Məhkəmə qərarları › İş №1(007)-62/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-62/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-62/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyası, Lipetsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində qeydiyyatda olan, hazırkı işlə bağlı 27 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,504 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 27 may 2024-cü il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,504 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadə etdiyini qəbul edir, lakin polis əməkdaşları tərəfindən saxlanan zaman üzərində narkotik vasitə olmamışdır. O, 27 may 2024-cü il tarixdə Nizami rayonu Keşlə qəsəbəsində yerləşən parkda dostları ilə birlikdə olmuş, əlində də marixuana olmuşdur. Polis əməkdaşları yaxınlaşmış və onu 23cü polis bölməsinə aparmışlar. Orada qabağına “kakos” qoymuşlar, o, polis əməkdaşlarına demişdir ki, qəbul edir, narkotik vasitə istifadəçisidir, barəsində inzibati xəta haqqında protokol yazaraq onu buraxsınlar. Orada başqa bir polis əməkdaşı ona yaxınlaşaraq kömək edəcəyini bildirmiş, qarşısına “kakos” qoyaraq “sənə nə sənəd versəm imzala, sən narahat olma, bunları imzala, sonra səni buraxacayıq, gedəcəksən” demiş, hətta ona gedib siqaret də alıb gətirmişdir. Üzərində “nəşə” olub, lakin ittiham üzrə özünü təqsirli bilmir. O, marixuanadan istifadə edir, amma ittihamda qeyd edilən narkotik vasitəni həyatı boyu istifadə etməmişdir. Onu aldadıb, həmin sənədlərə qol çəkdirən polis əməkdaşının adını bilmir, lakin həmin şəxsin Laçın rayonundan olduğunu bilmişdir. Video çəkiliş zamanı üzərinə əvvəlcədən qoyulmuş “kakos”u təqdim etmiş və ona polis əməkdaşları nə söyləmişlərsə onu demiş, sənədləri imzalamışdır. Müstəntiq onu buraxandan sonra Xətai rayonunda polislər tərəfindən saxlanılmışdır, orada da narkotiki zorla boynuna qoymuşlar, orada verilmiş ittihamı da qəbul etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 29 may 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 5-6 ildir ki, narkotik vasitə istifadəçisidir. Müalicə olunduğu üçün fasilə vermişdir, 2 aya yaxındır yenidən istifadə etmişdir. Kakos kimi tanıdığı narkotik vasitəni o, Bakı şəhəri Xətai rayonunun ərazisində tanımadığı şəxs və ya şəxslərdən şəxsi istifadəsi üçün alıb, qəbul etmişdir. 27 may 2024-cü il tarixdə Xətai rayon ərazisinə getmiş və tanımadığı şəxsdən 10 manata bir büküm kakos kimi tanıdığı narkotik vasitəni alıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, bu barədə heç kimə məlumat vermədən Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsinə gəlmişdir. Həmin gün saat 21 radələrində Keşlə qəsəbəsi, Yenikənd küçəsi, 7 ünvanında yol kənarında dayanarkən mülki geyimdə olan iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan kimliyini soruşmuş, o da polis əməkdaşlarına anket məlumatlarını demişdir. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün narahatlıq hissi keçirməyə başlamış və polis əməkdaşlarının sualından yayınıb oradan uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən və narkotik vasitə istifadəçisi olmağından şübhələnib onu saxlayaraq 23-cü polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa təqdim etməyi bildirilmişdir. O da üzərində saxladığı kakos kimi tanıdığı narkotik vasitəni gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümünü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, həmin bir ədəd bükümdə olan maddə kakos kimi tanıdığı narkotik vasitədir, 27 may 2024-cü ildə Bakı şəhəri Xətai rayonunun ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata almışdır. Onun təqdim etdiyi bir ədəd büküm açılmış və həmin bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkarlanmışdır. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən narkotik vasitədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Sorğu-sual edilərkən Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində onu da bildirmişdir ki ona üzərində aşkar edilən narkotik vasitəni satan şəxs barəsində onun heç bir məlumatı olmamışdır Əvvəllər də ona narkotik vasitə satan şəxslərin barəsində onun məlumatı olmamışdır. Adətən o, narkotik vasitə alan zaman üzdən narkotik istifadəçisinə bənzəyən şəxslərə yaxınlaşıb üzərində ona satması üçün kakos olub-olmamasını soruşmuş, olduğu təqdirdə o, istifadəsi üçün almışdır. O, narkotik vasitəni ancaq istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən o, fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında xəstə anasının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 may 2024-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanında 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 birlikdə xidmət apararkən bir nəfər piyada şəxsin onları görən kimi özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyət vəsiqəsinin üzərində olub-olmamasını soruşub, olduğu təqdirdə sənədini onlara təqdim etməsini xahiş etmişlər. Bu zaman özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs nədənsə narahat olub, verdikləri suallara qeyri-adekvat cavablar verərək yayınmağa və tez bir zamanda yanlarından uzaqlaşmağa çalışmışdır. Buna görə onlar həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnib, onu 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib, onlarla birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin növbətçi hissəsində gətirdikləri şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək müəyyən edildikdən sonra şübhəli şəxs qismində tutulub, vəkil dəvət edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs onlar tərəfindən xidməti otaqlardan birinə aparılmışdır. Orada Nizami RPl-nin 23-cü polis bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiləcəyi bildirilib, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşulduqda, o, heç bir etirazı olmadığını bildirmişdir. Münasibətini öyrəndikdən sonra təhqiqatçı şübhəli şəxsə üzərində qanunla dövriyyəsi, əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşya olduğu halda onları təqdim etməyini təklif etdikdə, şübhəli şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb, masanın üzərinə qoymuşdur. Hamin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümdə qəhvəyi rəngli toz şəkilli maddə kütləsi aşkar edilmişdir. Bu maddələrin nə olmasına, kimdən və harada əldə etməsinə dair təhqiqatçı tərəfindən sorğu-sual edilərkən şübhəli şəxs cavabında bu maddənin narkotik vasitə olduğunu, onu 27 may 2024-cü il tarixdə Xətai rayonunun ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, aşkar olunmuş maddəni nə məqsədlə alması sualına cavab olaraq şübhəli şəxs onu şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd qızılı rəngli kağız büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərf tərəflərindən imzalanmışdır. Sonra təhqiqatçının şübhəli şəxsin üzərində axtarışın davam etdirilməsi barədə göstərişinə uyğun olaraq axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak etdiyi üçün onun tərəfindən axtarış aparılmış, lakin şübhəli şəxsin üzərindən götürülmüş narkotik vasitədən başqa əhəmiyyət kəsb edən hər hansısa bir əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt vəkil şübhəli Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansısa psixi və ya fiziki zorakılığa məruz qalıb-qalmamasını soruşduqda o, bu cür təsirlərə məruz qalmadığını bildirmişdir. Təhqiqatçı keçirilmiş şəxsi axtarış və götürmə ilə bağı protokolun tərtib ediləcəyini və şəxsi axtarış-götürmə hərəkətinin başa çatmasını elan etmişdir. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu doğru olduğu üçun imzaları ilə təsdiq etmişlər. Şahid1 sualları cavablandırarkən qeyd etmişdir ki, əməliyyat tədbiri və şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs onun özü və ya digər əməkdaşlar tərəfindən döyən, incidən olmamış, şübhəli şəxs də özünü səmimi apararaq əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulması, aldadılaraq sənədlərə imza etdirilməsi barədə qeyd etdikləri əsassızdır, onların polis bölməsində heroinləri yoxdur ki, şübhəli şəxsin üzərinə qoysunlar. Təqsirləndirilən şəxs onunla Şahid2 tərəfindən saxlanılmışdır, şəxsi axtarışda da yalnız onlar müdafiəçi ilə birlikdə iştirak etmişlər, polis bölməsində Laçından olan polis əməkdaşı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 28 may 2024-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 27 may 2024-cü il tarixli və 29 may 2024-cü il tarixli protokollardan görünür ki, 27 may 2024-cü il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin polis əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və istifadəsində şübhələr yarandığından, təhqiqatçının şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2024-cü il tarixli qərarına əsasən Nizami RPİ-nin 23cü PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş həmin şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı kağız kəsiyinə bükülmüş bükülünü təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə narkotik maddə olduğunu, həmin maddəni 27 may 2024-cü il tarixdə Xətai rayonu ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata almışdır. Daha sonra üzərinə baxış keçirilən zaman şübhəli şəxsin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmadı. Daha sonra götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 ədəd DVD əlavə olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 29 may 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 29-30, 69) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 28 may 2024-cü il tarixli 6/3000 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N163”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,504 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,504 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,454 qram qalıq qalmışdır. (i.v. 37-40) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 04 iyun 2024-cü il tarixli 3961 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə etdiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 90-91) - 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün bu xüsusat üzrə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddələri könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış və götürmə zamanı videogörüntüləri əks etdirən 01 ədəd disk sübut qismində cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,504 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,454 qram narkotik vasitə heroin Bakı şəhəri Nizami rayon polis idarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılmış və ayrılmış material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 99-106) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün izlənilməsi zamanı isə, Təqsirləndirilən şəxs “kakos” kimi tanıdığı narkotik vasitəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsə də, üzərində narkotik vasitə heroin olmadığı halda həmin maddənin üzərinə qoyulması, aldadılaraq ona sənədlərə imza etdirilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutmadan azad edildikdən sonra ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında müvafiq halın nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19) - 29 may 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 63-64) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 29 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 65-66) -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablanmışdır. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 16 iyun 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 76-81) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 20 dekabr 2024-cü il tarixli hökmü 10 yanvar 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla həmin maddəyə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək tutmada saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edildiyindən cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə müəyyən edildiyi qaydada, 25 iyul 2024-cü-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, qətimkan tədbiri məsələsini həll edərkən məhkəmə hesab edir ki, hökmün icrasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və onun Bakı istintaq təcridxanasında saxlanıldığı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2024-cü il tarixdən hesablansın. Hökmün icrasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, onun Bakı istintaq təcridxanasında saxlanıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,454 qram narkotik vasitə heroin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 28 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 168 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar