Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-58/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1979-cu il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, ev 19A-da qeydiyyatda olan, Lənkəran Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 03 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 29 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,366 qram narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,940 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 13 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan qara rəngli pul kisəsinin içərisində olan 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,204 qram, 0,053 qram, 0,020 qram, 0,054 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,366 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,764 qram, 0,077 qram, 0,075 qram, 0,024 qram, ümumi təmiz çəkisi 0,940 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə iki dəfə məhkum olunmuşdur, Lənkəran rayonunda qeydiyyatda olsa da, cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində ünvansız evlərdə günlük kirayədə yaşamışdır. O, 23 ildir ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitələri sosial şəbəkədə özünü “Yusif” kimi təqdim edən şəxsin kart hesabına pul köçürərək onun dediyi yerlərdən götürüb istifadə etmişdir. Sonuncu dəfə 13 iyul 2022-ci il tarixdə saat təxminən 12 radələrində həmin “Yusif” adlı şəxslə əlaqə saxlamış və onun hesabına 100 manat pul köçürmüş, onun sözündən sonra C.Naxçıvanski küçəsində dediyi yerdə bir bükümdə narkotik vasitə heroini götürüb özü istifadə etmək məqsədilə əlində olan qara rəngli çantanın içərisinə qoymuş və saxlamışdır. Həmin gün saat 17:30 radələrində C.Naxçıvanski küçəsi, 67 ünvanının qarşısı ilə narkotik vasitədən istifadə etmək məqsədilə şpris və duz almağa gedərkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrdən istifadə etməsindən şübhələndiklərini bildirib onlarla birlikdə 24-cü polis şöbəsinə getməsini təklif etmişlər. Polis şöbəsində üzərində axtarış zamanı həmin bir büküm narkotik vasitəni çıxarıb təqdim etmiş, sorğu zamanı heroini hansı qaydada əldə etdiyini izah etmişdir. Onun üzərində metamfetamin və 09 ədəd bükümdə narkotik vasitə olmamış, polislər tərəfindən ona təzyiq göstərilmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmadığına görə verilmiş ittihamla razılaşmır, hesab edir narkotik vasitənin istifadəçisi kimi məsuliyyətə cəlb edilməlidir, bu əməlinə görə peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 67 ünvanında yerləşən binanın yaxınlığına mütəmadi olaraq gəlib-gedən “İlkin” adlı şəxsin narkotik vasitələrin istifadəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 13 iyul 2022-ci ildə saat 17:30 radələrində 24-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə, birlikdə keçirdikləri əməliyyat zamanı həmin ünvanda “İlkin” adlı şəxs şübhəli şəxs kimi saxlayaraq 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində şəxsiyyəti müəyyən edilərkən həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin, qanunla döriyyəsi qadağan edilmiş maddələrin olmasına kifayət qədər əsaslar olduğundan inzibati otaqların birində videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, şəxsi axtarış aparılması barədə qərarla tanış edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki paltarında, əşyalarında və ya bədənində narkotik vasitələr və qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu halda könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki qara rəngli pul kisəsindən 09 ədəd bükümü, əlavə olaraq isə özünə məxsus şəxsiyyət vəsiqəsini, ”Xiomi” markalı mobil telefonu, 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq əskinasları çıxararaq təqdim etmişdir. X1 təqdim etdiyi bükümlərə baxış keçirilərkən 02 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə tünd qəhvəyi rəngdə spesifik iyə malik olan maddə, 07 ədəd şəffaf bükümlərdə isə ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdə aşkar edilmiş maddələrin “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu, 23 ildir narkotik vasitələrdən istifadə etdiyini, üstündə aşkar edilmiş həmin maddələri sosial şəbəkədə tanış olduğu “Yusif” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış zamanı qanunla qadağan edilmiş digər maddə və ya əşya aşkar edilməmişdir. Həmin şəxsdən akar olunmuş pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, içərisində narkotik vasitəyə oxşar maddələr olan 09 ədəd büküm ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra axtarış və götürmə barədə protokol tərtib edilmiş, axtarışda iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Əməliyyat tədbiri zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid2lə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 13 iyul 2022-ci il və 28 iyul 2022-ci il tarixli protokollardan görünür ki, Nizami RPİnun 24-cü PŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ona üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki qara rəngli pul kisəsindən 09 ədəd bükümü çıxararaq təqdim etmişdir. Daha sonra o, özünə məxsus şəxsiyyət vəsiqəsini, ”Xiomi” markalı mobil telefonu, 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq əskinasları təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirərkən 02 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə tünd qəhvəyi rəngdə spesifik iyə malik olan maddə, 07 ədəd şəffaf bükümlərdə isə ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlələr aşkar edilmişir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdə aşkar edilmiş maddələrin “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu, 23 ildir narkotik vasitələrdən istifadə etdiyini, üstündə aşkar edilmiş həmin maddələri sosial şəbəkədə tanış olduğu “Yusif” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış zamanı qanunla qadağan edilmiş heç bir maddə və əşya aşkar edilməmiş, onun üzərində aşkar edilmiş içərisində narkotik vasitəyə oxşar maddələr olan 09 ədəd büküm zərfə qoyulmaqla möhürlənmiş, axtarış və götürmə barədə protokol tərtib edilmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd diskə 28 iyul 2022-ci il traixdə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 32-33, 86) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2022-ci il tarixli 6/3798 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 9 büküm” bir ədəd kağız zərfdəki 03 ədəd şəffaf rəngli polietilen bükümlərdə təmiz çəkiləri 0,204 qram, 0,053 qram, 0,20 qram və 02 ədəd gümüşü rəngli kağız bükümlərdə təmiz çəkiləri 0,054 qram, 0,035 qram, ümumi təmiz çəkiləri 0,366 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 ədəd şəffaf rəngli polietilen bükümlərdə təmiz çəkiləri 0,764 qram, 0,077 qram, 0,075 qram, 0,024 qram, ümumi təmiz çəkisi 0,940 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ), metamfetamin həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına (Siyahı İ) daxildirlər. Qeyd: heroinlərin ümumi təmiz çəkisi 0,366 qram (0,204 qram, 0,053 qram, 0,020 qram, 0,054 qram, 0,035 qram) olmuş, tədqiqata 0,09 qram (hər birindən 0,02 qram və birindən 0,01 qram) sərf olunmuş, 0,276 qram qalıq (qalıqlar 0,184 qram, 0,033 qram, 0,01 qram, 0,034 qram, 0,015 qram) qalımışdır; metamfetaminlərin ümumi təmiz çəkisi 0,940 qram (0,764 qram, 0,077 qram, 0,075 qram, 0,024 qram) olmuş, tədqiqata 0,1 qram (hər birindən 0,03 qram və birindən 0,01 qram) sərf olunmuş, 0,840 qram qalıq (qalıqlar 0,734 qram, 0,047 qram, 0,45 qram, 0,014 qram) qalımışdır. (i.v. 40-43) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 25 avqust 2022-ci il tarixli 4746 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 95-96) - 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “İlkin” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 13 iyul 2022-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 99) - 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,366 qram narkotik vasitə heroin, 0,940 qram psixotrop maddə metamfetamin və üzərində axtarış aparılmasını özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,276 qram qalan heroin, 0,840 qram qalan metamfetamin Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi mənbə barədə material ayrılaraq Nizami RPİ-nə göndərilmişdir. (i.v. 111-115) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əvvəlcədən çəkilib xırda bağlamalar halında saxlanılan ayrı-ayrı növlərdə, 09 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Qeyd olunan bütün bu faktiki hallar belə qənaətə gəlməyə tam əsas verir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz qanunsuz olaraq satış məqsədilə, qanunsuz olaraq əldə edərək ayrı-ayrı bükümlərdə üzərində saxlamışdır. Müdafiə tərəfinin eyni Plenum Qərarına istinad edərək əldə olunmuş narkotik vasitənin miqdarının çox olması və onun bükümlərdə olması digər sübutlarla təsdiq olunduqda həmin şəxsə satışa görə ittiham verilə bilməsi, hazırkı halda isə təqsirləndirilən şəxsin narkotik vasitəni satmasını təsdiq edən hər hansı sübut əldə olunmadığı barədə irəli sürdüyü dəlillə razılaşmayaraq, məhkəmə nəzərə çatdırır ki, təqsirləndirilən şəxsə narkotik vasitənin qanunsuz olaraq satışını həyata keçirməsi ilə bağlı deyil, məhz qanunsuz olaraq satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlamağa və daşımağa görə ittiham verilmişdir, hansı ki, təkrar olaraq xatırladılmalıdır ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış zamanı əvvəlcədən çəkilib xırda bağlamalar halında saxlanılan ayrı-ayrı növlərdə, 09 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür ki, bu hallar, ittihamın qanuni və əsaslı olmasını təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələrin bükümlərinin sayının 09 ədəd deyil, 01 ədəd olması və 24-cü polis şöbəsində ona təzyiq göstərilməsi barədə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərlə, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin ümumi sayı 09 ədəd olmuşdur, ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi ifdasindən fərqli olaraq məhkəmə iclasında bükümün sayının 01 ədəd olmasını göstərməsinin səbəbini təqsirləndirilən şəxs izah edə bilməmişdir, eyni zamanda iş üzrə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 05 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,204 qram, 0,053 qram, 0,020 qram, 0,054 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,366 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,764 qram, 0,077 qram, 0,075 qram, 0,024 qram, ümumi təmiz çəkisi 0,940 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs ona təzyiqin məhz kim tərəfindən göstərilməsi barədə hər hansı məlumat verməmiş, məhkəmə iclasında da belə hal müəyyən edilməmişdir. O cümlədən nəzərə alınmalıdır ki, tutulduğu andan Təqsirləndirilən şəxs vəkillə təmsil olunmuşdur, istər özü fərdi qaydada, istərsə də müdafiəçisi vasitəsi ilə qeyd olunan məsələnin araşdırılaraq hüquqi qiymət verilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət və ya məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 75-78) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 132-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 330 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən azad edilmiş; Lənkəran Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 03 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. (i.v. 80-82, 89-90) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin 05 noyabr 2022-ci il tarixli xx/xx-3023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzadan 29 dekabr 2021-ci il tarixdə cəzanın sonu ilə azad olunduqdan sonra məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətlərin residivinin müəyyən edilməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamin məhv edilməli, maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,276 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,840 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 92 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-58/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-58/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver