Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-618/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-nin Nərimanov rayon şəbəkəsində sürücü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə, saat 15:29-da “Bİ”, “B”, “Cl”, “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, "xxxx" ASC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “UAZ” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Koroğlu” metrostansiyasından Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətində saatda 40-50 km/sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla bağlı tədbirləri görməli olduğu halda həmin tələbləri yerinə yetirməyərək, yol hərəkəti qaydalarını pozub, ünvan 2 ünvanında yerləşən “Altun Saray” şadlıq evi ilə üzbəüz, yolun kənarında, parklanma yerində saxlanılaraq hərəkətsiz vəziyyətdə olan “Mercedes Benz 270” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan “Mercedes Benz 270” markalı avtomobilin sükan arxasında əyləşmiş sürücü Zərərçəkmiş şəxs aldığı ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid aorta, ürək və sol ağciyərin zədələnməsi, sol tərəfli körpücük sümüyünün və İ,İİ, İİİ, İV qabırğaların yerdəyişmiş sınıqları, döş qəfəsinin ön səthinin şişkinlik və qançırları, təpə-ənsə sərhəddinin əzilmiş yarası və sıyrıqları, sol çiyin qurşağının, sol kürək və bazu oynağının sıyrıqlarından ibarət xəsarətlərdən sol tərəfli körpücük sümüyünün, İ,İİ, İİİ, İV qabırğaların yerdəyişmiş sınıqları ilə müşayiət olunan aortanın, ürək və sol ağciyərin zədələnməsi nəticəsində daxili qanaxma Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 06 may 2024-cü il tarixdə saat 14:30 radələrində idarə etdiyi avtomobil ilə "xxxx" ASC-nin Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən qarajından çıxaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” deyilən istiqamətə yola düşmüşdür. Saat təxminən 15 radələrində “Koroğlu” metrostansiyasından Nizami rayonu “Altun Saray” şadlıq evi istiqamətində hərəkətdə olan zaman qəfildən onu yuxu tutmuş və bir neçə saniyə sonra “Altun Saray” şadlıq evi ilə üzbəüz yolda parkalanmış halda dayanmış “Mercedes Benz 270” markalı avtomobilin üzərinə doğru hərəkət etməsini görmüşdür. O, əyləci basmağa çalışsa da qəfildən “Mercedes Benz 270” markalı avtomobilin sol yan hissəsindən idarə etdiyi “UAZ” markalı avtomobilin ön hissəsi ilə vurmuşdur. Həmin vaxt ‘‘Mercedes Benz 270” markalı avtomobil zərbənin təsirindən yolun hərəkət hissəsinə düşmüş, idarə etdiyi avtomobil isə yolun kənarında bardyora, daha sonra isə ağaclara dəyərək dayanmışdır. O hadisənin şokundan ayılıb avtomobildən düşmüş və “Mercedes Benz 270” markalı avtomobildə olan bir nəfər şəxsin maşının içərisində ölmüş vəziyyətdə qalmasının şahidi olmuşdur. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, əvvəllər mərhum atası Zərərçəkmiş şəxs, həmçinin qardaşı Cavid və öz ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Günəşli kəndində eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşamışlar. Atası özünə məxsus olan “Mercedes Benz 270” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonundan Bakı şəhər istiqamətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin son vaxtlar o, taksi fəaliyyəti ilə məşğul olmamış və bəzən Bakı şəhərində yaşayan əmisi İsanın evinə gedib-gəlmişdir. 06 may 2024-cü il tarixdə atası Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə Cəlilabad rayonundan Bakı şəhərinə getmişdir. O isə həmin gün şəxsi işləri ilə əlaqədar Masazır qəsəbəsinə gəlmişdir. 06 may 2024-cü il tarixdə, saat 15 radələrində mobil telefonuna zəng olunaraq Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Altun Saray” şadlıq sarayının yaxınlığında atası Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə ona məlumat verilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbi yoxdur. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Nərimanov rayon şəbəkəsində sürücü işləmiş və şirkətin mülkiyyətində olan “UAZ” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 06 may 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobil ilə "xxxx" ASC-nin Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən qarajından çıxaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” deyilən istiqamətə yola düşərkən Nizami rayonu “Altun Saray” şadlıq evi ilə üzbəüz yolda yolnəqliyyat hadisəsi törədərək avtomobilə maddi ziyan vurması barədə məlumat əldə etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs avtomobilə vurduğu maddi ziyanı ödədiyindən "xxxx" ASC tərəfindən ona qarşı heç bir şikayət və mülki tələbləri olmamışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 93 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşkar olunmuş orta, ürək və sol ağciyərin zədələnməsi, sol tərəfli körpücük sümüyünün və 1,11,111,İV qabırğaların yerdəyişmiş sınıqları, döş qəfəsinin ön səthinin şişkinlik və qançırları, təpə-ənsə sərhəddinin əzilmiş yarası və sıyrıqları, sol çiyin qurşağının, sol kürək və bazu oynağının sıyrıqları həyatidirlər, ölümdən az əvvəl, yəni xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən dayanmış avtomobilin salonunda olarkən, digər avtomobil tərəfindən vurulması zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə sol tərəfli körpücük sümüyünün, İ,İİ,İİİ,İV qabırğaların yerdəyişmiş sınıqları ilə müşayiət olunan aortanın, ürək və sol ağciyərin zədələnməsi nəticəsində daxili qanaxma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024cü il tarixli, 8/1689 saylı rəyindən görünür ki, “UAZ” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən X4 (X1 əvəzinə) Təqsirləndirilən şəxs qarşı ona dəymiş zərər tam ödənildiyindən şikayətinin olmadığı müəyyən edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə olnmuş qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə olunması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasınını, himayəsində bir azyaşlı uşaq olmaqla iki övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “UAZ” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “Mercedes Benz 270” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi X6 geri qaytarılması nəzərə alınmalıdır. Digər maddi sübut TŞ 4-080 müşahidə qurğusunun 2-ci kamerasında qeydə alınmış görüntünün əks olunduğu DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “UAZ” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “Mercedes Benz 270” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi X6 geri qaytarılması nəzərə alınsın. Maddi sübut qismində tanınmış TŞ 4-080 müşahidə qurğusunun 2-ci kamerasında qeydə alınmış görüntünün əks olunduğu DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 108 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-618/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-618/2024
27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver