Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-55/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və onun narkotik vasitələrin qanunsuz əldə etməsi, satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 06 dekabr 2021-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvandakı parkda saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmədə onun üzərində şəxsi axtarış keçirilərkən başındakı qara rəngli papağın içərisində gizlətdiyi iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,834 qram və 0,493 qram olmaqla, ümumi təmiz çəkisi 1,327 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2021-ci il tarixdə tanımadığı şəxsdən iki ədəd şəffaf sellofanda narkotik vasitə heroin almışdır. xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində ünvan 5 ünvanda yerləşən parkda olan zaman iki nəfər mülki formada şəxslər ona yaxınlaşıb, özlərinin polis əməkdaşı olduqlarını bildirərək onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Bölmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu ona bildirilməklə şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bölmədə olan xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, üzərində şəxsi axtarış keçirilərkən müdafiəçinin iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilərkən o və polis əməkdaşları özlərini təqdim etmişlər. Ona hüquq və vəziflələri izah olunduqdan sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, başında olan qara rəngli papağın içərisində gizlətdiyi iki ədəd şəffaf sellofana bükülmüş maddəni çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə olan heroin qablaşdırılıb möhürlənərək götürülmüşdür. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, protokol imzalanmışdır. Üzərindən aşkar edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0, 834 qram və 0,493 qram ümumi təmiz çəkisi 1,327 qram narkotik vasitə olan heroini tanımadığı şəxsdən əldə etmişdir. X1 narkotik vasitə istifadə etdiyini öyrəndikdən sonra onu danlamış və onun da dayısı ilə mübahisələri olmuşdur. O, narkotik vasitənin sadəcə istifadəçidir, satışı məşğul olmur. Buna görə də, həmin hissədə özünü təqsirli bilmir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 06 dekabr 2021-ci il tarixdə 23-cü PB-nin təhqiqatçısı, polis leytenantı Ömər Məmmədov tərəfindən Təqsirləndirilən şəxs adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək izahatının alınması barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığının icrası ona və bölmənin əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməliyyat tapşırığında qeyd olunan şəxsin xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs keçirilmiş tədbirlər nəticəsində ünvan 6 ünvanda yerləşən parkda saxlanılaraq 23-cü PB-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı Ömər Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah və təmin edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən təyin edilmiş müdafiəçinin həmin prosesdə iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs və onlar özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs başındakı papağın içərisindən iki ədəd şəffaf seloffana bükülmüş qəhvəyi rəngli maddələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri ona dayısı “lyuk Elşən” ləqəbli Elşən Cəfərov tərəfindən verildiyini və həmin maddələri Rauf İbrahimova çatdıracağını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və proses iştirakçıları həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ona üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi xahiş edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı bükümdə olan maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Sənan Vəliyevin üzərində axtarış davam etsə də, hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilməmişdir. Sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 6\5398 saylı, 07 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-in “Zərflər üçün № 163” dairəvi möhür əksi olan “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə təmiz çəkiləri 0,834 qram və 0,493 qram olmaqla ümumi təmiz çəkisi 1,327 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.08 qram hissəsi tədqiqata sərf edilmiş, 1.247 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs və onlar özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs başındakı papağın içərisindən iki ədəd şəffaf seloffana bükülmüş qəhvəyi rəngli maddələri təqdim etmişdir. Sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 dekabr 2021-ci il tarixli, 5277 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, iş üzrə götürülmüş iki ədəd bükümdə 1,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və aparılan tədqiqatlardan sonra qalıq çəkisi 1,247 qram təşkil edən narkotik vasitə heroin məhkəmənin sonuncu qərarına kimi saxlanması üçün Nizami rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, bundan başqa Nizami RPİ-nin 23-cü PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılaraq gətirilmiş vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı görüntülərin qeydə alındığı və saxlandığı DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə görə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 30 yanvar 2023-cü il tarixli, 17/40-446 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli tutma protokolundan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il və 04 mart 2022-ci il tarixli qərarlarından və 06 may 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 06 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 04 mart 2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 06 may 2022-ci il tarixədək uzadılmış və 06 may 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06 dekabr 2021-ci il tarixdən 06 may 2022-ci il tarixədək tutulduğu 05 (beş) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.247 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06 dekabr 2021-ci il tarixdən 06 may 2022-ci il tarixədək tutulduğu 05 (beş) ay müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 25 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.247 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-55/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-55/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver