Məhkəmə qərarları › İş №1(007)-608/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-608/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-608/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1971-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs övladı Şahid Hava Limanına işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla 2023-cü ilin iyun ayında ünvan 1 ünvanında Zərərçəkmiş şəxs 5000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini bildirmiş, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xəstəliyi ilə əlaqədar olaraq 2023-cü ilin iyun ayında Sabunçu rayon xəstəxanasının Nevrologiya şöbəsində stasionar müalicə almış, Zərərçəkmiş şəxs isə onun həkimi olmuşdur. Müalicə aldığı müddət ərzində onun qohumları və tanışları tez-tez yanına gəlmişlər. Həmin ərəfədə Zərərçəkmiş şəxs yanına gələn tanışlardan onun ətrafının geniş olduğunu bilmişdir. Belə ki, söhbət zamanı Zərərçəkmiş şəxs oğlu X3 işə düzəltməkdə köməklik etməsini xahiş etmiş və o, müalicəni bitirdikdən sonra maraqlanacağını demişdir. O, müalicəni bitirdikdən 10 gün sonra Zərərçəkmiş şəxs bir neçə dəfə ona zəng edərək kömək etməsini xahiş etmiş və o, Zərərçəkmiş şəxsla razılaşaraq 10000 manata həll edə biləcəyini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs onun əvvəllər yaşadığı ünvan 1 ünvanının yanında yerləşən “Araz” marketin qarşısına gələrək ona əvvəlcədən 5000 manat pul verib qalan 5000 manat pulu oğlunun işi həll olunduqdan sonra verəcəyini demişdir. O, 5000 manat pulu Zərərçəkmiş şəxs aldıqdan sonra ən geci 3 ay ərzində oğlu X2 işə düzələcəyini vəd etmişdir. Sonradan müəyyən maddi sıxıntıları yarandığına görə pulu geri qaytara bilməmiş, həmçinin Eminin işi ilə əlaqədar ona heç bir köməklik etməmişdir. Həmin puldan heç kimə verməmiş və öz şəxsi işləri ilə əlaqədar olaraq xərcləmişdir. Zərərçəkmiş şəxs ondan pulu istədikdə isə işin həll olunmasından ötrü həmin pulu başqa şəxsə verdiyini yalandan demiş, əslinə isə o, bu yolla vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan, 5000 (beş min) manat tam ödənilmişdir. Hal-hazırda və gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, onunla barışmışdır. İstintaqda verdiyi ifadəsi nəzərə alınmaqla məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ildən X1 həkimnevroloq kimi işləyir. 2023-cü ilin may ayında Yaqut adlı xanım onun işlədiyi xəstəxanada müalicə almış və həmin zaman söhbət əsnasında onu tanımışdır. Söhbət zamanı o, oğlunun Aviasiya Akademiyasını bitirdiyini, lakin heç bir yerdə işləmədiyini bildirmiş, Yaqut isə bildirmişdir ki, onun vəzifədə olan tanışları vardır və bunun vasitəsi ilə oğlunu işə düzəldəcəkdir. Söhbət etdikdə oğlunu Heydər Əliyev adına Hava Limanında təyyarə nəzarətçisi kimi işə düzəldəcəyinə dair vəd vermişdir. Daha sonra xəstəxanada olan zaman bunun müqabilində 10000 manat pul lazım olduğunu demişdir. Belə ki, 5000 manatı əvvəlcədən verməli olduğunu, qalan 5000 manatı isə oğlu işə düzəldikdən sonra verəcəyini bildirmişdir. Təxminən 1 həftədən sonra Yaqutun xəstəxanada müalicəsi bitdiyindən xəstəxanadan çıxmışdır. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs ona zəng edərək oğlunun işə düzəlmə məsələsini danışdığını və 5000 manat pulu ona verməli olduğunu demişdir. O, 2023-cü ilin iyun ayında yaşadığı ünvan olduğunu bildirdiyi “Star” idman kompleksinin yaxınlığında yerləşən “Araz” marketin yaxınlığına onu dəvət etmişdir. Orada Yaqutla görüşmüş və 5000 manat nağd pulu Yaquta vermişdir. Yaqut 1 ay ərzində oğlunun Hava Limanında vəd verdiyi işə düzələcəyini bildirmişdir. 1 ay sonra o Yaqutdan işin nə yerdə olduğunu soruşmuş, lakin Yaqut ondan əlavə müddət istəmişdir. O, Yaqutla razılaşsa da Yaqut vəd verdiyi müddətlərdə də oğlunun işə düzəlməsi ilə əlaqədar heç bir iş görməyərək ona müxtəlif bəhanələr etməyə başlamışdır. Yaqutun onu aldatdığını başa düşdükdən sonra ondan pulunu tələb etməyə başlamışdır. Yaqut həmin zaman ortaya müxtəlif şəxsləri salaraq pulun verilməsi üçün ona vaxt verməsini istəmiş, lakin həmin şəxsləri o, tanımır. Onların mobil nömrələri onda olmuş, lakin hal-hazırda həmin mobil nömrələr silinmişdir. Yaqut adlı qadının ona yalan vədlər verməsi və pulun verilməsi barədə yazışmalar və səs yazılarını təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs müraciəti zamanı təqdim etdiyi CD diskdə 03 ədəd “WhatsApp Audio 2024-03- 07 at 10.55.09, WhatsApp Audio 2024-03-07 at 10.56.26 və WhatsApp Audio 2024-03-07 at 10.58.07” adlı səs yazıları var. “WhatsApp Audio 2024-03-07 at 10.55.09 “adlı 03 dəqiqə 21 saniyədən ibarət səs yazısında Təqsirləndirilən şəxs pulu götürdüyünü etiraf etdiyini, ayın 10-dək məsələni həll edəcəyini, polisə şikayət etməməsini demişdir. “WhatsApp Audio 2024-03-07 at 10.56.26” adlı 19 saniyədən ibarət səs yazısında dövlət xəstəxanasında təcili tibbi yardım sürücüsü yeri olduğunu, aylıq 1200 manat maaş və bir gündən bir iş olmasının deyilən məbləğdə həll olunacağını demişdir. “WhatsApp Audio 2024-03-07 at 10.58.07” adlı 04 saniyədən ibarət səs yazısında Təqsirləndirilən şəxs sənədləri həmin nömrənin “WhatsApp” tətbiqinə göndərməsini Zərərçəkmiş şəxs deməsi müəyyən edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd “CD” disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 13 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 78 (yetmiş səkkiz) manat (13x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 13 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 78 (yetmiş səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar