Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-586/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 75, mənzil 37-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, 23 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyun 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 12 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,342 qram təşkil edən psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 23 iyun 2023-cü il tarixdə saat 19:20 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİnin 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,342 qram təşkil edən ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,732 qram narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 12 iyul 2023-cü tarixdə saat 17:15 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, 01 ədəd bükümdə təmiz çəkisi 0,732 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə Nizami rayonu ərazisində parkın işində onu digər polis əməkdaşları saxlamışlar, o, həmin gün polis əməkdaşı Şahid4 tərəfindən saxlanılmamışdır. Polis şöbəsində üzərində narkotik vasitə aşkar olunmamışdır. Buna baxmayaraq, ona təzyiq göstərdiklərinə görə üzərinə qoyulmuş metamfetaminin özünə məxsus olduğunu demişdir. Bundan başqa, 12 iyul 2023-cü il tarixdə saxlanılarkən üzərində narkotik vasitə olmamışdır, 24-cü polis şöbəsində onu 3-4 saat döymüş, videoçəkiliş aparılarkən çıxarıb təqdim etməsi üçün üzərinə narkotik vasitə qoymuş, bildirmişlər ki, bunu etməsə, narkotik vasitələrin satışı ilə məşğul olması kimi sənədləşdirmə aparacaqlar. Ona görə polislərin dediklərini etmiş və həmin qaydada ifadə vermişdir. O, ümumiyyətlə psixotrop maddə olan metamfetamindən istifadə etmir, istifadə edəndə ancaq narkotik vasitədən istifadə edir. Lakin polislər tərəfindən saxlanılanda üzərində heç narkotik vasitə də olmamışdır. Əlavə olaraq göstərmişdir ki, onu döyən polis əməkdaşlarını tanımır, döyülməsi ilə bağlı isə hər hansı orqana şikayət verməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 25 iyun 2023-cü il və 14 iyul 2023-cü il tarixlərdə müdafiəçilərinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində özünü verilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində şəxsi istifadə üçün tanımadığı şəxsdən 20 manat müqabilində “patı” kimi tanıdığı psixotrop maddə almışdır. 23 iyun 2023-cü il tarixdə saat 19 radələrində Nizami rayonu, ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli bilindiyini bildirərək onu 24-cü PŞ-nə dəvət etmişlər. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabma müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı ilə şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək bükümün içərisində “patı” adlanan vasitə olduğunu demişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı büküm polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində “patı” adlanan metamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş vasitə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan həmin metamfetamini haradan əldə etdiyini soruşduqda o “patı” adlandırdığı metamfetamini Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını demişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşı həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan başqa, 12 iyul 2023-cü il tarixdə saat 11 radələrində “Vasmoy” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində bir bükümdə “kakos” adlanan narkotik vasitə heroin almışdır. Həmin “kakos”u əynində olan şalvarının cibinə yerləşdirmişdir. 12 iyul 2023-cü il tarixdə saat 17 radələrində ünvan 6 ünvanın qarşısında dayandığı zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli bilindiyini bildirərək onu 24-cü PŞ-nə dəvət etmişlər. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabma müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı ilə şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd 1 Azərbaycan manatı və bir ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində “kakos” adlanan vasitə olduğunu demişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı büküm polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində “kakos” adlanan heroin aşkar olunmuşdur. Aşkar edilmiş vasitə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan həmin heroini haradan əldə etdiyini soruşduqda o, “kakos” adlandırdığı heroini “Vasmoy” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını demişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, lakin müdafiəçisinin iştirakı ilə verdiyi hər iki ifadənin sonunda həmin ifadələrin onun sözləri ilə düz yazıldığı, əlavəsinin olmadığı barədə cümlələrin özü tərəfindən yazıldığını etiraf etmiş, o cümlədən məhkəmədə son sözlə çıxışında narkotik vasitələrdən istifadə edən şəxs kimi səmimi peşmançılıq hissləri keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə Fərid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin 24-cü polis şöbəsinə məlumat daxil olmuşdur. Buna görə Fərid adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 23 iyun 2023-cü il tarixdə saat 19:20 radələrində o və 24-cü polis şöbəsinin polis sahə inspektoru Şahid6 Fərid adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanın qarşısında dayandığını görüb ona yaxınlaşmış və Fəridə özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Fəridi tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə 24-cü polis şöbəsinə getməsini Fəridə təklif etmişlər. Fərid etiraz etməyərək onlarla polis şöbəsinə getmişdir. Həmin vaxt Fərid adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Bundan sonra həmin şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilərək ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 20:40 radələrində təhqiqatçıya məxsus xidməti otaqda özünə elan edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanı çıxarıb təqdim etmişdir. Baxış zamanı təqdim edilmiş 01 ədəd şəffaf sellofan bağlamanın içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin metamfetamini 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadə üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, yekunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əlavə sualları cavablandırarkən Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəhbərliyi və iştirakı ilə keçirilən əməliyyat tədbiri zamanı saxlanılmışdır, əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini etiraf etmiş, ona qarşı tərəflərindən qanunsuz hərəkətə yol verilməmiş və hər hansı bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektorları Şahid5 və Şahid6, Şahid4la eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə Fərid adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin 24-cü polis şöbəsinə məlumat daxil olmuşdur. Buna görə Fərid adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 12 iyul 2023-cü il tarixdə saat 17:15 radələrində o və 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 Fərid adlı şəxsin ünvan 6 ünvanın qarşısında dayandığını görüb ona yaxınlaşmış və Fəridə özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Fəridi tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə 24-cü polis şöbəsinə getməsini Fəridə təklif etmişlər. Fərid etiraz etməyərək onlarla polis şöbəsinə getmişdir. Həmin vaxt Fərid adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 18:50 radələrində təhqiqatçıya məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış edildikdən sonra ona üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd 1 Azərbaycan manatını və 01 ədəd şəffaf sellofanı çıxarıb təqdim etmişdir. Baxış zamanı təqdim edilmiş 01 ədəd şəffaf sellofan bağlamanın içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin vasitə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini 12 iyul 2023-cü il tarixdə “Vasmoy” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, yekunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əlavə sualları cavablandırarkən Şahid2 göstərmişdir ki, əməliyyat tədbirində onunla birlikdə yalnız əməliyyat müvəkkili Şahid1 iştirak etmişdir, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini etiraf etmiş, ona qarşı da tərəflərindən qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 və həmin polis şöbəsinin təhqiqatçısı Şahid3, Şahid2la eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 12 iyul 2023-cü il və 13 iyul 2023-cü il tarixli protokollardan görünür ki, 12 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı X2 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkəti zamanı sonuncuya narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd 1 Azərbaycan manatını və 01 ədəd şəffaf sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Təqdim olunan bağlamaya baxış zamanı içərisində qəhvəyi rəngli, toz şəklində spesifik iyə malik maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, 3 ildir ki, narkotik vasitələrdən istifadə etdiyiniu, heroini 12 iyul 2023-cü il tarixdə saat 11 radələrində “Vasmoy” ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Aşkar edilmiş həmin vasitə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid3 tərəfindən qeydə alınmış videogörüntüyə 13 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 31-32, 56) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli 3-16-16/2- 6/3794 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,732 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasirə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,732 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,682 qram qalıq qalmışdır. (i.v. 41-43) - 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 69) - 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, cinayət işinin ibtidai istintaqı ********* nömrəsi altında aparılmışdır. (i.v. 67) - 23 iyun 2023-cü il və 24 iyun 2023-cü il tarixli protokollardan görünür ki, 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Abbasov Mir-Ülfət Mirağa oğlu tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkəti zamanı sonuncuya narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan paketə bükülünü çıxarıb təqdim etmişdir. Təqdim olunan bükülüyə baxış zamanı içərisində şəffaf, kristallaşdırılmış maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin “patı”nı 23 iyun 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid5 tərəfindən qeydə alınmış videogörüntüyə 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 99-100, 125) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2023-cü il tarixli 6/3531 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,342 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,342 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 1,242 qram qalıq qalmışdır. (i.v. 111-113) - 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 rəhbərliyi ilə Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 23 iyun 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 205-206) - 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 1,342 qram olan psixotrop maddə metamfetamin və içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 1,242 qram olan psixotrop maddə metamfetamin Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 159) - 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,732 qram olan narkotik vasitə heroin və içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,682 qram olan narkotik vasitə heroin Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 208) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 01 avqust 2023-cü il tarixli 4882 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 227-228) - 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 12 iyul 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 227-228) - 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmişdir. (i.v. 241-249) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin mənbələrinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Baxmayaraq ki, məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirmişdir, məhkəmə Təqsirləndirilən şəxs ifadə verərkən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi məsələsinə qiymət verərək, bunu təqsirləndirilən şəxsin hüququ kimi qəbul edir və bu barədə dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü təqsirli bilmiş və işin faktiki halları ilə bağlı etirafedici ifadələr vermiş, şəxsi axtarış və götürmələr zamanı üzərində aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir, həmin etirafları şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də davam etdirmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır, ona görə təqsirləndirilən şəxsin müdafiəçisinin bununla bağlı məhkəmə çıxışında irəli ürdüyü dəlillərin əsası yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 88) - 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 143-144) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 145) - 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 20) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 12 iyul 2023cü il tarixdən hesablanmışdır. (i.v. 192-194) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 220-221, 230-234) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzadan 28 dekabr 2022-ci il tarixdə cəzanın sonu ilə azad olunduqdan sonra məhkumluğu ödənilmədən 23 iyun 2023-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyindən, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 23 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə şübhəli şəxs qismində tutulduğu 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə və narkotik vasitə məhv olunmalı, maddi sübut olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan müvafiq olaraq 1,242 qram psixotrop maddə metamfetamin və 0,682 qram narkotik vasitə heroin məhv edilsinlər. Məhkəmə məsrəfi olan cəmi 202 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 31 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 186 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-586/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-586/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver