Məhkəmə qərarları › İş №1(007)-595/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-595/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-595/2025 03.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1993-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 iyul 2025-ci il tarixdə, saat 20:20-də ünvan 2 ünvanında yerləşən ofisiant olaraq işlədiyi “Qəbələ” restoranında piştaxtanın üzərindən müştəri kimi gələn Zərərçəkmiş şəxs3 məxsus cərayan doldurucusuna taxdığı içərisində danışıq dəqiqələri olmayan 100 manat dəyərində ***-***-**-** mobil nömrə olan 1100 manat dəyərindəki “İphone 14 Pro Max” markalı mobil telefonunu, həmçinin həmin restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs2 məxsus içərisində 132 manat nağd pul, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat təşkil edən "xxxx" ASC-də açılmış Zərərçəkmiş şəxs2 məxsus iki ədəd plastik bank kartlar olan 10 manat dəyərində pul kisəsini, həmçinin həmin restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs1 məxsus cərayan doldurucusuna taxılmış içərisində danışıq dəqiqələri olmayan 10 manat dəyərində 051- ***-**-** mobil nömrə, üzərində 10 manat dəyərində qoruyucu kabro olan 400 manat dəyərindəki “İphone 12" markalı mobil telefonu vahid niyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 1200 manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 162 manat, Zərərçəkmiş şəxs1 ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, hadisəninn baş verdiyi restorana ofisiant kimi işləmək üçün getmişdir. Hadisə baş verən günü restoranda olan piştaxtanın üzərində enerjiyə taxılmış "İphone 14Pro Max”, “İphone 12" markalı mobil telefonları və pul kisəsini görmüş, ətrafda heç kimin olmamasındam istifadə edərək onları götürüb cibinə qoymuşdur. Daha sonra "İphone 14Pro Max” markalı mobil telefonu qaytarmışdır. Hazırda dəymiş zərəri ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. Sonda məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ildən ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranında ofisant olaraq işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi restoranda ofisant olaraq işləməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində ona məxsus olan İmei kodunu xatırlamadığı üzərində dəyəri 10 manat olan ***-***-**-** mobil nömrə və dəyəri 10 manat olan qoruyucu kabro olan 400 manat dəyərindəki tünd göy rəngli “İphone 12” markalı mobil telefonunu restoranın pəncərəsinin yaxınlığında olan piştaxtanın üzərində zaryatkaya qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində zaryatkaya taxdığı mobil telefonu götürmək üçün gedən zaman mobil telefonunun yerində olmadığını aşkarlamışdır. Daha sonra Yusifin restoranda olan müştərinin mobil telefonunu, iş yoldaşı Samirin pul qabını və onun mobil telefonunu oğurlayaraq restoranı tərk etdiyini aşkarlamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən ünvan 5 ünvanında yerləşən “Qəbələ” restoranında ofisant olaraq işləyir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi restoranda ofisant olaraq işləməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində ayaqyoluna getdiyindən içərisində 132 manat nağd pul, 4169 7388 3757 6259 və 4169 7388 9005 2065 nömrəli "xxxx" ASC-də açılmış ona məxsus olan bank kartları olan 10 manat dəyərində qara rəngli pul qabını, restoranın pəncərəsinin yaxınlığında olan piştaxtanın üzərinə qoymuşdur. Təxminən 20 dəqiqə sonra iş yoldaşı olan Şakir yanına gələrək zaryatkaya taxdığı “İphone 12” markalı mobil telefonunun yerində olmadığını demişdir. Daha sonra o da piştaxtanın üzərinə baxan zaman pul kisəsinin yerində olmamasını aşkarlamışdır. Sonradan Yusif restoranda olan müştərinin, iş yoldaşı Şakirin mobil telefonlarını, onun isə pul qabını oğurlayaraq restoranı tərk etdiyi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində dostları ilə birlikdə yemək üçün ünvan 5 ünvanında yerləşən “Qəbələ” restoranına getmişlər. Onları restoranının girişində sonradan adının Yusif olduğunu bildiyi ofisant qarşılamışdır. Onlar mətbəxdə yeməkləri seçdikdən sonra masalardan birində əyləşmişlər. Həmin vaxt ona məxsus olan “İphone 14 Pro Max” markalı mobil telefonunu həmin ofisanta verərək enerjiyə taxmasını xahiş etmişdir. Həmin şəxs restoranın girişində yerləşən piştaxtanın üzərində ona məxsus olan mobil telefonu enerjiyə taxmışdır. Təxminən 20 dəqiqə sonra mobil telefonunu gətirməsi üçün ofisantı çağırmaq istəyən zaman ofisantı görə bilməmişdir. Daha sonra ofisantın mobil telefonunu enerjiyə taxdığı yerə baxan zaman mobil telefonunun orada olmamasını aşkarlamışdır. Mobil telefonunun oğurlanmasını bilib DİN-in “102”- Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermişdir. 23 iyul 2025-ci il tarixdə polis əməkdaşları ona zəng edərək mobil telefonunu oğurlayan şəxsin tutulduğunu ona bildirmişlər. O, 24-cü Polis Şöbəsinə gedən zaman mobil telefonunu oğurlayan həmin ofisantı tanımış və orada adının Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Həmçinin orada ona təqdim edilən mobil telefonun ona məxsus olan və oğurlanmış “İphone 14 Pro max” markalı mobil telefon olmasını aşkarlamışdır. Zərərçəkmiş şəxs3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona məxsus olan “İphone 14 pro max” markalı mobil telefonunun dəyəri 1100 manat, üzərindəki ***-***-**-** mobil nömrəsinin dəyəri isə 100 manatdır. Mobil telefonun üzərində qoruyucu kabro və üzlük olmamışdır. Mobil nömrəsinin üzərində danışıq kartı olmamışdır. Mobil telefonunu oğurlanan şəxsi oğurluq hadisəsini törədən zaman görməmiş, mobil telefonunu həmin şəxsə verdikdən təxminən 20 dəqiqə sonra mobil telefonunu enerjiyə taxıldığı yerdə olmadığından oğurlandığı ona məlum olmuşdur. Onunla birlikdə restorana gələn şəxslər mobil telefonun oğurlanmasına şahidlik etməmişlər, onların mobil telefonun oğurlanmasından məlumatları olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Şuşa” kafesində administrator vəzifəsində işləyir. Təxminən 2 ay əvvəl Təqsirləndirilən şəxs iş axtarmaq adı ilə kafeyə gəlmiş, lakin işi bəyənmədiyi üçün çıxıb getmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Oppo" markalı mobil telefonu piştaxtanın üzərindən oğurlayıb çıxıb getmişdir. Məbləğ az olduğu üçün polis orqanlarına müraciət etməmişdir. Bir neçə müddət sonra Təqsirləndirilən şəxs ilə təsadüfən qarşılaşmış, ondan nə səbəbə telefonu oğurlamasını soruşmuş, Təqsirləndirilən şəxs həyəcanlanaraq oğurladığı telefonun əvəzinə cibində olan “İphone 14 pro max” markalı mobil telefonu ona vermişdir. O, həmin telefonu daha sonra polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən ünvan 2 ünvanında yerləşən “Qəbələ" restoranını icarə əsasında işlədir. Zərərçəkmiş şəxs2 onun rəsmi işçisidir, belə ki, Samir restoranda ofisant olaraq işləyir. Zərərçəkmiş şəxs1 onun bibisinin nəvəsidir. Şakir 2024cü ilin sentyabr ayınadək onun işlətdiyi restoranda müqavilə əsasında ofisant olaraq işləmişdir. Daha sonra işdən çıxaraq başqa işdə işləməyə başlamışdır. 13 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs səhər radələrində işlətdiyi restorana yaxınlaşaraq ofisant olaraq işləmək istədiyini bildirmişdir. O, Yusifi günlük 20 manat ödəməklə ofisant olaraq işə götürmüşdür. Anası xəstə olduğundan o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərinə getmişdir. Qohumu Şakirə kömək etməsi üçün restorana gəlməsini demişdir. Şakir xx.xx.2025-ci il tarixdə ofisant olaraq işə nəzarət etmək üçün restorana gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o, Qəbələ şəhərindən Bakı şəhərinə gələn zaman Samir ona zəng edərək Yusifin Samirə məxsus pul qabını, müştərinin və Şakirin mobil telefonlarını oğurlamasını bildirmişdir. O Bakı şəhərinə gəldikdən sonra restorana gəlmiş və təhlükəsizlik kameralarından Yusifin oğurluq etməsini görmüşdür. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ofisant olaraq işə götürən zaman onunla əmək müqaviləsi imzalamamışlar. İşlətdiyi “Qəbələ” restoranında işə götürmək səlahiyyəti ona məxsusdur, restoranda ümumilikdə 6 nəfər işçisi vardır. Samir rəsmi olaraq müqavilə ilə işləsə də Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq nəzarət etmək məqsədilə restorana gəldiyində onunla əmək müqaviləsi imzalamamışlar. Restoranda baş vermiş oğurluq faktına şahidlik etməmiş, hadisə barədə ona işçisi Samir məlumat vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 68.2-ci maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanununa əsasən cəza müddəti 04 il 10 aya endirilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-16- 21-1/2-48466/2026 nömrəli məktubundan və əlavə olunmuş “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə növündə cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2026-cı il tarixli, 3-16-17/28/2- 624/2026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.2-ci maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2020ci il tarixli Azərbaycan Respublikasının qanununa əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 04 il 10 ay müddətə endirilmiş və 3000 manat cərimə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrumetmə cəzası qurtardığı üçün cəza sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin residivi və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə əsas cəzanı çəkmiş, lakin həmin hökmlə təyin edilmiş cərimə növündə əsas cəzanı çəkməmiş, məhkum həmin cərimə cəzası barəsində çıxarılmış xx.xx.2018, xx.xx.2019, xx.xx.2019-cu il tarixli hökmlərə birləşdirilmiş, Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum həmin cərimə cəzasından azad edilmişdir. Bununla da, həmin hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Həmçinin məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, bununla da həmin hökm üzrə də məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır. Təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, ibtidai istintaq dövründə faktiki olaraq 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuş və həbsdə saxlanılmışdır. Həmçinin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-595/2025 nömrəli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 2/2-14291/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-302/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “İphone 14 Pro Max” markalı mobil telefonun sahibinə təhvil verilməsi nəzərə alınmlı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 40 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 440 manat (40x11) məbləğində əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 02 il 02 ay (iki il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu və həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 01 ay 28 gün (iki il bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 03 mart 2026-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış “İphone 14 Pro Max” markalı mobil telefonun sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 440 (dörd yüz qırx) manat əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar