Məhkəmə qərarları › İş №1(007)-55/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-55/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-55/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115 saylı evin 37 saylı mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 35 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115 saylı evin 37 saylı mənzilində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ondan otağın pəncərəsi qarşısında olan torun düzəldilməsini xahiş etməsi səbəbindən ailə-məişət münaqişəsi zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək qəsdən əlində olan mobil telefon ilə sonuncunun baş nahiyəsindən bir dəfə vuraraq, ona başın təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Şahid1 və Şahid2 doğma qızlarıdır. 2018-ci il tarixdə o, arvadı Səbinə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə boşanmışdır. Boşandıqdan sonra Səbinə ilə eyni mənzildə yaşamışdır. xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində yaşadığı mənzilə gəlmiş birbaşa mətbəxə keçərək yemək yemişdir. Bu zaman qızı Aygün və keçmiş həyat yoldaşı Səbinə də mətbəxdə olmuşlar. Səbinə mətbəxdə olarkən yataq otağının pəncərəsinə quraşdırılmış tor söküldüyü üçün ondan toru düzəltməyi xahiş etmişdir. O, da Səbinəyə düzəldəcəyini demişdir. Ona məlum olmayan səbəbdən Səbinə onunla əsəbi danışmışdır. Beləliklə, onlar arasında sözlü mübahisə başlamış, qızları Aygün onları sakitləşdirməyə çalışmışdır. Lakin mübahisə zamanı o, əsəbləşərək yumruqla Səbinənin baş nahiyəsindən bir dəfə vurmuşdur. Bu vaxtı əsəbi olduğundan sağ əlində olan mobil telefonu da zərbə ilə onun başına dəymiş və Səbinənin başından qan axmağa başlamışdır. O, Səbinənin başının qanamasını gördükdə etdiyi əməldən peşman olduğu üçün tez pambığı götürüb başına qoymuşdur ki, qanaxma dayansın. Bundan sonra qızı Aygün anasını yataq otağına aparmış və qapının kilidini bağlamışdır. Bundan sonra o, otağın qapısını döymüş, lakin qapı açılmayanda evdən çıxıb getmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmadığını bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 3 ünvanında keçmiş əri Təqsirləndirilən şəxs və qızları Şahid1 və Şahid2 qızları ilə birgə yaşayırlar. Həyat yoldaşı Nazim narkotik vasitə aludəçisidir. Heç bir yerdə işləmir və tüfeyli həyat tərzi yaşayır. O, ailə həyatı qurduqdan sonra Nazimin narkotik vasitə istifadə etməsini bilmiş elə həmin vaxtdan da onların münasibətləri soyumağa başlamışdır. Dəfələrlə aralarında mübahisələr yaranmışdır. Sonda boşanmışlar lakin eyni mənzildə yaşamağı qərarlaşdırmışlar. xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində birgə yaşadıqları ünvan 4 saylı ünvanda qızı Aygün və o, evdə olan zaman Nazim çöldən mənzilə daxil olmuşdur. Bu zaman o, qızı Aygün ilə birlikdə mətbəxdə olmuşlar. Nazim də mətbəxə gələrək soyuducudan özünə yemək götürüb stulda əyləşmişdir. O, Nazimdən xahiş etmişdir ki, “yataq otağının pəncərəsinin torunu düzəltsin”. Nazim isə onun üstünə qışqıraraq ünvanına nalayiq ifadələr işlətmiş, sillə, yumruq və təpiklə vuraraq onu döymüşdür. Bu vaxt Aygün onları sakitləşdirmək üçün Zərərçəkmiş şəxs qarşısına keçmiş lakin o, qızının xəsarət alacağından ehtiyat etdiyi üçün Aygünü əli ilə arxaya tərəf çəkmişdir. Nazim isə mətbəxdə olan paltaryuyan maşının üzərindən mətbəx bıçağını götürüb onların üzərinə hücum çəkmişdir. Bu vaxt qızı Aygün və o, qorxduqları üçün dərhal yataq otağına qaçmış, Nazim isə əlində bıçaqla onların arxalarınca gəldikdə o, yataq otağının qapısını arxadan kilidləmişdir. Nazim isə əlindəki bıçaqla qapının kilidini və çərçivəsini sındırıb içəri daxil olmaq istədikdə o, əli ilə içəridən qapını tutub saxlamışdır. Qızı Aygün isə dərhal DİN-in 102 zəng mərkəzinə zəng edərək baş vermiş hadisə haqqında polisə məlumat verdikdə Nazim onların polis ilə danışdıqlarını eşitdiyi üçün evdən çıxıb getmişdir. Bir az keçmiş mənzilə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları gəlmişlər. Polislər təcili tibbi yardıma məlumat vermişlər. Bundan sonra Zərərçəkmiş şəxs 3 saylı klinik xəstəxanaya aparılaraq orada ona tibbi yardım göstərilmişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs anası, Şahid1 bacısı, Təqsirləndirilən şəxs isə onun atasıdır. 2018-ci il tarixdə atası və anası Nizami rayon Məhkəməsinin qərarı ilə rəsmi boşanmışlar. Valideynləri boşandıqdan sonra eyni mənzildə yaşamışlar. Lakin valideynlər arasında daim mübahisələr olmuş, mütəmadi olaraq dava etmişlər. xx.xx.2020ci il tarixdə saat 20:30 radələrində ünvan 5 saylı ünvanda anası Səbinə ilə evdə mətbəxdə olarkən atası Nazim çöldən mənzilə daxil olmuş və mətbəxə gələrək soyuducudan özü üçün yemək götürüb stulda əyləşmişdir. Anası bu vaxtı Nazimdən xahiş etmişdir ki, “yataq otağının pəncərəsinin torunu düzəltsin”. Bunu dedikdə Nazim Səbinənin üstünə qışqıraraq onun ünvanına nalayiq ifadələr işlədərək, sillə, yumruq və təpiklə anasını döyməyə başlamışdır. Təqsirləndirilən şəxs yumruq ilə anası Səbinənin baş nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxtı Nazimin əlində olan mobil telefon anasının baş nahiyəsinə dəymişdir. Bu vaxt o, ata və anasını sakitləşdirmək üçün ayırmaq istəmişdir. Bundan sonra Nazim mətbəxdə olan paltaryuyan maşının üzərindən mətbəx bıçağını götürüb onların üzərinə gəldikdə o və anası qorxduqları üçün dərhal yataq otağına qaçaraq qapını kilidləmişlər. Nazim isə bıçaqla qapının kilidini açıb, çərçivəsini sındırıb içəriyə daxil olmaq istədikdə, anası ilə birlikdə qapını içəridən tutub saxlamışlar. Bundan sonra DİN-nin 102 zəng mərkəzinə zəng edərək baş vermiş hadisə haqqında polisə məlumat vermişlər. Daha sonra o, bacısı Fidana da hadisə haqqında məlumat vermiş Nazim isə onun polis ilə danışdığını eşitdiyi üçün dərhal evdən çıxıb getdiyini bildirmişdir. Bir az keçmiş mənzilə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları gəlmişlər. Polislər anası Səbinəni döyülmüş vəziyyətdə gördükləri üçün təcili tibbi yardım çağırmışlar. Onu və anasını 3 saylı klinik xəstəxanaya göndərmişlər. Orada həkimlər Səbinəyə tibbi yardım göstərmişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində alış-veriş edən zaman bacısı Aygün onun mobil telefonuna WhatsApp vasitəsi ilə anaları Səbinənin baş və sifət nahiyəsinin qanlı vəziyyətdə olan fotoşəkilini göndərmişdir. O, dərhal yaşadıqları ünvana gəlmiş, yataq otağında anasının üz və baş nahiyəsinin qan içərisində olmasını görmüşdür. Anası ona Nazimin onu heç bir səbəb olmadan qəfildən hücum edərək əlində olan bərk əşya ilə başına vurduğunu bildirmişdir. Həmin zaman hadisə evin mətbəxində baş verdiyi üçün Nazim mətbəxdən bıçaq götürərək ana və bacısını öldürməklə hədələmişdir. Onlar da tez yataq otağına qaçaraq otağın qapısını kilidləyib polisə məlumat vermişlər. Bundan sonra hadisə yerinə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları gəlmişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115 saylı evin 37 saylı mənzilində hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə yerini göstərərək, əri Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 714 saylı rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir xx.xx.2020-ci il tarixdə yaranması istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan maddi sübut kimi tanıma haqqında xx xxxxxxx 2020-ci il qərardan və həmin tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Duos” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 3/1272 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Duos” markalı mobil telefonun ibtidai istintaq zamanı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197-198ci maddələrinə əsasən iş üzrə məhkəmə ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Duos” markalı mobil telefonun ibtidai istintaq zamanı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar