Məhkəmə qərarları › İş №1(007)-57/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-57/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-57/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş və mülki iddiaçının nümayəndəsi X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, «X6» MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «X6» MMC-də satış nümayəndəsi vəzifəsinə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək işlədiyi 01 noyabr 2018-ci il tarixdən 30 aprel 2019-cu il tarixədək olan dövr ərzində verdiyi sifarişlər əsasında MMCnin anbarından qaimələrlə 315.538 manat dəyərində toyuq məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 225.216 manat 94 qəpik məbləğində satış pulunu MMC-nin xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 9.340 manat 52 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 70.105 manat 35 qəpik dəyərində məhsullar güzəşt hesabına öhdəsindən azaldılmış, MMC-yə məxsus özgənin əmlakı olan 10.875 manat 19 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb «X6» MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «X6» MMC-nin 06 iyun 2018-ci il tarixli 259/K nömrəli əmri ilə satış nümayəndəsi vəzifəsinə təyin edilmiş, həmin tarixdə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, satış nümayəndəsi kimi vəzifəsi MMC-nin anbarından təhvil-təslim qaimələri əsasında qəbul etdiyi toyuq məhsularını özü tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinə aparıb təhvil verməkdən ibarət olmuşdur. Məhsulları qəbul etdikdən sonra MMC-nin sürücülərinin idarə etdiyi yük avtomobilləri ilə ticarət obyektlərinə çatdırmış, satıldıqca pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 08 oktyabr 2020-ci il tarixli 4/729 nömrəli rəyində qeyd olunan 0007-272111 nömrəli 15 aprel 2019-cu il tarixli təhvil təslim qaiməsi, 28 noyabr 2018, 01 dekabr 2018, 04 dekabr 2018, 14 dekabr 2018, 18 dekabr 2018, 10 yanvar 2019, 19 fevral 2019-cu il tarixli kassa mədaxil orderlərində «Pulu mədaxil edən şəxs» qrafalarındakı imzalar ona məxsus olmaqla, iş materiallarında olan onunla bağlı tərtib olunmuş bütün mühasibatlıq sənədlərinə özü imza etmişdir. İşə qəbul olunduğu ilk vaxtlarda iş prosesi normal getmiş, sonradan topladığı satış pullarının bir qismini şəxsi ehtiyaclarına sərf etdiyi üçün öhdəsində çatışmazlıq yaranmış, hər hansı ticarət obyektində satılmamış məhsul və ya toplamadığı satış pulları qalmamış, səhvini başa düşdüyü üçün öhdəsində olan çatışmazlıqdan 2.250 manat MMC-nin xəzinəsinə ödəmişdir. Törətdiyi əməldən səmimi peşimandır, hal-hazırda MMC-nin ondan hər hansı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, dövlət ittihamçısını, zərərçəkmiş və mülki iddiaçının nümayəndəsini, təqsirləndirilən şəxsi onun müdafiəçisini və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, MMC-nin fəaliyyəti toyuq və toyuq məhsullarının istehsalı və satışı ilə məşğul olmaqdan ibarət olmaqla, məhsullar ticarət obyektlərinə maddi məsul şəxslər olan satış nümayəndələri vasitəsi ilə çatdırılmış, Təqsirləndirilən şəxs MMC-nin 06 iyun 2018-ci il tarixli 259/K nömrəli əmri ilə satış şöbəsində satış nümayəndəsi vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə 655/18 nömrəli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, qeyd edilən müqavilələrə əsasən sonuncu ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmuşdur. 2019-cu ilin sonunda Təqsirləndirilən şəxs qəbul etdiyi məhsulların satışından əldə etdiyi pulu MMC-nin xəzinəsinə tam ödəməməsi və öhdəsində satış pulundan çatışmazlığın aşkar edilinəsi barədə MMC-nin aidiyyəti işçiləri məlumat verdikdə, dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş lisenziya üzrə fəaliyyət göstərən «xxxx» MMC-nin auditoru X5 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 16 avqust 2019-cu il tarixli audit aktı tərtib edilmişdir.Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2018-ci il tarixdən 30 aprel 2019-cu il tarixədək olan dövr ərzində verdiyi sifarişlər əsasında MMC-nin anbarından qaimplərlə 315.538 manat dəyərində toyuq məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 225.216 manat 94 qəpik məbləğində satış pulunu MMC- nin xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 9.340 manat 52 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 70.105 manat 35 qəpik dəyərində məhsullar güzəşt hesabına öhdəsindən azaldılmış, 10.875 manat 19 qəpik məbləğində satış pulunu isə mənimsəmişdir. Hal-hazırda MMC-nin Təqsirləndirilən şəxs hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, «X6» MMC-nin auditoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmamazlıq aşkar edildikdə MMC-dən qəbul etdiyi məhsulları təhvil verdiyi ticarət nöqtələrindən sonuncunun iştirakı ilə məlumatlar toplanılmış və Təqsirləndirilən şəxs satışdan əldə olunmuş ödənişləri həmin ticarət obyektlərindən götürdüyü, lakin MMC-nin xəzinəsinə ödəmədiyi məlum olmuş, bununla bağlı üzləşdirmə aktları tərtib olunmuş, Təqsirləndirilən şəxs özü də satışdan əldə olunmuş pulları öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 08 oktyabr 2020-ci il tarixli 4/729 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs adından olan 06 iyun 2018-ci il tarixli 655/18 nömrəli əmək müqaviləsinin 1 və 2-ci vərəqələrinin sonundakı imzalar, həmin müqavilənin «11.2 Təqsirləndirilən şəxs İmza» qrafasındakı imza, 06 iyun 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə «İşçi» qrafasındakı imza, satış nümayəndəsinin vəzifə təlimatının 1 və 2-ci vərəqələrinin sağ aşağı künclərində və «Satış nümayəndəsi» qrafasındakı imzalar, cinayət işinə əlavə olunmuş təhvil təslim qaimələri, mədaxil qəbzlərində Təqsirləndirilən şəxs adından olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşdə olan məhkəmə-nnihasibatlıq ekspertizasının 21 oktyabr 2020-ci il tarixli 9/4366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsində 10.875 manat 19 qəpik məbləğində satış pulundan çatışmazlıq müəyyən edilmişdir. «X6» MMC-də satış nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs ilə qarşılıqlı hesablaşmaların auditinə dair 16 avqust 2019-cu il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs öhdəsində 10.875 manat 19 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. İşdə olan «X6» MMC-nin 06 iyun 2018-ci il tarixli 259/1 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə satış nümayəndəsi vəzifəsinə təyin edilmişdir. İşdə olan «X7» MMC-nin 06 iyun 2018-ci il tarixli 655/18 nömrəli əmək və həmin tarixli fərdi maddi məsuliyyət haqqında müqavilələrindən görünür ki, Təqsirləndirilən şəxs MMC-dən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil vermək və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. İşdə olan «X6» MMC-nin 31 may 2019-cu il tarixli 260/k nömrəli əmrindən görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Təqsirləndirilən şəxsla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan «X6» MMC-nin satış nümayəndəsi Təqsirləndirilən şəxs satış üçün təhvil verilmiş malların siyahısı və siyahıya əlavə olunmuş təhvil-təslim qaimələrindən görünür ki, Təqsirləndirilən şəxs verdiyi sifarişlər əsasında «X6» MMC-nin anbarından 315.538 manat dəyərində toyuq və toyuq məhsullarını satış üçün qəbul etmişdir. İşdə olan «X6» MMC-nin geri qaytarılmış malların hərəkət cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə 9.340 manat 52 qəpik dəyərində satılmamış və istifadə müddəti keçmiş məhsulları MMC-nin anbarına qaytarmışdır. İşdə olan «X6» MMC-ninsatış nümayəndəsi Təqsirləndirilən şəxs MMC-nin kasssına mədaxil etdiyi ödənişlərin siyahısı və siyahıya əlavə olunmuş kassa mədaxil orderlərindən görünür ki, Təqsirləndirilən şəxs 225.216 manat 94 qəpik məbləğində satış pulunu MMCnin xəzinəsinə ödəmişdir. İşdə olan «X6» MMC-nin 17 aprel 2019-cu il tarixli 42 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs təhkim edilmiş mağazalarda ümumi dövriyyə üzrə 70.105 manat 35 qəpik güzəşt məbləği təsdiq edilmişdir. İşdə olan «X6» MMC-nin 20 oktyabr 2020-ci il tarixli 968/20 nömrəli maliyyə arayışından görünür ki, Təqsirləndirilən şəxs öhdəsində olan 10.875 manat 19 qəpik məbləğində çatışmazlıqdan 2.250 manat MMC- nin xəzinəsinə ödəmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. İşdə olan və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnmadə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan doğum şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı - 09.01.2014-cü il tarixdə doğulmuş X3 və 02.04.2015-ci il tarixdə doğulmuş X4 vardır. İşə əlavə olunmuş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş hüquqi şəxs «X6» MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı 8 625 (səkkiz min altı yüz iyirmi beş) manat 19 (on doqquz) qəpik məbləğində mülki iddia verilmişdir. İşə əlavə olunmuş «X6» MMC-nin direktoru Pərviz Hacıyevin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələb yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, onun barəsində əlavə cəza növünün - müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən, bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş təhviltəslim qaimələri, kassa mədaxil orderləri və ödəniş qəbzləri Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 225 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə zərərçəkmiş hüquqi şəxs «X6» MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı 8 625 (səkkiz min altı yüz iyirmi beş) manat 19 (on doqquz) qəpik məbləğində verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 55 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 330 (üç yüz otuz) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş təhviltəslim qaimələri, kassa mədaxil orderləri və ödəniş qəbzləri Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 225 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxs «X6» MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı 8 625 (səkkiz min altı yüz iyirmi beş) manat 19 (on doqquz) qəpik məbləğində verilmiş mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 330 (üç yüz otuz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar