Məhkəmə qərarları › İş №1(007)-55/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-55/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-55/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs - 05 avqust 1979-cu il tarixdə Rusiya Federasiyası, Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 11 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 14 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 05 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 09 oktyabr 2024cü il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 14 mart 2025-ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,579 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış, 05 iyul 2024-cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanının qarşısında Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,579 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, azadlıqda olarkən bir müddət “şuşə” və ya “patı” kimi adlandırdığı metamfetamin istifadə etmişdir. 05 iyul 2024-cü il tarixdə saat təxminən 13:00 radələrində Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsində 29 nömrəli binanın qarşısı ilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində piyada getdiyi zaman iki nəfər mulki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra onun narkotik maddə əldə etməkdə və istifadəsində şübhəli olduğunu bildirib 24-cü polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə 24-cu polis şöbəsinə getmişdir. Polis şöbəsində ona vəkil və tərcüməçi dəvət edilmiş, inzibati otaqların birində vəkilin və tərcüməçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa onları təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü onlara təqdim edərək həmin bükümdə “şuşə” kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümü tutulduğu gün, yəni 05 iyul 2024-cü il tarixdə səhər saatlarında Xətai rayonu Kənd Əhmədli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi uçün aldığını bildirmişdir. Narkotik maddə onun və iştirakçıların yanında içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini digər iştirakçılarla birlikdə o da imzalamışdır. Həmçinin şəxsi axtarışla bağlı tərtib olunmuş protokolu da imzalamışdır. O, narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmamış, onları yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Saxlanıldıqdan sonra polislər tərəfindən ona təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmanlıq çəkdiyini, xəstə olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 7 ünvanının yaxınlığına gəlib-gedən 40-45 yaşlarında, arıq bədən quruluşlu “Tahir” adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 05 iyul 2024-cü il tarixdə 24-cü polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra tədbirin həyata keçirilməsi üçün ondan və şöbənin digər əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində 05 iyul 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Nizamı rayonu, B.Nuriyev kuçəsi, 29 ünvanının yaxınlığında zahiri görünüşü “Tahir” adlı şəxsə uyğun gələn şəxs saxlanılmışdır. Onlar saxladıqları şəxsə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onlarla 24-cü polis şöbəsinə getməli olduğunu izah etmişlər, həmin şəxs də buna etiraz etməmişdir. Bundan sonra onlar saxladıqları şəxsi şöbənin inzibatı binasına aparmış və bu barədə şöbə rəhbərliyinə raport vermişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilərək tərcüməçi və vəkil dəvət edilmişdir. Daha sonra onların, vəkilin və tərcüməçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ilk əvvəl şübhəli şəxsə üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs də əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən tünd qəhvəyi rəngli cib dəsmalını təqdim edib masanın üzərinə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda onun içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin olduğu görünmüşdür. Şübhəli şəxs sorğuya cavab olaraq bükümdə “şuşə” kimi tanıdığı narkotik olduğunu və onu 05 iyul 2024-cü il tarixdə səhər saatlarında Xətai rayonu Kənd Əhmədli ərazisində tanımadığı şəxsdən öz istifadəsi uçün 10 manata aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulub möhürlənmiş, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, zərfin üzəri və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat tədbiri və şəxsi axtarış zamanı şübhəli şəxsi döyən, incidən olmamış, şübhəli şəxs də özünü səmimi apararaq əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhər Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid2la ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 05 iyul 2024-cü il və 07 iyul 2024-cü il tarixli protokollardan görünür ki, 05 iyul 2024-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və istifadəsində şübhələr yarandığından, təhqiqatçının şəxsi axtarış və götürmə aparılması haqqında qərarına əsasən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Bundan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü və sol yan cibindən tünd qəhvəyi rəngli cib dəsmalını təqdim etmişdir. Həmin 01 ədəd şəffaf sellofana baxış keçirildikdə içərisində ağ rəngli kristal şəkilli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs həmin maddənin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, uzun müddətdir ki, narkotik vasitə aludəçisi olduğundan həmin maddəni 05 iyul 2024-cü il tarixdə səhər saatlarında Xətai rayonu Kənd Əhmədli qəsəbəsində şəxsiyyəti barədə məlumatı olmadığı, üzdən tanıdığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün alıb üzərində daşıdığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola dair hər hansı qeyd, şikayət daxil olmamış, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə müstəntiq tərəfindən baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 41-42, 65) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2024-cü il tarixli 6/3495 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,579 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,579 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,529 qram qalıq qalmışdır. (i.v. 50-53) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 06 iyul 2024-cü il tarixli 4624 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 86-87) - 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 05 iyul 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 113- 114) -23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,579 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,529 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarındla saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni əldə etmə mənbəyinin müəyyən edilməsi uçun əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədilə cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin qeydi tətbiq edilməmişdir. (i.v. 116-122) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 26) - 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş və onun saxlandığı Nizami RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v. 81-82) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 07 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 83-84) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 aprel 2007-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2007-ci il tarixli qərarı əsasında cəzasının 04 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 11 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 14 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 98-112) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2024-ci il tarixli 1(007)- 534/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 24-ci polis şöbəsinin 14 mart 2025-ci il tarixli 3-13-52- 2/2-3086 nömrəli və 3 saylı istintaq təcridxanasının 14 mart 2025-ci il tarixli 3-16-17/42/2- 1518/2025 nömrəli məktublarından görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə qeyd edir ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 05 iyul 2024-cü il tarixdən 07 iyul 2024 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı axtarışda olan şəxs kimi tutulduğu 14 mart 2025-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdən 07 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,529 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 24 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 144 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar