Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-622/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi-“Mirzəyev və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 21 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 65A saylı evin 72-ci mənzilində arvadı Zərərçəkmiş şəxs ilə aralarında onun içkili halda evdə səs-küy yaratması səbəbindən ailə məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı mənzildə olan oturacağı qəsdən Zərərçəkmiş şəxs üzərinə atıb və yumuruqla bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq, ona alt dodağın selikli qişa səthinin qansızması, sağ gözün üst qapağının, hər iki saidin qançırları, sağ təpə qabarının və sağ bazunun hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə iki il əvvəl ailə həyatı qurmuşlar. 21 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadıqları ünvan 1 ünvanına getmişdir. Mənzildəki soyuducudan su götürərək su içmiş, sonra su qabını stola qoyduqda Elnarə nə üçün su qabını stola möhkəm vurduğunu ondan soruşmuş, bu zəmində aralarında mübahisə olmuşdur. Mübahisə vaxtı Elnarə ilə qarşılıqlı bir-birilərini təhqir etməyə başlamışlar. Bu zaman o, əsəbləşərək stulu götürüb Elnarənin üzərinə atmış və Elnarə yerə yıxılmışdır. Elnarə ayağa qalxdıqdan sonra onu yenidən təhqir etmiş və ona yaxınlaşaraq əli ilə sinə nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra o, əsəbləşərək Elnarəyə yaxınlaşmış, onun sifət nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Bu zaman Elnarənin atası Volodya onların arasına girmiş və onu təhqir etmişdir. O, Elnarənin DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini görüb hadisələrin daha da böyüməməsi üçün yaşadığı mənzili tərk edib getmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə zamanı onun əlində bıçaq olmamış, Elnarəni, atası Volodyanı və oğlu Elnarı bıçaqla öldürməklə hədələməmişdir. Hadisə zamanı mənzildə onlardan başqa heç kim olmamış və ya səsküyə gələn olmamışdır. Elnarəgil onu yaşadıqları mənzildən çıxarmaq istəyirlər. Zərərçəkmiş şəxs ilə barışmağa cəhd etmiş, lakin alınmamışdır. Əməlindən səmimi peşmandır. Qərar qəbul olunarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2 il əvvəl ailə həyatı qurmuş və ünvan 2 ünvanında yaşamışlar. Son vaxtlarda Fazillə aralarında ailə məişət zəminində münaqişələr olmuşdur. O, ayrılmaq istədiyini bildirdikdə Fazil əgər ayrılmaq istəyirsə yaşadığı mənzili satıb pulu böldükdən sonra onunla ayrılacağını bildirmişdir. 21 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Fazil yaşadığı mənzilə gələrək yenidən onunla mübahisə etmiş, mübahisə zamanı mənzildəki əşyaları götürərək onun üzərinə atmışdır. O, bu hərəkətlərini dayandırmasını tələb etdikdə Fazil oturacağı götürərək onun üzərinə atmışdır. Stul onun baş və çiyin nahiyyəsinə dəyərək xəsarət almışdır. Bundan sonra Fazil yumruqla onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona yenə xəsarətlər yetirmişdir. Həmin vaxt mənzildə olan atası Şahid1 və oğlu Şahid2 onları ayırmışlar. O, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Fazil mənzili tərk edib getmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, Fazil göstərdiyi qaydada onu döyüb xəsarət yetirsə də onu bıçaqla hədələməmiş və bıçaqla xəsarət yetirməmişdir, bıçağı sadəcə əlində tutmuşdur. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs içkili vəziyyətdə yaşadığı Nizami rayonu, T.Abbasov küçəsi 65A saylı evin 72 saylı mənzilinə gəlmiş, soyuducudan su qabını götürüb su içmiş və həmin qabla stolun üzərinə vurmağa başlamışdır. Qızı Elnarə su qabının stolun üzərinə vurmamasını ona dedikdə Fazil yumruqla Elnarənin qolundan vurmuş, Elnarə yerə yıxılmışdır. X4 yanına gedərək onu yenə yumruqla vurub yerə yıxmışdır. Bu zaman o, yaxınlaşıb Elnarəni qaldırarkən Fazil stolu onların üzərinə atmış və o, qolundan xəsarət almışdır. Daha sonra nəvəsi Eldar onları ayırmaq istədikdə Fazil əlindəki bıçağı Eldara göstərərək oraya yaxınlaşmamasını demişdir. Elnarə DİN-nin 102 xidmətinə zəng edəndən sonra Fazil əynini geyinib yaşadığı mənzili tərk etmişdir. Hadisə zamanı Fazil bıçağı əlində tutaraq Elnarəni ölümlə hədələmiş, lakin bıçaqla ona xəsarət yetirməmişdir. Qeyd olunan hadisə təxminən 5-6 dəqiqə davam etmişdir, hadisənin başqa şahidləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində anası Elnarə ilə onun əri Təqsirləndirilən şəxs arasında olan mübahisənin şahidi olmuşdur. Belə ki, mübahisədən əvvəl o, öz otağında iş görmüş, qapı bağlı olmuşdur. Bir müddət sonra mətbəx tərəfdən güclü səs eşidərək oraya getdikdə Fazilin əlində bıçaq tutaraq mətbəx masasının arxasında oturub, “Yessuntiki” şüşə su butulkasını dəfələrlə masaya çırparaq anasını təhqir etdiyini görmüşdür. Həmin vaxt o, Fazilin içkili, alkoqolun təsiri altında olduğunu görmüşdür. O, Fazilə müraciət edərək səs tonunu aşağı salmasını və mübahisəni dayandırmasını bildirmişdir. Çünki, babası Volodya açıq ürək əməliyyatı keçirmişdir və ona əsəbləşmək olmazdı. Lakin Fazil onu bıçaqla hədələyərək təhqir etmişdir. Sonra Fazil anası ilə mübahisəyə davam etmişdir. Həmin vaxt Fazil mənzilin eyvanına getmiş, təkrar mətbəxə qayıtdıqda yumruqla çoxsaylı zərbələr yetirərək anasını yerə yıxmış, bu zaman anasının başı qabyuyanın qapısına dəymişdir. Sonra anası ayağa qalxmışdır, onları aralamaq istədiklərində Fazil onları bıçaqla hədələmişdir. Bu zaman Fazil anasını yenidən itələyərək yerə çırpmışdır. Bu dəfə anasının başı qaz sobasına dəymişdir. Babası onları aralamaq istəyərkən Fazil babasını və anasını itələyərək yerə yıxmışdır. Sonra Fazil mətbəx oturacaqlarını onların üzərinə tullamış, həmin vaxt babası qolundan xəsarət almışdır. Hadisə zamanı Fazil bıçağı əlində tutaraq onu ölümlə hədələmiş, amma Fazil nə ona, nə də babasına və anasına bıçaqla xəsarət yetirməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs əməlində böyük ictimai təhlükə törətməyən aşkar cinayətin əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanmışdır. (i.v. 10) - 22 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 2-4) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 28 sentyabr 2023cü il tarixli 946 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişa səthinin qansızması, sağ gözün üst qapağının, hər iki saidin qançırları, sağ təpə qabarının və sağ bazunun hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. (i.v. 37-39) - 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından (Təqsirləndirilən şəxs vuraraq ona döş qəfəsinin ön səthinin və sol saidin ön səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə) onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün 25-ci polis şöbəsinin aidiyyatı əməkdaşına həvalə edilmiş, Təqsirləndirilən şəxs əməlində (Şahid1 vuraraq ona sağ saidin səthi kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirməsi ilə bağlı) cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün 25-ci polis şöbəsinin aidiyyatı əməkdaşına həvalə edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələməsi öz təsdiqini tapmadığından həmin epizod üzrə Azərbaycan Respublikası CM-nin 134 maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər toplanmış əsaslı iş materialları ilə sübuta yetdiyindən məhkəməyədək sadələşdirilmiş icraatı materialı Nizami rayon prokurorluğu vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. (i.v. 83-88) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.1-346.1.12-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 44) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, zərərəçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına vəkilə əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-622/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-622/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver