üçün 2025-ci ilin yanvar ayının sonlarında “İnstagram” sosial şəbəkəsində sürücülük təlimi mərkəzi ilə əlaqə yaratmışdır. Təlim mərkəzindən Təqsirləndirilən şəxs avtomobil sürməyi öyrənməyi üçün göndərilmişdir. Günel idarə etdiyi “Hyundai” markalı dövlət qeydiyyat nişanını xatırlmadığı avtomobillə ona təlim keçərək avtomobil sürməyi öyrətmişdir. Bu səbəbdən 10 gün təlim keçəcəyi ilə əlaqədar təlim mərkəzinə 190 manat pul vəsaiti ödəmişdir. 29 yanvar 2025-ci il tarixdə Günel ona avtomobil sürməyi öyrədən zaman aralarında sürücülük vəsiqəsi alınması barədə söhbət yaranmışdır. Günel X5i İdarəsində tanışının olduğunu, “B” kateqoriyalı sürücülük vəsiqəsini almağa kömək edə biləcəyini, 900 manat qarşılığında 2025-ci ilin fevral ayının sonlarınadək sürücülk vəsiqəsini alacağını bildirmişdir. O, Günelə inanıb razılıq verdikdə Günel pulu tam ödəniş edəcəyini və pulu kart hesabına köçürməyini bildirmişdir. Lakin həmin vaxt 600 manat pulu olduğunu, həmin pulu ödədikdən sonra qalıq 300 manat pulu fevral ayının 20-ə kimi verə biləcəyini demişdir. Günel onunla razılaşdığı üçün 31 yanvar 2025-ci il tarixdə 600 manat pulu ünvan 2 ünvanında yerləşən “Kapital Bank”ın qarşısında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Günelin ona vermiş olduğu 5411-2498-1282-3857 rəqəmli "xxxx" ASC-də açılmış kart hesabına ödəniş etmişdir. 12 fevral 2025-ci il tarixədək Günel ona avtomobil sürmək üçün təlim keçmiş və avtomobil sürməyi ona öyrətmişdir. 12 fevral 2025-ci il tarixdən sonra Günellə görüşməmiş, lakin onunla telefon əlaqəsi yaratmışdır. 20 fevral 2025-ci il tarixdə Günel ona zəng edərək qalıq 300 manat pulu ödəməyini və sürücülük vəsiqəsini alacağını demişdir. Bu səbəbdən həmin tarixdə 300 manat pulu ünvan 2 ünvanında yerləşən “Kapital Bank”ın qarşısında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Günelin ona göndərdiyi 5411-2498-1282-3857 rəqəmli "xxxx" plastik kart hesabına köçürmə etmişdir. Pulu köçürdükdən sonra Günel narahat olmamağını, 2025-ci ilin fevral ayının sonunda onu Baş X5i İdarəsinə aparacağını, orada imtahanda formal iştirak etdikdən sonra sürücülük vəsiqəsini alıb ona təhvil verəcəyini bildirmişdir. Lakin fevral ayının son günlərində onunla telefon əlaqəsi yaratdıqda Günel narahat olmamağını, mart ayının ortalarında sürücülük vəsiqəsi alacağını demişdir. Lakin mart ayının ortalarında Günellə əlaqə yaradan zaman müxtəlif bəhanələrlə onu aldatmışdır. Bu səbəbdən Günel barəsində DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra Günel ondan aldığı pulun ilkin olaraq 500 manatını, daha sonra isə 400 manatını ona qaytarmışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaq üçün əlaqə saxladığı tanışının kim olmasından məlumatı olmamış, ona şifahi olaraq tanışı olmasını bildirsə də həmin şəxs barədə ona məlumat verməmiş, o həmin şəxsi görməmiş və əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs onun sürücülük vəsiqəsi alması ilə əlaqədar heç bir iş görməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -20 mart 2025-ci protokoldan və bank hesabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi "xxxx" KB ASC-də açılmış "xxxx" bank kartından çıxarışa baxış keçirilən zaman Təqsirləndirilən şəxs 5411-2498-1282-3857 "xxxx" kart hesabına 31 yanvar 2025-ci il tarixdə “MilliÖn“ aparatı vasitəsilə 600 manat, 20 fevral 2025-ci il tarixdə “MilliÖn” aparatı vasitəsilə 300 manat pul göndərildiyi müəyyən edilmişdir. (i.v. 12-15) - 26 fevral 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə ünvan 1 ünvanında törədilmiş hadisə yerinə baxış keçirilmişdir. (i.v. 24-25) - 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.3, 310 və 311.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 29, 312.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbz, Təqsirləndirilən şəxs təqdim etdiyi "xxxx" KB ASC-dən verilmiş çıxarış iş üzrə sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilərək saxlanılmışdır. (i.v. 92-97) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibləri olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Belə ki, Cinayət Məcəlləsinin 11-ci fəslinə 2017-ci il 20 oktyabr tarixli Qanunla dəyişiklik edilənədək cinayət məsuliyyətindən azad etmə Məcəllənin 72-ci (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə), 73-cü (zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə), 74-cü (şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) və 75-ci (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddələri ilə tənzimlənirdi və müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə istisna olmaqla, həmin maddələrlə məsuliyyətdən azad etmə yalnız ilk dəfə böyük ictimai təhlükə törətməyən (şəraitin dəyişməsi ilə bağlı, həmçinin az ağır) cinayət törətmiş şəxslərə tətbiq edilirdi. Cinayət qanunvericiliyinə edilmiş qeyd edilən dəyişikliklərlə Cinayət Məcəlləsinin 11ci fəslinə məsuliyyətdən azad etmənin yeni şərtlərini tənzimləyən 73-1 (mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə), 73-2 (iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 74-1-ci (narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) maddələri əlavə edilmiş, o cümlədən həmin Qanunla Məcəllənin 72, 73, 74-cü maddələrindən “ilk dəfə” sözləri çıxarılmış, 72-ci maddəsinə “Qeyd” hissəsi əlavə edilmişdir. “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi, qanunverici şəxsin cinayət məsuliyyətindən azad olunması ilə bağlı müvafiq müddəalardan cinayətin ilk dəfə törədilmiş olması tələbini çıxararaq, cinayət məsuliyyətindən azad etmənin “yalnız bir dəfə” tətbiq oluna bildiyini təsbit etmişdir. Bu dəyişikliklərin səbəbi ondan ibarət olmuşdur ki, əvvəllər törədilmiş cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən eyni və ya başqa cinayətlərin törədilməsi Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrinin tələblərinə əsasən nə təkrarlığı, nə cinayətlərin məcmusunu, nə də residivi yaratdığından, həmin əməllər ilk dəfə törədilmiş hesab edilməklə şəxsin təkrar-təkrar məsuliyyətdən azad edilməsini mümkün edirdi. Qanunverici tərəfindən Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndi ilə məhdudiyyətin tətbiq edilməsi, yəni şəxsin müvafiq qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilməsinin müəyyənləşdirilməsi şəxsin məhdudiyyətsiz şəkildə məsuliyyətdən azad edilməsinin qarşısını alır ki, burada da məqsəd cəmiyyətdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranmasının qarşısını almaq, məsuliyyətdən azad etmə institutunun tətbiqi zamanı Cinayət Məcəlləsinin qarşısında duran vəzifələrə mütənasibliyi qoruyub saxlamaqdır. Qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən cinayət əməlinin törədilməsi cinayətin ilk dəfə törədilməsi hesab edilməməlidir. Çünki əməli ilk dəfə törətmiş şəxs qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri yerinə yetirdiyi halda artıq ictimai təhlükəli olmadığını ifadə etməklə, cinayət məsuliyyətinə cəlb edilmədən də onun belə davranışlardan çəkinməsinə, islah olunmasına nail olmaq mümkün olur. Lakin şəxsin bir neçə cinayət əməlinin törədilməsində və ya eyni əməli bir neçə dəfə törətməsində təqsirləndirilməsi artıq həmin şəxsin şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Bu kimi hallarda şəxsi cinayət məsuliyyətindən azad etmək, yəni onu dövlət adından mühakimə etməmək, hüquq qaydalarının qorunmasına mane olmaqla və şəxsin təkrar cinayət törətməsinə imkan yaratmaqla bərabər, cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin həllinə imkan verməmiş olar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Lakin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata daha əvvəl, ibtidai istintaq orqanının 22 iyun 2024-cü il tarixli qərarı ilə, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi əsası ilə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs yuxarıda göstərilən qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyindən, hazırkı işə münasibətdə onun Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsi müzakirə və həll edilmir, bunun üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 iyun 2025-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. (i.v. 87-91) -Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 09 sentyabr 2016-cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanı ödəyib zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın islah olunmasına və ailəsinin (himayəsində yaşayan azyaşlı qızının) həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə cəza təyini və müddətlərin hesablanması zamanı CM-nin 69-cu maddəsində nəzərdə tutulan qaydada hesablama aparılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hesablanaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış pul vəsaitlərinin ödənildiyini təsdiq edən qəbz və bank hesabından çıxarış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar