Məhkəmə qərarları › İş №1(007)-545/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-545/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-545/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X5 nümayəndəsi Abşeron rayon vəkil bürosunun vəkili Nümayəndə, barəsində şikayət verilmiş Muradov Emin Nizami oğlunun və vəkili Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X5, Muradov Emin Nizami oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10, Muradov Emin Nizami oğluna qarşı xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Muradov Emin Nizami oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir), 148-1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etmiş, məhkəmənin hazırlıq iclası mərhələsində X10 şikayəti üzrə dəqiqləşdirmə aparmaqla yenidən məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21 iyul 2025-ci il tarixdə saat 13 radələrində onun Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22/24 ünvanında yerləşən iş yerində, yəni Bakı Regional Qaz İstismarı İdarəsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən xidməti otağında olduğu zaman vətəndaş Muradov Emin Nizami oğlu içəri daxil olaraq yüksək səslə danışmaqla özünə məxsus olan mobil telefonla icazəsi olmadan onu çəkmiş, çəkiliş edə-edə onu təhqir etmiş, həmçinin bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq, mənimsəmə, təkrar rüşvət alma) ittiham etmiş, daha sonra isə həmin videomaterialı “İnstaqram” və “Tik-Tok” sosial şəbəkəsində olan səhifələrdə geniş ictimayətə yaymışdır. Beləliklə sosial şəbəkələrdə yayılmış həmin video görüntüdən məlum olur ki, Muradov Emin Nizami oğlu 21 iyul 2025-ci il tarixdə saat 13 radələrində onun Bakı şəhəri, Nizami rayonu, Babək pr. 22/24 ünvanında yerləşən iş yerinə, yəni Bakı Regional Qaz İstismarı İdarəsinin inzibati binasında yerləşən xidməti otağına daxil olaraq yüksək səslə danışaraq özünə məxsus olan mobil telefonla icazəsi olmadan onu çəkiliş edir. Çəkiliş aşağıdakı sözlərlə müşayət olunur: “Bu şəxs, baxın, cənab Prezidentimiz, möhtərəm Mehriban xanım, bu şəxs Raufdur, camaatdan pul yığır, mənim də deməli, götürüb məni camaatı öyrədib məndən şikayət ediblər, Baxın, Departament rəisin müavinidir. Özü də dələduzdur. Hörmətli Mehriban xanım, Cənab Prezidentimiz, xahiş edirəm, mənə köməklik göstərin. Bu adamlar, bütün hamıdan pul yığırlar, qara kassasdır. “Azəriqaz İB”-nin İstismar departamentinin rəis müavinidir. Sizdən çox xahiş edirəm Mehriban xanım, cənab Prezidentimiz, mənə köməklik göstərin, sizdən xahiş edirəm, Bunlar, məni, deməli şikayət yazıblar, özü də gedib prokurorluğa da deyiblər ki, adı nədir, buna hədə-qorxu gəlin, bunu işdən çıxardaq. Mən Sizdən artıq dərəcədə xahiş edirəm, hörmətli cənab Prezidentimiz, mənə köməklik göstərin. Bax bu şəxs məndə sübutlar var camaatdan pul alır, özü də gedib mənim əmrimi göstəriş verib, kardlar şöbəsinə, mənim əmrimi saxlayır. Deyir ki, səndən şikayət edəcəm. Şikayət olunur, hörmətli cənab Prezident, şikayət olunur-olunsun, mən razıyam. Amma bir söhbət var ki, mənim əmrimi versinlər hörmətli cənab Prezidentimiz, Mehriban xanım!” Daha sonra isə Muradov Emin Nizami oğlu həmin videoçəkiliş materialını “İnstaqram” sosial şəbəkəsinin “Patrul.az.offisial şəbəkəsində yayımlanmış, 5 minə yaxın baxış olmuş, yüzlərlə şərh yazılmışdır. Həmin video həmçinin “Tik-Tok” sosial şəbəkələrinin müxtəlif səhifələrində də yaymışdır. Yayımlanan materialda Emin Muradov yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları KİV-si sayılan sosial şəbəkələrdə yayaraq ona böhtan ataraq və təqsirsizlik prezumpsiyasını pozaraq onu bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq, mənimsəmə, təkrar rüşvət alma) ittiham etməklə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Həmçinin, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayımlanan videomaterialda “Baxın, Departament rəisin müavinidir, özü də dələduzdur!!!” deməklə onu təhqir etmiş, şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Göründüyü kimi, bu müraciətin məqsədi onun şərəf, ləyaqət və işgüzar nüfuzunu cəmiyyət və dövlər qarasında alçaltmaq və ləkələməkdir. Emin Muradov şər və böhtanları dərin mənəvi iztirablara məruz qoymuşdur. Belə ki, onun sosial şəbəkələrdə yayımladığı və onu ittiham etdiyi məlumatlar onun ailəsinə, xüsusən də övladlarına da çox mənfi təsir göstərir. Bir ailə başçısı kimi övladlarına daim yüksək mənəvi dəyərləri aşılamağa çalışmışdır, amma bu gün heç bir əsas olmadan Emin Muradov onu övladlarına cinayətkar obrazında təqdim etmişdir. Beləliklə, o, arzuolunmaz vəziyyətə düşmüşdür, barəsində bu cür yalan məlumatlar yayımlanması çalışdığı müəssisədə, cəmiyyət içərisində nüfuzuna ciddi xələl gətirmiş, xüsusilə ailəsinin psixologiyasına pis təsir göstərmiş, qanuni hüquqlarının və mənafeyinin pozulması ilə yanaşı, ailəsi onunla birgə mənəvi iztirab keçirmiş, əzab çəkmişdir. Ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Həmçinin, Muradov Emin “TİK-TOK” internet informasiya ehtiyatında “Avtoyuma 012” adlı saxta istifadəçi adından istifadə edərək həmin videonu kütləvi nümayiş etdirməklə də ona böhtan atmış və təhqir etmiş, nalayilq şərhlər yazmışdır. Bununla da, X8 Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində qeyd edilən maddələrinin tərkibini yaradan hallar mövcuddur. Azərbaycan Respublikası CM-in 147-ci maddəsinin dispozisiyasına əsasən böhtan dedikdə, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma həmin maddədə tövsifedici əlamət kimi nəzərdə tutulur və əməlin CM-nin 147.2-ci maddəsi ilə tövsif edilməsinə əsas kimi çıxış edir. E.Muradov heç bir əsası olmadan onu dələduzluqda, rüşvətxorluqda, başqalarının əmlakını mənimsəmədə ittiham edərək çıxışında bir neçə dəfə qeyd edilən hallara dair sübutlarının olmasına inandırmaqla işgüzar nüfuzuna ciddi zədə vurmuşdur. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin dispozisiyasında yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yayma və böhtan kimi qiymətləndirilir. Təhqir dedikdə - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma anlaşılır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, ...mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfüzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Hüquq ədəbiyyatında “şərəf” dedikdə - şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymət, “ləyaqət” dedikdə - şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymət, “işgüzar nüfuz” dedikdə isə fiziki şəxsin peşəkarlıq keyfiyyəti, ictimai, iqtisadi, siyasi fəaliyyəti haqqında formalaşmış müsbət ictimai rəy başa düşülür. Qanunvericiliyin tələbinə görə, şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ya ailə sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların yayılması ciddi hüquq pozuntusudur və müvafiq məsuliyyətə səbəb olmalıdır. Göründüyü kimi hər iki maddədə nəzərdə tutulmuş kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin dispozisiyasında təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Emin Muradov onu “dələduz”, “pul yığan”, “qara kassa” sahibi adlandırmaqla birbaşa ölkə rəhbərinə və 1-ci vitse-prezidentə müraciət edərkən, onun şərəf və ləyaqətini bütün xalq qarşısında alçaltmışdır. Muradov Eminin şıxsiyyətini xarakterizə edən hallara dair sübut qismində həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-4022/2024 nömrəli qərarını da məhkəməyə təqdim edir. Həmin qərardan görünür ki, Emin Muradov polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, yüksək səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin başlaması haqqında Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Emin Muradov barəsində Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərarı əsasında inzibati həbs növündə tənbeh tətbiq olunmaqla 10 gün müddətində həbsdə saxlanıldığı halda 19 saylı şəhər poliklinikasının baş həkiminin müavini X4 tərəfindən Emin Muradovun guya 20 dekabr 2024-cü il tarixdən 28 dekabr 2024-cü il tarixədək müvafiq diaqnozla yataq rejimində ambulator müalicədə olduğuna dair məzmununa bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edildiyi və rəsmi sənəd hesab olunan 28 dekabr 2024-cü il tarixli arayış “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunma üçün həmin poliklinikanın inzibati binasında tərtib olunmaqla imza və dairəvi möhürlə təsdiq edilərək Emin Muradova təhvil verilmişdir. Bundan başqa Muradov Emin Nizami oğlu sağlamlıq vəziyyətinə dair yalan məlumatları əks etdirən şəxsi müəyyən müddətdə əmək funksiyalarının yerinə yetirilməsi vəzifəsindən azad edən 28 dekabr 2024-cü il tarixli saxta sənədi ünvan 3 ünvanında yerləşən “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında birliyə təqdim edərək 20 dekabr 2024-cü il tarixdən 28 dekabr 2024-cü il tarixədək işə çıxmamasının üzrlü hal hesab olunmasına, bununla da intizam məsuliyyətinə cəlb olunmamasına nail olmuşdur. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlamışdır. Söylədiyi böhtan və təhqirlər üçün, həmçinin ona vurduğu mənəvi, həm də maddi ziyana görə Emin Muradov qanun və məhkəmə qarşısında cavab verməlidir. Qeyd edilənlərə əsasən, hazırkı şikayət ərizəsi üzrə cinayət təqibi başlanılaraq icraata qəbul edilməsini, onu xüsusi ittihamçı qismində tanımaqla 26 sentyabr 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, “Azəriqaz” İB Bakı Regional Qaz İstismarı Departamentinin 2 nömrəli Qəza təmir-bərpa Xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində işləyən, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, Muradov Emin Nizami oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, Muradov Emin Nizami oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən üç il müddətə azadlıqdan məhrum etmə cəzası və 148-ci maddəsinə əsasən altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Barəsində şikayət verilmiş Muradov Emin Nizami oğlunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayətə dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş şəxs “Azəriqaz” İB-nin Bakı Regional Qazın İstismarı İdarəsinin rəisinin kommersiya və müştəri xidmətləri üzrə müavini X10 ərizəsində 21 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu (əslində Xətai rayonu) Babək pr,22/24 ünvanında yerləşən xidməti otağında olduğu zaman həmin İdarənin əməkdaşı Muradov Emin Nizami oğlunun onun xidməti otağına daxil olaraq yüksək səslə danışaraq, özünə məxsus olan mobil telefonla onun icazəsi olmadan onu çəkməsi, çəkiliş edə-edə onu təhqir etmiş, həmçinin bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq, mənimsəmə, təkrar rüşvət alma) ittiham etməsi, daha sonra isə həmin videomaterialı “İnstaqram” və “Tİk-Tok” sosial şəbəkələrində olan səhifələrdə yaymaqla CM-nin 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, E.Muradov Departamentin 2 nömrəli Qəza təmir-bərpa Xidmətində çilingər vəzifəsində işləmiş, ərizəçi İdarə rəisinin müavini Rauf Əhmədovun otağına daxil olaraq ölkə Prezidentinə və vitse-prezidentə şikayətlə müraciət edərək ona qarşı şikayətçi Rauf tərəfindən qərəzli, haqsızlıq edildiyindən, struktur dəyişikliyilə əlaqədar dələduzluq edilərək qanunsuz əmrinin verilmədiyindən, əmrinin verilməsində ona köməklik göstərilməsini xahiş edir. Bildirirlər ki, barəsində əsassız olaraq şikayət verilmiş şəxs, uzun müddət qeyd edilən İdarədə qüsursuz işləmiş, işlədiyi müddət ərizində paralel olaraq peşəsi üzrə ali təhsil almış və ali təhsilli mühəndisdir. Onun işlədiyi struktur ləğv edildiyindən ondan başqa 75 nəfər işçinin əmri rayonlara verilmişdir. O, əmrinin verilməsini xahiş etdikdə Rauf Əhmədov onu getgələ salmağa, sonda hədə-qorxu gəlməyə, döydürməklə idarəyə buraxmamağa, hüquq mühafizə orqanlarına yalan məlumatlar verməklə onu işdən çıxma barəsində ərizə yazmağa vadar etməyə başlamışlar. Ərizəçi tərəfindən Muradova təsir etmək məqsədilə müxtəlif hüquq-mühafizə orqanlarına əsassız şikayətlər yazmaqla onu məhkum etməyə uğursuz cəhdlər edilmiş, nəticədə onu yüksək ruhi həyacan vəziyyətinə gətirərək Əmək müfəttişliyinə müraciət etməyə, təsir məqsədilə Prezidentə müraciət edəcəyi barədə videosəs yazısını yazmağa vadar olmuşdur. Həmin videonu Raufun özündən başqa heç kimə verməmiş, yaymamışdır. Hesab edirlər ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyətinə (CPM-nin 74.1-74.4 və 74.8-ci maddələri) riayət edilmədiyindən, şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığından, CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul etməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində ehtimal edilən cinayətlərin baş vermə yeri (R.Əhmədovun xidməti otağı, yoxsa sosial şəbəkələr), sosial şəbəkələrdə materialın E.Muradov tərəfindən yayılmasını təsdiq edən sübutlar göstərilməmiş, E.Muradovun CMnin 147.2, 148 və 148-1-ci maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də sonuncunun hansı əməllərinə görə CM-nin 147.2, hansı əməllərinə görə CM-nin 148 və hansı əməllərinə görə isə CM-nin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olunmasını fərqləndirməmişdir. Əlavə olaraq, ərizəçinin eyni məzmunlu ərizəsi Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ərizənin forma və məzmununa riayət edilmədiyindən icraata götürülməsindən imtina edilmişdir. Şərh olunanlara əsasən, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X5 nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, xüsusi ittiham qayasında şikayət verilməsinə əsas olmuş əməl 21 iyul 2025-ci il tarixdə saat 13 radələrində X5 Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22/24 ünvanında yerləşən iş yerində, yəni Bakı Regional Qaz İstismarı İdarəsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən xidməti otağında baş vermişdir, ona görə işə aidiyyəti üzrə Nizami Rayon Məhkəməsində baxılmalı olduğunu hesab edirlər. Əməlin törədilməsini təsdiq edən sübutlar, yəni videogörüntü və şahidlər vardır. Daha sonra Muradov Emin Nizami oğlu həmin videoçəkiliş materialını “İnstaqram” sosial şəbəkəsinin “Patrul.az.offisial” şəbəkəsində, “Tik-Tok” sosial şəbəkəsində yayımlamış, həmin yayıma minlərlə baxış olmuşdur. Muradov Emin Nizami oğlu bu hərəkətləri ilə onun təmsil etdiyi X7 təhqir etmiş, bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə ittiham etmişdir. Şikayət əsaslı olduğundan məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Muradov Emin Nizami oğlu göstərmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan video görüntü onun tərəfindən çəkilmiş və X5 özünə göndərilmişdir. X3 onu cinayət məsuliyyətinə cəlb etdirməkdən ötrü özü bu videonu yaymışdır. O, video görüntünü başqa kiməsə verməmiş, göndərməmiş və hər hansı sosial şəbəkədə yaymamışdır. Buna dair hər hansı sübut yoxdur. Müvafiq əsaslar olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul olunmamasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Muradov Emin Nizami oğlunun vəkili Müdafiəçi yazılı etirazının dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsinə hər hansı əsas yoxdur, şikayətdə əməlin törədilməsi və onun cinayət hesab olunması ilə bağlı hər hansı sübut göstərilməmişdir, belə sübutlar mövcud deyildir. Hansı əməl böhtan, hansı əməl təhqirdir, müəyyən deyildir. İttiham edən tərəf öz sübutlarını təqdim etməli, əməli sübuta yetirməlidir. Video görüntünü X14 Muradov verib, amma sosial şəbəkələrdə həmin görüntülərin Emin Mahmudov tərəfindən yayılması ilə bağlı heç bir sübut yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul olunmamasını xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət, müraciət edilən məhkəməyə aid olmadığından, o cümlədən prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması məsələsini yoxlayaraq, qeyd edir ki, şikayətə görə, X10, Muradov Emin Nizami oğlunu, onun Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 22/24 ünvanında yerləşən iş yerində - Bakı Regional Qaz İstismarı İdarəsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən xidməti otağında olduğu zaman vətəndaş Muradov Emin Nizami oğlunun içəri daxil olaraq yüksək səslə danışmaqla özünə məxsus olan mobil telefonla icazəsi olmadan onu çəkməkdə, çəkiliş edə-edə onu təhqir etməkdə, həmçinin bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq, mənimsəmə, təkrar rüşvət alma) ittiham etməkdə, daha sonra isə (şikayətdə bu əməlin törədilmə tarixi göstərilməmişdir) həmin videomaterialı “İnstaqram” və “Tik-Tok” sosial şəbəkəsində olan səhifələrdə geniş ictimayətə yaymaqda ittiham edib cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayətin aidiyyət məsələsi mübahisə doğurduğundan və xüsusi ittiham qaydasında şikayətə müvafiq sübutlar əlavə edilmədiyindən, ilk növbədə ehtimal olunan cinayətin törədilmə yeri, şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aidiyyət məsələsi ətraflı yoxlanılmışdır. Bununla əlaqədar verilmiş sorğuya Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətindən daxil olmuş 01 sentyabr 2025-ci il tarixli, 5-16/2-1370/2025 nömrəli məktubda, şikayətdə qeyd olunan Bakı şəhəri Babək prospekti 22/24 ünvanının Nizami rayonunun inzibati ərazi vahidinə daxil olduğu göstərilmişdir. Lakin xüsusi ittiham qaydasında şikayətdə Muradov Emin Nizami oğlunun həmin videoçəkiliş materialını daha sonra “İnstaqram” və “Tik-Tok” sosial şəbəkələrində, "xxxx" saytında yayımladığı göstərildiyindən, şikayətdə qeyd olunan "xxxx" MMC-nin rəhbəri X2 məhkəmənin hazırlıq iclasına dəvət olunmuşdur. X1 verdiyi məlumatlar, sənədlərin tədqiqi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC hüquqi ünvan üzrə Bakı şəhəri Sabunçu rayonunda hüquqi ünvan üzrə qeydiyyata alınmışdır. “Vətəndaş Azəriqaz rəsmisini favoritizm və ədalətsizlikdə” ittiham edir” adlı videogörüntü "xxxx" MMC-nin saytında 03 avqust 2025-ci il tarixdə yayımlanmışdır. Bu videogörüntünün linki tərəflərindən “Tik-Tok” sosial şəbəkəsindən əldə edilmişdir, hansı ki, həmin görüntü ilə bağlı material “Tik-Tok” sosial şəbəkəsində 24 iyul 2025-ci il tarixdə yayımlanmışdır. Görüntülərə 193.879 baxış olmuşdur. Həmin link hazırda aktiv deyildir. “İnstagram” və “Tik-Tok” səhifələrinin Azərbaycan Respublikasında hüquqi ünvanları yoxdur. Belə olan halda və Muradov Emin Nizami oğlunun Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılması üçün hüquqi əsaslar yoxdur, şikayət həmin məhkəməyə aid deyildir. Bununla yanaşı xüsusi ittiham qaydasında şikayət üzrə ehtimal olunan cinayətin törədilmə vaxtına gəldikdə, şikayətdə cinayətin 21 iyul 2025-ci il tarixində törədildiyi qeyd olunmuşdur. Şikayətdə ...“daha sonra Muradov Emin Nizami oğlu həmin videoçəkiliş materialını “İnstaqram” sosial şəbəkəsinin “Patrul.az.offisial” şəbəkəsində, “Tik-Tok” sosial şəbəkəsində yayımladığı, həmin yayıma minlərlə baxış olduğu” qeyd olunsa da, bu tarixin hansı tarix olduğu göstərilməmişdir. "xxxx" MMC-nin rəhbəri X1 verdiyi məlumatla isə, şikayətdə sözügedən videogörüntünün “Tik-Tok” sosial şəbəkəsində 24 iyul 2025-ci il tarixdə yayımlandığı müəyyən edilmişdir. Belə olan halda, cinayətin məhz hansı tarixdə və ya tarixlərdə törədildiyi, həmçinin bu zaman cinayətlərin təkrarlığının olub-olmaması müəyyən deyildir. Belə ki, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, 21 iyul 2025-ci il tarixdə ehtimal olunan əməlin törədilməsini təsdiq edən şahidlərin olduğu barədə bildirilsə də, şikayətdə həmin şahidlərlə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Eyni zamanda ehtimal olunan təhqir və böhtan xarakterli məlumatların kütləvi informasiya vasitəsi (internet informasiya ehtiyatı) hesab olunan “İnstagram” və “Tik-Tok” sosial şəbəkələrində məhz Muradov Emin Nizami oğlu tərəfindən yayılmasını təsdiq edən hər hansı sübut şikayətə əlavə edilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə, Muradov Emin Nizami oğlunun ehtimal olunan məhz hansı əməlinin Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), hansı əməlinin isə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin (təhqir) təsiri altına düşməsi, ağır və xüsusilə ağır cinayət dedikdə, məhz hansı cinayət əməlinin (maddəsi və tövsifedici əlamətləri göstərilməklə) törədilməsində ittiham edilməsi, müəyyən deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarları ilə formalaşdırdığı hüquqi mövqeyə görə, şəxsin yaşayış yeri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsində isə, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyi təsbit olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Muradov Emin Nizami oğlu ünvan 11 ünvanında qeydiyyatdadır. Hazırki halda ehtimal olunan təhqir və böhtan xarakterli məlumatların sonuncu dəfə 24 iyul 2025-ci il tarixdə kütləvi informasiya vasitəsi (internet informasiya ehtiyatı) hesab olunan “İnstagram” və “Tik-Tok” sosial şəbəkələrində yayılması barədə məlumatlar olduğundan, həmin kütləvi informasiya vasitələri (internet informasiya ehtiyatları) isə, hüquqi ünvan üzrə xaricdə qeydiyyata alındıqlarından, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları yayması ehtimal olunan Muradov Emin Nizami oğlunun Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Lakin nə qədər ki, şikayətin verilməsi zamanı yuxarıda qeyd olunan nöqsanlara yol verilmişdir, onların təkrarən yoxlanılaraq sübutların toplanması və şikayətin yenidən tərtib edilməsi zərurəti vardır, ona görə məhkəmə şikayəti aidiyyəti məhkəməyə göndərməyi məqsədəmüvafiq və doğru hesab etmir, hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməli, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin özü tərəfindən sonrakı hərəkətlər həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Muradov Emin Nizami oğlunun Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə həmin şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Muradov Emin Nizami oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar