Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-569/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 2000-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Ağdam rayonunun Keştazlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 4/27-də yaşayan, 16 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olamayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,628 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayaraq daşımış, 16 may 2025-ci il tarixdə, saat 19:45-də Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 36 ünvanının qarşısında şübhəli kimi saxlanılaraq, videoçəkiliş aparılmaqla üstü yoxlanılan zaman əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,628 qram ağ rəngli kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “patı” olaraq tanıdığı psixotrop maddəni ara-sıra qəbul etmiş, hər dəfə müxtəlif şəxslərdən həmin maddəni öz istifadəsi üçün almışdır. 16 may 2025-ci il tarixdə, saat 19 radələrində Xətai rayonu UPD qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında bir bükümdə “patı” olaraq tanıdığı maddəni almış və həmin maddəni sonradan istifadə etmək üçün əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Bundan bir qədər sonra yaşadığı Keşlə qəsəbəsinə tərəf Babək prospekti ilə piyada tək gedərkən, ona üç nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşmış və onu saxlamışlar. Saxlanıldığı vaxtdan video çəkiliş aparılmış, əvvəlcə polis əməkdaşları ona özlərini təqdim etmiş, ona şübhəli kimi saxlanıldığı üçün vəkillə təmin edilmək hüququnun olduğunu demişlər, o vəkilə ehtiyac duymadığını bildirmişdir. Davamında video çəkiliş aparılaraq həmin yerdə polis əməkdaşları onun üstünü yoxlamazdan əvvəl ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, üzərində saxladığı psixotrop maddənin gizlədilməsinin qeyri-mümkün olduğunu, yoxlama zamanı aşkar olunacağını düşündüyündən etiraz bildirmədən əvvəlcə əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd bükümdə olan “patı” olaraq tanıdığı maddəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi bükümdə olan maddənin nə olmasını soruşduqda o, həmin maddənin “patı” olaraq tanıdığı maddə olduğunu, öz istifadəsi üçün saxlanmazdan bir qədər əvvəl Xətai rayonu ərazisində tanımadığı şəxsdən 10 manat qarşılığında alıb, üzərində saxladığını demişdir. Ondan aşkar edilən həmin büküm zərfə qoyulmaqla qablaşdırılmış, qablaşdırmanın üzəri o və həmin vaxt yanında olan polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra onun üzəri yoxlanılsa da, üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməmişdir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkr olunmuş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Onun narkotik maddələrdən və psixotrop maddələrdən istifadə etməyi barədə heç kimin xəbəri olmamışdır. Narkotik maddələrin və psixotrop maddələrin qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə, hazırda əməlindən peşmandır. Saxlanılan zaman və ya sonradan polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 may 2025-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək şöbə rəhbəliyinə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 may 2025-ci il tarixdə saat 19:45-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, ünvan ünvanın qarşısında onlar tərəfindən saxlanılmışdır. Ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, psixotrop maddə və ya narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün videoçəkiliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə barədə qərarla tanış edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisinə baxış keçirilmiş, baxış zamanı bükümün içərisində ağ rəngli kristallik kütlə aşkar olunmuşdur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs 01 ədəd bükümün içərisində aşkar olunmuş kütlənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda o, həmin kütlənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, Xətai rayonu ərazisində üzdən tanıdığı, lakin şəxsi məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra onun üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. İçərisində psixitrop maddəyə bənzər 01 ədəd blikümdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, zərfin üstü Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra əməliyyat şəraiti ilə əlaqədar protokol tərtib etmək üçün Təqsirləndirilən şəxs 23-cü PB-nə aparmışlar, orada protokol tərtib edilmiş, protokolun düzgünlüyü Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imza edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş və izahatı alınmışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni kimdən almasını, onun cinayət əlaqələrinin aşkara çıxarılması istiqamətində əməliyyat tədbirləri aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Onun psixotrop maddə satması barədə əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs barəsində ilkin məlumat külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Odur ki, əməliyyat-axtarış tədbirlərində daxil olmuş məlumata əsasən sənədləşmə aparılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbiri ilə ilkin məlumat qismən təsdiq olunmuş və Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən xeyli miqdarda psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə satışı ilə məşğul olması təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs saxlanılan, polis bölməsinə aparılan vaxt və orada olduğu müddətdə ona qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 16 may 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 16 may 2025-ci il tarixdə saat 19:45 radələrində Nizami rayonu, Babək prospekti 34 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün həmin yerdə yoxlanılması zamanı o, əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ sellefona bükülü psixotrop maddəyə bənzər, ağ rəngli kristallik maddə təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlavə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd ağ sellefona bükülü psixotrop maddəyə bənzər, ağ rəngli kristallik maddə ağ rəngli zərfə qablaşdırılmış və DİN-in 163 saylı möhürü ilə möhürlənmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmişdir. (i.v. 8-9) - 16 may 2025-ci il və 18 may 2025-ci il tarixli protokollardan görünür ki, 16 may 2025-ci il tarixdə saat 19:45-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 36 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması zamanı üzərindən 1 ədəd ağ sellefona bükülü, psixotrop maddəyə bənzər, ağ kristal şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd zərfə baxış keçirilmiş, müəyyən edilmişdir ki, zərf bağlı vəziyyətdədir, zərfin üzərində 03 ədəd üzərində Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 163 № möhürlə möhülənmiş vəziyyətdədir, zərfin üzərində Şahid1 imza, Şahid2 imza, Şahid3 imza və Təqsirləndirilən şəxs imza yazıları yazılmış, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin narkotik vasitə olması baradə oildirməsi əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. Protokola əlavə olunan diskdəki görüntülərə 18 may 2025-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 13, 77) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 may 2025-ci il tarixli, 6/1842 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..4. Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,628 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,628 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,578 qalıq qalmışdır. (i.v. 45-48) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 17 may 2025-ci il tarixli, 2889 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 59-60) - 17 may 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Ülvi” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 16 may 2025-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 112) - 17 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin birinci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin əldə olunma mənbəyi barədə material ayrılmış və cinayəti törətmiş şəxsin müəyyən edilməsi üçün Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,628 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamin, üstünü yoxlama zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 0,578 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 119-126) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin əldə olunma mənbələri barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə çıxışında hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olduğuna görə onun barəsində Amnistiya aktının tətbiq olunması məsələsinə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarının 1.6-cı bəndinə əsasən 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəməyə təqdim olunan AA seriyalı, 489221 nömrəli vəsiqənin surətindən görünür ki, xx xxxxxxxx 2000-ci il tarixdə Bərdə rayonunda doğulmuş və Ağdam rayonunun Keştazlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi köçkün olmasına dair vəsiqə verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər kateqoriyasına aid deyil, ona görə onun barəsində sözügedən Amnistiya Qərarının tətbiqinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 24) - 18 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş və onun Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 84-86) - 18 may 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 87-88) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 113) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 16 may 2025-ci il tarixdən 18 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə məhv edilməli, içərisində video görüntülər olan 1 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hesablanaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 16 may 2025-ci il tarixdən 18 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,578 olan psixotrop maddə metamfetamin məhv edilsin, içərisində video görüntülər olan 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi 38 iş saatı müddətinə pulsuz hüquqi yardıma görə Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 418 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-569/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-569/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver