Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-589/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bərdə şəhəri M.F.Axundov küçəsi, ev 7-də qeydiyyatda olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.3 və 306.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmış, cəzasının sonu 13 aprel 2029-cu ilədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyanı saxlamış və gəzdirmişdir. Belə ki, o, cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı şəhəri Böyük-Şor qəsəbəsi 23 ünvanında yerləşən 6 saylı cəzaçəkmə müəssəsində cəza çəkərkən, “X1 İntizam Qaydaları” ilə hazırlanması, saxlanılması, gəzdirlməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşya sayılan 01 ədəd bükümdə təmiz çəkisi 0,033 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, gəzdirmiş və 11 iyun 2025-ci il tarixdə, saat 19:30 radələrində məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə onun üzərinə və əşyalarına axtarış-baxış keçirilərkən əlində saxladığı bir ədəd kağız bükülüdə həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-ci ildən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 11 iyun 2025-ci il tarixdə, saat 19:30 radələrində müəssisənin yaşayış sahəsində əşya saxlama otağında olarkən müəssisə əməkdaşları ona yaxınlaşaraq üzərinə və özünə aid olan dolabçaya axtarış-baxış tədbiri keçirəcəklərini bildirmişlər. Həmin vaxt müəssisə əməkdaşları hal şahidləri ilə birlikdə ona üzərində hər hansı qadağan olunmuş əşya varsa təhvil verməyi təklif etmişlər, o isə heç bir qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra müəssisə əməkdaşları hal şahidlərinin iştrakı ilə üzərinə axtarış-baxış keçirmişlər və əlində gizlətdiyi kağız bükülüdə olan metamfetamini aşkar edərək götürmüşlər. O, qeyd olunan narkotik vasitəni həmin gün müəssisənin yaşayış sahəsində 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin dəhlizində yerləşən pərcərənin kənarında tapmışdır. Həmin narkotik vasitədən özü və heç bir məhkum yoldaşı istifadə etməmişlər. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili) vəzifəsində xidmət edir. 11 iyun 2025-ci il tarixdə, saat 19:30 radələrində əvvəlcədən əldə olunmuş əməliyyat məlumatlarına əsasən müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs müəssisənin yaşayış sahəsində məhkumlar üçün nəzərdə tutlmuş əşya saxlama otağında yaxınlaşaraq, üzərinə axtarışbaxış tədbiri keçiriləcəyini bildirmişlər və üzərində hər hansı bir qadağan olunmuş əşya varsa, təhvil verməyi təklif olunmuşdur. Axtarış zamanı məhkum Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd bükülü aşkar olunmuşdur. Həmin kağız bükülüyə baxış keçirilərkən, bükülünün içərisində ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər vasitə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər vasitənin ona məxsus olduğunu, 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin dəhlizində olan pəncərənin kənarından tapdığını və metamfetamini istifadə məqsədilə üzərində saxladığını etiraf etmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş həmin psixotrop maddə hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları, rəisin növbə köməkçisi Şahid2 və böyük nəzarətçi Şahid3, Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, müəssisədə cəza çəkən məhkum kimi tanımış, onunla heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. 11 iyun 2025-ci il tarixdə, təxminən saat 19:30 radələrində, müəssisənin sahəsində məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağının qarşısında müəssisənin əməliyyat şöbəsinin inspektoru Şahid1 ona və məhkum yoldaşı Şahid5 yaxınlaşıb hal şahidi olmaqlarını təklif etmiş və onlara hal şahidinin hüquq və vəzifələri izah olunmuşdur. Sonra əməkdaşlar məhkum Təqsirləndirilən şəxs üzərinə baxış-axtarış tədbiri keçirmişlər. Axtarış zamanı məhkum Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülüyə baxış keçirərkən, bükülünün içərisindən ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər vasitə aşkar edilərək əməkdaşlar tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər vasitənin ona məxsus olduğunu, 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin dəhlizində olan pəncərənin kənarından tapdığını və həmin psixotrop maddəyə bənzəyən vasitənin psixatrop maddə olan metamfetamin olduğunu bildirərək, istifadə məqsədilə üzərində saxladığını əməkdaşlara etiraf etmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş həmin psixotrop maddə digər hal şahidinin və müəssisənin əməkdaşlarının iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuş və onun digər Şahid4la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili) Şahid1 tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, müəssisə əməkdaşları baş inspektor (rəisin növbətçi köməkçisi) Şahid2, böyük nəzarətçi Şahid3, hal şahidləri məhkumlar Şahid4 və Şahid5 iştirakları ilə, 11 iyun 2025-ci il tarixdə təxminən saat 19:30 radələrində, əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən, məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilərkən əlində saxladığı bir ədəd kağız bükülüdə ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər vasitə aşkar edilərək tərəflərindən götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər vasitənin ona məxsus olduğunu, 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin dəhlizində olan pəncərənin kənarından tapdığını və həmin psixotrop maddəyə bənzəyən vasitənin psixotrop maddə olan metamfetamin olduğunu bildirərək, istifadə məqsədilə üzərində saxladığını etiraf etmişdir. Götürülmüş maddi sübut olan bir ədəd kağız bükülüdə ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər vasitə zərfə yerləşdirilərək “zərflər üçün” möhürlə bərkidilmiş, məhkum Təqsirləndirilən şəxs və hal şahidləri tərəfindən həmin zərf imzalanmışdır. Psixotrop maddəyə bənzər vasitənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndəriləcəyi bildirilmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, şikayət və təklif daxil olmamış, məhkumun özü, hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 14-15) - 18 may 2023-cü il tarixli iltizamdan görünür ki, məhkum Musayev X2 Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinə daxil olduğu gündən müəssisənin əməkdaşları tərəfindən “X1 İntizam Qaydaları” ilə qadağan olunmuş əşyaların siyahısı ilə tanış edilərək məsuliyyəti izah olunmuşdur. (i.v. 97) -Məhkum Təqsirləndirilən şəxs 9257 nömrəli şəxsi işindən arayışdan görünür ki, onun cəzasının əvvəli 13 aprel 2022-ci il, cəzasının sonu 13 aprel 2029-cu ildir, Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinə 18 may 2023-cü il tarixdə Bakı istintaq təcridxanasından qəbul olunmuşdur. (i.v. 31-32) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2025-ci il tarixli, 6/2167 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində PX 6 saylı CÇM-nə məxsus “Zərflər üçün” möhür əksi, “...əşya saxlama otağında məhkum Təqsirləndirilən şəxs... götürülmüş...” və s. yazılar, adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,033 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetamin təmiz çəkisi 0,033 qram olmuş, tədqiqata 0,022 qram sərf edilmiş, 0,011 qram qalıq qalmışdır. (i.v. 43-45) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X1 İntizam Qaydalarının təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli, 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. (i.v. 48-49) - 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,033 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. (i.v. 74) - 11 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirəndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, onun psixotrop maddə metamfetamini əldə etməsi xüsusatı ilə əlaqədar cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Musayev X2 Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməsinin məqsədə uyğun olmadığı nəzərə alınmışdır. (i.v. 75-78) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 17-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxsin satış məqsədi olmadan xeyli miqdardan az miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması, saxlaması, gəzdirməsi yalnız CM-in 317-2-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 15 iyul 2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.3 və 306.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmış, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. (i.v. 33-38, 55) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müvafiq hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 26 dekabr 2025-ci il tarixə çəkilməmiş hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə çəkdiyi cəzanın sonunun 13 aprel 2029-cu il kimi müəyyən edilməklə hazırda Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini nəzərə almaqla məhkəmə hesab edir ki, yeni hökm üzrə cəzanın icrasını təmin etmək məqsədilə onun barəsində qətimkan tədbiri seçilməsinə zərurət yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə və əməlində cinayətlərin residivi yaranmadığına görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından qalıq qalmış hissəsi məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.3 və 306.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 26 dekabr 2025-ci il tarixə çəkilməmiş 03 (üç) il 03 (üç) ay 17 (on yeddi) gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınsın. Maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından qalıq qalan 0,011 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 198 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-589/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-589/2025
26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver