Məhkəmə qərarları › İş №1(007)-620/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-620/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-620/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Xosrov ərazi dairəsi, Sadavat kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 may 2025-ci il tarixdə, saat 20:45 radələrində avtomobil yuyucusu işlədiyi ünvan 1 ünvanında yerləşən “Golden Ring” və “Grand Opera” şadlıq saraylarının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqəsində yuyulması üçün ona təhvil verilmiş Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “BMV 540i” markalı, ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin bardaçokundan sonuncuya məxsus həmin dövrün məzənnəsi ilə 6978,2 manat təşkil edən 4100 ABŞ dolları məbləğində pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən son 1 ildir ki, ünvan 2 ünvanındakı "Grand opera" şadlıq sarayının zirzəmisində yerləşən avtoyuma məntəqəsində yuyucu işləmiş, 23 may 2025-ci il tarixdə axşam saatlarında işdə olduğu zaman işlədiyi şadlıq sarayının yanındakı "Golden Ring" şadlıq sarayında toy məclisi keçirilmiş, həmin vaxt, saat təxminən 20 radələrində şadlıq sarayının qarşısında nəzarətçi işləyən Hüseyn ona yaxınlaşıb “BMW” markalı avtomobilə məxsus açarı təqdim edərək şadlıq sarayında keçirilən toy məclisinə gəlmiş şəxsə məxsus avtomobilin açarı olduğunu və həmin avtomobili yuyub təmizləməyini bildirmiş, o, avtomobilin saxlanc yerinə baxdıqda açıq vəziyyətdə rezinə keçirilmiş ABŞ dollarları olduğunu görmüş, borcu olduğu üçün həmin pulları götürüb borclarını qaytarmağı düşünmüş və bu məqsədlə həmin pulları götürmüşdür. Sonra isə şadlıq sarayının qarşısında avtomobili saxlayaraq açarı Hüseynə təhvil vermiş və avtoyuma məntəqəsinə qayıdaraq şəxsi əşyalarını da götürüb oradan uzaqlaşmışdır. Pula ehtiyacı olduğu üçün bu əmələ əl atmışdır, əməlindən çox peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin müharibə iştirakçısı olmasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 23 may 2025-ci il tarixdə, saat təxminən 20 radələrində etibarnamə əsasında idarə etdiyi “BMW 540İ" markalı avtomobili ilə dostunun qardaşının toy məclisində iştirak etmək məqsədilə ünvan 1 ünvanındakı “Golden Ring” şadlıq sarayına gəlmiş, şadlıq sarayının qarşısında avtomobili yuduzdurmaq üçün açarı oradakı nəzarətçi Hüseynə təqdim etmiş, özü isə toy məclisinə daxil olmuşdur. Həmin vaxt avtomobilinin bardaçokunda özünə məxsus 4100 ABŞ dolları pul olmuşdur. Belə ki, 23 may 2025-ci il tarixdə günorta saatlarında həmin pulu bankdan götürərək avtomobilinin bardaçokuna qoymuş, toya tələsik getdiyi üçün pulu avtomobildə unutmuşdur. O, toy məclisində təxminən 45 dəqiqə iştirak etdikdən sonra saat təxminən 20:45-də avtomobilinin bardaçokunda pul olmasını xatırlamış, dərhal şadlıq sarayından bayıra çıxmış, həmin vaxt isə nəzarətçi Hüseyn ona yaxınlaşıb avtomobilinin açarını təqdim etmiş və avtomobilinin artıq təmizlənmiş vəziyyətdə olmasını bildirmişdir. O, dərhal şadlıq sarayının qarşısında dayanan avtomobilinə yaxınlaşıb bardaçokuna baxdıqda 4100 ABŞ dollarının orada olmadığını görmüş, oğurlandığını başa düşmüş, baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə işlədiyi zaman Ağdaş şəhərində tanış olmuş və onların arasında normal münasibət olmuş, 2017-ci ildə Seyrana 2800 manat borc vermiş, lakin xeyli müddət keçsə də, Seyran onun borcunu ödəməmişdir. Sonuncu dəfə 2025-ci il may ayının sonlarında, günlərin birində Seyran özü onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş, həmin vaxt o, Ağdaş şəhərində olduğundan onlar orada görüşmüş, görüş zamanı Seyran ona olan borcundan 2300 manat ödəmiş, qalan 500 manatını da imkan olan kimi ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, Seyranla görüşməmişdir. Seyranın ona ödədiyi 2300 manat pulun oğurluq olmasından heç bir məlumatı olmamış, nə o, həmin pul barədə Seyrandan soruşmuş, nə də ki Seyran özü pulu hardan tapıb borcunu qaytardığını ona demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən «Golden Ring» və «Grand Opera» şadlıq saraylarında nəzarətçi işləyir, onun işi şadlıq saraylarına gələn avtomobillərə nəzarət etməkdən ibarətdir. Bildirir ki, şadlıq saraylarının adları fərqli olsa da eyni şəxsə məxsus olduğundan o, hər iki şadlıq sarayında avtomobillərə nəzarət edir. Həmin şadlıq saraylarının zirzəmisində olan yeraltı avtomobil dayanacağında avtoyuma məntəqəsi fəaliyyət göstərir. Təxminən 2 ilə yaxındır ki, həmin avtoyuma məntəqəsində əslən Ağdaş rayonundan olan Seyran adlı şəxs yuyucu işləyir. 23 may 2025-ci il tarixdə «Golden Ring» şadlıq sarayında toy olmuş, həmin toya gələn qonaqlardan biri, adını sonradan bildiyi Yaşar adlı cavan oğlan idarə etdiyi «BMV» markalı avtomobili şadlıq sarayının qarşısına daxil olanda o bütün qonaqlara təklif etdiyi kimi ona da avtomobilini şadlıq sarayının yeraltı dayanacağında fəaliyyət göstərən avtoyuma məntəqəsində yuduzdurmağı təklif etmiş və Yaşar razılaşmışdır. Həmin zaman Seyran da bayırda olmuş və ondan bir qədər aralıda dayanmışdır. Yaşar qiymət soruşmuş, o da Seyrandan soruşmuş, Seyran 12 manat demişdir. Yaşar razılaşmış və maşını saxlayıb düşərək açarlarını ona vermiş, həmçinin 12 manat və əlavə də 3 manat üstünə qoyaraq 15 manatı ona vermişdir ki, yuyucuya verər. Həmçinin Yaşar 5 manat da dayanacaq pulu vermişdir. Yaşar şadlıq sarayına daxil olmuş, bundan sonra Seyran onun yanına yaxınlaşmış, o, maşının açarlarını və yuyucu pulunu ona vermişdir. Seyran maşına əyləşib onu idarə edib yeraltı dayanacağa salmışdır ki, yusun. Bir müddət sonra Seyran avtomaşını yuyub yeraltı dayanacaqdan çıxarıb şadlıq sarayının qarşısında saxlamış və açarlarını da ona vermişdir. Sonra Seyran yenidən yeraltı dayanacağa qayıtmış və təxminən 10-15 dəqiqə sonra Seyran əlində iki salafan torba ilə yenidən yuxarı çıxmış və uzaqdan ona demişdir ki, paltarlarını başqa maşınla rayona yola salıb gəlir. O da heç nə deməmiş, çünki toy olduğu üçün başı qarışıq olmuşdur. Bir müddət sonra Yaşar toydan çıxmış və o, Yaşara maşınının açarlarını təqdim etmişdir. Yaşar maşına əyləşdikdən sonra gəlib demişdir ki, onun maşınının bardaçokuna giriblər və bardaçokda olan 4000 dollar pulunu oğurlamışlar. O isə onun maşınına daxil olmadığını, ümumiyyətlə açmadığını bildirmiş və Seyranı axtarmış, lakin Seyranı tapa bilməmişlər. Məlum olmuşdur ki, Seyran öz əşyalarını da yığıb getmiş, yəni bayaq Seyran ona paltarlarını rayona yola salacağını deyəndə elə birdəfəlik əşyalarını yığıb getmişdir. Bundan sonra onlar Seyranı tapa bilməmişlər. Bildirir ki, həmin maşına Seyrandan başqa daxil olan olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan 25 noyabr 2025-ci il tarixli zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 adında 1 uşağı var. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-158/2025 nömrəli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(007)-230/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığının müddəti həbsdə saxlanılma müddətinin müəyyən edildiyi xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə faktiki olaraq 03 ay müddətinə - xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək isə ev dustaqlığında olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 16 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 176 manat (16x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay (iki il altı ay ) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət (01 gün həbsdə və ev dustaqlığında olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 176 (bir yüz yetmiş altı) manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar