Məhkəmə qərarları › İş №1(007)-601/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-601/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-601/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 23,33 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun yaşadığı mənzilə baxış keçirilməsi məqsədilə Nizami Rayon Məhkəməsindən alınmış xx.xx.2025-ci il tarixli 5(007)-528/2025 nömrəli qərarının icrası ilə əlaqədar Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyun 2025-ci il tarixdə saat 16:37-də ünvan 2 ünvanının qarşısında şübhəli kimi saxlanılaraq yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman evin mətbəxindəki soyuducudan ayrı-ayrı bükümlərə bölərək satış üçün hazırladığı 1 ədəd sellofan torbada xeyli miqdarda təmiz çəkisi 8,74 qram, 1 ədəd göy rəngli plastik qabda 35 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,34 qram; 0,39 qram; 0,41 qram; 0,38 qram; 0,37 qram; 0,38 qram; 0,44 qram; 0,46 qram; 0,45 qram; 0,37 qram; 0,44 qram; 0,43 qram; 0,43 qram; 0,50 qram; 0,35 qram; 0,42 qram; 0,43 qram; 0,46 qram; 0,36 qram; 0,46 qram; 0,46qram; 0,44 qram;0,38 qram; 0,42 qram; 0,45 qram; 0,43 qram; 0,37 qram; 0,45 qram; 0,40 qram; 0,39 qram; 0,39 qram; 0,43 qram; 0,52 qram; 0,38 qram; 0,41 qram, ümumi təmiz çəkisi xeyli miqdarda 14,59 qram cəmi 1 Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü narkotik vasitələrdən istifadə edir. Lakin, narkotik vasitələrin satışı ilə məşğul olmur, özü istifadə etmək üçün həmin narkotik vasitəni saxlamışdır. Belə ki, həmin narkotik vasitəni o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində mağazadan yaşadığı ünvana gedən zaman yolun kənarında yerdə ikiqat şəffaf selofana bükülmüş vəziyyətdə tapmış, istifadə etmək məqsədilə götürüb evə aparmış, soyuducuda saxlamışdır. Həmin narkotik vasitəni tapdığı tarix dəqiq yadında deyil, həmçinin narkotik vasitənin hansı miqdarda olmasını bilməmiş, onun çəkisini çəkməmişdir. Təxminən 10 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, mənzilinə baxış keçirilmiş, lakin narkotik vasitələr onun yanında çəkilmədiyi üçün yenə də onun miqdarını bilməmişdir. O, heç kimə narkotik vasitə satmamış, heç kimə verməmişdir, alan şəxslər yoxdur. O, həmin narkotik vasitələri az-az istifadə etmək üçün ülə bükümlərdə saxlamışdır. Hazırda yaşını, aliə vəziyyətini, himayəsində 3 azyaşlı uşağı olmasını, heç kimə narkotik vasitə satmamasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23 PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 24 may 2025ci il tarixdə Nizami RPİ 23-cü PB-yə Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvanda narkotik vasitələr saxlayaraq satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami Rayon Məhkəməsindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış aparılması haqqında qərar çıxarılmış, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmış, məhkəmə qərarı elan olunmuş və könüllü şəkildə yaşadığı evi təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı mənzilə baxış keçirilən zaman yaşadığı evdə qanunsuz əşyaları təqdim etməsi bildirilmiş, o, evin mətbəxində olan soyuducudan içərisində təxminən 35 ədəd büküm narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirildikdən sonra evin çöl hissəsində üzəri yoxlanılmağa başlanmış, üzərində sübut əhəmiyyətinə malik hər hansı əşya aşkar olunmamışdır. Baxış videoçəkiliş vasitəsilə aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən saxlanılan Təqsirləndirilən şəxs Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirildikdən sonra protokol tərtib olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını apardığı müəyyən edilmişdir. Suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı onlarda yalnız məlumat olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin rəis müavini, polis polkovnik- leytenantı Şahid3, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin sahə inspektoru, polis kapitanı Şahid7 məhkəməyə Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, birgə nikahdan 3 azyaşlı övladları var. Dilavərin narkotik vasitələr istifadə etməsindən onun məlumatı olmamışdır. 23 iyun 2025-ci il tarixdə saat 16:30 radələrində o, uşaqlarları ilə birlikdə yaşadıqları fərdi yaşayış evində olan zaman polis əməkdaşları evə daxil olmuş, evə 3 azyaşlı uşaq olmasına baxmayaraq onların gözü qarşısında ona təzyiq göstərilmiş, zorakılıq edilmiş, buna məhəl qoymayan polis əməkdaşları evdə nəsə axtarmış, daha sonra əri Dilavər polis əməkdaşları ilə birlikdə evə daxil olmuş, bu zaman ona məlum olmuşdir, onlar əvvəlcə Dilavəri tutmuşlar, sonra evə daxil olmuşlar. Evdə 1 ədəd soyuducu olmuş, o, soyuducu başqa bir şeyin olmasından məlumatsız olmuş, hər gün soyuducudan istifadə etsə də, özünə lazım olan ərzaqları götürmüş, başqa nəsə onun diqqətini cəlb etməmişdir. Polis əməkdaşları tapdıqdan sonra o, bilmişdir ki, soyuducuda narkotik vasitə var. Həmçinin polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki güclə bağlı şikayət etmək istəsə də, əri Təqsirləndirilən şəxs buna icazə vermədiyindən o da şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış, həmçinin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin görüntülərini özündə əks etdirən 01 ədəd flash kartdakı görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman evin mətbəxində olan soyuducunun üst hissəsində mavi rəngli plastik qabın içərisində 35 ədəd gümüşü falqaya bükülmüş halda və şəffaf selofana bükülmüş halda olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanmış, Təqsirləndirilən şəxs üzəri yoxlanan zaman açılmamış vəziyyətdə olan bir paçka siqaret və 45 manat pulu təqdim etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/909 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzəri skoçla bağlanmış 1 ədəd sellofan bağlamadakı 1 ədəd sellofan torbada təmiz çəkisi-8,74 qram, 1 ədəd göy rəngli plastik qabda 35 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,34 qram; 0,39 qram; 0,41 qram; 0,38 qram; 0,37 qram; 0,38 qram; 0,44 qram; 0,46 qram; 0,45 qram; 0,37 qram; 0,44 qram; 0,43 qram; 0,43 qram; 0,50 qram; 0,35 qram; 0,42 qram; 0,43 qram; 0,46 qram; 0,36 qram; 0,46 qram; 0,46 qram; 0,44 qram; 0,38 qram; 0,42 qram; 0,45 qram; 0,43 qram; 0,37 qram; 0,45 qram; 0,40 qram; 0,39 qram; 0,39 qram; 0,43 qram; 0,52 qram; 0,38 qram; 0,41 qram, ümumi təmiz çəkisi - 14,59 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla, hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim olunmuş 1 ədəd sellofan torbada və 35 ədəd gümüşü rəngli kağız bükümlərdə olan marixuanaların ümumi çəkisi 23,33 qramdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1003 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 35 ədəd gümüşü rəngli kağız bükümlərdə olan marixuanalar öz aralarında və həmin ünvandan götürülmüş 1 ədəd sellofan torbada olan marixuana ilə tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 3770 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan Azərbaycan Respublikası DİN-in BƏSll-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarı ilə 03 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materillarında olan “diskin baxışının aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan diskdə olan fayllara baxarkən aydın oldu ki, diskdə 3 ədəd Pdf faylı vardır. Mushteri zenglerinin detallashmasi_MSİSDN_556975007 adlı pdf faylında anten məlumatının Təqsirləndirilən şəxs saxlandığı gündə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində olması, daha sonra isə Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə, həmçinin Nizami Rayon Polis İdarəsində olması müəyyən olundu. SMS detallashmasi_MSİSDN_556975007 adlı pdf faylında 6 ədəd SMS mətnləri olması görünsə də həmin mətnlərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmadı. Zenglərin məxsusluq tarixçələri_MSİSDN_556975007 adlı pdf faylında mobil nömrələrin kimlərin adına rəsmiləşdirilməsi və həmin şəxslərin qeydiyyat ünvanları qeyd olunsa da iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmadı. "xxxx" MMC-dən daxil olan diskdə olan fayllara baxarkən aydın oldu ki, diskdə 6 ədəd Pdf faylı vardır. Muştəri zenglərinin detallaşması MSİSDN_703024980 adlı pdf faylında 070-302- 49-80 mobil nömrəsinin anten məlumatında Təqsirləndirilən şəxs saxlandığı müddət ərəfəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində olması, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində olması müəyyən olundu. Muşteri zenglərinin detallaşması MSİSDN_704494144 adlı pdf faylında 070-449- 41-44 mobil nömrəsinin anten məlumatında Təqsirləndirilən şəxs saxlandıqdan sonra Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində olması müəyyən olundu. SMS detallaşması MSİSDN_703024980 adlı pdf faylında mobil nömrədə internet aktivləşdirilməsi ilə əlaqədar SMS mətnləri olsa da iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmadı. SMS detallaşması MSİSDN_704494144 adlı pdf faylında 4 ədəd eyni məzmunlu SMS mətnləri olması görünsə də həmin mətnlərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmadı. Zenglərin məxsusluq tarixçələri MSİSDN_703024980 və Zenglərin məxsusluq tarixçələri MSİSDN_704494144 adlı pdf fayllarında müxtəlif mobil nömrələrin kimlərin adına rəsmiləşdirilməsi və həmin şəxslərin qeydiyyat ünvanları qeyd olunsa da, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmadı. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adında 3 azyaşlı uşağı var. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi, iş materiallarına əlavə edilmiş mesaj mətnləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını, törətdiyi əməli qismən etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-195/2025 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, hökm çıxarıldığı hazırki vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış, həmçinin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin görüntülərini özündə əks etdirən 01 ədəd flash kart cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 26 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 286 manat (26x11) məbləğində əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 284 manat (iki yüz səksən dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş ümumi qalıq çəkisi 21,89 qram olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış, həmçinin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin görüntülərini özündə əks etdirən 01 ədəd flash kart cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 26 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 286 (iki yüz səksən altı) manat əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar