Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-62/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: X3, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): Təqsirləndirilən şəxs, Cinayət qanununda əməli törətmiş şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs): xx.xx.1988-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçrimək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində işlədiyi ünvan 3 ünvanında yerləşən binanın qarajında yerləşən avtomobil yuma məntəqəsinə Şahid1 tərəfindən yuyulma məqsədi ilə verilmiş Zərərçəkmiş şəxs MMC-nə məxsus “Hyundai Grandeur” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 tərəfindən verilmiş avtomobilə məxsus açarla mühərrikini işə salmaqla avtomobili qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməli etiraf edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 01 radələrində işlədiyi avtoyuma məntəqəsində olan zaman əvvəldən tanıdığı, lakin adını bilmədiyi şəxs “Hyundai Grandeur markalı **-AJ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək avtomobili avtoyuma məntəqəsinin çöl hissəsində saxlamış, avtomobilin açarını verdikdən sonra avtomobili yumağı, sonradan qarajda saxlamağını bildirmiş, o, açarı götürdükdən sonra avtoyuma məntəqəsində yemək yemiş və spirtli içki araq qəbul etmişdir. Həmin günü saat 03 radələrində o, bir qədər yenidən spirtli içki araq qəbul etdikdən sonra avtomobil sürmək qərarına gəlmiş, həmin “Hyundai Grandeur” markalı əyləşərək mühərriki işə salaraq gizlin şəkildə qarajdan çıxmış və Bakı şəhəri, Sabunuçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Bakıxanov qəsəbəsinə gedib sonra Bakıxanov qəsəbəsinə düşən yolda dairədən fırlanıb işlədəyi avtoyuma məntəqəsinə qayıtmış, o, binanın qarajına daxil olduqdan sonra avtomobili yüksək sürətlə idarə etməyə başlamış, binanın qarajında dayanmış “Opel” markalı avtomobil, daha sonra isə “Mersedes-Benz” markalı avotmobil ilə toqquşmuşdur. O, avtomobili qarajda salxayaraq qapılarını bağlamış və avtoyuma məntəqəsinə gələrək avtomobilin açarını avtoyuma məntəqəsinə qoyub Masallı rayonuna çıxıb getmişdir. O, avtomobili idarə edərək qarajdan çıxan zaman onu heç kim görməmişdir. Onun sürücülük vəsiqəsi olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 bildirdi ki, “Hyundai Grandeur” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs MMC-nə məxsusdur və həmin avtomobil etibarnamə əsasında lizinq yolu ilə Şahid1 verilmişdir. xx.xx.2023-cü il tarixdə Şahid1 “Hyundai Grandeur” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək ünvan 4 ünvanında yerləşən avtomobil yuma məntəqəsinə yuyulması üçün vermiş, həmin avtomobil yuma məntəqəsində işləyən şəxs isə həmin avtomobili qanunsuz olaraq sürmüş və avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə avtomobilə 3885 manat maddi ziyan dəymişdir. Hazırda MMC-yə dəymiş Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bu səbəbdən həmin maddi ziyanın ödənilməsini tələb edir və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2023cü il tarixdə, saat təxminən 23:45 radələrində yaşadığı ünvana gələrək özünə məxsus Opel Astra” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəldən saxladığı qarajda saxlayaraq evə getmişdir. Səhəri gün saat təxminən 08:30 radələrində o, işə gedən zaman avtomobilə yaxınlaşdıqda arxa hissəsinin vurulduğunu, avtomobilin ön hissəsinə baxdıqda digər “Mersedes-Benz” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyini aşkar etmiş, sonradan onunla eyni binada yaşayan qonşusunun “Hyundai Grandeur” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin də vurulduğunu görmüşdür. Bu zaman həmin şəxs avtomobilin moykada işləyən Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını, avtomobillə onun avtomobilini vuraraq yolnəqliyyat hadisəsi törətməsini bildirmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ona təxminən 1560 manat civarında maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində o, yaşadığı ünvana gələrək özünə məxsus “Mersedes Benz E220” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəldən saxladığı qarajda saxlayaraq evə getmiş, səhəri gün saat təxminən 08:30 radələrində işə gedən zaman avtomobilə yaxınlaşdıqda qabaq hissəsinin vurulduğunu aşkar etmişdir. Sonradan onunla eyni binada yaşayan qonşusunun “Hyundai Grandeur” markalı, **-AJ-*** dövllət qeydiyyat nişanlı avtomobilinində vurulduğunu görmüşdür. Bu zaman həmin şəxs avtomobilin moykada işləyən Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını, həmin avtomobillə onun avtomobilini vuraraq yol-nəqliyyat hadisəsi törətməsini ona bildirmişdir. Bundan sonra o, avtomobilə baxış keçirən zaman qabaq ehtiyat hissələrinin əzilmiş vəziyyətdə olduğunu görmüş, hadisə zamanı avtomobilin əzilməsi nəticəsində ona 1430 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində o, yaşadığı ünvana gələn zaman lizing yolu ilə aldığı və etibarnamə ilə idarə etdiyim “Hyundai Grandeur” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 137A binanın qarajında moykada işləyən əvvəldən tanıdığı Mirişə verərək yumasını, sonra qarajda saxlamasını söyləmiş və bundan sonra yaşadığı ünvana qalxmışdır. Səhəri gün saat 08 radələrində qonşuluqda yaşayan tanımadığı şəxs ona zəng edərək avtomobilinin Miriş adlı şəxs tərəfindən qaçırıldığını, digər avtomobilə vurduğunu bildirmişdir. Bundan sonra o, binanın qarajına enmişdir. Qaraja enən zaman avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını, avtomobil ilə icazəsiz olaraq çıxıb getdiyini, sonradan digər avtomobillərə vuraraq gətirib qaraja atdığını görmüşdür. Təxminən 5-6 ildir ki Təqsirləndirilən şəxs tanıyırmış. O, özünə məxsus avtomobili həmin vaxtdan etibarən Mirişə yuduzdururmuş. Belə ki, o, əvvəllərdə özünə məxsus avtomobilləri yuması üçün Mirişə vermişdir. O, xx.xx.2023-cü il tarixdə avtomobili Mirişə verən zaman avtomobilin açarını Mirişə vermişdir. Onun açarı verməkdə məqsədi avtomobili yuduqdan sonra qaraj daxilində park etməsi üçün olmuşdur. O, avtomobilini digər yerlərə sürməsi üçün Mirişə icazə verməmişdir. Baş vermiş hadisə zamanı avtomobilə 3885 manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsinə, digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanununda nəzərdə tutulmuş əməl törədilmişdir, törədilmiş hadisə ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 185.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Vahabov X4 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən barəsində tətbiq olunmuş şərti hesab olunmuş və 1 il sınaq müddəti müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixdə cəzadan azad olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətində azad edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş qohumluq münasibətləri barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 adında 1 yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə cinayət qanununda əməli törətmiş şəxsin əməli etiraf edib, səmimi peşman olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2024-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, o, xx.xx.2024-cü il tarixdən hökm çıxarıldığı hazırki tarixədək həbsdədir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay ( bir il altı ay ) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə qaldığı 01 ay 03 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 03 ay 24 gün (bir il üç ay iyirmi dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-62/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-62/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver