Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-600/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hal-hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkən, Masallı rayonunun Çaxırlı kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,657 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 13 iyul 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,657 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi aşağıda göstərilən sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixində axşam saatlarında yaşadığı Keşlə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilmiş, polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddə kütləsi aşkarlanmışdır. Şifahi sorğu zamanı o, bükümün içərisindəki maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, qeyd olunan narkotik vasitəni Bakı şəhəri Yasamal rayonu ərazisində metronun “20 Yanvar” stansiyasının yanında tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona heç bir təzyiq göstərilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona nisbətən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi çıxışında ibtidai istintaq və məhkəmə baxışı zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, əməlini etiraf edərək törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını, şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 iyul 2023-cü il tarixdə saat 17:30-da Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Davud Aslan küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsin anket məlumatları barədə şifahi sorğu-sual etdikdə həmin şəxsin narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması şübhə yaratdığı üçün onu Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməyib onlarla birlikdə 23-cü Polis Bölməsinə gəlmişdir. Polis bölməsində həmin şəxsin xx xxxx 1997-ci il təvəllüdlü, Masallı rayonu Çaxırlı kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis bölməsinin inzibati binasında xidməti otaqların birində bütün prosessual qaydalara riayət edilməklə və müdafiə hüququ təmin olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif etmişlər. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 13 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin büküm ekspertiza tədqiqatına göndərilmək üçün qablaşdırılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3836 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №163» dairəvi möhür əksləri, «Təqsirləndirilən şəxs» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,657 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 5680 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 13 iyul 2023-cü il tarixdə saat 17:30-da Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən qeyd olunan hallar təsdiq olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəzanın məqsədləri baxımından ədalətli və qanunauyğun hesab edir. Məhkəmə bu qənaətə gələrkən onu əsas götürür ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətməzdən 21 gün əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, təkrarən hazırkı cinayəti törətmişdir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edərək əməlindən səmimi peşman olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(011)-381/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib şübhəli şəxs qismində tutulduğu 2 gün nəzərə alınmaqla 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 14 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(011)-381/2023 saylı hökmü ilə təyin olunmuş cəzasının 3 ay 4 gününü çəkmiş, cəzanın 1 il 8 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(011)-381/2023 saylı hökmü qanuni qüvvəyə mindiyi gün hazırkı cinayəti törətmişdir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, CM-nin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Buna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67 və 68-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(011)-381/2023 saylı hökmü ilə təyin olunmuş 2 il 1 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 8 ay 22 gün hissəsi yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona qəti cəza təyin edilməli, bu zaman azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq hesablanmaqla 10 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 14 noyabr 2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,607 qram olan psixotrop maddə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(011)-381/2023 saylı hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 08 ay 22 gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə barəsində 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı vaxtdan, yəni 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,607 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-600/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-600/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver