Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-63/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1975-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, X1 Sahə 1, məhəllə V-4 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74/34 ünvanında yerləşən “Kontakt Home” mağazasında heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək mağazanın normal iş fəaliyyətini pozub müştəri kimi mağazaya gəlmiş Zərərçəkmiş şəxs orada növbəni pozmasını bəhanə etməklə ona yaxınlaşıb zor tətbiq edərək, qəsdən əli ilə onun sağ əlinə vurub sonuncuya şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağ əlin İV barmağının əsas-orta falanqaarası oynağında tam çıxıq, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qarşı qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 09:35 radələrində o, ünvan 4 ünvanında yerləşən “Kontakt Home” mağazasına kredit ödənişi etmək üçün getmişdir. Mağazanın qarşısında gün olduğundan o, yaxınlıqda yerləşən dayancağa gedib orada kölgədə oturub mağaza 10:00-da açıldığı üçün gözləməyə başlamışdır. Bir qədər o, dayanacaqda gözləmiş və saat 09:58 radələrində mağazanın qapısına yaxınlaşmağa başlamışdır. Onunla birlikdə dayanacaqda dayanan və mağazanın açılışını gözləyən bir neçə nəfər şəxs də birlikdə getmişdir. Bundan sonra orada dayanan bir nəfər qadın mağazaya daxil olmuş və o, həmin qadına, arxasında dayanan şəxslərlə əvvəlcədən gözlədiyini bildirdikdə onunla mübahisə edib söyüb təhqir etmişdir. O da qadına sakitləşməsini, sözlərinə fikir verməsini bildirməsinə baxmayaraq, sonuncu onu söyməyə davam etdiyindən o, əli ilə həmin qadını vurmaq istəmişdir. Bu zaman sonuncu özünü müdafiə edən zaman ona da əl-qol atmışdır. Həmin vaxt mağazanın işçisi və arxalarında növbə gözləyən 2-3 nəfər şəxs onları aralaşdırmışlar. Bundan sonra o, ödənişini edib çıxıb getmişdir. Onun Zərərçəkmiş şəxs ilə arasında baş vermiş münaqişə onun növbəsinə girməsindən baş vermişdir. O, yarım saata yaxın orada gözlədikdən sonra saat 09:57- 09:58–də mağazanın qarşısına gəldikdə sakitcə həmin qadına növbə onda olduğunu demiş, sonuncu isə onu başa düşməyib özbaşına növbədən kənar içəri daxil olmuşdur. O da Xanıma, yarım saatdır gözlədiyini, təzyiqi olduğunu, halı pis olduğunu, növbədə o, olduğunu dedikdə Zərərçəkmiş şəxs ona “zəhmət çəkib gəlib burada gözləyəydin” deyərək növbəyə məhəl qoymamışdır. Hətta mağaza işçisi də həmin xanıma növbədə o, olduğunu deməsinə baxmayaraq sonuncu qulaq asmamışdır. Zərərçəkmiş şəxs ətrafda olan hamını təhqir etmiş və söyümüşdür. Zərərçəkmiş şəxs onun ünvanına və valideynlərinin ünvanına söyüş işlətdiyi üçün o, əsəblərinə hakim olmayıb bir dəfə əl atmış və əli Xanımın əli ilə toqquşduğu üçün sonuncu barmağından xəsarət almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci ildə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 64 ünvanında yerləşən “Kontakt Home” mağazasına saat 09:45 radələrində gəlmiş və sifarişini tezləşdirmək üçün içəri daxil olmaq məqsədi ilə növbədə gözləmişdir. Həmin vaxt mağazanın açılmasına təxminən 10 dəqiqə vaxt qalmış və onun gözlədiyi yerdə heç kəs olmamışdır. Saat 09:57 radələrində o, mağazanın işçisinə qapıdan yaxınlaşmış və sonuncu ona 2-3 dəqiqəyə mağazanın açılacağını demişdir. O, gözləməyə davam etmişdir. Həmin vaxt onun olduğu yerə bir neçə nəfər şəxs gəlmişdir. Saat 10:00da qapılar açılmış və o, içəri daxil olan zaman arxada bir nəfər orta yaşlarında xanım ona nəyə görə növbəsinə girdiyini demişdir. O da mağazanın qarşısına gəldikdə həmin yerdə heçkimin olmadığını və o tək olduğu üçün növbə onun olduğunu başa salmağa çalışmışdır. Həmin qadın ona, mağazanın açılmasını yaxınlıqdakı avtobus dayanacağında gözlədiyini dedikdə o, heç kimi görmədiyi üçün növbənin onda olduğuna əmin olduğunu söyləmişdir. Bu zaman həmin qadın ona yaxınlaşmış və ona əl qol atmışdır. Bu zaman o, barmağından xəsarət almışdır. Həmin an mağaza işçisi və arxalarında növbədə gözləyən 2-3 nəfər şəxslər onları ayırmışlar. O, bu barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hadisə “Kontakt Home” mağazasının içəri hissəsində baş vermiş, təxminən 1-2 dəqiqə davam etmiş, hadisə zamanı orada mağaza işçisi, 2-3 nəfər tanımadığı şəxslər olmuşlar və sonuncular onları aralamışlar. Hadisə zamanı o, heç kimi vurmamışdır və hadisənin baş verməsinə səbəbin, Təqsirləndirilən şəxs ona guya onun növbədənkənar daxil olmağına irad bildirməsi olmuşdur. O, Nailənin növbəsinə daxil olmamış, həmin yerə gəldikdə orada heç kim olmamışdır. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışlamadığını bildirdi və sonuncu barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74/34 ünvanında ictimai yerdə baş vermişdir. Hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD diskə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Odur ki,hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 567 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şişkinlik halında əzilməsi ilə müşaiyət olunan sağ əlin İV barmağının əsas orta falanqarası oynağında tam çıxıq olmuşdur. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxx 2020-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasında səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarət müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gələ bilərdi, lakin bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 44/567 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin İV barmağının şişkinlik halıda əzilməsi ilə müşaiyət olunmaqla həmin barmağın əsas-orta falanqaarası oynağında tam çıxığı olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxx 2020-ci il tarixdə alınması mümkündür və dərəcələrinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib ictimai yer sayılan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74/34 ünvanında xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da qəsdən Zərərçəkmiş şəxs vurduğu yeri əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, gediş-gəlişin olduğu yerdə, yəni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74/34 ünvanında yerləşən “Kontakt Home” mağazasında, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək, qəsdən əli ilə onun sağ əlinə vurub sonuncuya şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağ əlin İV barmağının əsas-orta falanqaarası oynağında tam çıxıq, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qarşı qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1.000 (min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 (iki yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-63/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-63/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver