Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-609/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci (147.2) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə (ərizənin giriş hissəsində 147.2-ci maddəsi ilə) cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, o, 08 oktyabr 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur, 1991-ci ildən zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamışdır. Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının tabur komandiri kimi 1993-cü ilin mart ayında Ağdərə bölgəsində ağır travma almış və 1-ci dərəcəli Qarabağ əlili olmuşdur. Səhiyyə Nazirliyinin rəyi ilə Respublikadan kənar müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. DİN-nin zabit pensiyaçısı olaraq DİN rəhbərliyi daim ona diqqət və qayğı göstərmiş, dərman puluna yardım etmişdir. Barəsində şikayət verdiyi X1 RPİ-nin 24-cü PŞ-nin polis sahə müvəkkilidir və ona qarşı qərəzlidir. 3 dəfə onu evindən alt paltarında yataqdan oğurlatmış, qanunsuz həbs etdirmişdir.1) 2017ci ildə “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında yerləşən “əlil” köşkünü Ərəstun adlı şəxs etibarlarından istifadə edərək 3 ay başqa şəxslərə icarəyə vermişdir. Bu dələduzluq əməli nəticəsində onlara ümumilikdə 3100 manat ziyan dəymiş, buna görə də Nizami RPİnin 24-cü PŞ-nə şikayət göndərmişlər. Orada sahə müvəkkili Elçin İslamov izahatlarını almış, zərərvurana zərəri ödətməsi tapşırılmışdır. X9 dost olduğunu demiş, izahata ehtiyac olmadığını, zərəri ödətdirəcəyini bildirmişdir. Lakin polis rəhbərliyinin bildirdiyi məlumata əsasən məlum olmuşdur ki, X12 ölkədən çıxarmışdır. Guya o, İnterpolun axtarışındadır və gələn kimi həbs olunacaqdır. Ali dövlət hüquq orqanlarına verdiyi şikayətlərə cavab olaraq Elçin İslamov məhkəməyə müraciət etməyi bildirmiş və ona şər-böhtan ataraq, işgüzar nüfuzuna ziyan vuraraq bildirmişdir ki, Ərəstunu niyə bağışlamır. Guya digər əlillər onu bağışlamışdır, o isə yox. Halbuki polisin zərərçəkmiş şəxsdən ziyan vuran dələduzu bağışlamağını istəməsi onun maddi marağından qaynaqlanır. X14 Ərəstunu müdafiə etməyə vadar edən yalnız maddi maraqdır. Elçin İslamovun məhkəməyə müraciət etmək məsləhətindən sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Buna görə Elçin İslamov onun barəsində saxta yalan “donos”lar verməyə başlamışdır. 2) xx.xx.2022-ci ildə 6 və 9 yaşlı 2 körpə nəvəsi ilə evin yaxınlığında “OBA” marketdən alış-veriş edib çıxan zaman Elçin İslamovun 15-ə yaxın polislə onun qarşısını kəsərək cinayət törətdiyini deməsi, axtarışda olduğunu bildirməsi onu ağır cinayətdə ittiham etmək deməkdir. Elçin İslamov hətta oğluna zəng edib uşaqları tapşırmağa da imkan verməmişdir. Telefonu əlindən almış, uşaqların da bölməyə getməli olduğunu demişdir. Onu zorla Nizami RPİ-nin 24-cü PŞ-nə aparıb qollarını arxadan bağlamış, işgəncə vermişlər. Nəticədə 9 qabırğası qırılmış, ağciyərində hemotoma əmələ gəlmiş, açıq-qapalı kəllə-beyin travması almışdır. Məhkəmə qərarı olmadan onu, 1-ci dərəcəli Qarabağ əlilini 2 sutka Nizami RPİ-nin işgəncə kamerasında yaralı vəziyyətdə saxlayaraq evində ondan xəbərsiz protokol qaydasında axtarış aparmışlar. Elçin İslamov bir neçə polislə evini talan edib qiymətli əşyaları, ona aid olmayan noutbuku götürüb aparmışdır. Ona ağır fiziki-psixoloji ziyandan başqa pul ziyanı da dəymişdir. Evindən uşaqlara aldığı 13 manatlıq ərzaq, 500 manat pul və 1500 manatlıq komputer götürülmüşdür. Körpə nəvələrinin yaşadığı stresi, psixoloji gərginliyi heç nə ilə əvəzləmək mümkün deyil. 3) xx.xx.2023-cü ildə bank kartı B.Nuriyev küçəsindəki “Bravo” marketdə oğurlanmışdır. Ona 102 manat ziyan dəymişdir. Məsələ ilə bağlı 102 xidmətinə 5 dəfə zəng etmişdir. Hər dəfə də məsələnin araşdırılması 24-cü PŞ-nə tapşırılmışdır. Sahə müvəkkili yenə qərəzlə kartından ödəniş edilən marketlərə getməmişdir. Elçin İslamovun sadaladığı cinayətlərinə şahid onun dostu, həm də zərərçəkmiş şəxs olan X5r. O, ünvan 1 ünvanında yerləşən Əlillər evində yaşayır. Digər şahidlər isə Nizami RPİ-nin 24-cü PŞ-nin şəxsi heyəti, həm də ona işgəncə verənlərdir. Eyni zamanda Nizami RPİ-nin müstəntiqi Qalib Kərimli, onun kamerada gətirib üzünə durdurduğu keçmiş hakim Raziyə Ataşova, rayon prokuroru Pərviz İbayev, rəis Ziya Əliyev, 24-cü PŞ-nin rəisi Seymur Qarayev, onun müavini işgəncə əməliyyatına rəhbərlik edən Natiq Hüseynov və Elçin İslamov onun barəsində ağır cinayət törətmək kimi obraz yaratmış, saxtalıqla axtarışda olduğunu uydurmuşlar. Əslində bu CPM-nin 207.6-cı maddəsilə ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olduğuna görə prokurorluğa göndərilməlidir. Eyni zamanda CPM-nin 302.2.2-ci maddəsinə görə hazırlıq iclasının qərarı ilə istintaq aidiyyətı üzrə göndərilməlidir. Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Qərarının 13-cü bəndində məhkəmələrə izah edilib ki, xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumat olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatlar dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir. Göstərilənlərə əsasən X7 barəsində CM-nin 148.2-ci maddəsi əsasında 3 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılmasını və daha ağır cinayətlərə səbəb ola bilən məlumatların Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsi əsasında prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ərizədə göstərilənlərlə əlaqədar hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsə də heç bir tədbir görülməmişdir. Məhkəmədən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 bildirmişdir ki, xüsusi ittihamçının bildirdiyi xüsusatlar həqiqəti əks etdirmir. Onun Azərbaycan Respublikası CM-nin 147.2 yaxud 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə irəli sürdüyü dəlillər əsassızdır. O, 35 ildir ki, polis orqanlarında işləyir və 17 ildir ki, həmin inzibati ərazidə xidmət aparır. Bədəlli Məğrubu ərazidə yaşayan sakin olaraq tanıyır. Onunla ilk görüşləri isə onun ərizəsində də qeyd etdiyi kimi Ərəstun adlı şəxslə bağlı olmuşdur. Belə ki, Ərəstun 9 il Bədəlli Məğruba icarə haqqı vermiş, sonra isə 3 ay verə bilməmiş və dükanı təhvil vermişdir. Bu məsələ araşdırılmış və mülki məsələ olduğu qərara alınmışdır və şəxs xəbərdar edilmişdir ki, o, mülki qaydada məhkəməyə müraciət etməlidir. X2 barəsində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət işi olmuşdur. Çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı olmuşdur. Həmin qərar əsasında onun saxlanılmasında iştirak etmişdir. X10rşı heç bir qərəzi yoxdur. Bədəlli Məğrubun iddia etdiyi ona qarşı işgəncələr olunması, irəli sürdüyü ağır ittihamlar və s. hamısı şər və böhtandır. Məhkəmədən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçisi Müdafiəçi bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X3 əməlində Azərbaycan Respublikası CM-nin 148 və yaxud CM-nin 147.2-ci maddəsinin tərkibi yoxdur. Həmçinin onun əməlində heç bir cinayət tərkibi yoxdur. X7 35 ildir ki, polis orqanlarında xidmət edir, polis mayorudur və müharibə iştirakçısıdır. Hüquqlarını müdafiə etdiyi şəxs sadəcə olaraq öz vəzifəsini icra etmişdir. O, bunu etməkdən imtina edə bilməzdi. Bütün bunları nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan şikayətin icraata qəbulundan imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci (147.2-ci) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 (doxsan) manat (15x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası CM-nin 148-ci (147.2-ci) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmədə 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 90 (doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-609/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-609/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver