Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-584/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-mülki cavabdeh: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi3 və Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 2001-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazıqumlaq ərazi dairəsi, Qazıqumlaq kəndində pasport qeydiyyatında olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi tikilidə yaşamış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayətini törətməklə, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə, saat 12 radələrində ictimai yer sayılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Koroğlu” stansiyasının keçidində Zərərçəkmiş şəxs1 ilə sonuncunun ona baxmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan onu və yanında olan qardaşı Zərərçəkmiş şəxs2 ucadan nalayiq sözlərlə təhqir edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib zor tətbiq edərək qəsdən xuliqanlıq niyyəti ilə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs2 bədən nahiyəsindən vurub yerə yıxaraq ona sol bazu oynağının kapsul-bağ aparatının cırılması ilə müşayiət olunan çıxığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etdikdən sonra cinayətkar niyyətini davam etdirərək həmin keçidlə hərəkətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşısını kəsməklə üzərində olan təyinatı istintaqa məlum olmayan silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə qəsdən xuliqanlıq niyyəti ilə iki dəfə vuraraq ona orta sinirin, ikibaşlı əzələnin, mil və dirsək bükücü əzələlərin, ovucun uzun əzələsinin zədələnməsi ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin kəsilmiş yarası, sol budun deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 26 aprel 2023-cü il tarixdə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində olarkən Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən avtomobillərin yuyulması məntəqəsində işə qəbul edilməsi ilə əlaqədar həmin iş yerinə baxmaq məqsədilə 81 nömrəli marşrut avtobusu vasitəsilə “Neftçilər” stansiyasına, oradan isə qatarla “Koroğlu” metrosuna getmiş, stansiyadan çıxmaq üçün metronun yeraltı piyada keçidinə daxil olmuşdur. Həmin piyada keçidində olan zaman əvvəllər tanımadığı iki nəfər şəxs ona əks istiqamətdə iri addımlarla hərəkət etmiş, həmin iki nəfər şəxsin iri addımlarla hərəkətləri onun diqqətini cəlb etmiş və onlara baxmış, bu zaman Zərərçəkmiş şəxs1 ona, “nə baxırsan ə” deyərək çiyinində olan idman çantasını çıxardaraq üstünə hücum etməklə bir dəfə baş nahiyyəsindən yumruqla vurmuş, kənarda olan tanımadığı şəxslər onları aralamışdır. O, bu mübahisədən sonra piyada keçidinin çıxışına tərəf hərəkət edərkən onun mobil nömrəsinə zəng gəlmiş, ona avtomobillərin yuyulması məntəqəsinin müdiri orda olmadığı üçün hazırda işə qəbul edilməsinin mümkünsüzlüyü barədə məlumat verilmişdir. O da bu xəbərdən sonra Qaraçuxur qəsəbəsinə qayıtmaq qərarına gəlmiş, piyada keçidində gəldiyi istiqamətin əksi tərəfinə hərəkətə başlamış, yenidən Zərərçəkmiş şəxs1 və onun qardaşı ilə qarşılaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 və qardaşı onun qolundan tutaraq kənara çəkməyə başlamış, onlara sakit olmaqlarını, aralarında olan anlaşılmazlığı keçiddən çıxandan sonra həll etməyi bildirmiş, lakin Zərərçəkmiş şəxs1 və qardaşı onun sözünə məhəl qoymayaraq hər ikisi onu vurmağa başlamış, o da qarşılığında yumruqla onıları vurmuş, lakin onun əlində bıçaq olmamış, barmağında iti ucu olan “canavarabənzər” şəkilli üzük olmuş, həmin şəxsləri yalnız yumruqla vurmuşdur. Halhazırda törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onların heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini və mülki iddianın isə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 26 aprel 2023-cü il tarixdə, saat 11 radələrində qardaşı ilə birlikdə özü Magistr hazırlıq kursuna, qardaşı Ramal isə metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən Bakı Biznes Universitetinə getmək üçün yaşadıqları evdən çıxmışlar. Onlar birlikdə metronun “Koroğlu” stansiyasına gəlmiş, həmin stansiyanın piyada keçidində metronun girişi istiqamətində piyada hərəkət edərkən həmin vaxt onlarla qarşı tərəfdən hərəkət edən iki nəfərdən biri ona tanış gəlmiş, bu zaman ani bir baxış olmuş, o, həmin şəxsi tanımadığı üçün üzünü çevirmiş, lakin 1-2 metr aralaşdıqdan sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs söyüş söyməyə başlamış, o geriyə baxmış, əvvəlcə məsələni tam başa düşə bilməmiş, daha sonra Vüsalın həmin nalayiq ifadələrlə onları söydüyünü anlamış, bu səbəbdən özü və qardaşı onun üzərinə getmiş, Vüsalın yanına çatdıqda isə o, yumruqla onu üz nahiyəsindən vurmuşdur. Bu zaman keçiddə olan tanımadığı şəxslər onları ayırmış, bir nəfər tanımadığı qadın onun qoluna girərək onu metronun giriş qapısına kimi aparmış, bu zaman Vüsalın qardaşının üzərinə hücum çəkdiyini görmüş, geri qayıdaraq qardaşı Ramalın yanına getmiş, baxdıqda qardaşının çiynini tutub dayandığını görmüş və Ramal sol çiyninin bərk ağrıdığını bildirmiş, o, qardaşına yaşadığı evə qayıtmağı təklif etmiş, çünki özünün də paltarları pis vəziyyətdə olmuş, keçidin çıxış istiqamətində hərəkət edən zaman Təqsirləndirilən şəxs uca səslə kiminləsə telefonla danışdığını, telefondakı şəxsə 20 nəfər adam göndərmələrini, keçiddə iki nəfər şəxsin döyülməli olduğunu demiş, o, Vüsala yaxınlaşaraq məsələni aydınlaşdırmaq istəmiş, bu zaman yüngülcə Vüsalı itələmiş, qardaşı Vüsalın söyüşlərinə və təhqirlərinə dözməyərək mübahisə etmək istəmiş, lakin o, araya girərək qardaşını aralamış, bu zaman əlindən qan axdığını, yaralandığını, Vüsalın isə qaçdığını görmüşdür. O, xəsarət yetiriləndə Vüsalın əlində bıçaq görməmiş, sonradan Vüsal qaçanda uzaqdan əlində bıçaq olduğunu görmüş, həmçinin sonradan metrostansiyada olan polis əməkdaşları da ona Vüsalın əlində olan bıçağı atdığını demişlər. Hadisə zamanı ətrafda tanımadığı şəxslər olmuş, onları həmin şəxslər ayırmışlar. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə, saat 11 radələrində qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə qardaşı Magistr hazırlıq kursuna, o isə Bakı Biznes Universitetinə getmək məqsədilə yaşadıqları evdən çıxaraq metronun “Koroğlu” stansiyasına gəlmiş, həmin stansiyanın piyada keçidində metronun girişi istiqamətində piyada hərəkətdə olan zaman qarşı tərəfdən hərəkət edən iki nəfərdən biri qardaşı Zərərçəkmiş şəxs1 tanış gəlmiş, ona görə qardaşı onlara tərəf baxaraq haradan tanıdığını xatırlamağa çalışmış, lakin tanımayaraq üzünü çevirmişdir. Bu anda Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, Vüsal onları söymüş, o, qardaşı ilə birlikdə Təqsirləndirilən şəxs üzərinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun qardaşı Raufu yumruqla vurmuş, bu zaman o araya girərək onları aralamağa çalışmış, sonra Təqsirləndirilən şəxs onunla əlbəyaxa olaraq onu yerə yıxdığı zaman keçiddə olan tanımadığı sərnişinlər onları ayırmışlar. Raufu isə bir nəfər qadın qoluna girərək metronun çıxışına tərəf aparmışdır. Qardaşı Zərərçəkmiş şəxs1 onun yanına gəldikdə o, qardaşı Raufa sol çiyninin bərk ağrıdığını bildirmiş, Rauf da evə qayıtmağı təklif etmişdir. Onlar keçidlə çıxış istiqamətində hərəkət edən zaman Təqsirləndirilən şəxs uca səslə kiminləsə telefonla danışdığını, telefonda yanına 20 nəfər adam göndərmələrini və keçiddə iki nəfər şəxsin döyülməli olduğunu eşitmiş, bu zaman onlar məsələni aydənlaşdırmaq üçün Vüsalın üzərinə getmiş, Vüsal keçiddə yenidən üzərlərinə hücum etmiş və onlarla yenidən əlbəyaxa olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs belindən bıçaq çıxararaq qardaşı Zərərçəkmiş şəxs1 sağ qoluna və sol buduna bir dəfə bıçaq zərbəsi vuraraq qaçmağa başlamışdır. Vüsal bıçaqla qardaşına zərbə vurarkən o, özü bunu görmüş, hətta Vüsalın əyilərək Raufun ayağından vurduğunu görmüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurub, yerə yıxıb sol qolundan xəsarət yetirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənildiyini, onunla barışdıqlarını və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X3 xx.xx.2023-cü il tarixli, 194 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət - sol bazu onyağının kapsul-bağ aparatının cırılması ilə müşayiət olunan çıxığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X3 xx.xx.2023-cü il tarixli, 05 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - orta sinirin, ikibaşlı əzələnin, mil və dirsək bükücü əzələlərin, ovucun uzun əzələsinin zədələnməsi ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin kəsilmiş yarası, iti kənarlı əşyanın (alətin) təsirindən, sol budun deşilmiş kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən orta sinirin, ikibaşlı əzələnin, mil və dirsək bükücü əzələlərin, ovucun uzun əzələsinin zədələnməsi ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, sol budun deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni orta sinirin, ikibaşlı əzələnin, mil və dirsək bükücii əzələlərin, ovucıın uzun əzələsinin zədələnməsi ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin kəsilmiş yarası bıçağın tiyəsinin kəsərinin təsirindən, sol budun deşilmiş-kəsilmiş yarası bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənə bilərdilər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaralar cərrahi müdaxilə zamanı işləndiyindən, tibbi sənədlərdə yaralar ətraflı təsvir olunmadığından, eləcə də, yara kanallarının dərinliyi, istiqaməti haqqında tibbi sənədlərdə heç bir qeydiyyat aparılmadığından həmin yaraların eyni bıçağın və ya müxtəlif bıçaqların təsirindən yetirilib-yetirilməməsi haqqında konkret fikir söyləmək mümkün olmadı. Bu məsələnin həlli üçün Zərərçəkmiş şəxs1 hadisə anında əynində olan paltarların xüsusi tibbi-kriminalistik müayinəsinin aparılması məqsədəuyğundur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması barədə” Protokoldan görünür ki, "Bakı Metropoliteni” QSC-nin ‘"Koroğlu” metrostansiyasının girişində Təqsirləndirilən şəxs hadisənin necə baş verməsinin və hansı saatda baş verməsinin izah edilməsi təklifi olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs "xxxx" QSC-nin “Koroğlu” stansiyasının piyada keçidini göstərərək bildirmişdir ki, 26 aprel 2023-cü il tarixdə, saat 12 radələrində onunla qarşı tərəfdən hərəkət edən şəxsə baxması səbəbindən sonradan tanıdığı Zərərçəkmiş şəxs1 çiynində olan idman çantasını yerə qoymaqla ona hücum etmiş, bir dəfə baş nahiyyəsindən yumruqla vurmuşdur. Ətrafda olan şəxslərin onları ayırmasından sonra o, yoluna davam etsə də, yeraltı keçiddə yolunu itirib yenidən Zərərçəkmiş şəxs1 və onun qardaşı ilə qarşılaşmış, onlar arasında yenidən mübahisə yaranmış, mübahisə zamanı həmin şəxslər onu təhqir edib onu vurmağa başladıqda, o, üzərində gəzdirdiyi bıçağı çıxarıb havada oynatmağa başlamış və başını aşağı salıb qaldırdıqda Zərərçəkmiş şəxs1 qolundan axdığını görmüşdür. Bundan sonra isə qaçıb hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və hər iki üzləşdirmə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq olmasını, bıçağı çıxarmaqda məqsədinin zərərçəkmiş şəxsləri qorxutmaq olması, bıçağı havada oynatmasını, həmçinin Zərərçəkmiş şəxs1 qolundan qan axdığını görməsini bildirmişdir. İş materiallarında olan hadisə yerinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən Təqsirləndirilən şəxs metroda insanların hərəkət etdiyi yerdə, zərərçəkmiş şəxslərlə əlbəyaxa dalaşaraq əlində olan və görüntü zamanı tam aydın görünməyən əşya ilə zərərçəkmiş şəxsin bud nahiyyəsinə, daha sonra isə çiyin nahiyyəsinə vurması və qaçaraq hadisə yerindən uzaqlaşması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək öz müdafiəsi üçün dəlil gətirərək bildirmişdir ki, onun əlində bıçaq olmamış, barmağında iti ucu olan “canavarabənzər” şəkilli üzük olmuş, zərəçəkmiş şəxsləri yalnız yumruqla vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.2 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 8İ-15312 nömrəli ərizdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 8İ-15311 nömrəli ərizdən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-321/2023 nömrəli qərarı ilə “həbs” qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 10286,30 manat məbləğində pulun alınaraq onların xeyrinə ödənilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vəkili Müdafiəçi2 xx.xx.2023-cü il tarixdə məhkəmə ərizə təqdim edərək zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zaman təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iddia ərizəsinin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, bu halda zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. CPM-nin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddia üzrə çıxarılan qərarlardan biri də iddianın baxılmamış saxlanması barədədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisəni özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 26 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisəni özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 20 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilmək üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-584/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-584/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver