Məhkəmə qərarları › İş №1(007)-549/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-549/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-549/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu il tarixdə Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun İmamqulubəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, “NZS” qəsəbəsi, Mirzə Davud küçəsi, ev 3A-da yaşayan, 15 iyul 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığa az ağır zərər vurmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 03 mart 2025-ci il tarixdə, saat 07:31-də “B1, B” kateqoriya sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes- Benz” markalı, “190” minik modelli, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında yerləşən “NZS” qəsəbəsindən Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “X8” istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozub, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “X8” istiqamətindən ünvan 1 ünvanında yerləşən “NZS” qəsəbəsi istiqamətində Zərərçəkmiş şəxs “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi ilə 40-45 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia” markalı, “Niro-Hibrid” modelli, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, zərbənin təsiri nəticəsində Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ mil sümüyünün aşağı 1/3-nin qapalı, yerdəyişən sınığı, sol sirkə kasasının qapalı yerdəyişməyən sınığı, sol dizin əzilmiş yarasından ibarət xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Mercedes-Benz 190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili 2024-cü ilin dekabrından etibarnamə ilə idarə etmişdir. 03 mart 2025-ci il tarixdə saat 07:30 radələrində o, şəxsi işləri ilə əlaqədar olaraq idarə etdiyi həmin avtomobil ilə ünvan 1 ünvanında yerləşən “NZS” qəsəbəsindən Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “X8” istiqamətində 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu zaman SOCAR-a məxsus “X8”nun yaxınlığında hərəkətsiz dayanmış markasını və dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı avtomobilin sürücüsü onun getdiyi yol ilə hərəkət etməyə başlamışdır. O, həmin avtomobilin sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışmış, lakin sürət həddini gözləmədiyindən idarə etdiyi avtomobil ilə Nizami rayonu Babək prospektində yerləşən “X8” istiqamətindən ünvan 3 ünvanında yerləşən “NZS” qəsəbəsi istiqamətində hərəkətdə olan “Kia Niro” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən o və digər sürücü ciddi xəsarət almışlar. Bundan sonra bu barədə təcili yardıma və DİN-in 102 xidmətinə məlumat verilmişdir. Zərərçəkmiş şəxsə sığorta tərəfindən pul ödənişi ayrılmışdır. Özünün hər hansı məbləğdə pul ödəməyə maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 03 mart 2025-ci il tarixdə saat 07:30 radələrində idarə etdiyi “Kia Niro” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu O.Vəliyev küçəsi ilə “X8” istiqamətindən “NZS” qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Bu zaman yolun əks istiqaməti ilə hərəkətdə olan “Mercedes Benz 190” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə onun önünə çıxaraq avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobil yararsız hala düşmüş, özü isə müxtəlif dərəcəli xəsarətlər aldığından hadisə yerinə təcili yardım əməkdaşları gələrək onu X6 aparmışlar. Hadisə nəticəsində avtomobilinə 14300 manat ziyan dəymiş, ödənilməmişdir. 5000-6000 manat onun müalicəsidir, bu da 20000 manata yaxın pul edir. Qəza zamanı qolu çıxmış, dizi isə əzilmişdir. Sığorta ona 5000 manat pul ayırmışdır. Maşını 26100 manata almış, 6800 manata isə satmışdır. Bu məbləğlərin fərqi ona dəymiş ziyandır. Aldığı xəsarətlərdən üç aya yaxın ayağa dura bilməmişdir. Təqsirləndirilən şəxs ona vurduğu həmin maddi ziyanı ödəmədiyinə görə ondan şikayətçidir, aralarında barışıq olmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 03 mart 2025-ci il tarixli protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakları ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 1 ünvanına baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuşdur. (i.v. 5-15) - 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu O.Vəliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri əks olunan 1 ədəd DVD diskə baxış keçirilmiş, videogörüntüyə baxış zamanı 03 mart 2024-cü il tarixdə saat 07:31:56-da “Kia Niro” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin “NZS” qəsəbəsi ərazisində hərəkətdə olarkən qəflətən “Mercedes Benz 190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə əks istiqamətdən gələrək onunla toqquşduğu müəyyən edilmişdir. (i.v. 25) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 12 mart 2025-ci il tarixli, 256 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş - sağ mil sümüyünün aşağı 1/3-nin qapalı, yerdəyişən sınığı, sol sirkə kasasının qapalı yerdəyişməyən sınığı. Sol dizin əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 35-38) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 aprel 2025-ci il tarixli, 8/634 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 190” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Kia Niro” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. (i.v. 45-47) - 15 iyul 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs X3 ifadəsinin yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərmiş və işin faktiki hallarına uyğun olaraq verdiyi ifadəsinə uyğun hadisəni təsvir etmişdir. (i.v. 104-106) -Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 05 avqust 2025-ci il tarixli, 3-13-16/2-156891 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək etibarlı olan BD seriyalı 911831 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, onun sürücülük hüququnun məhdudlaşdırılmasına dair Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat qeydə alınmamışdır. (i.v. 118) - 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, “Mercedes Benz” markalı, “190” minik modelli, **-BT-*** dövlət qeydiyyat nişanlı və “Kia” markalı, “Niro-Hibrid” modelli, **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobillər, 2 ədəd DVD disk maddi sübut kimi tanınmış, “Mercedes Benz” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “Kia Niro” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işi üzrə hadisə nəticəsində təqsirli sürücü Təqsirləndirilən şəxs xəsarət alması onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara daxil edilməmiş və həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, “Mercedes Benz” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 yol-nəqliyyat hadisəsi ilə bağlı mülki iddiasının olmaması nəzərə alınmışdır. (i.v. 121-125) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən maddənin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin 15 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmasından sonra hal-hazıradək icraatda olduğu müddətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir, ona görə təqsirləndirilən şəxsin bu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 21 aprel 2022-ci il tarixdə doğulmuşdur. (i.v. 19) - 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 99-100) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 110) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1 və 59.1.4-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 2 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, avtomobillərin məhkəməyədək icraat zamanı sahiblarinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hesablanaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış hadisənin video görüntülərinin əks olunduğu 2 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, “Mercedes Benz” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı və “Kia Niro” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin məhkəməyədək icraat zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 24 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 264 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar