Məhkəmə qərarları › İş №1(007)-615/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-615/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-615/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxxxx 1984-cü ildə, Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Gəlmə ərazi dairəsi, Gəlmə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ bkeçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda X1 özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verərək inandırıb sonuncuya müharibə veteranı kimi növbədənkənar ev almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Sərdar Rəfızadədən 03 iyun 2022-ci tarixdə ünvan 2 ünvanda yerləşən “İstanbul NS” Klinikasının qarşısında 6000 manat, 22 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Embawood” mebel mağazasının qarşısında 3700 manat, ümumilikdə 9700 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verərək inandırıb sonuncunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kompüter mütəxəssisi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 02 sentyabr 2022-ci tarixdə ünvan 4 ünvanda yerləşən “Səmayə” Şadlıq Sarayının qarşısında 1150 manat, 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, ünvan 5 ünvanda yerləşən “Monte Karlo” Şadlıq Sarayının qarşısında 1000 manat, ümumilikdə 2150 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid2 onun iş yoldaşıdır. X4 və Zərərçəkmiş şəxs2 Ramizin vasitəsi ilə tanımışdır. Təxminən 2022-ci ilin may ayında tanışı Şahid2 ona keçmiş hərbçi olan Sərdar adlı tanışının müharibə veteranı kimi ev növbəsinə durduğunu, lakin neçə vaxtdır, ev ala bilmədyini demiş, ondan Sərdarın növbədənkənar ev almasına köməklik etməsini xahiş etmişdir. O da bu işi yüksək vəzifədə çalışan tanışları vasitəsilə həll edə biləcəyini demiş, onunla razılaşmış, Nərimanov rayon ərazisində yerləşən "Nəriman Nərimanov" parkında Sərdarla görüşmüşdür. Söhbət zamanı Sərdar 2015-ci ildən müharibə veteranı kimi mənzil növbəsinə durduğunu, lakin hələ də ona ev verilmədiyini demiş, ona köməklik etməsini xahiş etmişdir. Həmin ərəfələrdə onun pula ehtiyacı olduğundan Sərdara dövlət qurumlarında yüksək vəzifələrdə işləyən tanışları vasitəsilə ona növbədənkənar mənzil verilməsinə köməklik göstərə biləcəyini, məsələ ilə maraqlanıb ona məlumat verəcəyini demişdir. Bir neçə gündən sonra, növbəti görüşləri zamanı Sərdara növbədənkənar 4 otaqlı mənzil verilməsi üçün 9700 manat pul lazım olduğunu bildirmiş, o, onunla razılaşdığından, ondan müəyyən sənədlərin kserosurətlərini götürmüş, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən “İstanbul NS” klinikasının qarşısında Sərdarla görüşmüş və Sərdar ona 6000 manat pul vermiş, pulun qalan hissəsini isə işin sonunda verəcəyini demişdir. Təxminən iyul ayının ortalarında ona yenə də pul lazım olduğundan Sərdara zəng edib pulun qalan hissəsini istəmiş, Sərdar pulun qalan 3700 manat hissəsini ona xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Embawood” mebel mağazasının qarşısında vermişdir. Sərdardan aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və sonuncuya söz verdiyi işlə bağlı heç bir iş görməmişdir. Sərdar işlə maraqlandıqda isə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Həmçinin təxminən 2022-ci ilin avqust ayının sonlarında Ramiz ondan Sevlan adlı qohumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəlməsinə köməklik etməsini xahiş etmiş, o, 6000 manat pul müqabilində Sevlanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəldə biləcəyini demiş, X2 yeməkxanasında Sevlanla onu görüşdürmüş, o, Sevlana onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kompüter mütəxəssisi kimi işə düzəldəcəyini söz vermiş, ümumilikdə 6000 manat pul lazım olduğunu, əvvəlcədən məbləğin 2000 manatını, əlavə kursa getməmək üçün isə 250 manat pul verməli olduğunu, qalan 4000 manatı isə işə çıxdıqdan sonra verəcəyini demişdir. Sevlan da, onunla razılaşmış və o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən "Səmayə" şadlıq evinin yaxınlığında Ramizin iştirakı ilə Sevlandan 1150 manat pul almışdır. Sabahısı gün Sevlan ona zəng edərək pulun qalan 1000 manat hissəsini düzəltdiyini demiş və o, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Babək prospektində yerləşən "Monte Karlo" şadlıq evinin qarşısında Sevlanla görüşüb ondan həmin 1000 manat pulu götürmüşdür. Sevlana söz vermişdir ki, xx.xx.2022-ci il tarixdən o işə çıxacaqdır. Lakin, qeyd etdiyi kimi onu işə düzəltmək imkanı olmamışdır. Aldığı pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sevlan işlə maraqlandıqda isə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını, həmçinin vurulmuş ziyana görə iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildən müharibə veteranı kimi mənzil almaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edib mənzil növbəsinə dursa da, bu günə kimi mənzil ala bilməmiş, söhbətlərin birində bu barədə tanışı Şahid2 məlumat vermiş, Ramiz isə ona dövlət tərəfindən mənzil verilməsilə bağlı köməklik edə biləcək tanışının olduğunu bildirərək onun istəyi ilə 2022-ci ilin may ayında "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında yerləşən parkda Təqsirləndirilən şəxs ilə onu tanış etmiş, Elçinə 2015-ci ildən müharibə veteranı kimi mənzil növbəsinə durduğunu, lakin hələ də mənzil ala bilmədiyini demiş, Elçin isə dövlət qurumlarında yüksək vəzifələrdə işləyən tanışları vasitəsilə ona növbədənkənar mənzil verilməsinə köməklik göstərə biləcəyini, məsələ ilə maraqlanıb ona məlumat verəcəyini demişdir. Bir neçə gündən sonra növbəti görüşləri zamanı Elçin məsələni danışdığını, ona növbədənkənar 4 otaqlı mənzil verilməsi üçün 9700 manat pul lazım olduğunu bildirmiş, o, Elçinlə razılaşmış, sonuncu onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və veteran olmağı barədə olan sənədlərin kserosurətini götürmüş, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “İstanbul NS” klinikasının qarşısında Elçinlə görüşüb 6000 manat pulu Elçinə vermişdir. Pulun qalan 3700 manat hissəsini isə işin sonunda verəcəyini demiş, həmin pulu xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 37 saylı ünvanda yerləşən “Embawood” mebel mağazasının yaxınlığında Elçinlə görüşüb ona vermişdir. Bundan sonra, Elçindən işin nə yerdə olması ilə maraqlananda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış, bir müddət keçdikdən sonra, o artıq Elçinin onu aldatdığını başa düşmüş, ondan pulunu tələb etməyə başlamış, Elçin müxtəlif bəhanələr gətirərək pulu qaytaracağına söz versə də, sonradan Elçinin onun pulunu qaytarmadığını görüb onun barəsində şikayət etmək qərarına gəlmişdir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında dayısı oğlu Şahid2 vasitəsilə tanımışdır. O, dayısı oğlu Ramizdən ona iş tapmaqda köməklik etməsini xahiş etmiş, təxminən 2022-ci ilin avqust ayının sonlarında Ramiz ona Elçin adlı iş yoldaşının vasitəsi ilə onu işə düzəldə biləcəyini demişdir. Söhbət zamanı Ramiz Elçinə zəng etmiş, onun yanında Elçinlə telefonla danışarkən sonuncu 6000 manat pul müqabilində onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işə düzəldə biləcəyini demiş, sonra o, dayısı oğlu Ramizlə birlikdə Beynəlxalq Avtovağzalın yeməkxanasında Elçinlə görüşərək bu barədə razılaşmış, Elçin ona işə düzəlməsi üçün ümumilikdə 6000 manat pul lazım olduğunu, əvvəlcədən məbləğin 2000 manatını, əlavə kursa getməmək üçün isə 250 manat pul verməli olduğunu, qalan 4000 manatı isə işə çıxdıqdan sonra verəcəyini demişdir. O da Elçinlə razılaşmış və ilk olaraq 1150 manat pul düzəldib xx.xx.2022-ci il tarixdə, ünvan 4 ünvanda yerləşən "Səmayə" şadlıq sarayının qarşısında dayısı oğlu Ramiz və qohumu Əlvanla birlikdə Elçinlə görüşərək 1150 manat pulu onların yanında Elçinə vermiş və kurs üçün əlavə 150 manatdan artıq pul verə bilməyəcəyini demişdir. Elçin pulu götürdükdən sonra söz vermişdir ki, xx.xx.2022-ci il tarixdə artıq işə çıxacaqdır. Lakin, qalan 1000 manatı vaxtında çatdırmasa işi gecikə bilər. Buna görə də, o həmin gün qalan 1000 manatı borc-xərc edib düzəltmiş və sabahı gün, yəni xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanda yerləşən "Monte Karlo" şadlıq evinin qarşısında Elçinlə görüşüb ona vermişdir. Bundan sonra, Elçin işi danışdığını, artıq xx.xx.2022-ci il tarixdən onun işə çıxacağını bildirsə də, vədinə əməl etməmiş, söz verdiyi vaxt gəlib çatdıqda müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, sonradan isə işin alınmadığını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 73-1.2, 73- 1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Hüseynov Ruslan oğlunun xx.xx.2023-cü il tarixli ərizələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur, onunla barışmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq dövlət büdcəsinə cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faizi - ümumilikdə 2970 (iki min doqquz yüz yetmiş) manat pul vəsaiti ödənilmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, qərarın icrası ilə bağlı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərlə barışdığına, zərərçəkmiş şəxslərə dəymiş ziyanı, dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar