Məhkəmə qərarları › İş №1(007)-599/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-599/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-599/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 Təqsirləndirilən şəxs1, onun müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 10 iyun 2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, xx xxx 1987-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 fevral 2022-ci il tarixində cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Yevlax şəhəri Vaqif küçəsi mənzil 46-da qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oktay Şabanov küçəsi ev 7də kirayədə yaşamış,barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 03 iyul 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,346 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən 03 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli qısaqol köynəyin sol döş cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,346 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhəri Keşlə qəsəbəsi Köndələn küçəsində yerləşən “Tütün” fabrikinin yanında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Kia Ceed” markalı Az **-FR-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobilin yanına gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün avtomobilin yanında dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə cibində saxladığı avtomobil şamı (sveça) ilə avtomobilin qabaq sağ şüşəsini sındıraraq salonundan 60 manat dəyərində 1 ədəd “Samsung A3” markalı mobil telefon, 60 manat dəyərində 1 ədəd “Samsung J3” markalı mobil telefon, 220 manat dəyərində dəri çanta, içərisində 120 manat nağd pul olan 100 manat dəyərində pul kisəsini gizli olaraq talayıb əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs 560 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhəri Keşlə qəsəbəsi Köndələn küçəsində yerləşən “Tütün” fabrikinin yanında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Kia Ceed” markalı Az **-FR-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobilin yanına gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün avtomobilin yanında dayanmış, Təqsirləndirilən şəxs1 isə cibində saxladığı avtomobil şamı (sveça) ilə avtomobilin qabaq sağ şüşəsini sındıraraq salonundan 60 manat dəyərində 1 ədəd “Samsung A3” markalı mobil telefon, 60 manat dəyərində 1 ədəd “Samsung J3” markalı mobil telefon, 220 manat dəyərində dəri çanta, içərisində 120 manat nağd pul olan 100 manat dəyərində pul kisəsini gizli olaraq talayıb əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs 560 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 iyul 2023-cü il tarixində Bakı şəhəri Keşlə qəsəbəsində ət kombinatının yanında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə aparılmışdır. Orada polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş predmet varsa, könüllü təqdim etsin. Həmin vaxt onun üzərində “nəşə” kimi tanınan narkotik vasitə olmuşdur. Lakin polis əməkdaşlarının təzyiqi ilə üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar olunmasını etiraf etməyə məcbur olmuşdur. Belə ki, bunu etiraf etməyəcəyi təqdirdə daha çox miqdarda narkotik vasitəni üzərində saxlamasını etiraf etməyə məcbur olacağını bilmişdir. Bundan əlavə, o, dostu Təqsirləndirilən şəxs1 12 iyul 2023-cü il tarixdə «Kia Ceed» markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etməsində iştirak etməmişdir. Belə ki, o, dostu Aqilin təklifi ilə görüşən zaman Aqil plastik bank kartından istifadə edə bilmədiyinə görə həmin kart vasitəsilə pul çıxarmağa köməklik göstərmiş, lakin kartda pul olmamışdır. Aqillə görüşən zaman sonuncu pul qabı və özündə olan sənədləri atmaq üçün ona vermiş, lakin o həmin əşyaları atmamışdır. Polis əməkdaşlarının təzyiqi ilə oğurluq cinayətini törətməkdə iştirakçı olması barədə etirafedici ifadə verməyə məcbur olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixində Keşlə qəsəbəsində “Tütün” fabrikinin yanında olarkən təsadüfən “Kia Ceed” markalı, Az **-FR-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobili yolun sağ tərəfində dayanmış vəziyyətdə görmüşdür. Bir neçə dəqiqə ərzində müşahidə aparıb avtomobilə heç kimin yaxınlaşmadığını görüb avtomobilə yaxınlaşıb əvvəlcədən cibində saxladığı avtomobil şamı (sveça) ilə avtomobilin qabaq sağ şüşəsini sındırmış, həmin yerdən əlini salona salıb qapını içəridən açmış, avtomobilin salonundan 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd dəri çanta və 1 ədəd pul kisəsini oğurlayaraq çıxıb getmişdir. Pul kisəsini açdıqda içərisində 73 manat pulun, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, “Kia Ceed” markalı Az **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin, plastik kartların olduğunu görmüşdür. O, kartlardan istifadə qaydalarını bilmədiyi üçün Yalçına zəng vurub görüşə dəvət etmiş və ondan xahiş etmişdir ki, kartdan pul çıxarmasına köməklik göstərsin. Orada marketlərin birindən alış-veriş etmək istədikdə həmin kartdan pul çıxara bilməmişlər. Bundan sonra o, pul qabını və içərisində olan sənədləri Yalçına vermişdir ki, atsın. Daha sonra onları polis əməkdaşları saxlamış və onlara məlum olmuşdur ki, kartdan istifadə olunan zaman kamera görüntüsünə düşmüşlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona nisbətən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində yalnız “nəşə” kimi tanınan narkotik vasitəni saxladığını, üzərində heroin olmadığını, oğurluq cinayətində iştirak etmədiyini bildirsə də, onun törətdiyi cinayət əməli ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində oğurluq cinayətini tək törətdiyini, dostu Yalçının bu cinayətin törədilməsində iştirak etmədiyini göstərsə də, onun həmin cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs şəklində törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 əvvəlcə şübhəli şəxs, sonra isə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi əməlləri tam etiraf edərək ifadələrində göstərmişdir ki, 03 iyul 2023-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün 1 büküm heroin alıb üzərində saxlamış, həmin narkotik vasitəni 03 iyul 2023-cü il tarixində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə, 12 iyul 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi dəmiryolu relsinin yanında təsadüfən görmüş, bir qədər söhbət etdikdən sonra Aqillə narkotik vasitə olan heroin qəbul etmək istəmişlər. Lakin pulları olmadığı üçün avtomobildən oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün Aqillə piyada Keşlə qəsəbəsində küçələri gəzmişlər. Bir qədər sonra Keşlə qəsəbəsi Köndələn küçəsində yerləşən “Tütün” fabrikinin yanında olan zaman təsadüfən “Kia Ceed” markalı, Az **-FR-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobili yolun sağ tərəfində dayanmış vəziyyətdə görmüşlər. Onlar bir neçə dəqiqə avtomobili müşahidə etdikdə heç kimin avtomobilə yaxınlaşmamasını gördükdə Aqil ona kənarda dayanıb ətrafı müşahidə etməyini, əgər kimsə gəlsə ona xəbər verməyini bildirmişdir. O da Aqillə razılaşmışdır. Aqil maşına yaxınlaşmış, o xatırlamadığı bərk cismlə avtomobilin qabaq sağ şüşəsini sındırmış, bir neçə dəqiqə sonra Aqil onun yanına qayıtmış, Aqilin çiynində qəhvəyi rəngli əl çantası olmuş, həmin vaxt Aqil tünd qəhvəyi rəngli pul kisəsini ona vermişdir. O, pul kisəsini açdıqda içərisində 73 manat pulun, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, “Kia Ceed” markalı Az **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin, plastik elektron kartlarının olduğunu görmüşdür. Aqillə birlikdə pul kisəsindən götürdükləri 73 manat pulun 50 manatına Keşlə qəsəbəsində tanımadığı şəxsdən narkotik vasitə heroin alıb şpris vasitəsi ilə damarlarına vurmuşlar. Sonra o, Hüseynə məxsus sənədləri özü ilə evə aparmışdır. Həmin sənədləri heç yerə tullamamışdır ona görə ki, bir neçə gündən sonra sənədləri polisə təhvil verərək onları təsadüfən yerdən tapdığını bildirsin. 22 iyul 2023-cü il tarixdə polislər ona oğurluq etməsi barədə bildirdikdə etdiyi əməldən peşman olaraq törətdiyi cinayəti etiraf etmiş, sənədləri polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 da ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verərək oğurluq cinayətini dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri hadisə yerində yoxlanılarkən oğurluq cinayətini birlikdə törətdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən onun üzərindən narkotik vasitə olan heroin aşkar olunub götürülməsi təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə saat 08 radələrində özünə məxsus «Kia Ceed» markalı, Az **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan yerdə yerləşən iş yerinə getmiş, avtomobili həmişəki kimi Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi «Köndələn» küçəsi 21A-da yerləşən «Tütün» fabrikinin qarşısında yolun kənarında saxlayaraq, avtomobildən düşüb qapılarını bağlayaraq işə getmişdir. Həmin gün saat 17:50 radələrində işdən çıxıb avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sağ yan şüşəsinin ona məlum olmayan əşya ilə sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Dərhal avtomobilin salonuna baxmış, salondan ona məxsus 60 manat dəyərində 1 ədəd videoregistrator kimi istifadə etdiyi “Samsung A3” markalı mobil telefonun, 60 manat dəyərində 1 ədəd GPS kimi istifadə etdiyi “Samsung J3” markalı mobil telefonun, 220 manat dəyərində 1 ədəd dəri çantasının, içərisində 120 manat pul, bank kartları, avtomobilinin qeydiyyat şəhadətnaməsinin, sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin olduğu 100 manat dəyərində pul kisəsinin yerində olmadığını görmüşdür. Ona görə də dərhal mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng vurub baş verənləri bildirmişdir. Daha sonra Nizami RPİ-nin 23-cü PB-ə gedib qeyd etdikləri barədə şikayət etmişdir. İstintaq zamanı ona məxsus olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, bank və digər plastik kartları, dəyəri 100 manat olan pul qabı qəbzlə ona qaytarılmışdır. Qəbzlə təqdim edilmiş ona məxsus dəyəri 100 manat olan pul qabı yararsız vəziyyətə düşdüyü üçün sonradan tullamış, ona görə də həmin pul qabını istintaq orqanına təqdim edə biməmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 560 manat ziyan dəymişdir. Göstərilən müddət ərzində avtomobilinin şüşəsinin sındırılmasının, qeyd etdiyi əşyalarının kim və ya kimlər tərəfindən oğurlanmasının birbaşa şahidi olmamaqla, bununla bağlı hər hansı məlumatı olmamışdır. Lakin avtomobilindən oğurluq etmiş şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu sonradan ona məlum olmuşdur. Ona dəymiş ziyanın əvəzi ödənilməmişdir. Əgər ziyanın əvəzi ödənilsə, bunu nəzərə almağa hazırdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 03 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində bölmənin cinayət axtarış üzrə digər əməliyyat müvəkkili Şahid1la birlikdə ünvan 2 ünvanın qarşısında xidmət aparan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs2 onları görüb davranışı ilə özünü şübhəli apardığından, ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavablar verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmış, sol əlini əynindəki köynəyin sol döş cibinə salıb yayınaraq oradan uzaqlaşmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu güman edib onun üzərində narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən digər maddələrin ola biləcəyindən şübhələndiklərindən, onun yayınıb getməsinə imkan verməyərək, onu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 narazılıq etmədən, hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında qeyd olunan bölməyə getmişdir. Polis bölməsində bütün prosessual qaydalara riayət edilməklə və müdafiə hüququ təmin olunmaqla onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan kütləni və 01 ədəd boru şəklində predmeti təqdim edərək, sellofan bükümdə olan kütlənin «kakos» kimi tanıdığı maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni 03 iyul 2023-cü il tarixdə Yasamal rayonu ərazisindən anket məlumatını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. İstintaqın ilkin mərhələsində "Hadisə yerinin baxışının aparılması haqqında" tərtib edilmiş 12 iyul 2023-cü il tarixli protokoldan göstərilən tarixdə, saat 17 radələrində naməlum şəxs və ya şəxslərin Zərərçəkmiş şəxs idarə edib Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Köndələn küçəsi 21A-da yolun kənarında saxladığı "Kia Ceed" markalı, Az **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobildən qabaq sağ yan şüşəsini sındıraraq içərisindən mobil telefonlar və digər əşyalar oğurlaması məlum olur. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 4 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə, təmiz çəkisi 0,346 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" X7 tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 4575 saylı ekspert rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki qısaqol köynəyin döş cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən qeyd olunan hallar təsdiq olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 1 büküm narkotik vasitə olan heroin, 1 ədəd pul qabı, sənədlər, bank və digər plastik kartlar, habelə şəxsi axtarış aparılmasını əks etdirən CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “heroin” olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərdə cinayət tərkibi vardır, ibtidai istintaq zamanı düzgün olaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə CM-nin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməlləri həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin qeyd olunan cinayətlərin törədilməsində təqsirlilikləri iş üzrə toplanmış sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onların barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərarı ilə amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Nizami Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 01 dekabr 2022-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 05 fevral 2022-ci ildə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs1 da məhkumluğu ödənilmədiyi və götürülmədiyi dövrdə hazırkı cinayəti törətdiyindən, onun əməlində cinayətlərin residivi vardır və ona residivə görə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilən cinayətlərin residivini təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 03 iyul 2022-ci il tarixində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon prokurorunun 05 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilərək həbsdən azad edilmişdir. Müstəntiqin 05 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 22 iyul 2023-cü il tarixində Təqsirləndirilən şəxs2 yenidən cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində tutulduğu 22 iyul 2023-cü il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 23 iyul 2023-cü il tarixində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə barəsində tutulduğu 23 iyul 2023-cü il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 residiv nəzərə alınmaqla təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CPMnin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,296 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan “CD” disk iş materiallarında saxlanılmalı, maddi sübut qismində tanınmış 1 ədəd pul qabı, sənədlər, bank və digər plastik kartların zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı Azərbaycan Respublikası CPM-nin 198.1-ci mddəsinə əsasən məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı dövlət hesabına 29 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 29x6=174 manat, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı dövlət hesabına 24 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 24x6=144 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona CM-nin 177.2.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza, CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,296 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 iyul 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd pul qabı, sənədlər, bank və digər plastik kartların zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı dövlət hesabına 29 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 174 manat, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı dövlət hesabına 24 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 144 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs izah olunsun ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı məhkəmədə mülki iddia qaldıra bilər. Hökmdən elan olunduğu, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar