Məhkəmə qərarları › İş №1(007)-575/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-575/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-575/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 3, ev 2-də qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib, 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 26 avqust 2017-ci il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu 26 avqust 2035-ci il tarixədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş mobil telefon aparatı əldə edərək özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və daşımışdır. Belə ki, o, cəza çəkdiyi ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekran və “Android 7.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J2” markalı, ”SM-J250F/DS” modelli, “**********83122”, “**********83120” İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və 01 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində 1 saylı cəzaçəkmə müəssisəsinin 4 saylı dəstəsində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerində hamam dəstinə bükülü vəziyyətdə həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 mart 2018-ci il tarixdən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 01 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində cəzaçəkmə müəssisəsinin 4 saylı dəstəsində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı ona məxsus yataq yerində hamam dəstinə bükülmüş, daxilində danışıq kartı olmayan 1 ədəd “Samsung Galaxy J2” markalı, “SM-J250F/DS” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin mobil telefon aparatını o, bir neçə ay əvvəl müəssisənin ərazisində yerləşən bağdan, kolların dibindən təsadüfən tapmışdır. Aşkar olunaraq götürülmüş mobil telefon aparatının daxilində olan "xxxx" MMC operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartı vasitəsilə tanışı Şahid7 ilə, Anara məxsus ***-***- **-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar aparmışdır. Müəssisədə müxtəlif yerlərdə gizlətdiyi həmin mobil telefon aparatından məhkum yoldaşlarından heç kimin xəbəri olmamış, mobil telefon aparatında istifadə etdiyi danışıq kartını telefondan hər dəfə çıxararaq özündə saxlamış, ancaq istifadə etdiyi vaxtlarda danışıq kartını telefona salmışdır. Mobil telefon aparatı aşkar olunduqdan sonra həmin danışıq kartını sındıraraq sanitar qovşağa atmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin baş inspektoru (məsul növbətçi köməkçisi) Şahid1 ifadəsində göstərmişdir ki, 01 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin 4 saylı dəstəsində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı həmin müəssisədə saxlanılan və cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerində hamam dəstinə bükülmüş, daxilində danışıq kartı olmayan 1 ədəd “Samsung Galaxy J2” markalı, “SM-J250F/DS” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum Təqsirləndirilən şəxs verdiyi ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu, həmin mobil telefon aparatını müəssisənin ərazisində bağlar olan yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədilə onu gizlətdiyini, digər məhkum yoldaşlarının bu mobil telefon aparatından xəbərsiz olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2 və Şahid3, Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid4, Şahid5 və Şahid6 iştiraklarının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunarkən onların digər şahidlərlə eyni məzmunlu ifadə verdikləri müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə yaxın tanışı olan Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda danışıqlar aparmışlar. Belə ki, Seymur darıxdığı vaxtlarda ona zəng etmiş, o da ardınca Seymura zəng edərək onunla danışmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 01 avqust 2023-cü il tarixdə müəssisənin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 4 saylı dəstənin qeydiyyatında olan məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerində hamam dəstinə bükülmüş daxilində “sim kart”ı olmayan işlək vəziyyətdə 1 ədəd “Samsung” markalı mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, imzalanmışdır. (i.v. 7-8) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X1 təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 38-39) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 5/968 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android 7.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J2” markalı, “SM-J250F/DS” modelli, “**********83122”, “**********83120” İMEİ kodlu mobil telefon aparatı hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. (i.v. 42- 45) -"xxxx" MMC-nin 15 noyabr 2022-ci il tarixli 23757 nömrəli məktubundan, ona əlavə edilən CD diskə əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid7 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda danışıqlar aparmışdır. (i.v. 95- 96, 107) - 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd sensor ekran və “Android 7.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J2” markalı, ”SM- J250F/DS” modelli, “**********83122”, “**********83120” İMEİ kodlu mobil telefon aparatı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 131) - 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 132-135) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 13 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 26 avqust 2017-ci il, cəzasının sonu 26 avqust 2035-ci il olan Təqsirləndirilən şəxs həmin müəssisədə cəza çəkdiyi 01 mart 2018-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddətdə cəzanın icrası, X2nı pozduğuna görə barəsində 05 dəfə tənbeh tədbiri tətbiq olunmuşdur, o, islah yoluna qədəm qoymamışdır. (i.v. 11-12) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 27 avqust 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib, 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 26 avqust 2017-ci il tarixdən hesablanmışdır. (i.v. 14-23, 48) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 il 09 ay 10 gün hissəsini (26 avqust 2017-ci il tarixdən çəkilmiş hissəsi nəzərə alınmaqla) qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 15 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İbtidai istintaq və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir, hazırda da həmin hal nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış 01 ədəd mobil telefon aparatı sahibi olmadığından məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.9-cu maddələri ilə təyin edilmiş 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 15 noyabr 2023-cü il tarixə çəkilməmiş 11 (on bir) il 09 (doqquz) ay 10 (on) gün hissəsini hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd sensor ekran və “Android 7.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J2” markalı, “SM-J250F/DS” modelli, “**********83122”, “**********83120” İMEİ kodlu mobil telefon aparatı məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 53,65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 24 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 144 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar