Məhkəmə qərarları › İş №1(007)-61/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-61/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-61/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Saatlı rayonunun Potubəyli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxxxx 1999-cu il tarixdə Cəlilabad rayonunun Ocağlı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədilə, qabaqcadan əlbir olub bir qrup şəxs halında, insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 avqust 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən həmin yol ilə keçən, əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 gülmələrini bəhanə edərək, Zərərçəkmiş şəxs2 və Rahin Əlizadəyə yaxınlaşaraq Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib Təqsirləndirilən şəxs2 yumruqla sonuncunun sifət nahiyəsindən vurmaqla, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 itələməklə fiziki ağrı yetirdikdən sonra Zərərçəkmiş şəxs1 şalvarının cibindən 6 manat nağd pulu götürmüşlər və 5 manat dəyərində ***-***-**-** GSM nömrə ilə işləyən 400 manat dəyərində «Samsung A 40» markalı mobil telefonu danışmaq adı ilə alıb geri qaytarmaq üçün Zərərçəkmiş şəxs1 250 manat məbləğində pul tələb etmişlər, sonuncu həmin məbləğdə pulunun olmadığını bildirdikdə, «Samsung A 40» markalı mobil telefonun arxa hissəsində, telefon qovluğunun içərisində olan Zərərçəkmiş şəxs1 80 manat nağd pulunu götürmüşlər, eyni zamanda Zərərçəkmiş şəxs1 çiynində olan idman çantasını alaraq həmin çantanın içərisini hər ikisi axtarsalarda heç bir şey tapmayıb geri qaytardıqdan sonra, Zərərçəkmiş şəxs2 şalvarının sağ yan cibindən 30 manat nağd pulu götürüb ümumilikdə Zərərçəkmiş şəxs1 491 manat, Zərərçəkmiş şəxs2 isə 30 manat məbləğində əmlakını açıq talayaraq hadisə yerindən uzaqlaşmaqla soyğunçuluq etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:10 radələrində dostu Elşad ilə görüşmək məqsədilə metronun “Neftçilər” stansiyasının yaxınlığına gəlmiş və stansiyanın yaxınlığında «Makler bağı» adlanan ərazidə Elşadla görüşmüşlər. Təxminən 10-15 dəqiqə orada dayanıb söhbət etdikdən sonra mağazadan bir ədəd “Bizon” içkisi alıb içmiş, sonra Elşadla birlikdə 8-ci km bazarı istiqamətinə getmişlər. İcra Hakimiyyətinə tərəf gedən pilləkənlərə bir az qalmış tanımadıqları iki nəfərin yanından keçən zaman həmin şəxslər onlara gülüşmüşlər. Elşadla həmin şəxslərin onlara güldüyünü zənn etmişlər. Onlar Q.Qarayev prospekti 81 ünvanda olan pilləkənlərin yanında dayanmışlar. Elşadla gülə-gülə onların yaxınlığından keçən həmin iki şəxsin qarşısını kəsib nəyə görə onlara güldüklərini soruşmuşlar. Həmin şəxslər onlara gülmədiklərini bildirmişlər. Onlar həmin iki nəfər şəxsin içkili olduğunu və əllərində pivə butulkası olduğunu görmüşlər. Onlar pilləkənlərdə dayanıb söhbət edən zaman sonradan adının Musa olduğunu bildiyi şəxs Elşadın yaxasından tutaraq təhqiramiz söz işlədib onu vurmağını demişdir. Elşad da yumruqla Musanın çənə nahiyəsinə yüngülcə bir dəfə vurmuşdur. Sonra onlar pilləkənlə biraz yuxarı qalxmış, Musanın yaxasından itələmiş və sonuncunun başı pilləkənin kənarında olan taxtaya dəymiş və qanamışdır. Musanın yanında olan Rahim adlı şəxsə pul verib su alıb gətirməyi demiş, sonuncu getmiş və bir qədər sonra qayıtmışdır. Musa astma xəstəsi olduğunu bildirmiş, buna görə də onlar Rahim gəlincə Musanı tək qoymamışlar. Rahim gəldikdən sonra sonuncudan telefonu danışmaq adı ilə istəmiş, Rahim «Samsung A 40» markalı mobil telefonu ona vermişdir. Sonra telefonu Rahimə qaytarmamış və səhəri gün gətirib iş yerində verəcəyini demişdir. Daha sonra onlar Musa və Rahimin yanından qaçıb getmişlər. Həmin vaxt onların heç birinin əlində bıçaq olmamış, Elşad həmin şəxslərin, yəni Musanın onlara baxıb güldüyünü zənn etdiyi və söyüş söydüyü üçün bir dəfə yumruqla vurmuşdur. Başqa heç bir zor tətbiq etməmiş, Rahimin «Samsung A-40» markalı mobil telefonunu sındırıb xatırlamadığı yerdə atmışdır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:10 radələrində qohumunun toyundan çıxıb dostu Murad ilə görüşmək üçün metronun “Neftçilər" stansiyasının yaxınlığına gəlmiş və stansiyanın yaxınlığında yerləşən «Makler bağı» adlanan ərazidə Murad ilə görüşmüşlər. Təxminən 10-15 dəqiqə orada dayanıb söhbət etdikdən sonra mağazadan bir ədəd Bizon içkisi alıb içmişlər. Sonra Muradla 8-ci km bazarı istiqamətinə getmişlər. İcra Haqkimiyyətinə tərəf gedən pilləkənlərə bir az qalmış tanımadıqları iki nəfərin yanından keçən zaman həmin şəxslər gülmüşlər. Muradla həmin şəxslərin onlara güldüklərini zənn etmişlər. Həmin şəxslər gülə-gülə Q.Qarayev prospekti 81 ünvanda olan pilləkənlərin yanında dayanmışlar. Muradla onların yaxınlığından gülə-gülə keçən həmin iki şəxin qarşısını kəsib nəyə görə onlara güldüklərini soruşmuşlar. Həmin iki şəxs onlara gülmədiklərini bildirmişlər. Onlar həmin şəxslərin içkili olduqlarını və əllərində pivə butulkası olduğunu görmüşlər. Onlar pilləkənlərdə dayanıb söhbət edən zaman sonradan adının Musa olduğunu bildiyi şəxs onun yaxasından tutaraq təhqiramiz söz işlədib onu vurmağını demişdir. Musanın çənə nahiyəsinə bir dəfə yüngülcə yumruqla vurmuşdur. Sonra onlar pilləkənlə biraz yuxarı qalxmış, Murad Musanın yaxasından itələmiş, sonuncunun başı pilləkənin kənarında olan taxtaya dəymiş və qanamışdır. Murad Musanın yanında olan Rahim adlı şəxsə su alıb gətirmək üçün pul vermişdir. Musa astma xəstəsi olduğunu bildirdiyinə görə onlar Rahim gəlincə Musanı tək qoymamışlar. Rahim gələndən sonra bir qədər söhbət etmişlər. Bu vaxt Murad telefonu danışmaq adı ilə Rahimdən istəmiş, sonuncu «Samsung A 40» markalı mobil telefonu Murada vermişdir. Sonuncu telefonu Rahimə qaytarmamış, sabah gətirib iş yerində verəcəyini demişdir. Sonra onlar Musa və Rahimin yanından qaçıb getmişlər. Həmin vaxt heç kimin əlində bıçaq olmamış, Musanın onlara baxıb güldüyü və söyüş söydüyü üçün bir dəfə yumruqla vurmuşdur. Başqa heç bir zor tətbiq etməmiş və Rahimin «Samsung A-40» markalı mobil telefonu Muradda olmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri onların səmimi etirafından başqa aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Azərbaycan Texniki Universitetinin Energetika və elektro-texnika fakültəsinin 4-cü kurs tələbəsidir. 14 iyul 2021-ci il tarixdən ünvan 4 ünvanda yerləşən "Cənnət" şadlıq sarayında süfrəçi işləmişdir. xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində işlədiyi restorandan çıxarkən dostu Musa ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək metronun “Neftçilər" stansiyasının yaxınlığında olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Təxminən yarım saatdan sonra metronun «Neftçilər» stansiyasının yaxınlığında yerləşən «Makler bağı» adlanan ərazidə Musa ilə görüşmüşlər. Təxminən 10-15 dəqiqə orada dayanıb söhbət etdikdən sonra Musa ilə birlikdə yaxınlıqda yerləşən mağazaya getmişlər. Musa özünə 2 ədəd pivə almış və onlar təxminən 15-20 dəqiqə avtobus dayanacağında oturub, sonra 8-ci km bazarı istiqamətinə gedərək, yenidən «Makler bağı» istiqamətinə qayıtmışlar. Musa marketdən özünə 1 ədəd pivə almış və onlar təxminən 10 dəqiqə avtobus dayanacağında oturmuşlar. Sonra gəzə-gəzə 8-ci km bazarı istiqamətinə, daha sonra gülə-gülə Q.Qarayev prospekti 81 ünvanda olan pilləkənlər istiqamətində gedərkən, iki nəfər şəxs onlara salam verərək yanlarından keçib getmişlər. Musa ilə gülə-gülə pilləkənlərin yaxınlığından keçən zaman həmin iki şəxs onların qarşısını kəsib nəyə görə onlara güldüklərini soruşmuşlar. Onlar həmin şəxslərə gülmədiklərini, özləri üçün danışıb güldüklərini demişlər. Həmin şəxslər onları pilləkənlərə çağımış və pilləkənlərdə həmin iki şəxs Musa ilə sözlə mübahisə etməyə başlamış, sonra onlardan əynində qara rəngli köynək olan şəxs yumruqla Musanın çənə və baş nahiyəsinə vurmuşdur. Onları ayırmağa çalışdıqda ağ köynək geyinmiş digər şəxs əli ilə Musanı kənara itələmiş və sonuncunun başı taxtaya dəymişdir. Bu zaman qara köynək geyinmiş şəxs əlini onun cibinə salaraq cibində olan 6 manatı çıxarıb 1 manatı ona verərək, Musa üçün su alıb üzünə vumağını demişdir. Ətrafda olan mağazalar bağlı olduğu üçün su ala bilməmiş və geri qayıtmışdır. Musa həmin şəxslərlə pilləkəndə dayanaraq söhbət etmiş, qara köynəkli oğlan onun su almadığını görüb 1 manatı geri almışdır. Onlar pilləkənlərdən düşüb «Piknic» restoranının yaxınlığında olan pilləkənlər istiqamətinə söhbət edə-edə gedib pilləkənləri qalxmışlar. Həmin şəxslərdən qara köynəkli şəxs mobil telefonunu danışmaq üçün istəmiş və telefonu həmin şəxsə vurmuşdur. Mobil telefonunun arxa hissəsində qovluğun içində 80 manat pulu olmuşdur. Həmin şəxs kiməsə zəng etmiş, lakin danışmamış və telefonu söndürərək telefonun qəşəng olduğunu bildirmiş və telefonunu istəmişdir. Telefonu verməyəcəyini dedikdə həmin şəxs ona hədə-qorxu gəlmiş və telefonu qaytarmağın qarşılığında ondan 250 manat pul istədikdə, pulunun olmadığını demişdir. Həmin şəxs telefonun arxa qovluğunda olan 80 manat pulu götürüb cibinə qoymuşdur. Bundan sonra həmin şəxslər birlikdə onun kürək nahiyyəsində olan idman çantasını axtarmış, lakin heç nə tapmamışlar. Əynində qara köynək olan şəxs əlini Musanın şalvarının sağ yan cibinə salıb 30 manat pulu götürmüşdür. Həmin şəxslər onlara hədə-qorxu gələrək bu barədə polisə məlumat verməməyi, məlumat verdikdə onları cəzalandıracaqlarını demişlər. Onlar pilləkənləri yuxarı qalxdıqda həmin iki nəfər ona pilləkəndə durmağı demişlər. Musa telefonu almaq məqsədi ilə həmin şəxslərlə birlikdə yolu qarşı tərəfə keçmişdir. Onların arxası ilə yolu qarşı tərəfə keçmiş, əynində qara köynək olan şəxs sabah iş yerinə gələcəyini və telefonu verəcəyini, bunun müqabilində onun 50 manat verməli olduğunu demişdir. Sonra həmin şəxslər onların yanından qaçaraq getmişlər. Hadisə zamanı heç bir xəsarət almamış, həmin şəxslər onun sinə nahəyəsindən itələmiş və başqa heç bir zor tətbiq etməmişlər. «Samsung A-40» markalı telefonu 2 il əvvəl kreditlə 684 manata, ***-***-**-** GSM nömrəni isə 5 manata almışdır. Telefonun dəyəri təxminən 400 manat təşkil etmiş və hadisə nəticəsində ona təxminən 491 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən “Vest noir” otelin restoranında süfrəçi işləmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 23:40 radələrində işlədiyi oteldən çıxaraq tanış olduğu qızla görüşmək üçün piyada metronun «Neftçilər» stansiyasına getmişdir. Metronun «Neftçilər» stansiyasına çatmamış sevdiyi qız zəng edərək görüşmələrinin alınmadığını demişdir. Dostu Rahimlə telefon əlaqəsi saxlayıb bir az gəzməyi təklif etmiş və onlar «Dakar meydanı» yaxınlığında görüşmüşlər. Orada mağazaların birindən 2 ədəd pivə almış və metronun «Qara Qarayev» stansiyası istiqamətində gəzməyə davam etmişlər. Bir müddət gəzdikdən sonra geriyə 8-ci km bazarı istiqamətinə qayıdıb, daha sonra metronun «Neftçilər» stansiyası istiqamətinə getmişlər. Həmin vaxt 2 nəfər şəxs onlara yaxınlaşaraq salam verib keçib getmiş və qarşıda olan pilləkənlərin yaxınlığında dayanmışlar. Onlar pilləkənlərə çatdıqda Rahimlə öz aralarında deyib gülmüşlər. Həmin şəxslər onlardan nəyə görə onlara güldüklərini soruşmuşlar. Onlar həmin şəxslərə gülmədiklərini, özləri üçün danışıb güldüklərini demişlər. Həmin şəxslər onları pilləkənlərə dəvət etmiş və pilləkəndə həmin şəxslər onunla sözlə mübahisə etməyə başlamışlar. Onlardan əynində qara rəngli köynək olan şəxs yumruqla onun çənə və baş nahiyəsinə vurmuş, Rahim onları ayırmağa çalışdıqda ağ köynək geyinmiş digər şəxs Rahimi əli ilə kənara itələmiş, bu zaman Rahimin başı taxtaya dəyib qanamışdır. Qara köynək geyinmiş şəxs əlini Rahimin cibinə salıb 6 manat pul çıxardaraq 1 manatı Rahimə verib su alıb onun üzünə vurmağı demişdir. Rahim bir qədər keçmiş geri qayıdıb su tapa bilmədiyini dedikdə, qara köynəkli oğlan su almaq üçün verdiyi 1 manatı Rahimdən geri almışdır. Onlar pilləkənlərdən düşüb «Piknic» restoranının yaxınlığında olan pilləkənlər istiqamətinə söhbət edə-edə gedib pilləkənləri qalxmışlar. Həmin şəxslərdən qara köynəkli oğlan Rahimin telefonunu danışmaq üçün istəmiş, Rahim «Samsung A 40» markalı mobil telefonu həmin şəxsə vermişdir. Həmin şəxs kiməsə zəng edib danışmamış və telefonu söndürərək telefonun qəşəng olduğunu bildirib telefonu istəmişdir. Rahim telefonu verməyəcəyini dedikdə həmin şəxs hədə-qorxu gəlməyə başlamışdır. Sonra həmin şəxs telefonun qarşılığında Rahimdən 250 manat pul istədikdə sonuncu pulunun olmadığını demişdir. Qara köynəkli şəxs telefonun arxa qovluğunda olan 80 manat pulu oradan çıxarıb cibinə qoymuşdur. Bundan sonra həmin şəxslər Rahimin idman çantasını axtarmış, lakin heç nə tapmamışlar. Qara köynəkli şəxs əlini onun şalvarının sağ yan cibinə salaraq cibində olan 30 manat pulu götürmüşdür. Həmin şəxslər onlara hədə-qorxu gələrək bu barədə polisə məlumat verməməyi, məlumat verdikdə onları cəzalandıracaqlarını demişlər. Onlar pilləkənləri yuxarı qalxarkən, həmin şəxslər Rahimə pilləkənin yanında durmağı demiş, telefonu almaq üçün həmin şəxslərlə birlikdə yolu qarşı tərəfə keçmiş və Rahim də onların arxasınca yolu qarşı tərəfə keçmişdir. Qara köynəkli şəxs Rahimə sabah iş yerinə gəlib telefonu verəcəyini, bunun müqabilində 50 manat verməli olduğunu Rahimə demiş, sonra onların yanından qaçıb getmişlər. Hadisə zamanı başı taxtaya dəyib qanamış, ona qarşı başqa heç bir zor tətbiq edilməmiş və başqa heç bir xəsarət almamışdır. Nizami RPİ-nin 24-cü polis şöbəsində aparılan araşdırma zamanı ona tibbi ekspertizadan keçmək təklif olunmuş, lakin ciddi xəsarət almadığı üçün ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə zamanı ona 30 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 29 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 29 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanın yaxınlığında quraşdırılmış TŞ-4-070(1) saylı və TŞ-4-061(3) saylı müşahidə kameralarında xx.xx.2021ci il tarixdə qeyd olunan hadisənin video görüntülərinin 01 ədəd DVD diskinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış zamanı müəyyən olunmuşdur ki, TŞ4-070 1-2021-08- 02_02h25min qovluğunda olan görüntülərdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanın yaxınlığında yerləşən piyada keçidinin üzərində, yolun hərəkət istiqamətini ayıran səkinin üzərində söhbət edən iki şəxs yolu keçərək pilləkənlərə tərəf gedirlər. Onlar pilləkənlərə çatdıqda digər iki nəfər onların arxasından keçərək gedir. Pilləkənlər istiqamətində gedən iki şəxs geri qayıdaraq onları ötüb keçən şəxsləri geri çağırırlar. Həmin şəxslər geri qayıdaraq onlara yaxınlaşırlar. Çağırılan şəxslərin birinin kürəyində, digərinin isə çiynində çanta asılmışdır. Bir qədər söhbətdən sonra onların arasında mübahisə yaranır. Pilləkənlərdən qayıdan şəxslərdən bir, ağ köynək geyinmiş şəxs çiynindən çanta asılmış şəxslə biri-birini sinə nahiyələrindən itələyirlər. Sonra onlar mübahisəni davam etdirərək dördü birlikdə pilləkənlərlə yuxarı qalxırlar. Pilləkənlərin üzərində bir qədər söhbət etdikdən sonra onlar pilləkənlərlə qalxıb gedirlər. TŞ4-061 3-2021-08-02_03h30min qovluğunda olan görüntülərdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanın yaxınlığında yerləşən pilləkənlər tərəfdən dörd nəfərin gəldiyi, onlardan birinin yolun kənarında dayandığı, digər 3 nəfərin isə söhbət edərək yolu keçib getdiyi görünür. Həmin şəxslərin birinin əlində mobil telefon açıq aşkar görünür. Yolu keçdikdən sonra 3 nəfər bir qədər dayanıb söhbət edirlər. Sonradan kürəyində çanta asılmış dördüncü şəxs də yolu digər tərəfə keçir. Baxış zamanı Təqsirləndirilən şəxs2 görüntülərə düşmüş ağ köynəkli şəxsin özü olduğunu, Təqsirləndirilən şəxs1 isə qara rəngli köynək geyinmiş şəxsin özü olduğunu bildirmişlər. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli “ifadənin yerində yoxlnılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanın yaxınlığındakı hadisə yerini göstərərək, ifadəsini əyani olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli “ifadənin yerində yoxlnılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanın yaxınlığındakı hadisə yerini göstərərək, ifadəsini əyani olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası MTE-nın PA və ETT Birliyinin Nizami rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 785 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində xx.xx.2021-ci il tarixə uyğun gələn hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X6 xx.xx.2021-ci il tarixli 2305 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törədən zaman hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilməyib, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır, ona ittiham elan edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş və barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs1 inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, hövsələsizlik, qıcığa qarşı həssaslıq, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İntellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Əqli və psixi inkişaf xüsusiyyətlərinə uyğun olaraq baş vermiş hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Onda özündən uydurmağa meyillilik aşkar edilmədi. Onda idrak və sensor-perseptiv (duyğu, qavrama) proseslərinin xüsusiyyətləri norma səviyyəsində olduğundan o, hadisə şəraitini və iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarındadır. Onun fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. İş materiallarında olan 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, DİN-nin Növbətçi hissələri İdarəetmə Xidmətindən götürülmüş, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanın yaxınlığında quraşdırılmış TŞ-4-070 (1) saylı və TŞ-4-061 (3) saylı müşahidə kameralarında xx.xx.2021-ci il tarixdə qeyd olunan hadisənin video görüntülərinin 01 ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan 28 avqust 2021-ci tarixli Tutma Protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 30 avqust 2021-ci tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş hərbi biletin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda 2020-ci ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş və Vətən Müharibəsi iştirakçısıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə onların təqsiri tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və Vətən Müharibəsi iştirakçısı olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxs M.R.Əliyevə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini və Vətən Müharibəsi iştirakçısı olmasını təqsirləndirilən şəxs M.R.Əliyevin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və M.R.Əliyevin cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onlara törətdikləri cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və sınaq müddəti müəyyən olunmaqla onların üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Мəhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və M.R.Əliyevə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətəbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və M.R.Əliyevin şübhəli şəxs qismində tutulduğu müddət onların cəza müddətinə hesablanmalıdır. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurətin olmadığını qeyd edir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 70 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Eyni zamanda, vəkilin məhkəmədə iştirak etdiyi 70 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət etmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət etmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar