Məhkəmə qərarları › İş №1(007)-600/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-600/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-600/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əfəndiyev Azər İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X10, onun nümayəndəsi – Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili – Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : Xüsusi ittihamçı X13, X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən şikayətin baxılmasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, şikayət onunla əsaslanıdırılır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Lalə Şəfaqətova 29 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin inzibati binasının qarşısında, 12 yanvar 2025-ci il tarixdə qeydiyyatdan keçmiş "X18 Live" (https://azadmediatv.com) youtube kanalının müxbirinə müsahibə verərkən Bakı şəhəri 201 nömrəli məktəbin direktoru Afaq Əliyevanı ağır cinayətdə ittiham etməklə ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları mediada yaymış və mediada onun şərəf və ləyaqətim nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Belə ki, müxbir ilkin olaraq ümumi məlumat verərək bildirmişdir ki, "Afaq Əliyeva nəinki onu, yəni Saleh Məmmədovu işdən uzaqlaşdırılıb, əksinə -işləyən, təhsilə canını qoyan bu müəllimlərin haqqını talayır. Onları təhdid eləyir, belə deyirlər, bu müəllimlərin iddiasıdır ki, onların sabiq olacaq indiki direktorları hansı ki onların haqqında danışanda gərək deyərdirlər ki, sabiq direktor... Amma bu sabiq direktor necəsə, necə olubsa hazırda yenə hazırki direktordur. Lalə Şəfaqətova özünü təqdim edin deyərək, bildirmişdir ki, vaxtilə həm 201 nömrəli orta məktəbdə oxumuşam, hamın məktəbi bitirmişəm, sonra Azərbaycandili Ədəbiyyat müəlliməsi işləyirəm. 23 ilə yaxındır ki. həmin məktəbdə müəllim vəzifəsində işləyirəm. Afaq Əliyeva həmin məktəbə təyin olunandan bəri hər gün stress son həddədir. Hər gün məktəbə gələndə düşünürəm ki, Ay Allah görəsən bu gün nə baş verəcək?! Hansı hadisə baş verəcək, yəni, stress-əsəb içindəyik. Bütün müəllimlər hamı üzərində ürək dərmanları ilə gəlirlər ki. bir şey olan kimi dərmanı içsinlər. Afaq Əliyeva məni məcbur etmişdir, nə zaman? O vaxt ki Svetlana Hüseynova ilə Afaq Əliyeva arasında problem yaranmışdır deyənə, həmin 2023-cü ildə qruplaşma baş verdi. Afaq Əliyevanın yaxınında olanlar , Svetlana Hüseynovanın yanında olanlar... Svetlana Hüseynova üçün mən ona tərəf çıxa bilməzdim. Svetlana ilə salam-kalamımı kəsmədim deyənə başladılar mənim əleyhimə getməyə. Hətta məni iclaslarda, pedoqoji iclaslarda, şurada mənim iştirakıma qoymurdular. Mühafizə polisini çağırmışdılar ki, məni çıxarsınlar, burda xuliqanlıq edir. Yəni, bir müəllimi pedoqoji şurada alçaltmaq onun şərəfini, ləyaqətini ayaqlar altına almaq bir direktora yaraşarmı?! Bu nə dərəcədə doğrudur! Və sonra elə oldu ki, mən tab gətirmədikdən sonra Afaq Əliyevanın dediklərinə tabe oldum. Dedim yaxşı. Getdim şikayətlən geri götürdüm. Və sonra 2024-cü ildə bu mənə dedi ki, get yaxşı fikirləş, sənçün yaxşı olacaq, həmin ərəfədə Svetlana Hüseynova işdən azad olunmuşdur. Dedi ki, 2023cü illərdə Afaq Əliyeva haqqında Keşlə parkının ətrafında Afaq Əliyeva haqqında şəkillər paylanmışdır. Dedi get, deyərsən 03 noyabr hadisəsində. Dedi get, orda onun üzünə durarsan ki, bunu Svetlanin evində görmüsən. X11 ilə bir birimizin evinə gediş-gəlişimiz var idi. Denən sən görmüsən, o da verib ki qohumuna paylayıbdır: Həmin ərəfədə özümü qorumaqdan ötrü onun səs yazılarını yazmağa məcbur oldum, çünki sabahsı günü nətər deyərlər, mənim boynumda qalmasın. Sonra mən ondan imtina edəndə, mənə səhərəsi günü dedi ki səni verəcəm polisə. Guya ki, sən eləmisən. Ama sən deyərsən mən eləməmişəm, Svetlana Hüseynova edib. Axırda yenə günorta gəldim yaxınlaşdım, dedim istəyirsiz dərsimi alın, istəyirsiz töhmət verin, yəni, neynirsiz eliyin də. Amma mən bunu edə bilmərəm, mən polisə yalan məlumat verə bilmərəm, mən qorxuram. O. sabahsı günü gedəcək özünü müdafiə edəcək, sübuta yetirəcək, mən yalançı-böhtançı vəziyyətdə qalacam. Və məni tutacaqlar. Yəni, mən bunu edə bilmərəm Yəni, mən hardasa riskə getmişdim, boynuma götürmüşdüm ki. məhkəmə mən bunu edərəm. Amma mən polisə söz verməmişdim. Amma yenə də elədir, polisə məni şikayət elədi. Nizami rayon Polis İdarəsindən gəlib məni apardılar ki. şikayət olunubdur. Deməli məni, Suraxanı rayon Məhkəməsinin hakiminə Leyla Talıbovanın adma ərizə yazdırmışdılar ki. guya mən orda şahidlik qismində yazmışam, ki, mən bu hadisələrin görmüşəm, eləmişəm. O həmin ərizəni də vermişdilər polisə. Polis dedi ki, sən bunu yazmısan, mən də dedim ki. bunu təzyiq altında yazmışam, qorxumdan yazmışam. Amma mən dedim nə eşitmişəm, nə görmüşəm, nə də bilirəm. Məktəbin 13 nəfəri hələ risk eliyib, halbuki məktəbin texniki işçiləri, xadiməsi, texniki işçisindən tutmuş yuxarı işçisinə kimi sadəcə çəkinirlər Heç kim istəmir onunla işləmək, çox xatalı qadındır. Çox xatalı direktordur, 2025-ci ilin may ayının 223-d& Lalə Şəfəqətova direktor Əliyeva Afaq tərəfindən təhdid edilməsi iddiası ilə Xəzər TV” televiziya kanalının “Xəzər Xəbər” verilişinə müsahibə vermişdir Həmin müsahibə 'Xəzər Xəbər'də yayınlarımaqla, youtube platformasında da paylaşılmışdır. Belə ki, o müsahibəsində “hamı çörəyindən olmamaqdan ötəri bu , yəni Afaq Əliyeva nə deyir, o da deyilənləri etməyə məcbur oldular ifadəsini bildirib. Jurnalist bildirmişdir ki, Lalə Şəfəqətova məktəbin keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməsini tələb edib. Müəllim yəni Lalə Şəfəqətova buna etiraz etdiyi üçün Afaq Əliyeva onu hədələyib. Belə ki, X16 Əliyevanın səs yazısını təqdim etmişdir. Afaq Əliyeva işdən çıxan məktəbin direktor müavini Hüseynova Svetlana ilə aralarında şəxsi problemləri olub. Digər müəllimləridə bu münaqişəyə cəlb edib. Direktor bütün müəllimlərə Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etmələri üçün təzyiq edib. Daha sonra müsahibəsində Lalə Şəfəqətova bildirmişdir ki, müəllimlərdə mənim kimi, işindən olmamaları üçün, bizə qədər 4 nəfər 70 Ç bəndi ilə işdən çıxartdılar, hər birimizin gözündə də bir forma yarandı ki, çörəklərindən olmamaq üçün. Bu nə deyir, onlarda onu edir. Bizdə dedik ki, bunu ancaq ictimailləşdirməliyik. Bakı şəhəri Nizami rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas ilham Xankişiyevin qəbul etdiyi 21 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, 201 nömrəli tam orta məktəbin sabiq direktor müavini X1 və digərlərinin 201 nömrəli tam orta məktəbin direktoru X13 tərəfindən məktəbin müəllimi X3 yalan ifadə verməyə məcbur edilməsi barədə, Afaq Əliyevanın isə Svetlana Hüseynova, həmin məktəbin müəllimləri-Lalə Şəfaqatova və Cəmalə Əsgərova tərəfindən məhkəməyə və məktəbə saxta tibbi sənədlər təqdim edilməsi barədə müraciətləri vahid icraatda birləşdirilərək toplanmış material üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılmışdır. Həmin qərara əsasən, toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, 201 nömrəli tam orta məktəbin müəlllimləri- X5 və X3 27 nömrəli poliklinikasından aldıqları xəstəlik vərəqələrinin saxta olmasını təkzib edən Binəqədi rayon prokurorluğunmun xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı nəzərə alınmışdır. Bununla, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Lalə Şəfəqətova 201 nömrəli məktəbin direktoru Afaq Əliyevanı ağır cinayətdə, yəni CM-nin 311.2-ci maddəsində nəzərdə tutulan rüşvət alma, CM-nin 308.2-ci maddəsində nəzərdə tutlan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə cinayətlərində ittiham etməklə ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları mediada yaymış, bununla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin! 147.2-ci maddəsində və mediada onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla, yəni məktəbin direktoru Afaq Əliyevanı müəllimləri təhdid etməsi, pedeqoji şurada onun şərəfini, ləyaqətini ayaqlar altına ataraq alçaltması, direktorun bütün müəllimlərə Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etmələri üçün təzyiq etməsi barədə heç bir əsası olmayan iftiralarla inu təhqir etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Lalə Şəfəqətova göstərilən cinayət əməllərini törətməsi şikayətə əlavə edilən disk yazısı ilə tam təsdiq edilir. Qeyd olunanlardan əlavə cavabdeh X7 qruplaşdığı müəllimlərlə 28 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinə ərizə ünvanlamışdır. X7 və qruplaşdığı müəllimlər həmin ərizədə bildirmişlər ki, “2022-ci ilin yanvar ayından məktəbimizə yeni direktor vəzifəsinə təyin olunmuş Afaq Əliyeva gəldiyi gündən 30 ildən artıq mehriban şəraitdə işləyən kollektiv arasında nifaq salmağa başladı. Müəllimləri bir-birinə qarşı nifrət bəsləmə sövq etdi. Müəllimləri dərs zamanı təlim adı ilə yığaraq dərsləri boş keçirilməsinə şərait yaradırdı. Bunun nəticəsində Keşlə qəsəbəsində yaşayan bir çox valideynlər bezərək uşaqlarını məktəbdən çıxararaq başqa məktəblərə aparırlar. Keçmiş direktor vəzifəsində işləyən Süsən Salmanovanın vaxtında Respublikada böyük tədbirləri ilə tanınan, birinci sinfə qəbul olunan 5-6 sinif komplekti yığıldığı halda hazırkı məktəbin direktorunun diktator, qeyri-pedaqoji fəaliyyəti nəticəsində 2 sinif komplekti yığıla bilmir. İki ilə yaxındır ki, 30-dan çox müəllimləri bütün günü məhkəmələrə apararaq əziyyət verir, getməyən müəllimləri isə dərs saatları ilə təhdid edir. Pedaqoji şura adı ilə keçirmək istədiyi iclası həmkarların iclasına çevirib müəllimlərin qanunsuz olaraq əmək müqaviləsinə xitam verməklə səsvermə olmadığı halda qanunsuz qərarlar çıxarırdılar. Son hadisələr onu sübut edirki, 20-25 mayda sosial şəbəklərdə, internet kanallarında, Space va Xəzər TV-də paylaşılan materiallar bizim səbr kasamızı daşdırdı. Məktəbin müəllimi Lalə Şəfəqətovanı təhdid və şantaj edərək S.Hüseynovanın üzünə durmağı məcbur və təhrik etməsi, Lalə müəllimənin dözməyərək ağlaması biz çox pis təsir etmişdir. Biz görürük ki, bu hadisə hər birimizin başına diktator direktor Afaq Əliyeva tərəfindən gətirilə bilər. Bu kriminal xarakterli şəxsin direktor vəzifəsində işləməsi təhsili məhv etmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirik ki, Afaq Əliyevanın tez bir zamanda məktəbdən uzaqlaşdırılmasında, kollektivdə yeni abu-hava yaradılmasında biz kollektivə yaxından köməklik edəsiniz. Əks halda kollektiv olaraq dərslərə girməyəcək, təhsili yarımçıq qoyacayıq. Bu yazılanları biz müəllimlər öz imzamızla təsdiq edirik”. Göründüyü kimi, bu müraciətdə də cavabdeh X7 mülki iddiaçı Afaq Əliyevanın şərəf və ləyaqətini, habelə onun işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatları müraciətə daxil etmiş, onu “diktator və kriminal" adlandıraraq təhqir etmişdir. Hazırkı iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Lalə Şəfaqətovanın 29 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin inzibati binasının qarşısında, "X18 Live”ın (https://azadmediatv.com) müxbirinə verdiyi müsahibə həmin tarixdə youtube kanalında kütləvi nümayiş etdirilmişdir. “Youtube” kanalı xaricdə qeydiyyata alındığından hazırkı xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymış Lalə Şəfəqətova axırıncı yaşayış yeri üzrə Bakı şəhəri Nizami ravon məhkəməsində baxılmalıdır. Qanunvericiliyin bu tələbləri baxımından zərərçəkmiş şəxs X10 şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən Azərbaycan Respublikasının təhsil sistemində rolu və fəaliyyəti nəzərə alınmalıdır. Belə ki, Afaq Əliyeva onlarla təhsil layihəsinin rəhbəri, 2 kitab, 3 metodik vəsaitin və 25 elmi məqalənin müəllifidir. 2014-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Qiymətləndirmə üzrə məsləhətçisi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ictimai təşəbbüslərin dəstəklənməsi layihə müsabiqəsində 2013-cü ildə 2 qalib layihənin, 2014-cü ildə 1 qalib layihənin rəhbəri və müəllifi, 2020, 2021, 2022-ci illərdə layihə eksperti, 2023cü ildə layihə rəhbəri, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Prezident mükafatçısı, həmçinin “İnnovativ müəllimlər” müsabiqəsinin qalibi olmuşdur. Beləliklə, Lalə Şəfəqətovanın hərəkətləri nəticəsində Afaq Əliyevanın nüfuzuna xələl gətirilmiş, həmçinin ona mənəvi zərər vurulmuşdur. Odur ki, cavabdeh Lalə Şəfəqətova mülki iddiaçı X8 yazılı şəkildə “Hörmətli, Afaq xanım, törətdiyim hərəkətlər nəticəsində sizin şərəf və ləyaqətinizin alçalmasına və mənəvi sarsıntı keçirərək iztirab çəkməyinizə səbəb olduğum üçün sizdən üzr istəyirəm. Xahiş edirəm ki, məni bağışlayın", kimi ifadə olunmuş qaydada üzr istəməsinə, cavabdeh tərəfindən verilmiş məlumatların təkzib olunmasına, cavabdeh Lalə Şəfəqətova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsində mülki iddianın təmin edilərək ona vurulmuş mənəvi ziyan hesabına 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumu 50 (əlli) manat pulun cavabdeh Lalə Şəfəqətovadan alınaraq ona ödənilməsini barədə mülki iddia sənədləri şikayətə əlavə olunur. Sonda xx.xx.1980-ci il təvəllüdlü, Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilib, CM-nin 147.2-ci maddəsi ilə 3 il müddətinə, CM-nin 148-ci maddəsi ilə 6 ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X13 və onun nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etdilər. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 vəsatət verərək bildirdi ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Bu səbəbdən şikayətin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi şikayətin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 67.4-cü maddəsinə əsasən, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yuridiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və ya digər materiallar aiddir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 29 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin inzibati binasının qarşısında müsahibə verdiyi “X18 Live” “Youtube” kanalı xaricdə qeydiyyata alındığından hazırkı xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları kütləvi informasiya vasitəsində yaymaqda ittiahm olunan X2 axırıncı yaşayış yeri üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nizami rayon məhkəməsində baxılmalıdır. X9 isə ünvan 2 ünvanında qeydiyyatdadır. Buna görə də hazırki xüsusi ittiham qaydasında şikayətə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; CPM-in 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xərai Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 02 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 22 manat (2x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xərai Rayon Məhkəməsinə göndərilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə icraatı dövründə 02 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 22 (iyirmi iki) manat əmək haqqı Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar