Məhkəmə qərarları › İş №1(007)-618/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-618/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-618/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasının Artyom şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, halhazırda məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X8 küçəsi, ev 4a, mənzil 35 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində ictimai yer olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 45 ünvanında yerləşən avtobus dayanacağının yaxınlığında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşıb guya sonuncunun onun fotoşəklini çəkməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs zor tətbiq edərək bir neçə dəfə sillə ilə başının müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ənsə nahiyəsinin dərialtı ödemi ilə müşayiət olunan şişkinlik halında əzilməsindən ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Həmin əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanmış və yekun protokolu tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 214 saylı marşrut avtobusunda sürücü işəyir. 18 sentyabr 2023-cü il tarixində istifadəsində olan nəqliyyat vasitəsində nasazlıq yarandığına görə avtobusun altına uzanaraq orada müəyyən təmir işləri aparmışdır. Bu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs onun görüntülərini çəkdiyini görüb dərhal ayağa qalxmış və ona iradını bildirmişdir. Sonra isə ondan çəkdiyi görüntüləri Tiktok servisindən silməyi tələb etmiş, Hüseyn həmin görüntüləri silmiş, daha sonra onun tələbi ilə görüntüləri WhatsApp mesencerindən də silmişdir. Həmin vaxt o, Hüseyni yalnız itələmiş, amma onu döyməmişdir. Məhkəməyə təqdim etdiyi CD diskdə əks olunmuş hadisə yerinin görüntülərindən də onun Hüseyni döyməməsi aşkar olunur. Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilsə də, onun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi ibtidai araşdırma və məhkəmə istintaqı zamanı toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi izahat və ifadəsində Zərərçəkmiş şəxs tərəfindən mobil telefonla fotoşəkilləri çəkildiyinə görə ona iradını bildirdiyini və fotoşəkilləri silməyi tələb etdiyini, Hüseynin çəkdiyi fotoşəkilləri sildiyini, onun hərəkətlərinə əsəbləşdiyinə görə Hüseynin baş nahiyəsinə 1-2 dəfə sillə vurduğunu, hadisənin təxminən 4-5 dəqiqə ərzində davam etdiyini, ətrafda olan tanımadığı şəxslərin hadisənin şahidi olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixində bacısının sifarişi əsasında idman qidasını götürmək üçün Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən ünvana getmiş, lakin karqo yükdaşıma xidmətinin yerləşdiyi yeri tapa bilmədiyinə görə həmin ərazidə bir neçə fotoşəkil çəkərək WhatsApp mesenceri vasitəsilə bacısına göndərmişdir. Daha sonra həmin ünvanı tapmaq üçün piyada hərəkət etməyə başlamış, bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs onu arxadan gödəkçəsindən tutmuş və nə səbəbə onun fotoşəklini çəkdiyini soruşmuşdur. O, Anara bildirmişdir ki, onun yox, ərazinin fotoşəklini çəkib bacısına göndərmişdir. Bununla belə, o, Anarın tələbi ilə çəkdiyi fotoşəkilləri telefonundan silmişdir. Lakin Anar bununla kifayətlənməyib 6-7 dəfə sillə ilə onun baş nahiyəsindən vurmuşdur. Aralarında baş vermiş mübahisə 4-5 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı ətrafda tanımadığı şəxslər olduğu üçün hadisəyə şahid olmuşlar. Hadisədən sonra aralarında barışıq olmamışdır. İbtidai araşdırma zamanı ünvan 4 ünvanda avtobus dayanacağının yaxınlığında yerləşən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokol materiala əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi CD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən iş üçün əhəmiyyətli olan heç bir hal aşkar olunmamışdır. İbtidai araşdırma zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizanın 22 sentyabr 2023-cü il tarixli, 932 №-li rəyinə əsasən, X2 ənsə nahiyəsinin dərialtı ödemi ilə müşayiət olunan şişkinlik halında əzilməsi bərk küt əşyanın(əşyaların) təsirindən törənə bilərdi, 18 sentyabr 2023-cü il tarixində baş vermiş hadisə zamanı yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, ibtidai araşdırma və məhkəmə istintaqı nəticəsində müəyyən olundu ki, Təqsirləndirilən şəxs əsaslı bir səbəb olmadan ictimai yerdə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla bir neçə zərbə vuraraq sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmuş, onun hərəkətləri ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ibtidai araşdırma zamanı düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs qeyd cəzadan azad edilməsi və barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş qohumluq məlumatları haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.20211-ci il təvəllüdlü Məmmədzadə Nilgün Anar qızı, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 adında ikisi azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Məmmədzadə Nilgün Anar qızının sağlamlıq imkanları məhduddur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı və biri sağlamlıq imkanları məhdud uşaq olmaqla, 3 yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və əsaslı olmaqla cəzanın məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına 29 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 29x6=174 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına 29 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 29x6=174 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar