Məhkəmə qərarları › İş №1(007)-557/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-557/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-557/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Hüseynova Aytən Bəxtiyar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1981-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə üzərində Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzəçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,312 qram narkotik vasitə- heroin əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 1 saylı Cəzəçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə, saat 14:20 radələrində Nizami rayonu, Müzəffər ünvan 4 ünvanında yerləşən 1 saylı Cəzəçəkmə Müəssisəsinin növbətçi hissəsinin xüsusi otağında üzərinə keçirilmiş baxış zamanı alt paltarının iç hissəsində gizlətdiyi siqaretin qızılı rəngli kağızına bükülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039, 0,039, 0,234 qram, ümumi təmiz çəkisi 0,312 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 aprel 2023-cü il tarixdə müəssisənin əməkdaşları onu müəssisənin növbətçi hissəsinə dəvət etmiş və üzərinə şəxsi axtarış aparacaqlarını bildirib, həmin Cəzaçəkmə Müsəssisəsində cəza çəkən şəxslərdən iki nəfər məhkumu hal şahidi qismində dəvət etmişlər. Xüsusi axtarış otağında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki alt paltarının içərisində olan siqaretin qızılı kağızına bükülmüş 3 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədən himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin baş inspektoru (rəisin növbətçi köməkçisi) ədliyyə mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman qabaqcadan təqsirləndirilən şəxsin narkotik vasitəsi əldə etməsi ilə bağlı daxil olmuş məlumat əsasında 2 saylı dəstədə qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs növbətçi hissəyə dəvət olunmuşdur. Hal şahidlərinin işitrakları ilə Təqsirləndirilən şəxs üzərinə xüsusi ayrılmış otaqda şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs alt paltarının iç hissəsində gizlədilmiş siqaretin qızılı rəngli kağızına bükülmüş 3 (üç) ədəd bükülü aşkar edilərək götürülmüşdür. Ekspertizaya göndərildikdən sonra həmin maddələrin narkotik vasitə olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid3 və 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili), ədliyyə kapitanı Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İş üzrə şahidlər Şahid5 və Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini, heç bir əlavələrinin olmadığını bildirmişlər və məhkəmə iclasının onların iştirakı olmadan keçiilməsini xahiş etmişlər. İş üzrə şahidlər Şahid5 və Şahid4 istintaqda Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3, hal şahidləri məhkum Şahid5 və Şahid4 iştirakı ilə xx.xx.2023-cü il tarixdə, saat 14:30-da növbətçi hissədə xüsusi ayrılmış otaqda axtarış-baxış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki alt paltarının iç hissəsində gizlədilmiş siqaretin qızılı kağızına bükülmüş 03 (üç) ədəd narkotik vasitəyə bənzər bükülü aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2057 nömrəli ekspert arayışının nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı X1 üçün” dairəvi möhür əksi, axtarış-baxış keçirilən zaman... 03 ədəd siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə...” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,039 qram, 0,234 qram ümumi təmiz çəkisi 0,312 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2511 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı X1 üçün” dairəvi möhür əksləri olan zərfdəki 3 (üç) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,029 qram, 0,029 qram, 0,184 qram, ümumi təmiz çəkisi 0,242 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4837 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,312 qram heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,172 qram heroin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 7(101)-24/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə isə 2 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1408/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2074/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 1408/2022 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunmuş, barəsində Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəaların xaric olunması, Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində xx.xx.2019-cu il təvəllüdlü Qasımov Malik və xx.xx.2020ci il təvəllüdlü Qasımov Rüstəm adlı iki azyaşlı uşağı vardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 7(101)- 24/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 29, 234.4.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 10 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş az ağır cinayət törətməyə görə məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cinayət üzrə məhkumluğu hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzadan azad edildiyi xx.xx.2018-ci il tarixdən iki il keçdiyinə görə ödənilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2074/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi xx.xx.2023-cü il tarixə 10 il 01 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, evli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən ağır cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkən Təqsirləndirilən şəxs yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2074/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 10 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,172 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 179 (bir yüz yetmiş doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 (bir yüz doxsan iki) manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2074/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin olunmuş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 10 (on) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza- 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,172 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 179 (bir yüz yetmiş doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 192 (bir yüz doxsan iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar