Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-56/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami küçəsi, döngə 10, ev 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs1 əl çantasından içərisində hər birinin qiyməti 5 manat olan ***-***-**-** və ***-***-**-** GSM nömrə kartları və üzərində 25 manat qiymətində üzlük olan 650 manat qiymətində “Samsung A51” markalı **********51848 İMEİ kodlu 01 ədəd mobil telefonu çıxarmaqla gizli talayıb Zərərçəkmiş şəxs1 685 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində qiyməti 5 manat olan ***-***-**-** GSM nömrə kartı və üzərində 25 manat qiymətində üzlük olan 450 manat qiymətində “Xiaomi Poco M3” markalı **********35305 və **********35313 İMEİ kodlu 01 ədəd mobil telefonu çıxarmaqla gizli talayıb Zərərçəkmiş şəxs2 480 manat məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısında yerləşən avtobus dayanacağında cibgirlik etmək üçün münasib şəraitin olduğunu görmüş, kənarda dayanıb avtobus dayanacağında olan sərnişinləri müşahidə edən zaman, təxminən 50-55 yaşlarında bir qadının dayanacağa yaxınlaşdığını və çiynində əl çantası olduğunu görmüşdür. Qara rəngli və üzərində qəhvəyi xəttlər olan çantanın qapaq hissəsi açıq olduğundan içərisində olan mobil telefon görünmüşdür. Həmin telefonu oğurlamaq qərarına gəlmiş və qadına çanta tərəfdən yaxınlaşıb gözləmiş, sərnişin avtobusu dayanacağa yaxınlaşmış və avtobusa minmək istəyən sərnişinlər avtobusun qapısına yaxınlaşan zaman həmin qadının çiynindən asdığı əl çantasının içərisində olan mobil telefonu götürmüş və dayanacaqda olan digər avtobusa minərək getmişdir. Oğurladığı mobil telefonun markası “Samsung” olmuş və telefona zəng gəlməməsi üçün telefonu söndürmüşdür. Avtobusdan düşərək yolun əks tərəfinə bir manatlıq taksilər dayanan yerə keçib taksiyə əyləşib metropolitenin “20 yanvar” stansiyasının yaxınlığına getmişdir. “Şamaxinka” deyilən ərazidə bir qədər spirtli içki qəbul etmiş, sonra telefonun üzərində olan mobil nömrələri çıxarıb qırıb atmışdır. Piyada hərəkət edərək metropolitenin “20 yanvar” stansiyasına getmiş və “Velotrek” ticarət mərkəzinin girişində yerləşən telefonların alışı və satışı ilə məşğul olan mağazaya daxil olaraq oğurladığı “Samsung” markalı mobil telefonu satmaq istədiyini demişdir. Mağazada təxminən 30 yaşlarında tanımadığı oğlan telefonun kimə məxsus olduğunu soruşduqda, mobil telefonun həyat yoldaşına məxsus olduğunu və 160 manata satmaq istədiyini demişdir. Satıcı mobil telefona baxaraq 140 manata ala biləcəyini bildirmişdir. Sonuncu ilə razılaşmış və telefonu alan şəxsin sorğusuna cavab olaraq mobil telefonun oğurluq olmadığını demişdir. Sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim edərək həmin sənədlərin kserosurətinin üzərində öz xətti ilə “özümə məxsus olan telefonun oğurluq olmadığına zəmanət verirəm” sözlərini yazaraq imza etmişdir. Bundan sonra mobil telefonu verərək 140 manat almış və yenidən 1 manatlıq taksiyə əyləşərək Bakı şəhəri, Nizami rayonuna Metropolitenin “Nefçilər” stansiyasının yaxınlığına gəlmiş və kafelərin birində əyləşərək yeyib-içmiş və 8 km bazarında yaşadığı otelə gedərək yatmışdır. Telefonun satışından əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərclədikdən sonra yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yenidən cibgirlik etmək üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısında yerləşən avtobus dayanacağına gəlmişdir. Kənarda dayanıb avtobus dayanacağında olan sərnişinləri müşahidə edən zaman təxminən 38-40 yaşında bir qadının dayanacağa yaxınlaşdığını, əlində olan mobil telefonla danışdıqdan sonra telefonu qara rəngli gödəkçəsinin sağ cibinə qoyduğunu görmüşdür. Həmin telefonu oğurlamaq qərarına gəlmiş və qadına sağ tərəfdən yaxınlaşıb gözləmişdir. Səmişin avtobusu dayanacağa yaxınlaşmış və sərnişinlər avtobusun qapısına yaxınlaşan zaman həmin qadına sağ tərəfdən yaxınlaşaraq qadının gödəkcəsinin sağ cibində olan mobil telefonu götürüb avtobusun arxası ilə yolun əks tərəfinə keçmişdir. Həmin qadın avtobusa minib getdikdən sonra mobil telefonun markasının “Xiaomi Poco” və ekranının çat olduğunu görmüş və telefonu zəng gəlməməsi üçün söndürmüşdür. Bundan sonra, yolun əks tərəfinə keçib bir manatlıq taksiyə əyləşib metropolitenin “20 yanvar” stansiyasının yaxınlığına getmişdir. Metronun çıxışında yerləşən “Velotrek” ticarət mərkəzinin girişində yerləşən birinci oğurladığı mobil telefonu satdığı telefonların alışı və satışı ilə məşğul olan maqazinə daxil olaraq oğurladığı “Xiaomi Poco” markalı mobil telefonu satmaq istədiyini demişdir. Mağazada işləyən birinci mobil telefonu ondan alan təxminən 30 yaşlarında olan tanımadığı şəxs ondan telefonun kimə məxsus olduğunu soruşduqda, mobil telefonu evdə tapdığını və lazım olmadığı üçün satmaq istədiyini bildirmişdir. Satıcı telefona baxaraq sınıq olduğu üçün 30 manata ala biləcəyini demişdir. Satıcı ilə razılaşmış və telefonu alan şəxsin sorğusuna cavab olaraq mobil telefonun oğurluq olmadığını və özünə məxsus olduğunu demişdir. Sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim edərək həmin sənədlərin kserosurətinin üstündə öz xətti ilə “özümə məxsus olan Poco M3 telefonun oğurluq olmadığına zəmanət verirəm” sözlərini yazaraq imza etmişdir. Bundan sonra mobil telefonu verərək 30 manat alıb mağazadan çıxaraq yenidən 1 manatlıq taksiyə əyləşərək Bakı şəhəri, Nizami rayonu metropolitenin “Nefçilər” stansiyasının yaxınlığına gəlmiş, kafelərin birində yeyib içmiş və 8 km bazarında yaşadığı otelə gedərək yatmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, cinayət işinin materiallarını əlaqəli şəkildə tədqiq edib, dövlət ittihamçısının çıxışını və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsindən başqa iş üzrə toplanmış sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Balaxanı qəsəbəsində yaşayan oğlu Əligilə getmək məqsədi ilə metropolitenin “Xalqlar Dostluğu” yaxınlığında yerləşən ‘'Ağ Çiçəyim” gül mağazasının qarşısına getmişdir. Həmin vaxt üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan **********51848 İmei kodlu “Samsung Galaxy A51” markalı mobil telefonu olan əl çantasını çiynindən asmışdır. Əl çantasının mobil telefon qoyduğu hissəsi zamoku olmadığına görə açıq olmuşdur. Dayanacaqda 51 saylı sərnişin avtobusuna minib 105 saylı sərnişin avtobusuna minmək üçün 8 km bazarının yaxınlığında gəlmişdir. Daha sonra, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısındakı dayanacağa gəlmiş və bir qədər gözlədikdən sonra 105 saylı sərnişin avtobusuna minmişdir. Avtobusda saata baxmaq üçün mobil telefonu götürmək istədikdə telefonun yerində olmadığını aşkar etmişdir. Həmin mobil telefonu 2021-ci ilin may ayının sonlarında 650 manata almışdır. “Samsung A51” markalı mobil telefonun üzərində 25 manat dəyərində kabro və dəyəri 5 manat olan iki nömrə olmuşdur. Telefonun oğurlanması nəticəsində ona ümumilikdə 685 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda avtobus dayanacağında olan zaman bir nəfər təxminən 160 sm boyunda, 50-55 yaşında saçı bir az tökülmüş bir kişi onun arxasınca gəzmiş və oğurluqda həmin şəxsdən şübhələnmişdir. İş üzrə verdiyi mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021ci il tarixdə saat 15 radələrində işdən çıxıb bazarlıq etdikdən sonra saat 17 radələrində yaşadığı evə getmək üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısındakı dayanacağa gəlmişdir. Yaşadığı Maştağa qəsəbəsinə gedən 62 saylı xətt marşrut avtobusu gec gəldiyi üçün əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan üzərində ***-***-**-** saylı mobil nömrə olan “Xiaomi Poco M3” markalı **********35305 və **********35313 İmei kodlu mobil telefonla taksi sifariş etmiş, taksi 10 dəqiqəyə gələcəyini bildirdiyi üçün və 62 saylı marşrut avtobusu dayanacağa yaxınlaşdığından taksidən imtina etmiş və avtobusa minmək üçün yaxınlaşan zaman bir nəfər kişi onu sağ tərəfdən sıxmış, həmin şəxsin cibində olan mobil telefonu götürəcəyini ehtimal etməmiş və avtobusa minmək istədiyini düşünmüş, lakin həmin şəxs avtobusa minməmişdir. Avtobusa mindikdə mobil telefonu cibində aşkar etməmiş, oğurlandığını başa düşərək dərhal 102 xidmətinə məlumat vermiş və 24-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. “Xiaomi Poco M3” markalı mobil telefonu 2021-ci ilin iyul ayının sonlarında 450 manat almış, telefonun üzərində 25 manat dəyərində qoruyucu kabro və 5 manat dəyərində mobil nömrə olmuşdur. Telefonun oğurlanması ilə ümumilikdə ona 480 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə mülki iddia verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İşdə olan 13 oktyabr 2021-ci il tarixli “götürmə haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən “Kontak Home” elektronika mağazasının qarşısındakı avtobus dayanacağında 20 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən “Xiaomi Poco M3” markalı mobil telefonun oğurlanması görüntüləri və oğurluq edən naməlum şəxsin görüntülərini özündə əks etdirən “Kontakt Home” elektronika mağazasının videokamerası vasitəsilə çəkilmiş 1 ədəd DVD disk götürülmüşdür. İşdə olan 23 oktyabr 2021-ci il tarixli “götürmə haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısındakı avtobus dayanacağında 18 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 əl çantasından içərisindən “Samsung A51” markalı mobil telefonun oğurlanması görüntüləri və oğurluq edən naməlum şəxsin görüntülərini özündə əks etdirən “Kontakt Home” elektronika mağazasının videokamerası vasitəsilə çəkilmiş 1 ədəd DVD disk götürülmüşdür. İşdə olan 24 oktyabr 2021-ci il tarixli Protokoldan görünür ki, 18 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısındakı avtobus dayanacağında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 əl çantasından “Samsung A51” markalı mobil telefonu oğurlayan naməlum şəxsin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərə baxaraq cibgirlik edən şəxsin özü olduğunu bildirərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İşdə olan 24 oktyabr 2021-ci il tarixli Protokoldan görünür ki, 20 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən “Kontakt Home” elektronika mağazasının qarşısındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs2 cibindən “Xiaomi Poco M3” markalı mobil telefonu oğurlayan naməlum şəxsin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərə baxaraq cibgirlik edən şəxsin özü olduğunu bildirərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İşdə olan 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı cibgirlik etməsi görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, həmçinin Təqsirləndirilən şəxs oğurladığı “Samsung A51” markalı mobil telefonu satarkən öz xətti ilə qeydlər apardığı və üzərində imzası olan şəxsiyyət və sürücülük vəsiqələrinin kserosurəti, habelə “Xiaomi Poco M3” markalı mobil telefonu satarkən öz xətti ilə qeydlər apardığı və üzərində imzası olan şəxsiyyət və sürücülük vəsiqələrinin kserosurəti maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 05 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 oğurlanmış mobil telefonunun dəyəri 685 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivini cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 685 manat məbləğində maddi zərərin vurulduğu tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, həmçinin oğurladığı “Samsung A51” və “Xiaomi Poco M3” markalı mobil telefonları satarkən öz xətti ilə qeydlər apardığı və üzərində imzası olan şəxsiyyət və sürücülük vəsiqələrinin kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil X2 ibtidai istintaqda iştirak etdiyi 50 iş saatı, vəkil X1 məhkəmədə iştirak etdiyi 40 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı müdafiəçi X3 və 240 (iki yüz qırz) manat (40x6) məbləğində əmək haqqı müdafiəçi X4 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 685 manat məbləğində maddi ziyan və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, həmçinin oğurladığı “Samsung A51” və “Xiaomi Poco M3” markalı mobil telefonları satarkən öz xətti ilə qeydlər apardığı və üzərində imzası olan şəxsiyyət və sürücülük vəsiqələrinin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 300 (üç yüz) manat əmək haqqı müdafiəçi X3 və təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 240 (iki yüz qırx) manat əmək haqqı müdafiəçi X4 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. . Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-56/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-56/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver