Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-58/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1962-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Kürdəmir şəhəri, E.Mikayılov küçəsi ev 17-də qeydiyyatda olan, hazırkı iş üzrə 21 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 avqust 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 03 noyabr 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, törətdiyi digər cinayət əməlinə görə 07 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,746 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 avqust 2023-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİnin 23-cü polis bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq yaşıl rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə 0,746 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik maddədən asılılığı olduğuna görə həmin maddələri qəbul etmişdir. 21 avqust 2023-cü il tarixdə təxminən saat 15:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində olan zaman polis əməkdaşları onu saxlamışlar. O, özünü şübhəli apardığına görə polis əməkdaşları onu Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsindəki otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan açıq yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı etiraf etmişdir ki, həmin bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə vardır, narkotik vasitəni Bakı şəhəri Nəsimi rayonu ərazisində “Çıqanlar” kimi tanıdığı şəxsdən 21 avqust 2023-cü il tarixdə 15 manata almış və sonradan münasib yerdə istifadə etməsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən bundan başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra həmin narkotik vasitə onların iştirakları ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, saxlanılarkən və polis bölməsində olduğu müddətdə ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir, o, narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmiş, onun satışı ilə məşğul olmamışdır. Əməlindən səmimi peşman olduğunu və yaşını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. 21 avqust 2023-cü il tarixdə saat 15:30-da o, 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsin anket məlumatları barədə şifahi sorğu-sual etdikdə həmin şəxsin narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması şübhə yaratdığı üçün onu 23-cü PB-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməyib onlarla birlikdə 23-cü polis bölməsinə yollanmışdır. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis bölməsinin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu barədə qərarla tanış edildikdən sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan açıq yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində üzdən tanıdığı, “Çiqanlar” kimi tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat pulun müqabilində aldığını və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilən bir ədəd büküm tərkibinin müəyyən edilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi məqsədi ilə 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri və tərtib olunmuş protokol şübhəli şəxs Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir, həmin şəxs əməlini səmimi etiraf etməklə narkotik vasitəni hansı qaydada əldə etdiyini və sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Bununla yanaşı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid3 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 21 avqust 2023-cü il tarixli protokollardan görünür ki, 21 avqust 2023-cü il tarixdə saat 15:30-da Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 23-cü PB-nin inzibati binasına gətirilmişdir. Xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan açıq yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində üzdən tanıdığı, “Çiqanlar” kimi tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat pulun müqabilində aldığını və istifadə etməsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilən bir ədəd büküm tərkibinin müəyyən edilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi məqsədi ilə 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş, zərfin üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə 21 avqust 2023-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 24-25, 48) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2023-cü il tarixli 3-16- 16/2-6/4469 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 163” möhür əksi, “Təqsirləndirilən şəxs “imza” ” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,746 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,746 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,696 qram qalıq qalmışdır. (i.v. 32-35) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 22 avqust 2023-cü il tarixli 5388 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiolidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2066-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 72-73) - 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,746 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,696 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 96- 102) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 15) - 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 67-68) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 22 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 69) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 1(007)- 614/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 20 noyabr 2023-cü il tarixli 1/2- 14563/23 nömrəli məktubundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 noyabr 2023cü il tarixli 4(011)-702/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİnin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə 07 noyabr 2023-cü il tarixdə tutulmuş, 09 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, Bakı istintaq təcridxanasında saxlanılır. -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yoxlama ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır, yekun məhkəmə aktı çıxarılmamışdır. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 14 avqust 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 iyun 1996-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 22 may 1996-cı il tarixli Amnistiya Qərarının 1-ci maddəsinin 7-ci bəndinə əsasən azad edilmiş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəmənin 20 noyabr 2003-ü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 326.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 iyun 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İxtisaslaşdırılmış müalicə müəssisəsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi ilə razılaşdırılmış 12 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilməsi, Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicənin ləğvindən sonra həyata keçirilməsi qərara alınmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmiş, 04 dekabr 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. (i.v. 76-78, 80-84) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə məhkumluğu ödənilmişdir, sonuncu, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmünə münasibətdə, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad olunan hökmlə az ağır cinayət hesab olunan əmələ görə azadlıqdan məhrum etmə növündə çəkdiyi cəzadan 04 dekabr 2021-ci il tarixdə Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azad edildiyindən o, məhkumluğu olmayan şəxs hesab olunur, əməlində cinayətlərin residivi yaranmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuş, 22 avqust 2023-cü il tarixdə saat 10:15-dən saat 10:50-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılması məqsədi ilə vəsatət tərtib olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmuş, prokuror tərəfindən vəsatətin müdafiə olunmasından imtina edildikdən sonra müstəntiq onun barəsində digər növdə qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etmədiyindən, onun tutulma müddəti 01 gün hesablanmalıdır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Baxmayaraq ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmişdir, o, həmin qərarın icrası ilə bağlı deyil, törətdiyi digər cinayət əməli üzrə 07 noyabr 2023-cü il tarixdən tutulmaqla həbsdədir, o halda həmin müddət cari iş üzrə təyin edilən cəza müddətinə daxil edilə bilməz, ona görə təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 21 avqust 2023-cü il tarixdən 22 avqust 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,696 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 32 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 192 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-58/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-58/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver