Məhkəmə qərarları › İş №1(007)-558/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-558/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-558/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 71, mənzil 509-da qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 64, mənzil 137-də yaşamış, 05 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 iyun 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, daşımış, saxlamış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq 1 ədəd keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibrli, XQ 2313 nömrəli, Tokarev (TT) konstruksiyalı, yivli odlu silah hesab edilən tapançanı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı, 2 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ, PPS kontruksiyalı tapançapulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən ştat patronlarını əldə edib həmin tapançanı bel nahiyyəsinin sağ yan tərəfində, 1 ədəd darağı və onun içərisində olan 2 ədəd patronu isə əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxlayaraq daşıyıb gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə saat 20:04-də ünvan 1 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına aparılmış, orada həmin gün saat 21:50-dən etibarən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun bel nahiyəsinin sağ yan tərəfindən qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirməklə saxladığı 1 ədəd keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibrli, Tokarev (TT) konstruksiyalı, XQ 2313 nömrəli, yivli odlu silah hesab edilən tapança, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən isə qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirməklə saxladığı 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və 2 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ, PPS kontruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən ştat patronları aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun silahlara marağı vardır, buna görə də silahların bəzi növlərini tanıyır. Maraq göstərdiyi silahlardan biri də tapançadır. 04 iyun 2025-ci il tarixdə Müşfiqabad qəsəbəsində zibil qutusunun yanından keçən zaman orada bir ədəd tapançanın olduğunu görmüşdür. Həmin tapançanı əlinə götürmüşdür. Tapançanın darağında 2 ədəd patron da olmuşdur. Silahlara marağı olduğu üçün həmin silahı, darağı və patronları götürüb üzərində saxlamışdır. Lakin həmin tapançadan istifadə etməmişdir. Təhlükəsizliyini qorumaq üçün darağı çıxarıb cibində saxlamışdır. Çünki əli dəyərək birdən atəş açılmasından qorxmuşdur. Həmçinin tapança tapmağından heç kimin məlumatı olmamış, bu barədə heç kimə heç nə deməmişdir. Həmin tapançanı satmaq niyyəti də olmamışdır. 05 iyun 2025-ci il tarixdə saat 20:04-də ünvan 1 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o da özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, komplekt hissəsi və döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üstündə gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üstündə tapança, cibində daraq və içərisində patronlar vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra sağ əli ilə bel nahiyəsinin sağ yan tərəfini işarə etmişdir. Çünki silahı həmin yerə qoymuşdur. Bundan sonra bel nahiyəsinin sağ yan tərəfində olan 1 ədəd tapança polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd darağı çıxarıb təqdim etmişdir. Darağa baxış zamanı içərisində 2 ədəd patron aşkar olunmuşdur. Daha sonra həmin tapançanın içərisində əlavə patronun olmaması müəyyən edilmiş və silah yoxlanılmışdır. Bundan sonra əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd Huawei markalı mobil telefonu, həmin şalvarın sağ arxa cibindən pulunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra üstündən aşkar olunub götürülmüş tapançaya baxış zamanı metal korpusunun olması, üstündə “XQ 23131944” yazısının qeyd olunması müəyyən edilmişdir. Daha sonra üstündən aşkar olunmuş həmin 1 ədəd tapança, 1 ədəd daraq və 2 ədəd patron bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra mobil telefona zahirən baxış zamanı arxa hissəsində olan qara rəngli qoruyucuda hər hansı əşyanın olmadığı müəyyən olunmuşdur. Bundan sonra üstündən aşkar edilmiş 1 ədəd Huawei markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra üstündən aşkar edilmiş pul sayılan zaman 952 manat 10 qəpik olması müəyyən olunmuşdur. Həmin 952 manat 10 qəpik pulu hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmiş və həmin pul ona qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd tapança, 1 ədəd daraq və 2 ədəd patronu 04 iyun 2025-ci il tarixdə Müşfiqabad qəsəbəsində zibil qutusunun yanından tapdığını, həmin predmetləri silaha marağı olduğu üçün götürüb saxladığını, həmin silahdan indiyə qədər olan müddət ərzində istifadə etmədiyini, silahı tapdığı zaman yanında hər hansı əlavə patronun olmadığını, təhlükəsizlik cəhətdən darağı cibində saxladığını, bu silahın onda olmasından heç kimin məlumatının olmadığını, həmin predmetləri maraqlı olduğu üçün üstündə gəzdirməklə daşıdığını və saxladığını, həmçinin həmin dəmir prdemetləri satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmanlıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. İdarənin əməliyyat müvəkkilləri X2 və X4 ilə birlikdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu C.ünvan 2 ünvana getmişlər. 05 iyun 2025-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin qeyd edilən ünvanın qarşısında olduğunu görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatları barədə bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əli ilə bel nahiyyəsinin sağ yan tərəfini işarət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bel nahiyyəsinin sağ yan tərəfində olan 1 ədəd tapançaya bənzər əşya aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd darağa oxşar əşyanı çıxarıb təqdim etmişdir. Darağa oxşar predmetə baxış zamanı içərisindən 2 ədəd patrona oxşar dəmir əşya aşkar olunmuşdur. Daha sonra tapançaya oxşar dəmir əşyanın içərisində patronun olub-olmaması aşkar edilmiş və silah yoxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Huawei” markalı mobil telefonu, həmin şalvarın sağ arxa cibindən pulunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş tapançaya oxşar dəmir predmetə baxış zamanı metal korpusunun olması, üstündə “XQ 23131944” yazısının qeyd olunması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş həmin 1 ədəd tapançaya, 1 ədəd darağa və 2 ədəd patrona oxşar dəmir predmetlər cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş özünə məxsus olan 1 ədəd “Huawei” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş pulu hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmiş və həmin pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd tapançaya, 1 ədəd darağa və 2 ədəd patrona oxşar dəmir əşyaları dünən, yəni 04 iyun 2025-ci il tarixdə Müşfiqabad qəsəbəsində zibil qutusunun yanından tapdığını, həmin əşyaları silaha marağı olduğu üçün götürüb saxladığını, həmin predmetlərdən indiyə qədər olan müddət ərzində hər hansı qanunsuz əməlin törədilməsində istifadə etmədiyini, əşyaları tapdığı zaman yanında hər hansı patrona oxşar dəmir əşyaların olmadığını, təhlükəsizlik cəhətdən darağa oxşar dəmir predmeti cibində saxladığını, bu predmetlərin onda olmasından heç kimin məlumatının olmadığını, həmin predmetləri maraqlı olduğu üçün üstündə gəzdirməklə daşıdığını və saxladığını, həmin dəmir predmetləri satmaq niyyətinin olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyataxtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, eyni zamanda həmin şəxs də saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1- 2) - 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında, həmin İdarənin əməkdaşları tərəfindən 05 iyun 2025-ci il tarixdə ünvan 1 ünvanının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib sağ əli ilə bel nahiyəsinin sağ yan tərəfini işarət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bel nahiyəsinin sağ yan tərəfində olan 1 ədəd tapançaya oxşar dəmir predemet aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd darağa oxşar predmeti çıxarıb təqdim etmişdir. Darağa oxşar predmetə baxış zamanı içərisindən 2 ədəd patrona oxşar dəmir predmet aşkar olunmuşdur. Daha sonra həmin tapançaya oxşar dəmir predmetin içərisində patronun olmaması aşkar edilmiş və silah yoxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Huawei” markalı mobil telefonu, həmin şalvarın sağ arxa cibindən pulunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunub götürülmüş tapançaya oxşar dəmir predmetə baxış zamanı metal korpusunun olması, üstündə “XQ 23131944” yazısının qeyd olunması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş həmin 1 ədəd tapançaya, 1 ədəd darağa və 2 ədəd patrona oxşar dəmir predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra mobil telefona zahirən baxış zamanı arxa hissəsində olan qara rəngli qoruyucuda hər hansı əşya və ya predmet olmadığı müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş özünə məxsus olan 01 ədəd “Huawei” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş pul sayılan zaman 952 manat 10 qəpik olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin 952 manat 10 qəpik pulu hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmiş və həmin pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. (i.v. 28-30) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının 06 iyun 2025-ci il tarixli, 25/933 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd XQ-2313 №-li silah, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş Tokarev (TT) Konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ, PPS konstruksiyalı tapançapulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Qeyd: tədqiqata təqdim edilmiş 2 ədəd 7,62x26 mm kalibrli patronlardan 1 ədədi eksperimental atəş zamanı istifadə olundu. (i.v. 42-45) - 09 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 1 ədəd keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibrli, yivli odlu silah hesab edilən XQ-2313 nömrəli, Tokarev (TT) konstruksiyalı tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq qalmış 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ, PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı hesab edilən ştat patronu öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 85-86) - 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 1 ədəd keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibrli, Tokarev (TT) konstruksiyalı XQ 2313 nömrəli tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq qalmış 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ, PPS kontruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən ştat patronun maddi sübut kimi tanınması haqqında 09 iyun 2025-ci il tarixli qərar nəzərə alınmış, cinayət işinin materiallarından 01 ədəd 7,62 mm kalibrli, Tokarev (TT) konstruksiyalı tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və 2 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı döyüş sursatı hesab edilən ştat patronlarının mənbəyinin müəyyən edilməsi faktına görə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.3 və 229-cu maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində olan odlu silah, onun komplekt hissəsi və döyüş sursatları barədə ailə üzvlərinə və ya başqalarına məlumat vermədiyi üçün həmin şəxslərin əməlində başqa cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən qeyd edilən xüsusat üzrə ailə üzvləri və digər şəxslər barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Huawei” markalı mobil telefon cihazı cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən ayrılmış cinayət işində Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmışdır. (i.v. 121-128) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq gəzdirmiş, həmin əşyaları könüllü surətdə təhvil verməyərək saxlamış, yalnız bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 iyun 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 20) - 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablanmışdır. (i.v. 80-84) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 104-105) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X1 17 iyun 2013-cü il tarixdə, X6 05 iyun 2015-ci il tarixdə doğulmuşlar. (i.v. 117, 119) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli Qərarının 28-ci bəndində göstərilmişdir ki, ...bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edilərkən onların hərəkətlərinin məqsədi və motivi, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyi və ələ keçirmə üsulu, onların növü, miqdarı, dəyəri və döyüş xüsusiyyətləri nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinə görə, CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etməklə qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayət əməlinə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış, müvafiq qaydada götürülməklə DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən odlu silah, onun komplekt hissəsi və döyüş sursatı hesab edilən patron cinayətin aləti olduğuna görə CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilməli, içərisində video görüntülərin əks olunduğu 1 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olan ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına uyğun olaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkməsinin başlanğıcı 05 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməklə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1 ədəd keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibrli, yivli odlu silah hesab edilən XQ-2313 nömrəli, Tokarev (TT) konstruksiyalı tapança, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq və ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq qalmış 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ, PPS konstruksiyalı tapançapulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı hesab edilən ştat patronu dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilsin, içərisində video görüntülərin əks olunduğu 1 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 25 iş saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 275 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar