Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-619/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1991-ci il tarixdə Masallı rayonunun Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Masallı rayonunun Səmidxan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində nömrəsiz fərdi evdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 22 sentyabr 2023-cü il tarixdə saat 21:08 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 84B ünvanında yerləşən “Hermes” marketin daxilində həmin marketin sahibi Zərərçəkmiş şəxs ilə guya sonuncunun həmin tarixdə marketə su almaq üçün gəlmiş qardaşı oğlu Şahid2 nalayiq ifadələrlə söyüb təhqir etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yer olan həmin marketdə ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib qəsdən kəllə ilə bir dəfə sonuncunun sifət nahiyyəsinə vurmaqla Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qaş ətrafı nahiyənin hematoması ilə müşayiət olunan bədən xəsarəti yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda ilk əvvəl özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin və şahidlərin dindirilməsindən sonra özünü təqsirli bildiyini qeyd etməklə verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 onun qardaşı oğludur. 22 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində o, Turalı su almaq üçün Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 84B ünvanında yerləşən “Hermes” adlı marketə göndərmişdir. Bir neçə dəqiqə sonra Tural marketdən çıxıb onun yanına gələrək bildirmişdir ki, marketdən rəflərin üzərindən 01 ədəd 0,50 litrlik su butulkası götürmüş və suyun ödənişini etmək üçün kassada oturan İsmət adlı qıza 50 manat pul vermiş, lakin İsmət 50 manata xırda pulu olmadığını bildirmişdir. Tural marketin sahibini çağırmasını tələb etmiş, marketin müdiri Emin gələrək Turalla kobud şəkildə danışıb onu təhqir etmişdir. Buna görə Turalla birlikdə həmin marketə getmiş, həmin marketin içərisində Zərərçəkmiş şəxs ilə söhbət edib onun qardaşı oğlu Turalı nalayiq ifadələrlə təhqir etməsinə görə ona irad bildirmişdir. Bu zaman Eminlə aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, kəllə ilə bir dəfə Eminin sifət nahiyyəsinə vurmuşdur. Yanlarında olan Tural onları ayırmış, daha sonra hər ikisi marketi tərk etmişlər. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, hadisə 22 sentyabr 2023-ci il tarixdə saat 21:08 radələrində “Hermes” marketin içərisində başlayaraq həmin marketin içərisində başa çatmış, təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı Turalla İsmətdən başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs ilə hər hansı ədavəti olmamış, Eminin hadisədən əvvəl Turalı nalayiq ifadələrlə təqhir etməsi səbəbi ilə Eminlə mübahisə edərək onu vurmuşdur. Əməlindən səmimi peşmandır, dəfələrlə cəhd etməsinə baxmayaraq, zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Qeyd etdiklərini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 84B ünvanında yerləşən “Hermes” adlı marketin icarədarıdır. 22 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində işlətdiyi marketdə olmuş, Şahid2 müştəri qismində marketə daxil olmuş, Şahid2 marketin içərisində qoyulmuş rəfdən 1 ədəd plastik materilaldan olan 0,50 litrlik su götürdükdən sonra kassada əyləşən satıcı-kassir Şahid1 yaxınlaşmış, suyun pulunu ödəməsi üçün kassirə 50 manat pul uzatmışdır. X2 50 manata xırda olmadığını və suyu açdığı üçün pul ödənişi ödəmədən suyu götürüb getməsini bildirmişdir. Bu zaman Tural İsmətə marketin sahibini çağırmasını tələb etmişdir. Marketin içərisində olduğundan olanları eşitmiş, kənardan müşahidə aparmışdır. O, Turala yaxınlaşaraq 50 manata xırda pul olmadığını, suyu açdığı üçün pulu ödəməyə ehtiyac olmadığını, götürüb getməsini bildirmişdir. Lakin Tural açdığı suyu marketdə kassada qoyaraq marketi tərk etmişdir. Həmin tarixdə saat 21:08 radələrində Tural yanında sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə marketə gəlmişdir. Elvin əli ilə Turalı göstərib qardaşı oğlu olduğunu və qardaşı oğlu Turalın ünvanına nalayiq ifadələr işlətdiyini bəhanə edərək onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Elvindən marketi tərk etməsini tələb etmiş, Elvin isə onunla mübahisə etmişdir. Mübahisə zamanı Elvin kəllə ilə onun sifət nahiyyəsinə vurmaqla sol qaş nahiyəsinə xəsarət yetirmişdir. Tural onları ayırmış, Elvin Turalı da götürərək marketi tərk etmişdir. O, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və Nizami RPİ-nin 25-ci PŞ-də ərizə yazıb həmin məlumatı təsdiq etmişdir. Hadisə qeyd etdiyi vaxtda “Hermes” marketin daxilində başlayaraq həmin ünvanda başa çatmış, təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə zamanı marketin daxilində marketin satıcı-kassiri İsmət və Elvinin qardaşı oğlu Tural olmuş, onlar hadisənin şahidi olmuşlar. Təqsirləndirilən şəxs onu qardaşı oğlu Turalı nalayiq ifadələrlə təhqir etməsi bəhanəsi ilə nalayiq ifadələrlə söyüb təqhir edib vursa da, o, Təqsirləndirilən şəxs və qardaşı oğlu Turalı nalayiq ifadələrlə söyüb təqhir etməmiş, onları vurmamışdır. Təqsirləndirilən şəxs cəhd etsə də, o, həmin şəxslə barışmamışdır, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 84B ünvanında yerləşən “Hermes” adlı marketdə satıcı-kassir işləyir. 22 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində işdə olan zaman Şahid2 marketə müştəri qismində daxil olmuş, marketin içərisində olan rəfdən qiyməti 0,50 qəpik olan 0,50 litirlik su butulkasını götürdükdən sonra kassaya ona tərəf yaxınlaşmış və suyun pulunu çıxması üçün ona 50 manat pul vermişdir. Turala kassada 50 manata xırda pul olmadığını demiş, sonra suyu açdığını görüb pul ödəməyə ehtiyac olmadığını və suyu götürüb getməsini bildirmişdir. Tural isə qışqıraraq onunla danışmış və marketin sahibini çağırmasını tələb etmişdir. O, marketin müdiri Zərərçəkmiş şəxs çağırmışdır. Emin marketdə olduğu üçün yaxınlaşmış, Turala suyu açdığı üçün pul ödəməyə ehtiyac olmadığını, suyu götürüb getməsini bildirmişdir. Tural isə suyu götürməyib marketi tərk edərək çıxıb getmişdir. Həmin tarixdə saat 21:08 radələrində Tural yanında sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə marketə daxil olmuş, həmin vaxt marketin sahibi Emin də marketin daxilində olmuşdur. Elvin əli ilə Turalı Eminə göstərib onun Turalı nalayiq ifadələrlə təqhir etməsini bəhanə edərək Eminlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Elvin kəllə ilə bir dəfə Eminin sifət nahiyyəsinə vuraraq Eminin sol qaş nahiyəsinə xəsarət yetirmiş, eyni zamanda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Tural onları ayırdıqdan sonra Elvin Turalı da götürüb marketi tərk etmişdir. Hadisə təxminən 3-5 dəqiqə ərzində marketin daxilində davam etmiş, marketdə həmin vaxt digər şəxslər olmamışlar. Elvinin dediyinə baxmayaraq, Emin su almaq üçün marketə gəldiyi vaxt Turalı, hadisə zamanı da Elvini nalayiq ifadələrlə söyüb təqhir etməmiş, onları vurmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin (atası) iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. 22 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində su almaq üçün Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 84B ünvanında yerləşən “Hermes” adlı marketə getmişdir. Marketə daxil olduqdan sonra rəfin üzərindən 01 ədəd 0,50 litrlik su butulkası götürərək ödənişi etmək üçün kassada oturan İsmət adlı xanıma yaxınlaşmış, ona 50 manat pul vermişdir. İsmət ona 50 manata xırda olmadığını bildirmişdir. O, suyu açdığını, ona görə verdiyi 50 manat puldan suyun pulunu çıxmasını demişdir. İsmət yenidən 50 manata xırda olmadığını bildirdiyində o, marketin sahibini çağırmasını tələb etmişdir. Bu zaman həmin marketin müdiri Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onu nalayiq ifadələrlə təhqir etmiş, o da suyu marketdə qoyaraq marketi tərk etmişdir. Marketdən çıxdıqdan sonra marketin sahibi Eminin onu nalayiq ifadələrlə təhir etməsini əmisi Elvinə demişdir. Əmisi Elvin onunla birlikdə həmin marketdə getmiş, orada əmisi marketin sahibi Eminə onu əli ilə göstərib onun ünvanına niyə nalayiq ifadələr işlətməsini deyib onunla bu səbəbdən mübahisə etmişdir. Mübahisə zamanı əmisi Elvin kəllə ilə bir dəfə Eminin sifət nahiyyəsinə vurmuşdur. O, həmin şəxsləri ayırdıqdan sonra əmisi ilə marketi tərk etmişlər. Hadisə marketin daxilində, təxminən 2-3 dəqiqə davam etmiş, marketdə satıcı işləyən İsmətlə ondan başqa hadisə yerində kənar şəxs olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 4) - 22 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, xuliqanlıq hadisəsinin Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 84B ünvanında yerləşən “Hermes” marketin daxilində baş verməsi müəyyən edilmişdir. (i.v. 2-3) - 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən ünvan 1 ünvanda yerləşən “Hermes” marketin daxilində quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı videomüşahidə kamerasının monitorunda ekranın yuxarı sağ küncündə xx.xx.2023, 21:08:49 yazıları görünməklə, “Hermes” marketin daxili olması müəyyən olunur. Bir qədər sonra əynində yaşıl rəngli qısaqol köynək, qara rəngli şalvar, qara rəngli ayaqqabısı olan şəxs (Təqsirləndirilən şəxs Xeyrədddin oğlu) qara qısaqol köynək, boz şalvar geyinən şəxsə (Zərərçəkmiş şəxs Nurədddin oğluna) yaxınlaşaraq söhbət etdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə kəllə ilə zərbəsi vurması, həmin vaxt yanlarında olan digər şəxsin (Şahid2) onlara yaxınlaşıb onları sakitləşdirərək ayırması müşahidə olunur. Baxış zamanı Zərərçəkmiş şəxs görüntülərdə döyülən şəxsin onun özü olduğunu, onun sifət nahiyyəsindən kəllə ilə vuran şəxsin isə Təqsirləndirilən şəxs Xeyrədddin oğlu olmasını bildirmişdir. (i.v. 29) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 25 sentyabr 2023-cü il tarixli 955 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş - sol qaş ətrafı nahiyənin hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, şəxsin özü tərəfindən özü-özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. (i.v. 31-32) - 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının Nizami rayon prokurorluğu vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (i.v. 80-83) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, qəsdən sağlamlığa yüngül zərər vurma əməlinə görə Təqsirləndirilən şəxs barəsində Masallı rayon polis şöbəsi tərəfindən ********* nömrəli material üzrə araşdırma aparılmış, 26 aprel 2019cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 76-77) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-619/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-619/2023
29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver