Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-558/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxx 1976-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 may 2023cü il tarixdə saat 15 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 1029 ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında səyyar lotereya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs yaxınlaşıb özündə olan iki ədəd lotereyanı təqdim edərək sonuncudan yoxlamasını xahiş etmiş, Zərərçəkmiş şəxs diqqətini yayındırdıqdan sonra masanın üzərində olan şüşə vitrinin içərisindəki hər birinin dəyəri 10 manat təşkil edən 147 ədəd “Yaşıl onluq” lotereyalarını gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1470 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 11 may 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 1029 ünvanında yerləşən lotereya satışı üçün quraşdırılmış piştaxtaya yaxınlaşmışdır. Satıcının lotereya pozduğunu görüb onun arxasında dayanıb əlini çiyninə qoyaraq özünü maraqlanan müştəri kimi göstərmiş, digər əli ilə masanın üzərində olan 26 ədəd lotereyaları götürüb şalvarının cibinə qoymuşdur. Satıcıya yaxınlıqda bir nəfər şəxsin ona borcu olduğunu, həmin pulu alıb qayıdaraq lotereya alacağını bildirərək oradan uzaqlaşmışdır. Həmin lotereyaları pozmuş, cəmi 50 manat uduş çıxmışdır. 16 avqust 2023-cü il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək oğurluq cinayətini törətməkdə şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. O heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 23-cü PB-nə getmişdir. Şəxsiyyət vəsiqəsi olmadığından mobil telefonunu satıb 1 gün ərzində şəxsiyyət vəsiqəsi almışdır. Zərərçəkmiş şəxsə borcunu ödəmək məqsədi ilə notarial qaydada borc müqaviləsi bağlamaq istəmiş, lakin alınmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 140 manatı ödəmişdir. Zərərçəkmiş şəxslə belə razılaşmışdır ki, ona hər ay 70 manat olmaqla 1000 manat pul ödəsin. Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində yerləşən “Alov parkı” adlanan yerin yaxınlığında piştaxta qoyaraq lotereya satmaqla məşğul olmuşdur. Təxminən 2023-cü ilin aprel ayının ortalarında “Azərlotereya”nın işçilərindən 3000 manatlıq müxtəlif lotereyalar almışdır. Həmin lotereyaların içərisində 1500 manat dəyərində, yəni 03 ədəd bağlama, hər bir bağlamada 50 ədəd olan yaşıl rəngli “onluq” lotereyası olmuşdur. 11 may 2023-cü il tarixdə saat 15 radələrində lotereya satışı ilə məşğul olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özündə olan 01 ədəd 10 manat uduşlu lotereyanı ona verərək əvəzində 02 ədəd 05 manatlıq lotereya istəmişdir. Təqsirləndirilən şəxs ondan həmin lotereyaları pozmağını xahiş etmiş və əlini çiyninə qoyaraq özü də lotereyanı pozmağına baxmışdır. O, lotereyaları pozmuş, heç bir uduş olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yenə lotereya istəyərək bir neçə dəqiqəyə gələcəyini bildirmiş və qaçaraq oradan uzaqlaşmışdır. O, lotereyanı pozub qurtardıqdan sonra masanın üzərində şüşə qutunun içərisində olan 03 ədəd bağlamada olan yaşıl rəngli “onluq” lotereyaların yerində olmadığını görmüşdür. Lotereyaları yığıb Nəsiminin getdiyi istiqamətdə, yəni metroya tərəf getmiş, lakin onu tapa bilməmişdir. Aldığı 3 ədəd bağlama lotereyaların üzərindən cəmi 3 ədədini satmışdır. Oğurluq hadisəsi nəticəsində ona 1470 manat maddi ziyan dəymiş, həmin ziyanın 140 manat hissəsi ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, onunla ziyanın ödənilməsi barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdən metronun “Koroğlu” stansiyasının yaxınlığında “Alov park”da səyyar lotereya satışı ilə məşğul olur. Lotereya satışına icazə anası X1 adınadır. 11 may 2023-cü il tarixdə mobil telefonuna zəng edərək bir nəfər şəxsin 150 ədəd lotereyanı oğurladığını bildirmişlər. O dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Lotereyaların satıldığı yer onların olsa da həmin yeri Nurlan işlədir. Baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs 1470 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə ünvanlanmış 11 may 2023-cü il tarixli ərizədən görünür ki, 11 may 2023-cü il tarixdə metronun “Koroğlu” stansiyasının qarşısında “poz qazan” lotereyası satarkən tanımadığı bir nəfər şəxsin müştəri qismində piştaxtaya yaxınlaşıb 1 ədədi 10 manat olmaqla 150 ədəd lotereyanı oğurlayaraq qaçdığını, ona 1500 manat məbləğində ziyan dəydiyini bildirmiş və həmin şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. - baxış keçirilməsi haqqında 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd “DVD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, əynində qara rəngli idman gödəkçəsi, başında qara rəngli papaq, ağzında siqaret olan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxs sol əlini Zərərçəkmiş şəxs sağ çiyninə qoyaraq lotereyanın pozulmasına baxır, sonra isə Zərərçəkmiş şəxs diqqətinin yayındığını görüb sol əlini sonuncunun çiynindən götürərək masanın üzərində olan şüşə vitrinin içərisindən nə isə götürüb əynində olan idman gödəkçəsinin sol yan cibinə qoyur, bir neçə saniyə Zərərçəkmiş şəxs ilə söhbət etdikdən sonra qaçaraq pilləkənlərlə metronun “Koroğlu” stansiyasının girişinə daxil olur. - sübutların qiymətləndirilməsi haqqında 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 20 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 02 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 204.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 08 ay 13 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(002)- 163/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli 21-1/3- 26404/14 saylı məktubdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(002)-163/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində hökmün surəti və onun icrası barədə hakimin göstərişi 18 iyul 2023-cü il tarixdə icraata daxil olmuş, məhkum Təqsirləndirilən şəxs idarəyə gəlib qeydiyyatdan keçmədiyi üçün cəza müddəti başlamamışdır. Yəni çəkilməmiş cəzası 02 il 05 ay 26 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, vurulmuş ziyanın bir hissəsini ödəməsini, zərərçəkmiş şəxslə dəymiş ziyanın ödənilməsi barədə razılığa gəlməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(002)-163/2023 saylı hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(002)-163/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü üzrə cinayət işinin ibtidai istintaqı dövründə 06 yanvar 2023-cü il tarixdə tutulmuş, 08 yanvar 2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Həmçinin, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Nizami RPİ-nin MSY-dən azad edilmişdir. Bununla da, o, ibtidai istintaq dövründə 04 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 06 yanvar 2023cü il tarixdən 08 yanvar 2023-cü il tarixədək, həmçinin 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək, cəmi 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(002)-163/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza – 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdən 08 yanvar 2023-cü il tarixədək, həmçinin 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək, cəmi 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla üzərində 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 192 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-558/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-558/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver