Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-586/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1977-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Naxçıvan MR, Naxçıvan şəhəri, N.Rəfiyev küçəsi, ev 5-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2-də fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədiri seçilərək Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vuraraq oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq üzərində F/M40 göstəricisi həkk olunmuş tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram xeyli miqdarda olan 01 (bir) ədəd dərman tabletini 15 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 22 yanvar 2025-ci il tarixdə saat 15:05 radələrində ünvan 1 ünvanının qarşısında Nizami RPl-nin X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı, xeyli miqdarda, 01 ədəd üzərində F/M40 göstəricisi həkk olunmuş, bozumtul-qəhvəyi rəngli, dairəvi formalı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən dərman tableti aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 iyun 2025-ci il tarixdə saat 17:02-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2383/2287 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Kernel» adlı mağazada heç kimin olmadığından istifadə edərək mağazanın içərisində olan masanın saxlanc yeri olan siyirməsini açmaqla içərisinə qanunsuz daxil olaraq orada saxlanılan Zərərçəkmiş şəxs məxsus müxtəlif əskinazlardan ibarət 535 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmişə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və monbodon satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,490 qram olan psixotrop maddə metamfetamini 10 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 20 iyun 2025-ci il tarxdə saat 20:25 radələrində ünvan 4 ünvanının qarşısında Nizami RPl-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81В ünvanında yerləşən Nizami RPl-nin 24-cü PŞ-nə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,490 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ilkin məhkəmə baxış iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, oğurluq əməlini törətmişdir. Belə ki, 18 iyun 2025-ci il tarixdə saat 17 radələrində 8-ci km bazarında xırdavat mağazasında heç kimin olmadığını gördükdə masanın heç bir kilidi olmayan siyirməsini açaraq orada olan pulları götürmüş və mağazanı tərk edərək oradan uzaqlaşmışdır. Bir qədər aralandıqdan sonra oğurladığı pulları saydıqda 535 manat olmasını müəyyən etmişdir. Həmin siyirmə açıq olmuş, heç bir kilidi olmamış, pullar görsənmişdir. Lakin nə xx.xx.2025, nə də xx.xx.2025-ci il tarixdə saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs yenidən izahat verərək ona elan edilmiş ittihamlarda şzünü təqsirli bilərək hər iki epizod üzrə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, müdafiəçinin çıxışı ilə razı olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir iddiasının olmadığını bildirmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 ildir Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2383/2387 ünvanında yerləşən «Kernel» adlı mağazanı icarə əsasında işlədir. Mağazada min bir xırdavat malları satır. 18 iyun 2025-ci il tarixdə təxminən saat 16:30 radələrində işlədiyi mağazada olarkən mağazaya gəlmiş tanımadığı müştərinin almaq istədiyi, hazırda xatırlamadığı əşya mağazasında olmadığından, mağazada digər bir müştəriyə xidmət göstərmədiyindən həmin müştəri ilə birlikdə qonşuluqda yerləşən mağazaya getmişdir. Mağazadan çıxarkən giriş qapısının kilidini bağlamamışdır. Təxminən 2 dəqiqə sonra işlədiyi mağazaya qayıtdıqda mağazanın içərisində bir müştərinin olduğunu görmüşdür. Həmin müştərini yola saldıqdan sonra təxminən 20-30 dəqiqə keçmiş mağazada olan masanın, heç bir kilidlə bağlanmayan siyirməsini açıb pulları götürmək istədikdə orada olan müxtəlif əskinazlardan ibarət ümumilikdə 535 manat nağd pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra «102 xidməti»nə zəng vuraraq hadisə barədə məlumat vermiş və daha sonra hadisə ilə bağlı Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verməmişdən bir neçə dəqiqə əvvəl masanın siyirməsində olan pulları saymışdır. Buna görə də tam əminliklə bildirmişdir ki, siyirmədən müxtəlif əskinazlardan ibarət ümumilikdə 535 manat nağd pul oğurlanmışdır. Kilidi olmasa da, o, həmin siyirməni saxlanc yeri kimi istifadə etmiş, ora ancaq nağd pul və telefon danışıq konturlarını yığmışdır. Mağazadan ümumilikdə 535 manat nağd puldan başqa hər hansı bir əşya, pul və ya danışıq konturları oğurlanmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümümilikdə 535 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə Nizami RPl-nin NMB-nə Bakı şəhərində yaşayan «Ramil» adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. Həmin tarixdə saat 15:05 radələrində Təqsirləndirilən şəxs ünvan 9 ünvanının yaxınlığında müəyyən edilmiş, şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və video çəkiliş aparılmaqla üstü yoxlanılmışdır. Üstü yoxlanılmazdan əvvəl həmin şəxsə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd narkotik vasitə metadon həbini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərindən qanunla qadağan olunmuş digər hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş həmin 01 ədəd metadon həbi qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin CAŞ CA üzrə kiçik inspektoru Şahid6 və Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 məhkəməyə Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyun ayında Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2383/2387 ünvanında yerləşən icarə əsasında işlətdiyi mağazadan baş vermiş oğurluq hadisəsi barədə PŞ-nə müraciət etmiş, hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, 20 iyun 2025-ci il tarixdə, saat 20:25 radələrində o, saxlanılaraq Nizami RPİ-in 24-cü PŞ-nə gətirilmişdir. Nizami RPl-nin 24-cü PŞ-nin inzibati binasında xidməti otaqda vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə keçirilmiş, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli kristallik formalı kütləni təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-in 24cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 məhkəməyə və ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/338 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...» yazıları olan zərfin içərisində üzərində «..F/M40..» göstəricisi həkk olunmuş 1 (bir) ədəd dərman tableti narkotik vasitə - metadondur, tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,004 qram) təşkil edir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2270 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,490 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2025-ci il tarixli, 2280 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserin qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2025-ci il tarixli, 3717 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə istintaqı zamanı 18 iyun 2025-ci il tarixdə ünvan 10 ünvanda yerləşən «Kernel» adlı min bir xırdavat mağazasında quraşdırılmış nəzarət müşahidə kameraları vasitəsilə aparılmış videoçəkilişin görüntüləri əks olunmuş DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə olan «1MP4» qovluğundakı görüntüdə 18 iyun 2025-ci il tarixdə saat 17:02:19-da Rzasoy X7 rayonu, Qara Qarayev prospekti 2383/2387 saylı ünvanda yerləşən «Kernel» adlı min bir xırdavat mağazasına daxil olur. Mağazada heç kimin olmadığından istifadə edərək saat 17:02:29-da mağazada olan masanın siyirməsini açır, saat 17:02:34 siyirmədə olan pulları gizli olaraq talayıb əynində olan şalvarın sol arxa cibinə qoyduqdan sonra mağazanı tərk edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs pulu siyirmədən oğurladığını, siyirmənin kilidli olmadığını bildirmiş, müdafiəçisi isə siyirmənin saxlanc yeri olmadığını bildirmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarına əsasən başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Təqsirləndirilən şəxs pulu oğurladığı siyirməni isə zərərçəkmiş şəxs öz pulunu və telefon danışıq konturlarını talanmaqdan qorumaq üçün saxlanc yeri kimi istifadə etmiş, Təqsirləndirilən şəxs pulu məhz həmin siyirmədən gizli yolla talayaraq oğurlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarına əsasən CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin düzgün həll edilməsi məqsədi ilə CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirilməsini zəruri hesab edir. Qeyd olunmalıdır ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Rzasoy X6 Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya haqqında Qərarının 2.3-cü bəndinə əsasən azad olunmuşdur. Bundan başqa, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3,177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə, saat 15:05-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə, saat 14:00-da o, axtarışda olan şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-190/2025 nömrəli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, ibtidai istintaq dövründə faktiki olaraq 04 gün müddətinə şübhəli şəxs qismində tutulmuş və həbsdə saxlanılmış, həmçinin xx.xx.2025-ci il tarixdən hökm çıxarıldığı hazırki vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin görüntülərinin əks olunduğu 02 ədəd DVD disk, 18 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2383/2387 ünvanında yerləşən mağazada quraşdırılmış nəzarət müşahidə kameraları vasitəsilə aparılmış çəkilişin görüntülərinin əks olunduğu 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrələrinə dair məlumatların və anten dairəsinin qeyd olunduğu 02 ədəd CD disk, ümumilikdə 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 29 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 319 manat (29x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 02 il 08 ay (iki il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu və həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 il 05 ay 26 gün (üç il beş ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun 22 aprel 2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 161 (bir yüz altmış bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,440 qram olan psixotrop maddə - metamfetamin və 0,5 tablet metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin görüntülərinin əks olunduğu 02 ədəd DVD disk, 18 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2383/2387 ünvanında yerləşən mağazada quraşdırılmış nəzarət müşahidə kameraları vasitəsilə aparılmış çəkilişin görüntülərinin əks olunduğu 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrələrinə dair məlumatların və anten dairəsinin qeyd olunduğu 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 29 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 319 (üç yüz on doqquz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-586/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-586/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver