Məhkəmə qərarları › İş №1(007)-60/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-60/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-60/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1976-cı il tarixdə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 89 saylı yataqxananın 103-cü otağında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1979-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi olaraq fəhləliklə məşğul olan, əvvəllər məhkum olmuş, Beyləqan rayonu, Yeni- Mil qəsəbəsində qeydiyyatda olmaqla Xətai rayonu, M.Rüstəmov küçəsi 2 saylı yataqxanada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Naxçıvan MR, Nxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmuş, Naxçıvan MR, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi ev 31-də qeydiyyatda olmaqla Bakı şəhəri, Məhəmmədi kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 02:05 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 90 ünvanında yol ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs üzərində olan əl çantasını ələ keçirmək məqsədilə əvvəlcə qrup üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs yaxınlaşıb qolundan tutub onlarla birlikdə yaxınlıqdakı məhəlləyə getməsini tələb etdikdə sonuncu onlara etiraz edib həmin yol ilə hərəkətdə olan markası və dövlət qeydiyyat nömrə nişanı istintaqa məlum olmayan taksi avtomobilini saxladıb həmin avtomobilə əyləşdikdə, o qrup üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə taksi avtomoblinin qarşısını kəsib hərəkətinə mane olmaqla sürücüyə avtomobilə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs üzərində güya narkotik vasitə olması barədə yalan məlumat verib, Zərərçəkmiş şəxs avtomobildən düşməsinə nail olduqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qarşında dayanaraq getməsinə mane olmuş, o isə Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun çiynindən asdığı, içərisində 30 manat nağd pul, 10 manat dəyərində şəxsiyyət vəsiqəsi, fəaliyyətsiz və dəyəri olmayan elektron kartlar və uniforma, 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən 35 manat dəyərində “Huavey” markalı mobil telefon, 60 manat dəyərində qulaqcıq, 70 manat dəyərində pul kisəsi, 50 manat dəyərində təsbeh və 10 manat dəyərində telefonun enerji doldurucusu olan 25 manat dəyərində əl çantasını dartıb alıb digər qrup üzvü Təqsirləndirilən şəxs2 verərək açıq talayıb birlikdə hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs ümumulikdə 300 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublkkası CM-nin 180.2.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2009-cu ildən ayrı-ayrı vaxtlarda narkotik vasitəni istifadəsi ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı məhəllədə olan zaman tanımadığı orta boylu cavan bir oğlanın məhəlləyə gəlib telefonla danışaraq sağa-sola var gəl etməsini bir müddət müşahidə etdikdən sonra belə nəticəyə gəlmişdir ki, həmin şəxs narkotik satışı ilə məşğul olur. Az sonra tanışı Sahil gəlmiş, O Sahilə baş verənlər barədə danışıb bir qədər əvvəl məhəllədən çıxan oğlanın narkotik satışı ilə məşğul olduğunu, çiynindən asdığı çantanın içərisində narkotik olmasını söyləyib təklif etmişdir ki, həmin şəxsi izləyib çiynindən asdığı çantanı ələ keçirsinlər. Bundan sonra həmin oğlanın arxasınca irəlidə özü, arxası ilə Sahil, məhəllədən çıxıb Babək körpüsü istiqamətinə yollanmışlar. Yolda kafedə əyləşən Ramini görüb yolüstü məqsədlərini söyləyib onlar ilə getməsini təklif etmişlər. Körpünün altındakı keçiddən çıxan zaman görmüşdür ki, həmin oğlan Babək prospektində yerləşən “Yağmur” mebel salonunun qarşısında dayanıb. Həmin oğlanın narkotik satışı ilə məşğul olmasına artıq onda şübhə qalmamışdır. O, Sahil və Ramin ilə sonradan istintaq zamanı adını bildiyi İlkinə yaxınlaşıb çantasını açmasını və narkotik satışı ilə məşğul olub-olmadığını soruşmuşlar. İlkin onlara elə bir işlə məşğul olmadığını bildirmişdir. Həmin vaxt İlkin yol ilə gedən bir avtomobilə əl etmiş, avtomobil saxlayan kimi əyləşib yola düşmək istəmişdir. O və Sahil sürücüyə yaxınlaşıb götürdüyü müştərinin çantasında narkotik vasitə olduğunu bildirmişlər. Sürücü qorxub İlkinə avtomobildən düşməsini xahiş etmişdir. İlkin avtomobildən düşüb piyada yoluna davam edən zaman, Sahil İlkinin əlindən çantanı almaq istəmiş, lakin İlkin geri çəkilib buna imkan verməmişdir. Həmin vaxt o İlkinə arxadan yaxınlaşıb belindən asdığı əl çantasını dartan zaman, çantanın kəməri qırılmış və o çantanı ələ keçirib Sahilə tərəf tullamışdır. Sahil çantanı havada tutan kimi hər ikisi məhəllə istiqamətinə qaçmışlar. Sahil məhəlləyə ondan əvvəl çatmışdır. O özünü Sahilə yetirən zaman görmüşdür ki, Sahil çantanın içərisinə baxır. Sahil söyləmişdir ki, çantanın içərisində narkotik tapmayıb, yalnız qəpiklər, 10 və 20 manatlıq əksinaz, 4-5 elektron kart, şəxsiyyət vəsiqəsi və avtomobilləri parklayan şəxslərin geyindiyi uniforma vardır. Çantanı ələ keçirməkdə məqsədinin soyğunçuluq etmək deyil, narkotik vasitə əldə etmək olduğunu qeyd edərək, hal-hazırda zərərçəkmişə dəymiş zərərin ödənildiyini, onlardan şikayət və tələbinin olmadığnı bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01:15 radələrində o Nizami rayonu, Babək körpüsü yaxınlığında yerləşən kafelərin birində pivə içib evinə gedən zaman əvvəllər tanıdığı Niyaməddin adlı şəxslə rastlaşmışdır. O Niyaməddindən hara getdiyini soruşanda, demişdir ki, bir şəxs Niyaməddinin yaşadığı məhəllədə narkotik gizlətmək istəmişdir, Niyaməddini görüb fikrindən daşınmış və məhəllədən çıxmışdır. Hal-hazırda Sahil ilə həmin şəxsi saxlayıb əlindəki narkotiki almaq istəyirlər. Niyaməddinin yanında olan oğlan, sonradan istintaq zamanı adını bildiyi Sahil körpünün altındakı keçidindən çıxan zaman irəlidə gedən bir nəfəri səsləmişdir. O başa düşmüşdür ki, Sahil həmin şəxsi çağırır. Həmin vaxt sonradan istiintaq zamanı adını bildiyi İlkin onlardan yaxasını qurtarmaq üçün yol ilə gedən bir avtomobilə əl edib saxlatmışdır. İlkin avtomobilə əyləşib qapısını bağlamaq istəyən zaman Niyaməddin və Sahil avtomobilin sürücüsünə İlkinin üzərində narkotik olduğunu demişlər. Bunu eşidən sürücü onu maşından düşürtmüş və oradan uzaqlaşmışdır. Həmin vaxt o görmüşdür ki, Niyaməddin əli ilə İlkinin çiynindən asdığı çantanın dartmış və ələ keçirib çantanı Sahilə ötürmüşdür. Sonra Niyaməddin və Sahil gəldikləri istiqamətə qaçıb hadisə yerindən uzaqlaşmışlar. Baş vermiş hadisədə onun təqsirinin olmadığını, zərərçəkmişə dəymiş zərərin ödənildiyini, onlardan şikayət və tələbinini olmamasını nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik maddə aludəçisidir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Raminlə zəngləşib Niyaməddinin yaşadığı məhəllədə görüşmüşlər. Raminlə məhəllədə yerləşən kafedə əyləşib çay içmək istəyərkən Niyaməddin tələsik gəlmiş və söyləmişdir ki, üzərində narkotik maddə olan bir nəfər şəxsin arxası ilə getmək lazımdır. O da Ramin ilə bir yerdə Niyaməddinə qoşulub həmin şəxsin arxası ilə getmişlər. O Niyaməddinin arxası ilə Babək körpüsünün altındakı keçiddən çıxan zaman əvvəllər tanımadığı, çiynindən əl çantası asmış bir oğlanın yol ilə getdiyini görmüşdür. Niyaməddin həmin oğlanının, barəsində danışdığı şəxs olduğunu demişdir. Onun məqsədi Niyaməddinlə bir yerdə narkotik əldə etmək olmuşdur, bu səbəbdən də onlar həmin oğlanı saxlayıb üzərindəki narkotiki ələ keçirmək qərarına gəlmişlər. Sonradan istintaq zamanı adını bildiyi İlkin onlardan yayınmaq üçün yol ilə gedən bir avtomobilə əl edib saxlatmış, avtomobilə əyləşib qapısını bağlamaq istəyən zaman, o sürücüyə avtomobilə gütürdüyü şəxsin üzərində narkotik maddə olduğunu bildirmişdir. Həmin vaxt sürücü İlkindən şübhələnib sonuncunu avtomobildən düşürtmüş və ordan uzaqlaşmışdır. Bundan sonra İlkin piyada yoluna davam etmişdir. Həmin vaxt Ramin İlkinin qarşısına keçib dayanmasını tələb etmiş, eyni vaxtda Niyaməddin İlkinə arxadan yaxınlaşıb çiynindən asdığı çantanı dartıb kəmərini qıraraq ələ keçirmiş və ona tərəf tullamışdır. O çantanı havada tutub Niyaməddinlə “Maşın bazarı” istiqamətinə, oradan da birbaşa Niyaməddinin yaşadığı məhəlləyə keçmişlər. Niyaməddinlə bir yerdə çantanı açıb içərisinə baxan zaman çantanın içərisində 30 manat nağd pul, bir-neçə elektron kart, şəxsiyyət vəsiqəsi, sadə mobil telefon, qulaqcıq aşkar etmişdir. Çantanı ələ keçirməkdə məqsədinin soyğunçuluq etmək deyil, narkotik vasitə əldə etmək olduğunu qeyd edərək, hal-hazırda zərərçəkmişə dəymiş zərərin ödənildiyini, onlardan şikayət və tələbinin olmadığnı bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 00:45 radələrində işdən çıxıb evinə getmək məqsədilə taksi ilə “Maşın Bazarı” adlanan yerə gəlmiş, orada avtobus işləmədiyi üçün piyada yol ilə gedib avtomobil yolunun əks tərəfinə, metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətinə keçib oradan taksi ilə evinə getmək qərarına gəlmişdir. O metroya gedən piyada yolunu dəqiq tanımadığı üçün məhəllənin çıxışını tapa bilməmiş və bu səbəbdən geri qayıtmışdır. Sonra məhəllədən çıxıb Babək körpüsünün alt hissəsində olan keçiddən keçərək piyada yoluna davam etmişdir. Həmin vaxt tamımadığı bir nəfərin ona səsləndiyini eşitmişdir. O orta boylu 30-35 yaşında olan həmin şəxsin tək olmadığını, yanında tanımadığı iki nəfərin, biri saqqallı və nisbətən hündür boylu, əynində şortik olan şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər ona yaxınlaşan zaman, orta boylu olanı ondan binanın həyətinə keçiməsini tələb etmişdir. O həmin şəxsə etiraz etmiş və demişdir ki, nə sözləri varsa desinlər, sonra yoluna davam etmişdir. Həmin vaxt saqqallı olan, sonradan istintaq zamanı adının “Ramin” olduğu müəyyən edilən şəxs onun qolundan tutub binanın həyətinə getməyi tələb etmişdir. Orta boylu olan, sonradan istintaq zamanı adını bildiyi Sahil binanın həyətinə keçməsini, yoxsa bıçaqla vuracağı barədə ona hədə-qorxu gəlmişdir. Həmin vaxt o yaxasını həmin şəxslərdən qurtarmaq üçün yol ilə keçən avtomobillərdən birinə əli edib saxlatmış və avtomobilin qapısını açıb əyləşmişdir. Avtomobil hərəkət etməyə başlayan zaman Ramin avtomobilin qarşısını kəsmiş, Sahil sürücüyə yaxınlaşıb onun üzərində narkotik olmasını söyləyib avtomobilə götürməməsini demişdir. Bu səbəbdən sürücü tərəddüd edib ondan xahiş etmişdir ki, avtomobildən düşsün. O, avtomobildən düşüb yenidən piyada yoluna davam edən zaman Ramin onun qarşısını kəsmiş, həmin vaxt əynində şortik olan, istintaq zamanı adını bildiyi Niyaməddin arxa tərəfindən yaxınlaşıb onun belindən asdığı içərisində pul, sənəd, kartlar və şəxsi əşyaları olan əl çantasını dartıb kəmərini qıraraq ələ keçirmişdir. O çantasını geri almaq istəyən zaman Niyaməddin çantanı Sahilə tullamış, Sahil çantanı havada tutaraq Niyaməddinlə bir yerdə “Maşın bazarı” istiqamətinə qaçmışlar. Həmin vaxt Ramin əks istiqamətə getmişdir. O çantasını geri qaytarmaq üçün Sahil və Niyaməddinin arxaları ilə bir qədər gedib çantanı qaytarmalarını tələb etmişdir. Lakin Sahil və Niyaməddin ona məhəl verməyib qaçıb ordan uzaqlaşmışlar. Baş vermiş hadisə nəticəsində götürülmüş əşyalarının olduğu əl çantasının ona qaytarıldığını, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, onlarla barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi materiallarında olan TŞ5-36 və TŞ5-84 saylı müşahidə kameralarının xx.xx.2022-ci il tarixdə saat 01:55-dən 02:10-dək görüntülərin olduğu 1 ədəd CD diskdəki videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:58 radələrində 3 nəfər şəxsin, o cümlədən birinin əynində qısa şalvar, digəri əlində işlək vəziyyətdə mobil telefon və başqa birisinin Babək prospekti ilə avtomobil yolu ilə Maşın Bazarından M.Hadi küçəsi istiqamətinə piyada getməsi, M.Hadi küçəsinə az qalmış orada onların bir nəfərlə mübahisə etmələri, həmin vaxt markası və qeydiyyat nişanı məlum olmayan avtomobilin dayanması, saat 02:01 radələrində həmin yerdən bir qədər əvvəl bir yerdə gedən 3 nəfərdən ikisinin, o cümlədən birinin əlində çanta və əynində qısa şalvar olanın Maşın Bazarı istiqamətinə qaçmaları müəyyən edildi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 9/6057 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Fly” markalı, ”FF 188” model qara rəngl mobil telefonun orta bazar qiyməti hazırkı arxa korpusu zədəli vəziyyətdə 15 manat, zədəlməmişdən əvvəl normal vəziyyətdə 30 manat, bir ədəd “Baseus” yazısı olan 250mA, 400mAh, qara rəngli qulaqcığın dəyəri 20manat, 1 ədəd “Guard” yazısı olan çoxcibli pul kisəsi 20 manat, 1 ədəd qara qızılı rəngli təsbeh -10 manat, 01 ədəd Çin istehsalı “Nokia” markalı “AC-18E” model qara rəngli telefon enerji qidalandırıcısı- 5 manat, 1 ədəd 17x30 sm ölçüdə qara rəngli cibli əl çantasının orta bazar qiyməti 10 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı elan edilmiş ittihamda özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs3. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxslərə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, X3 Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ARsı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası PX-in 5 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş 05 dekabr 2022-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın 2.4-cü bəndinə əsasən cəzadan azad olunub. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın 7-ci bəndi ilə əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslər üzərində məhkumluğun götürülməsi müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs3 üzərindən məhkumluq götürülükdən sonra hazırkı cinayəti törətmişdir. CM-nin 18.4.3-cü maddəsinə əsasən ödənilmiş və götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs1 Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Azərbaycan Respublikası ƏN PX 16 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə müəssisədən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR-sı CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 AR-sı CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin 01 iyul 2019-cu il tarixli hökmü üzrə onun barəsində olan şərti məhkum etmə ləğv edilmiş, AR-sı CM-nin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. AR-sı ƏN PX-in 14 saylı X5 Müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2021-ci il tarixdən müəssisədə cəza çəkmiş məhkum Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə cinayət hadisəsi törətdiyi üçün Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, tutulduğu vaxt, yəni xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan cəzası 07 ay 15 gün təşkil etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin məhkumluqlar ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs2 hazırkı cinayəti əvvəlki hökmlə cəza çəkdiyi müddətdə törətdiyi üçün ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, zərərçəkmişə vurulmuş ziyan ödənilmişdir, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəmir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əleyhinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəməməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 münasibətdə yuxarıda qeyd edilən təhlükəli residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs3 barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış cinayət hadisəsini əks etdirən videogörüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, maddi sübut olan 1 ədəd “Fly”markalı mobil telefon, 1 ədəd “Baseus” yazısı olan qulaqcıq, 1 ədəd “Guard” yazısı olan çoxcibli pul kisəsi, 1 ədəd qara-qızılı rəngli təsbeh, 1 ədəd Çin istehsalı “Nokia”markalı telefon enerji qidalandırıcısı, 01 ədəd 17x30sm ölçüdə əl çantası Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il 08 ay (dörd il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 07 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq, 05 il müddətinə (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd “Fly”markalı mobil telefon, 1 ədəd “Baseus” yazısı olan qulaqcıq, 1 ədəd “Guard” yazısı olan çoxcibli pul kisəsi, 1 ədəd qara-qızılı rəngli təsbeh, 1 ədəd Çin istehsalı “Nokia”markalı telefon enerji qidalandırıcısı, 01 ədəd 17x30sm ölçüdə əl çantası Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, cinayət hadisəsini əks etdirən videogörüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 manat (əlli manat) müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilmək üçün 332 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 332 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 332 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar