Məhkəmə qərarları › İş №1(007)-577/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-577/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-577/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, onun müdafiəçiləri - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, 1985-ci ildən əmək fəaliyyəti ilə məşğuldur və 29 ildən çoxdur ki, Nizami rayonu 201 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Məktəbdə müəllim-şagird kollektivi və valideynlər arasında, yaşadığı Keşlə qəsəbə sakinləri arasında, onu tanıyanlar arasında müəyyən hörmətə və nüfuza malikdir. İşlədiyi müddətdə hər zaman qanunlara hörmət etmiş və kimin törətməsindən asılı olmayaraq qanunsuzluğa qarşı mübariz və dönməz olmuşdur. Məhz bu səbəbdən məktəbdə qanunsuzluq törədən direktor və onun əlaltılarına 2001-ci ildə Nizami rayon prokurorluğunda cinayət işi açılmasına və həmin şəxslərin cəzalandırılmasına nail olmuşdur. Həmçinin 2018-ci ildə onun hüquqlarını pozaraq qanunsuzluq etdiyi üçün Bakı Təhsil İdarəsini məhkəməyə vermiş, Nəsimi Rayon Məhkəməsi hüquqlarının bərpa edilməsi və ona vurulmuş 1524 manatın ödənilməsi barədə qətnamə qəbul etmişdir. 2022ci ilin yanvar ayından məktəbə yeni direktor təyin edilmiş, bu direktor ilk günlərdən Təhsil Qanununa zidd olan qanunsuzluqlar törətməyə başlamışdır. Belə ki, 2021-2022 tədris ilində məktəbdən attestatını almış şəxsin adını sinif jurnalında saxladaraq, həmin sinfin bağlanmasının qarşısını almış, nəticədə 25 min manata yaxın dövlət vəsaiti qanunsuz mənimsənilmişdir. 2022-2023 tədris ilində eyni qanunsuz əməliyyatla bir neçə sinif üzrə 70 min manatdan artıq dövlət vəsaiti mənimsənilmişdir. Həmçinin bir neçə sinifdə valideynləri ilə çirkin əlaqə yaradaraq məktəbə gəlməyən və fənn müəllimlərinin tanımadıqları iki şagirdin adını sinif jurnallarına yazdıraraq, sinif rəhbərri Elmira Nəcəfova və Valeh Cəbrayılov tərəfindən onların öz xətləri ilə fənn müəllimlərinin əvəzinə jurnalda qiymətləndirmişlər. Bundan başqa 2017-ci ildən məktəbdən oğurlanmış 70 min manatlıq əmlakı mühasibatlıqla əlbir şəkildə qanunsuz olaraq balansdan silmişdir. Direktorun və digərlərinin qanuna zidd əməlləri barəsində etdiyi şikayət əsasında hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılır. 2006-cı ildən umumtəhsil məktəblərinin direktor və direktor müavinləri Bakı şəhər Təhsil İdarəsinin nomenklaturasındadır və onlarla əmək müqaviləsi işəgötürən qismində BŞTİ ilə bağlanmışdır. Direktor və direktor müavinlərinin peşə fəaliyyətinə əmək funksiyalarını yerinə yetirmələrinə nəzarəti BŞTİ həyata keçirir. Onun bütün qanun və maliyyə pozuntuları ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etdiyini bilən Afaq Əliyeva əlaltıları ilə birlikdə öz aləmlərində onu cəzalandırmaq üçün səlahiyyət hədlərini aşaraq onun peşə fəaliyyətini yoxlamaq üçün komissiya yaratmışlar. X16 bu qondarma və səlahiyyət həddini aşan komissiyanın sədri olmuşdur. 14 sentyabr 2023-cü ildə keçirilən və bütün məktəb kollektivinin iştirak etdiyi pedaqoji şurada İlahə öz çıxışında bildirmişdir ki, komissiyaları bu rəyə gəlmiş ki, Hüseynova Svetlana direktor müavini kimi 2022-2023 tədris ilində yarıtmaz işləmişdir. Halbuki Təhsil Qanununa və X12 Qaydalarının tələblərinə görə müəllim rəhbər işçilərin işini müzakirə edərək qiymətləndirə bilməz. Bu səlahiyyət ancaq işəgötürən kimi BŞTİ-nə və Təhsil Nazirliyinə aiddir. Bu qanunsuzluqdan başqa pedaqoji şuranın iclasında əlavə olaraq bildirmişdir ki, keçən il 11-ci sinifdə oxuyan qızının dərsə gəlməməsinə şərait yaratmaq üçün ona 200 manat rüşvət vermişdir. İlahə Mehdiyeva kütləvi çıxışda yalan olduğunu bilə-bilə ona böhtan ataraq rüşvətxor adlandıraraq ağır cinayətdə ittiham etmişdir. İşin faktiki hallarından göründüyü kimi savadı və səlahiyyəti çatmadığı halda İlahə Mehdiyevanın kütləvi çıxışda bilərəkdən onun iş fəaliyyətinə ləkə yaxmaqla və rüşvət almaqla böhtan atması vəzifə və ictimai nüfuzuna böyük zərbə vurmuş, şərəf və ləyaqətini təhqir etmişdir. İlahə Mehdiyeva bu hərəkətləri ilə Cinayət Məcəlləsinin 147-ci maddəsində göstərilən cinayət əməllərini törətmişdir. Cinayət Məcəlləsinin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmaya görə, o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışda, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirilərək internet informasiya ehtiyatında yayılmış olsun. Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarına əsasən şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə qarşı yönəlmişdir. Mühümü odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və belə hərəkətləri etməyi arzu edir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və onu nüfuzdan salan məlumatların, azı iki kənar şəxsin görə, eşidə və qavraya biləcəyi fotmada ifadə etmə başa düşülür. Ali Məhkəmə Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında“ 14 may 1999-cu il tarixli, 7 saylı qərarına əsasən yaymaq dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə və ya qeyri şəxslər dairəsinə bildirmə başa düşülür. Cinayət Məcəlləsinin 25-ci maddəsinə əsasən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Pedaqoji şuradan bir neçə gün əvvəlcədən onun xəbəri və iştirakı olmadan iş fəaliyyətini qanunsuz və qərəzçiliklə yoxlaması, sonradan 100 nəfərdən artıq müəllim heyətinin iştirak etdiyi iclasda ünvanına böhtan və təhqirlərin səsləndirməsi, bu cinayət əməlini qəsdlə, arzu edilməklə etdiyinin sübutudur. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən CM-nin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə zərərçəkmiş şəxsin şikayəti üzrə cinayət təqibi növü kimi Xüsusi İttiham Qaydası müəyyən edilmişdir. CPM-nin 302.1 və 302.1.3-cü maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmalıdır. 239.3.1-ci maddəsi üzrə X3, xx.xx.1963 doğumlu, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə 23Ə2-də yaşayan, Səbail rayonu, Y.Mürsəlov ö/t ev 26-da qeydiyyatda olan, 293.3.2-ci maddəsi üzrə təqsirləndirilən şəxs İlahə Mehdiyevanın CMnin 147-ci maddəsində nəzərdə tutulan böhtan və təhqir xarakterli məlumatları Keşlə qəsəbəsi 201 saylı məktəbdə xx.xx.2023-cü il tarixində keçirilən Pedaqoji şuranın iclasında, kütləvi çıxış şəklində ifadə etməklə cinayət əməlini törətməsi, 293.3.3-ci maddəsi üzrə cinayət əməli, 201 saylı məktəbin müəllimi X13 tərəfindən törədilmişdir, cinayət əməlini sübutu səs yazısı və iki şahidin ifadəsidir. 293.3.4-ci maddəsi üzrə şikayətdə göstərilən cinayətin törədilməsinin şahidləri: müəllimə X14, müəllimə X10, 293.3.5-ci maddəsi üzrə cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, 293.3.6-ci maddəsi üzrə şikayət 21 sentyabr 2023-cü ildə verilir. 293.3.7-ci maddəsi üzrə şikayət edən şəxsin imzası: Təqsirləndirilən şəxsin kütləvi çıxış zamanı etdiyi cinayət əməli və şikayəti CPM-nin tələblərinə uyğun tərtib edildiyinə görə məhkəmə tərəfindən icraata götürülməsinə əsas vardır. CPM-nin 45.4-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi andan açılır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. CPM-nin 74.1, 298, 344- 349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək, cinayət məsuliyyətinə cəlb edilməklə 1500 manat məbləğində cərimə olunması və azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatət təqdim edərək, X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1 və 302.1.3-cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığlndan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. CPM-nin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1-ci maddə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-ci maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-ci maddə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddə cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-ci maddə şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7-ci maddə şikayəti vermiş şəxsin imzası. Hazırkı iş üzrə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərtib etdiyi şikayət ərizəsində X7, barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs kimi göstərməli olduğu halda, onu təqsirləndirilən şəxs kimi göstərərək İlahə Mehdiyevanın qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan əlavə, o, özünü xüsusi ittiham qaydasında şikayət edən şəxs kimi göstərməli olduğu halda, zərərçəkmiş şəxs qismində göstərmişdir. Göstərilənlərə əsasən X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X5 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə vətəndaş X1 şikayəti Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələblərinə riayət olunmadan verilmişdir. Ona görə də, şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 299-cu maddəsində məhkəmənin hazırlıq iclasının keçirilməsinin məqsədi və hazırlıq iclasında baxılmalı məsələlər nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Şikayət ərizəsində Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Şikayət ərizəsində şikayətçi Svetlana Hüseynova məktəbin müəllimələri X14 və X6 şahid kimi qeyd etsə də onların yaşayış yerlərini, başqa sözlə ünvanlarını yazmamışdır. Hüquqlarını müdafiə etdiyi İlahə Mehdiyevanın hərəkətlərində iddia olunduğu kimi Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin tərkib əlamətləri yoxdur. İşin materialları ilə tanış olmuş, qeyd etdiklərindən başqa, digər çatışmazlıqlar da vardır. Hazırda onları da sadalamaq istəmir. Yuxarıda qeyd etdiyi həmin hallar şikayətin icraata qəbul edilməsindən imtina üçün kifayət edir. Beləliklə yuxarıda qeyd edilən əsaslara və səbəblərə görə hüquqlarını müdafiə etdiyi X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə vətəndaş X1 xüsusi ittiham qaydasında şikayətini Azərbaycan Respublikası CPM-nin 293.3.3, 293.3.4, 302.1.3, 302.1.6 və 302.1.7-ci maddələrinin tələblərinə əməl edilmədən verildiyindən məhkəmə baxışı keçirilmədən icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə baxışı keçirilmədən icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qeyd olunanlara əsasən, şikayətin məzmunu CPM-nin 293.3-cü maddəsinin tələblərinə uyğun olmadığına görə məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 36 (otuz altı) manat (6x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmədə 6 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 36 (otuz altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar