Məhkəmə qərarları › İş №1(007)-545/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-545/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-545/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Hovurlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, hal-hazırda Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Gülüstan» restoranının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülü halda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,231 qram və 0,189 qram, ümumi təmiz çəkisi 0,420 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi ilə bağlı 21 avqust 2023- cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 4 saylı binanın yaxınlığında Nizami RPl-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən, saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində, 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülü halda, ayrıayrılıqda təmiz çəkiləri 0,231 qram və 0,189 qram, ümumi təmiz çəkisi 0,420 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Gülüstan» restoranının yaxınlığında olan zaman tanımadığı bir nəfər şəxslə təsadüfən tanış olmuş, həmin şəxs özünü «İdris» kimi təqdim etmişdir. «İdris» adlı şəxslə söhbət əsnasında narkotik vasitə istifadə etmək istədiyini bildirdikdə «İdris» üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra «İdiris» 2 ədəd siqaret kağızına bükülü «kokos» kimi tanıdığı narkotik vasitəni ona vermiş, o, narkotik vasitənin qarşılığında «ldris»ə 15 manat pul vermişdir. Bükümləri alıb həmin gün bir hissəsini istifadə etmiş, qalan hissəsini sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 4 saylı binanın yaxınlığında olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun axtarışda olduğunu bildirərək Nizami RPl-nin 24-cü polis şöbəsinə gətirmişlər. Nizami RPl-nin 24-cü polis şöbəsində xidməti otaqlardan birində onu saxlayan polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə baxış və axtarış keçirilmişdir. Həmin vaxt tanımadığı digər polis əməkdaşı video çəkiliş aparmışdır. O, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı, içərisində 2 ədəd siqaretin gümüşü kağızına bükülü “kokos” kimi tanıdığı narkotik vasitə olan 01 ədəd şəffaf rəngli selofan bükümü təqdim etmişdir. Ondan aşkar edilən maddə 01 ədəd zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 21 avqust 2023-cü il tarixdə saat 18:00 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 4 saylı binanın yaxınlığında Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Həmin şəxs axtarışa elan olunması barədə qərarla tanış edilmiş və Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofanın içərisində olan 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülü halda, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan maddələri təqdim edərək həmin maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd Nokia markalı mobil telefon, içərisində 15 manat nağd pul və 01 ədəd «Kapital Bank»a aid hesab kartı götürülərək materiala əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni 20 avqust 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Gülüstan» restoranının yaxınlığında olan zaman özünü «İdris» kimi təqdim edən şəxsdən 15 manata aldığını bildirmişdir. İş üzrə şahid qismində ifadəsi alınmış Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X2 Kənan Yaşar oğlu ilə analoji məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diskə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4487 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş selofan paketdə 02 ədəd büküm; ayrı-ayrılıqda təmiz çəkiləri 0,231 qram və 0,189 qram, ümumi təmiz çəkisi 0,420 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin 02 (iki) ədəd üzəri gümüşü rəngli kağız bükümdə olan heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici ələmətlərinə görə eynidirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 5415 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 ay həbsdə saxlanılması ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2023-cü il tarixdən hesablanmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 2023-cü ilin avqust ayında törətmişdir. Beləliklə, o, hazırkı cinayəti əvvəlki hökm olan Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi ilə müəyyən edilmiş müddəaya uyğun olaraq onun həmin iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət vahid və ardıcıl müddət kimi nəzərə alınaraq, cəmi 05 ay hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Nizami rayon məhkəməsinin 1(007)-301/2023cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay ( doqquz ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 1(007)-301/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(007)-301/2023 saylı hökmü ilə müəyyən edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 ay həbsdə saxlanılması nəzərə alınmaqla üzərində qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 1(007)-301/2023 saylı hökm ilə müəyyən edilmiş vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-301/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 89 manat (səksən doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 02 ədəd bükümdə ümumi qalıq çəkisi 0,360 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar