Məhkəmə qərarları › İş №1(007)-592/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-592/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-592/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, birinci dərəcəli əlil, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,525 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 24 sentyabr 2024-cü il tarixdə, saat 16:45-də Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 172 ünvanında yerləşən “Bravo” hipermarketin qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmənin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,525 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata “kakos" kimi bildiyi narkotik vasitə heroin alıb istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 16-17 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Bravo" hipermarketin qarşısında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları olduqlarını bildirib, ona ad, soyad və digər anket məlumatları ilə bağlı suallar vermişlər. O da həmin suallara həyəcanlı və gec şəkildə cavab verdiyindən həmin əməkdaşlar üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Nizami RPİ-nin 23-cü PB-də şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan şalvarının sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş ”kakos" kimi bildiyi heroini təqdim etmiş və bükümün içərisində ”kakos“ kimi tanıdığı narkotik vasitə olduğunu, Yasamal rayonundan 10 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Əməlindən peşmandır, birinci dərəcəli əlildir, Vətən Müharibəsi iştirakçısıdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə, saat 16:45-də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 172 ünvanında Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Sübhan oğlu ilə xidmət apardığı zaman “Bravo” hipermarketin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq Nizami RPİ-nin 23cü PB-nin əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər, daha sonra ona suallar verməyə başlamışlar. Həmin şəxs verilən suallara gec və tərəddüdlü şəkildə cavab vermişdir. Həmçinin, həmin adamın xarici görkəminə fikir verdikdə o, narkotik vasitə istifadəçisinə oxşamış və bu səbəblərə görə onlar onun üzərində narkotik vasitə olmasına şübhə etmişlər. Bununla bağlı olaraq həmin şəxsi Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Nizami RPİ-nin 23-cü PB-nə getmişdir. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Nizami RPİnin 23-cü PB-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmiş və bükümün içərisində ”kakos“ kimi tanıdığı narkotik vasitə olduğunu, Yasamal rayonundan 10 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən ifadəsi elan edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Sübhan oğlu istintaqda Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-də xidməti otaqda şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin qızılı kağız kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə “kakos” olduğunu, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 25 sentyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4698 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün 163” möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” və s. adlar, soyadlar və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,525 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6470 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,525 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 0,475 qram narkotik vasitə heroin saxlanması üçün Nizami RPİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd “DVD” disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs birinci dərəcəli əlildir. - SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Alxanov X1 və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan narkotik vasitədin maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdarda hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, birinci dərəcəli əlil olmasını, Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Yeni yaşayış massivində nömrəsiz fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,475 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6470 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunsa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs birinci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 21 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 126 (bir yüz iyirmi altı) manat (21x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Yeni yaşayış massivində nömrəsiz fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,475 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 21 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 126 (bir yüz iyirmi altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar