Məhkəmə qərarları › İş №1(007)-566/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-566/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-566/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs Qəhrəman oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1980-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun ona xəyanət etdiyindən şübhələnməsi səbəbindən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs sağ əlindən tutub sıxmış, yumruq və təpik ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin V əl-darağı nahiyəsinin arxa səthinin hematoması; sol bazunun ön səthinin, sol saidin bayır səthinin, sağ budun ön səthinin, sol budun bayır səthinin qançırı xəsarətlərini yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 23 ildir rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki övladı var. Təxminən 4 ilə yaxındır ki, ailəsi və övladları ilə birlikdə ünvan 3 ünvanında kirayədə yaşayır. Özü usta işləyir. Bakı şəhərinə gəldikdən sonra həyat yoldaşı Sevinc 75 yaşlı Nadir adlı həkimin yanında işləyir, Nadir ona mütəmadi bazarlıq edir, qızına kreditlə telefon alır. Buna görə dəfələrlə aralarında mübahisə olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində yaşadığı ünvanda evdə olarkən, qızı Alimə həyətə düşmüş, o, Sevincə qızılları lombarda girov qoyduğu üçün iradını bildirmiş, Sevinc də ona qızılları lombarda girov qoyub pul götürərək Türkiyədə təhsil alan oğluna göndərdiyini bildirmişdir. Bundan sonra aralarında mübahisə düşmüşdür. Sevinc onu təhqir edərək hücum etmiş, əlləri ilə onu vurmağa başlamışdır. Bu zaman o, Sevinci itələmiş, Sevinc taxtın üzərinə yıxılmışdır. Həmin vaxt Sevincin əli divara dəymişdir. Sevinc qışqıraraq əlinin sındığını bildirmişdir. O, Sevinci sakitləşdirməyə cəhd etmiş, hətta sakitləşdirərək barmağına xəmir qoymuşdur ki, ağrısı kəssin. Bu zaman qapı döyülmüş, qızı Alimə evə gəlmiş və ona iradını bildirmişdir. O, qızı Aliməyə qarışmamasını bildirmişdir. Aradan iki gün keçdikdən sonra Lənkəran rayonuna getmiş, boşanmaq üçün Mediasiyaya müraciət etmişdir. Lənkəran rayonundan gəldikdən sonra ona məlum olmuşdur ki, həyat yoldaşı ondan şikayət etmişdir. Onun heç bir təqsiri yoxdur, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 23 ildir rəsmi nikaha daxil olmuş, təxminən 4 ilə yaxındır ki, ünvan 3 ünvanında kirayədə yaşayır. Pənah mütəmadi olaraq onu evdə təhqir edir, qohumlarının onlara gəlməməsi üçün şərtlər qoymuşdur. Anası xəstə olduğundan Pənahdan icazə alaraq Lənkərana getmişdir. Tibb bacısı olduğundan xəstələrə gedib evlərində iynə vurur. O, rayonda olanda Pənah onun xəstələrinə zəng edərək xəbərdarlıq edib ki, onu bir daha işə çağırmasınlar. xx.xx.2024-cü il tarixdə axşam saat təxminən 22 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs əsəbləşərək təpik və yumruqla onun bədən nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Bu zaman qızı Alimə həyətdən evə gəlmiş, atası Pənahın onu döyməsinə öz iradını bildirmişdir. Bundan sonra ağrıları olduğu üçün təcili tibbi yardım stansiyasından həkim briqadası çağırılmasını tələb etmişdir, lakin Pənah ona ilkin tibbi yardım göstərilməməsi üçün həkim çağırmağa icazə verməmişdir. Pənah iki gün evdən çölə çıxmamış, ona görə polisə bu barədə məlumat verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Pənah Lənkərana getdiyindən o, hadisə barədə DİN-nin102 xidmətinə məlumat verdikdən sonra ərizə ilə Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində o, həyətə düşmüş, anası Sevinc və atası Pənah evdə qalmışdır. O, təxminən 15 dəqiqə sonra evə geri qayıtmış, qapını döymüş, qapını açanda anası Sevincin əlini tutaraq ağladığını görüb nə baş verdiyini soruşmuş, anası Sevinc ona atası Pənahın onu döyərək bədən xəsarətləri yetirdiyini bildirmişdir. Anası Sevincin qollarında və digər bədən nahiyələrində xəsarətlərin olduğunu görmüşdür. O, atası Pənaha hirslənmişdir ki, anası Sevinci nə səbəbə döyüb xəsarət yetirmişdir. Bundan sonra anası Sevincə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım stansiyasından həkim çağırmaq istəmiş, lakin atası Pənah icazə verməmişdir. Atası iki gün sonra evdən çıxıb getmiş, xx.xx.2024-cü il tarixdə anası Sevinc DİN-nin 102 xidmətinə zəng etmiş və atası Pənah tərəfindən döyülərək xəsarət aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 875 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin V əl-darağı nahiyəsinin arxa səthinin hematoması; sol bazunun ön səthinin, sol saidin bayır səthinin, sağ budun ön səthinin, sol budun bayır səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini, törədilmə şəraitini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 16 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 (doxsan altı) manat (16x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar