Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-60/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1976-cı il tarixdə Ağdaş rayonunun Pirəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qarayev küçəsi ev 5Q-də yaşayan, 05 avqust 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 20 sentyabr 2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla həbsdən azad edilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 31 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında avtomobil yolunun kənarında onunla birlikdə həmin ünvanda taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ilə bir gün əvvəl onun müştəriləri ucuz qiymətə aparması səbəbindən aralarında baş vermiş sözlü mübahisə zamanı guya Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək sonuncu ilə mübahisə edib üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısının 1 ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 1 ədəd, qarnın yuxarı şöbəsinin ön divarının 1 ədəd, ümumilikdə 3 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş, sol bazunun arxa-bayır səthinin 1 ədəd, sol əlin V əl-daraq sümüyü proyeksiyasının arxa-bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, qara rəngli **-BP-*** qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobillə “Koroğlu” metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur. Orada dayanan taksilərlə növbəli şəkildə “Koroğlu” metrostansiyasından “28 May” metrostansiyasına müştəri aparıb oradan da müştəri götürərək geri qayıdırlar. Təxminən 1 ildir ki, onun kimi taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs tanıyır. Orxanla normal münasibəti olmuşdur, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 30 iyul 2023-cü il tarixdə Nizami rayonu, Heydər Əliyev prospektinin üzü Nərimanov rayonu istiqamətində dayanıb müştəri gözləyərkən Orxanla müştəri üstündə sözlü mübahisələri olmuşdur. Belə ki, o, eyni ünvana, başqa taksilərə nisbətən müştəriləri daha ucuz qiymətə aparmışdır. Mübahisə zamanı Orxan onun ailə üzvlərinin təhqir etsə də, o, Orxana həmin gün heç bir söz deməmişdir. Səhəri gün, yəni 31 iyul 2023-ci il tarixdə saat 21 radələrində Nərimanov rayonu ərazisində yerləşən kafelərin birində yemək yeyərək, spirtli içki içmişdir. Bundan sonra yaşadığı evə gedə bilməyi üçün “Koroğlu” metrostansiyası yaxınlığında üzü Nərimanov rayonu istiqamətində avtomobillərini saxlayan taksi tanışlarının yanına getmişdir. Ora çatdıqda Orxanı Səfa adlı digər taksi sürücüsü ilə söhbət edən görmüşdür. Orxanı gördükdə, bir gün əvvəl onu söydüyü yadına düşmüşdür. Orxanı qorxutmaq üçün cibində olan dırnaqtutanı çıxardaraq onun bıçaq hissəsini açıb Orxanın üstünə hücum etmiş, onun qoluna və qarın nahiyyəsinə bir neçə zərbə vurmuşdur. Orxan zərbədən geri çəkilərək qaçmağa başladıqda, onu qorxutmaq üçün arxası ilə qaçaraq, “qaç get həkimə, dua elə ki, səni öldürmürəm” demişdir. Orxan kök olduğundan arxasında qaçıb asanlıqda ona çatsa da, yaxınlaşmadan qorxutmuşdur. Ancaq Orxana yenidən xəsarət yetirmək fikri olmamışdır. Daha sonra Orxanı bıçaqladığına görə qorxub hadisə yerindən qaçaraq metroya düşüb oradan uzaqlaşmışdır. Orxana xəsarət yetirdikdən sonra etdiyi hərəkətdən peşman olmuşdur. Hadisə vaxtı içkili olmasaydı, Orxana qarşı həmin hərəkəti etməzdi. Hadisədən sonra tutulmaqdan qorxduğu üçün müxtəlif ünvanlarda gündəlik evlərdə qalmışdır. 05 avqust 2023-cü il tarixdə polis əməkdaşları onun istifadə etdiyi mobil nömrəyə zəng edib onu 23-cü polis bölməsinə çağırmışlar. Bundan sonra 23-cü polis bölməsinə gedib özünü təqdim etmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Orxana dırnaqtutanın acılan bıçaq hissəsi ilə xəsarət yetirmişdir, hadisədən sonra həmin dırnaqtutanı yadında qalmayan yerə tullamışdır. Hadisə vaxtı Orxan onu vurmamış və xəsarət yetirməmişdir. Hadisə təxminən 5 dəqiqə içərisində olmuşdur. Hadisə vaxtı ətrafda piyadalar və avtomobil sürücüləri olsa da, onlara yaxınlaşan və onları aralaşdıran olmamışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəmişdir, zərərçəkmiş şəxs onunla barışmışdır. Törətdiyi əməllərdən səmimi peşmandır. Qeyd olunanları və yaşlı atasına baxdığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 5 ildir ki, Nizami rayonu, H.Əliyev prospektində “Koroğlu” metrostansiyası yaxınlığında **-LA-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki tanıyır. Elşən də onun dayandığı yerdə dayanaraq kirayə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Elşənlə normal münasibəti olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Onlar növbəli şəkildə müştəri yığıb “Koroğlu” metrostansiyasından “28 May” metrostansiyasına aparıb oradan da müştəri yığaraq “Koroğlu” metrostansiyasına gətirirlər. İşlədikləri müddətdə Elşən hər dəfə növbəni pozmuş və müştəriləri onlardan aşağı qiymətə aparmışdır. Hadisədən təxminən 4-5 gün əvvəl bir də növbəni pozduğu təqdirdə onunla mübahisələri olacağı və dalaşacağı barədə Elşənə xəbərdarlıq etmişdir. Elşən də onunla razılaşmış və başqa bir söz deməmişdir. 31 iyul 2023-cü il tarixdə saat 22 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında üzü Nərimanov rayonu istiqamətində özünə məxsus avtomobili saxlayıb taksi yoldaşı Səfa ilə söhbət etmişdir. Birdən Elşənin yanlarında dayandığını görmüşdür. Sərxoş olan Elşən onlarla salamlaşdıqdan sonra, ona “o gün nə söyüş söydün” deyə soruşmuşdur. O da Elşənə cavab vermək istəyəndə Elşən əlində olan pivə butulkasını yerə atmış, həmin vaxt Elşənin sağ əlində hansısa dəmir parçasını görmüşdür. Lakin bıçaq və ya başqa bir alətin olduğunu dəqiq deyə bilmir. Elşən əlində olan həmin bıçaqla əvvəlcə onun sol əlindən vurmuşdur. O, hadisənin şokundan geriyə, avtomobil yoluna tərəf çəkilmişdir. Elşən də onun üstünə cumaraq bıçaqla qarnına və belinə bir neçə zərbə vurmuşdur. Həmin vaxt əlində olan özünə məxsus “Honor X8” markalı mobil telefonu yerə düşərək qırılmışdır. Daha sonra Elşən ona daha çox xəsarət yetirməsin deyə qaçmağa başlamışdır. Elşən də onun arxası ilə qaçaraq “sən qaç get xəstəxanaya canını qurtar, dua elə ki, səni öldürmürəm” demişdir. Bundan sonra Elşənin hara getdiyini görməmişdir. Orada olan taksi yoldaşı Səfanın avtomobilinə oturub onunla birlikdə Sabunçu rayon xəstəxanasına getmişdir. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə təxminən 5 dəqiqə içərisində olmuşdur, həmin vaxt o, Elşənə söyüş söyməmiş, nalayiq ifadə işlətməmişdir. Hadisə vaxtı ətrafda piyadalar və avtomobil sürücüləri olsa da, onlara yaxınlaşan və onları aralaşdıran olmamışdır. Etdiyi hərəkətə baxmayaraq, hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bağıyev Safəddin Rayon oğlu ifadəsində göstərmişdir ki, o, 4 ildir ki, Nizami rayonu, H.Əliyev prospektində “Koroğlu” metrostansiyası yaxınlığında “Toyota Corolla” markalı **-KG-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. Zərərçəkmiş şəxs və X1 təxminən 4 ildir ki, tanıyır, onların hər ikisi onun dayandığı yerdə dayanaraq avtomobillə taksiçilik edirlər. Hər ikisi ilə normal münasibəti vardır. Onlar işdə növbəli şəkildə müştəri yığıb “Koroğlu” metrostansiyasından “28 May” metrostansiyasına aparır, oradan da müştəri yığıb “Koroğlu” metrostansiyasına gətirirlər. 31 iyul 2023-cü il tarixdə saat 22 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında üzü Nərimanov rayonu istiqamətində o və Orxan idarə etdikləri avtomobilləri saxlayıb dayanaraq söhbət etmişlər. Birdən Elşənin yanlarında dayandığını görmüşlər. Elşən onlarla salamlaşdıqdan sonra “o gün nə söyüş söydün” deyə Orxandan soruşmuşdur. Elşənin davranışından sərxoş olduğu hiss edilmişdir. O, Orxanla Elşənin arasında nə baş verdiyindən məlumatsız olmuşdur. Orxan cavab olaraq onu söymədiyini, sadəcə olaraq onun düzgün hərəkət etmədiyini Elşənə bildirmişdir. Elşən səhv nə etdiyini soruşduqda, Orxan onun növbəsiz müştəri yığıb ucuz qiymətə aparmağının düzgün olmadığını bildirmişdir. Elşən də Orxanın onu söyməyə haqqı olmadığını demişdir. Orxan Elşəni yox, bir daha bu hərəkəti edəni söydüyünü dedikdən sonra, Elşən anidən əlində olan içki butulkasını yerə atmış, sonra isə əlində olan bıçaqla Orxana zərbə vurmağa başlamışdır. Orxan geriyə avtomobil yoluna tərəf çəkildikdə Elşən onun üstünə cumaraq əlindəki bıçaqla Orxanın bədəninə bir neçə zərbə vurmuşdur. Bu vaxt Orxanın əlində olan mobil telefon yerə düşmüşdür. Bundan sonra Orxan Elşəndən qorunmaq üçün qaçmağa başladıqda, Elşən də onun arxası ilə qaçaraq “sən qaç get xəstəxanaya canını qurtar, dua elə ki, səni öldürmürəm” demişdir. Bundan sonra Elşənin hara getdiyini görməmişdir. O, Orxanın yaralandığını görüb, tibbi yardım göstərilməsi üçün ona avtomobili ilə xəstəxanaya getməyi təklif etmiş, Orxanı öz avomobili ilə Sabunçu rayon xəstəxanasına aparmışdır. Xəstəxanada müayinə olunduqdan sonra Orxan oradan buraxılmışdır. Mübahisə təxminən 5 dəqiqə içərisində olmuşdur. Hadisə vaxtı orada gəzən piyadalar və avtomobil sürücüləri olmuşlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 31 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-11) - 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİNnin X2 Xidmətindən 25 avqust 2023-cü il tarixli 3-13-3/2-15105/2023 nömrəli məktubla daxil olmuş 01 ədəd DVD diskə baxış zamanı müyyən edilmişdir ki, videogörüntülərin əks olunduğu diskdə “Təhlükəsiz şəhər xidməti”nin Sistemi TŞ 4-100 müşahidə qurğusunun 3cü kamerasının qeydə aldığı videogörüntü olan bir fayl vardır. Diskdə olan TŞ 4-100 adlı fayldakı “Təhlükəsiz şəhər xidməti” sistemi kamerasında qeydə alınmış videogörüntülərə və görüntülərin üst hissəsindəki yazılara baxış zamanı müəyyən edilmişdir ki, diskdəki görüntülər 31 iyul 2023-cü il tarixdə saat 21:29:54-dən saat 21:45-dək olan müddət ərzində ön planda Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektindəki avtomobil yolunda nəqliyyat vasitələrinin intensiv hərəkəti əks olunmuşdur. Görüntünün saat 21:33:48-də yolun sağ kənarına gümüşü rəngli minik avtomobili yanaşaraq dayanır. Həmin avtomobilindən düşən əynində tünd göy rəngli köynək və qara rəngli şalvar olan kök bədən quruluşlu sürücü onun saxladığı avtomobilin qarşısında yol kənarında dayanmış, “Toyota Corolla” markalı 77-KG- 421 qeydiyyat nişanlı avtomobilin açıq yük yerində oturmuş şəxsə yaxınlaşaraq onunla danışır. Görüntünün saat 21:34:45-də avtomobillərin dayandıqları yolun sağ kənarındakı səkidən əlindəki butulkadan içki içən, əynində açıq rəngli köynək və tünd göy rəngli şalvar olan şəxs həmin iki nəfərə yaxınlaşır və gümüşü rəngli avtomobildən düşmüş sürücü ilə danışmağa başlayır. Görüntünün saat 21:37:04-də əlində içki butulkası olan şəxs butulkanı yerə ataraq, sol kənarından çıxardığı bıçağa oxşar predmeti sağ əlinə ötürərək, gümüşü rəngli avtomobildən düşmüş sürücüyə hücum edərək, sağ əlində tutduğu bıçağa oxşar həmin predmetlə onun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurur. Özünü qorumağa çalışan gümüşü rəngli avtomobildən düşmüş sürücü geri hərəkət edərək, avtomobil yolunun hərəkət hissəsinə çıxır və bu zaman əlində olan mobil telefon cihazı əlindən avtomobil yolunun hərəkət hissəsinə düşür. Əlində bıçağa oxşar predmet olan şəxs gümüşü rəngli avtomobildən düşmüş sürücünü təqib etməkdə davam edir və görüntünün 21:37:25-də müşahidə kamerasının görüntü əhatəsindən çıxaraq, götüntünün saat 21:37:39-da yenidən əhatə dairəsinə düşürlər. Həmin vaxt əlində bıçağa oxşar predmet olan şəxs gümüşü rəngli avtomobildən düşmüş sürücünü təqib etməkdə davam etsə də onu tuta bilmir. Görüntünün saat 21:38:00-də gümüşü rəngli avtomobildən düşmüş sürücü həmin avtomobilin sürücü tərəfində onu təqib edən şəxs isə avtomobilin sağ tərəfində dayanaraq sözlü mübahisə edirlər. Görüntünün saat 21:38:33-də gümüşü rəngli avtomobildən düşmüş sürücü avtomobilinin qapılarını bağlayaraq, qabaqda dayanmış avtomobilə minərək oradan uzaqlaşır. Bundan sonra onu təqib edən şəxs də oradan uzaqlaşır. Hadisə vaxtı ətrafda çox sayda şəxslər görünsələr də onlara yaxınlaşan və müdaxilə edən olmur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, gümüşü rəngli avtomobildən düşmüş sürücü o özü, onu təqib edərək, ona əlindəki bıçağa oxşar predmetlə xəsarət yetirən şəxs isə Təqsirləndirilən şəxsdur, bundan başqa hadisə vaxtı yaxınlaşaraq söhbət etdiyi şəxsin adı Səfadır. (i.v. 95) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 18 avqust 2023-cü il tarixli 748 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sağ yarısının 1 ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 1 ədəd, qarnın yuxarı şöbəsinin ön divarının 1 ədəd, ümumilikdə 3 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş, sol bazunun arxa-bayır səthinin 1 ədəd, sol əlin V əl-daraq sümüyü proyeksiyasının arxa-bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Dərəcələrinə görə həm ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 103-105) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli 2212 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli nəcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs prosesual fəaliyyət qabiliyyətlidir, həmçinin öz prosesual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır. (i.v. 106-109) - 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120, 126 və 228.4-cü maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, içərisində baş vermiş hadisənin videogörüntüsünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. (i.v. 112-118) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 9-cu bəndində izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında avtomobil yolunun kənarında baş vermişdir, hadisə zamanı Təqsirləndirilən şəxs onunla birlikdə həmin ünvanda taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ilə bir gün əvvəl onun müştəriləri ucuz qiymətə aparması səbəbindən aralarında baş vermiş sözlü mübahisə zamanı guya Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək sonuncu ilə mübahisə edib üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısının 1 ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 1 ədəd, qarnın yuxarı şöbəsinin ön divarının 1 ədəd, ümumilikdə 3 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş, sol bazunun arxa-bayır səthinin 1 ədəd, sol əlin V əl-daraq sümüyü proyeksiyasının arxabayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Cinayət qanunvericiliyinə görə, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Belə olan halda, məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törətməsi tam təsdiq edilir və təqsirləndirilən şəxsin istinad olunan əməli məhz Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə tövsif edilməli olması Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin anoloji işlərlə bağlı gəldikləri hüquqi nəticələrdə müəyyən olunmuş faktiki hallarla uyğunluq təşkil edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs fərqli olaraq, müdafiəçisinin həmin təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətlərinin olmadığı, hadisə zamanı ictimai qaydanın pozulmadığı, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı söyüş işlətdiyi və onu təhqir etdiyi, belə olan halda əməlin CM-nin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməli olması, zərərçəkmişlə barışıq əldə olunması əsası ilə iş üzrə icraata xitam verilməli olması barədə məhkəmədə etdiyi çıxışla, yuxarıda göstərilənlər baxımından razılaşmayaraq, müdafiə tərəfinin həmin mövqeyini əsassız hesab edir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 35) - 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 05 avqust 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 80-81) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 89-90) - 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. (i.v. 99-101) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 05 avqust 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən 02 fevral 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanıb təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu, həmin tarixdən 02 fevral 2024-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-60/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-60/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver