Məhkəmə qərarları › İş №1(007)-6/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-6/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-6/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, 07 avqust 1983-cü ildə İmişli rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 23 iyul 2022-ci il tarixdə saat 20:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Fokus” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu R.Teymurov küçəsi istiqamətindən Məmmədəli Şərifli küçəsi istiqamətində 5 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasma etinasızlıqla piyada yolu Şərifli küçəsi istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs avtomobilin sağ yan hissəsi ilə vurması nətəcisində sonuncunun ehtiyatsızlıqdan döş qəfəsinin sol yan səthinin qançırı ilə müşayiət olunan sol Vİ-Vİİ-Vİİİ qabırğaların yerdəyişən köndələn sınıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 iyul 2022-ci il tarixdə saat 20:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Fokus” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ilə hərəkət edərək R.Teymurov küçəsindən sola dönüb Məmmədəli Şərifli küçəsi istiqamətində 5 km/saat sürətlə hərəkətini davam etdirən zaman yol dar olduğundan qarşıdan nəqliyyat vasitəsi gəldiyi üçün idarə etdiyi avtomobili sağa çəkmiş, həmin vaxt yolun sağ hissəsi ilə iki nəfər piyadanın hərəkət etdiyini görüb yanlarından keçən zaman piyadalardan biri sonradan adının Orxan olduğunu bildiyi şəxs idarə etdiyi avtomobilə yumruq vurduqda o, avtomobili saxlamış, Orxan təpiklə avtomobilin qabaq təkərinə vurduğu üçün o da Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi həmin şəxs onun 102 xidmətinə məlumat verdiyini görərək avtomobillə vurulduğunu bildirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Hadisə vaxtı idarə etdiyi avtomobildə yük və ya sərnişin olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs toxunmamışdır, burada ədalətsizlik var. Zərərçəkmiş şəxs onun avtomaşınına “şillə” vurduğu üçün o, 102 xidmətinə zəng etmişdir. Göstərilənlərə əsasən, təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 iyul 2022-ci il tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yolun sağ tərəfi ilə Məmmədəli Şərifli küçəsi istiqamətində piyada hərəkət edən vaxt arxadan gələn avtomobilin səsini eşitmiş, avtomobil yolu dar olduğu üçün iki avtomobil üz-üzə gələrkən piyadalar üçün yer qalmadığından həmin yolda həmişə ehtiyatlı olmuşdur. Bu dəfə də ehtiyatlı davranaraq piyada hərəkət istiqamətinin sağ tərəfində olan daş hasara sıxılaraq arxadan gələn avtomobillə qarşıdan əks istiqamətdən gələn avtomobilə keçmələri üçün şərait yaratsa da, “Ford Fokus” markalı, **-FS-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verən zaman onu da daş hasara sıxaraq sağ yan güzgüsü ilə onun sol tərəfindən vurmuş, zərbə nəticəsində yaranmış ağrıdan əlləri ilə avtomobilin qabaq kapot hissəsinə vurmuşdur. 2-3 metrdən sonra isə həmin avtomobil hərəkətini dayandıraraq, sürücü adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə avtomobili nə üçün sürdüyünü irad bildirdikdən sonra o, DİNnin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisədən sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərin ağrılarına dözə bilmədiyi üçün təcili yardıma zəng vuraraq müraciət etmişdir. Təcili yardım stansiyasının əməkdaşları ilkin yardım göstərdikdən sonra X3 aparmışlar. Müayinə zamanı qabırğalarında sınıq olduğunu orada ona məlum olmuşdur. Bundan başqa, sürücünün hadisə vaxtı sürəti təxminən 30-40 km/saat olardı, təqsirləndirilən şəxs bir dəfə də olsun ona hadisədən sonra baş çəkməmişdir, üç qabırğasında xəsarət var. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı razılıq, barışıq əldə olunmamışdır. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 23 iyul 2022-ci il tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsilə yolun sağ ilə Şərifi küçəsi istiqaməti piyada hərəkət edərkən onun yanından keçərək düzünə Məmmədəli Şərifli küçəsi istiqamətində hərəkət edən Ford markalı avtomobil qarşıdan nəqliyyat vasitəsi gəldiyi üçün yolun sağ kənarına keçən zaman yolun sağ ilə düzünə hərəkət edən bir piyadaya toxunduğunu görmüş, bu zaman piyada əli ilə həmin avtomobilin qabaq kapot hissəsinə vuraraq yerə oturub sol böyürünü əli ilə tutduğunu görüb həmin şəxsə yaxınlaşmış, orada onun adının Orxan olduğunu bilmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər, Orxanı isə 103 təcili yardım xidməti X3 aparmışdır. O, Orxanla birlikdə həmin xəstəxanaya getdikdə sonuncunun qabırğalarında sınıq olduğu ona məlum olmuşdur. Qeyd etmişdir ki, Ford markalı avtomobilin sağ yanı ilə yolun sağı ilə onun qarşısında hərəkət edən piyada Orxanı vurduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 23 iyul 2022-ci il tarixli 2/24539 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:55-də ayıq olduğu müəyyən edilmişdir. - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən alfaltbeton yolda baş vermişdir. Yol örtüyünün eni 6 metrdir, yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün xətt yoxdur. - “X4” publik hüquqi şəxsinin 25 iyul 2022-ci il tarixli, PHŞ/6.17-3-2022-375 nömrəli məktubundan görünür ki, xəstə Zərərçəkmiş şəxs cərrahiyyə profilli qəbul şöbəsinin təcili travmatoloji yardım bölümünə 23 iyul 2022-ci il tarixdə saat 21:10-da “Sol 6-7-8-ci qabırğaların yeriniazdəyişən sınıqları” diaqnozu ilə ambulator müraciət etmişdir. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 16 yanvar 2023-cü il tarixli 3-13-52/2- 787/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına AE 823196 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük hüququndan məhrum olunması barədə məlumat X1 qeydə alınmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 30 iyul 2022-ci il tarixli 648 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin qançırı ilə müşayiət olunan sol Vİ-Vİİ- Vİİİ qabırğaların yerdəyişən köndələn sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 23 iyul 2022-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissəsinin (avtomobilin güzgüsü) təsiri nəticəsində yaranması mümkündür. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 avqust 2022-ci il tarixli 8/2093 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Focus” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 30 avqust 2022-ci il tarixli 6/4122-6/4135 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “Ford Focus” markalı, **- FS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd qısaqol köynəyin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd qısaqol köynəyin səthi üzərində boya mikrohissəcikləri və həmçinin avtonəqliyyat vasitələrinə məxsus lakboya örtüyünün sürtünmə izləri və ya mikrohissəcikləri yoxdur. Geyim əşyalarının səthi üzərində hər hansı boya mikrohissəcikləri aşkar edilmədiyindən təqdim olunmuş “Ford Focus” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürülmüş lak-boya nümunələri ilə müqayisəli tədqiqat aparılmadı. - 18 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə demişdir. - 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə haqqında başqa gerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, iş üzrə təyin edilmiş materialların məhkəmə ekspertizasının 30 avqust 2022-ci il tarixli 6/4122-6/4135 nömrəli rəyi sübut növü kimi qiymətləndirilməmişdir, Təqsirləndirilən şəxs ifadəsinə görə idarə etdiyi nəqliyyat vasitəsi ilə Zərərçəkmiş şəxs vurmaması xüsusatı özünü müdafiə etməsi kimi qiymətləndirilərək əsassız olduğundan rədd edilmişdir. - Məhkəmənin 07 sentyabr 2023-cü il tarixli qərarı əsasında təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 11 dekabr 2023-cü il tarixli T855/2023 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin qançırı ilə müşayiət olunan sol Vİ-Vİİ-Vİİİ qabırğaların yerdəyişən köndələn sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən 23 iyul 2022-ci ilə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs yetirilən xəsarətlərin almış olduğu travma ilə birbaşa səbəbli əlaqəsi vardır. Belə ki, ilkin zərbənin təsirindən yəni, hərəkətdə olan olan avtomobilin sağ yan güzgüsünün zərərçəkmişi vurması nəticəsində sol Vİ-Vİİ-Vİİİ qabırğaların yerdəyişən köndələn sınıqları yarana bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iş üzrə təyin edilmiş materialların məhkəmə ekspertizasının 30 avqust 2022-ci il tarixli 6/4122-6/4135 nömrəli rəyini sübut növü kimi qəbul etmir və hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törətməsi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 avqust 2022-ci il tarixli 8/2093 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 30 iyul 2022-ci il tarixli 648 nömrəli və 11 dekabr 2023-cü il tarixli T855/2023 nömrəli rəyləri, o cümlədən yuxarıda sadanan digər sübutlarla təsdiq olunur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməməsi, qeyd olunan cinayət əməlini törətməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən maddənin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin 31 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmasından sonra hal-hazıradək icraatda olduğu müddətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir, ona görə təqsirləndirilən şəxsin bu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; cinayət işi üzrə maddi sübut yoxdur; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə işdə iştirak etdiyi müddət 86 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan 239 (iki yüz otuz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 86 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 516 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar