Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-549/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1 və onun müdafiəçisi – “Güvən” Vəkil Bürosunun vəkili və nümayəndəsi X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-də istehsalat təlimi üzrə baş usta vəzifəsində çalışır. Çalışdığı müddətdə işinə hər zaman məsuliyyətli, dürüst və nizam-intizamlı yanaşmış, lakin iş həyatında gözlənilməz, bır o qədərdə üzücü hadisə ilə rastlaşdığına görə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki. X10 2022-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “neft və qaz çıxarma operatoru” ixtisası üzrə ödənişli əsaslarla tələbə kimi qəbul olub. Lakin adını çəkdiyi Məmmədov Elşən 2022-2023-cü il tədris ilində dərslərdə iştirak etmədiyinə görə, eləcə də həmin tədris ili üçün təhsil haqqını ödəmədiyinə görə təhsil mərkəzindən xaric olunmuşdur. Növbəti il, yəni 2023 2024 cü tədris ilində E.Məmmədov yenidən elektron sənəd qəbulunda iştirak etmiş və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yenidən qəbul olunmuşdur. Bu dəfə də E.Məmmədov ödənişli əsaslarla qəbul olunmuşdur. Yenidən təkrar olunan eyni nöqsanlara görə tədris mərkəzindən yenidən xaric olunmuşdur. Elşən Məmmədov dərslərdə iştirak edə bilməməsinin səbəbi kimi dərs saatlarının iş saatları ilə üst-üstə düşməsini əsas gətirərək iş yerindən arayış gətirmişdir. Bununla adıgedən şəxs özünü dərslərdə iştirakdan gətirdiyi bəhanələrlə azad olunacağını düşünmüşdür ki, bu onların tədris mərkəzinin nizam-intizam və dərsdə davamiyyət qaydalarına uyğun olmamışdır. Bu səbəbdən də E.Məmmədov yenidən tədris mərkəzindən xaric edilmişdir. Bundan sonra həmin şəxs müxtəlif bəhanələr, böhtanlar, təhdidlər və hədə-qorxular gələrək ona şəxsi əlaqə nömrəsinə mesajlar göndərmişdir ki, tərəfindən həmin yazışmalar cavabsız saxlanılmışdır. Ümumiyyətlə adıgedən şəxsin təhsilə bərpa olunmasında onun heç bir hüquq və vəzifəsinə daxil olmayan səlahiyyətlərə aid olmadığına görə onun yazdığı sözlərə cavab verməyi də düzgün olmazdı. Bunu əsas gətirən E.Məmmədov nəticədə onu təhdid edərək, onun təhsilə bərpa olunmayacağı təqdirdə onu şikayət edəcəyini və işindən xaric etdirəcəyini bildirmişdir. O, həmin şəxsin nə xaric edilməsində, nə də təhsilə bərpasında hüququ olan vəzifəli şəxs deyil və şəxsin ondan nə istədiyi hələ də aydın deyildir. E.Məmmədovla eyni statusda, yəni mərkəzdən xaric olunma statusunda olan daha üç nəfər onun iş yoldaşı X12, X6 və X7 da vardır ki, onlarla bağlı heç bir şikayət daxil olmamışdır. Hətta adıgedən şəxsin həyat yoldaşı onunla eyni vaxtda təhsilə qəbul olunmuşdur və dərslərdə davamlı iştirak etmiş və uğurla təhsilini başa vurmuşdur. Elşən Məmmədov agentliyə yazdığı şikayət ərizəsində əsassız olaraq guya ona 1800 (bir min səkkiz yüz) manat pul verdiyini iddia edib. “WhatsApp” sosial şəbəkəsində ona göndərdiyi səsli mesajda isə bildirir ki, ‘indi onlara pul versəydi, onu yenidən Peşə Təhsil Mərkəzinə bərpa edəcəkdilər”. Açıq aydın görünür ki Elşən Məmmədovun yürütdüyü fikirlər əsassızdır və şər-böhtan xarakteri daşıyır. Agentliyə müraciət etdiyi şikayət ərizəsi ilə səsli mesaj zamanı dediyi fikirlər birbirini açıq şəkildə ifşa edir. Yuxarıda göstərilən böhtan xarakterli məlumatlar onun şərəf və ləyaqətini ləkələmiş, korrupsiyada ittiham etmiş, cəmiyyətdə, çalışdığı əmək kollektivində və AR Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi qarşısında nüfuzdan salmışdır. Bu isə onun mənəvi sarsıntı yaşamağına və işgüzar nüfuzuna ciddi xələl yetirilməsinə səbəb olmuşdur. Göründüyü kimi Elşən Məmmədov böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, korrupsiyada ittiham edən və onu nüfuzdan salan məlumatları yaymaqla ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir. Bütün bunlara əsasən, X10 tərəfindən ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi ilə əlaqədar, onun barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata başlanılması, cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddəyə əsasən ona cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X2 şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, Elşən Məmmədov dərslərdə iştirak etməməsi və təhsil haqqını ödəməməsi səbəbindən peşə təhsil mərkəzindən xaric olunmuşdur. Elşən sonradan onun şəxsi mobil nömrəsinə zəng edərək, ona 180 manat pul verdiyini, geri qaytarmasını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elşən Məmmədov müraciəti onun şəxsi nömrəsinə etmiş, qeyd olunan məsələ ikisinin arasında olmuşdur. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili və nümayəndəsi X8 şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, X11 xanıma müxtəlif məbləqlərdə pul verməsi ilə bağlı iddiaları əsassızdır və reallığı əks etdirmir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 çıxış edərək bildirdi ki, tərəfindən Ruhiyyə Mehdiyevaya son vaxtlarda zəng edilməmiş, sadəcə bir dəfə 2023-cü ilin dekabr ayında zəng etmişdir. Mərkəzin direktoru olan Mətləb müəllim ilin sonuna kimi dözməsini, sonra işin həll ediləcəyini bildirmişdir. Qeyd olunan hadisələr 2023-cü ilin dekabr ayında baş verməsinə baxmayaraq onun tərəfindən Agentliyə müraciət edildikdən sonra Ruhiyyə Mehdiyeva xüsusi ittiham qaydasında şikayət vermişdir. Sonda şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi çıxış edərək bildirdi ki, bu cür şikayətlərə baxılarkən kütləvilik olması məsələsi, rüşvətin həqiqətən alınıb-alınmaması araşdırılmalıdır. Telefon vasitəsilə müraciət kütləviliyi əks etdirmir, belə hallarda hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. Sonda ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddəsinin tələblərinə uygun tərtib edilməmişdir. Xüsusi ittiham qaydasında şikayətdə cinayət hadisəsinin törədilmə yeri və vaxtı, həmçinin xüsusi ittiham qaydasında şikayət verən şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barədə məlumatlar qeyd olunmamışdır. Bundan əlavə xüsusi ittiham qaydasında verilmiş şikayətdə əməlin məhz həmin şəxs tərəfindən törədilməsini təsdiq edən sübutlar materiala əlavə edilməmiş, Məmmədov Elşən tərəfindən Mehdiyeva Ruhiyyə barəsində fikirlərini hər hansı kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanması, kütləvi çıxışlarda səsləndirilməsini təsdiq edən sübutlar şikayətə əlavə olunmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən isə böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə qeyd olunan halların mövcudluğu xüsusi ittiham qaydasında verilməli olan şikayətin məhkəmə baxışına verilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəmə icraatı dövründə 8 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 48 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-549/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-549/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver