Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-632/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-“A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1967-ci il tarixdə keçmiş Jdanov rayonunun Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Mil qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsi ev 37-də yaşayan, 27 sentyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 13 iyul 2023-cü il tarixdə saat 23:35 radələrində Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan, yol vərəqəsi əsasında idarə etdiyi “Ford Cargo 1826 4X2 xüsusi təyinatlı” markalı, zibil daşıyan tipli, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 nömrəli ünvanında yerləşən “UAZ” avtoservisin qarşısında məişət tullantılarını yığmaq üçün birinci hərəkət zolağı ilə 10 km/saat sürətlə arxaya idarə edən vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya hərəkət etdirməmişdən əvvəl arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı, avtomobilin arxasında piyadanın olduğu şəraitində avtomobili arxaya doğru hərəkət etdirməməli, piyadanın avtomobilin arxa tərəfindən təhlükəsiz məsafəyə qədər kənarlaşmasını gözləməli və bundan sonra avtomobili arxaya doğru idarə etməli olduğu halda həmin tələbləri pozub, ehtiyatsızlıqdan yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq yerə yıxdıqdan sonra Zərərçəkmiş şəxs başının üzərindən keçməsi nəticəsində sonuncuya baş-beyin toxumasının əzilməsi və dağılması, kəllə qapağı, kəllə əsası və üz skeleti sümüklərinin çoxqəlpəli mürəkkəb sınıqları, bədənin yumşaq toxumalarının sıyrıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, həmin xəsarətlərdən başın küt travması nəticəsində kəllə qapağı, kəllə əsası, üz skeleti sümüklərinin çoxqəlpəli mürəkkəb sınıqları ilə müşayiət olunan baş-beyin toxumasının əzilməsi və dağılması Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti "xxxx"ndə sürücü işləyir, həmin müəssisəyə məxsus “Ford Cargo 1826” markalı, 4X2 xüsusi təyinatlı zibil daşıyan tipli, **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yol vərəqəsi əsasında idarə edir, həmin avtomobillə inzibati ərazidə məişət tullantılarını daşımaqla məşğuldur. 13 iyul 2023-cü il tarixdə saat 23:35 radələrində idarə etdiyi həmin zibil daşıyan avtomobillə inzibati ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 ünvanında “UAZ” servisin qarşısında yerləşən avtoservisdə olan məişət tullantılarını daşımaq üçün getmişdir. Avtomobili “Xalqlar Dostluğu” istiqamətində yolun sağ kənarında birinci hərəkət zolağında hərəkət etdirmiş, həmin ərazidə məişət tullantılarını topladıqdan, sonra Babək prospektində olan döngədən dönüb şəhər istiqamətinə hərəkət etmək üçün təxminən 10 km/saat sürətlə, təxminən 35-40 metr məsafədə avtomobili arxaya hərəkət etdirmişdir. Avtomobili arxaya hərəkət etdirən vaxt sol güzgü vasitəsi ilə baxanda arxa sol tərəfdən kiminsə yıxılmasını görmüş, dərhal avtomobili saxlamışdır. Tez avtomobildən düşüb yaxınlaşanda bir nəfər kişi yüksək səslə qardaşının idarə etdiyi avtomobilin təkərinin altında qalmasını bildirmişdir. Buna görə dərhal avtomobili irəli hərəkət etdirmiş və baxanda arxa sol təkərin altında bir nəfər kişinin olduğunu, həmin şəxsin başının zədələndiyini, yəni başının təkərin altında qaldığını, onun artıq öldüyünü görmüşdür. Digər şəxs, yəni sonradan adını bildiyi mərhum Aqilin qardaşı Asif isə sol qolundan xəsarət almışdır. O, dərhal “102” və “103” xidmətlərinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs və ya ailə üzvlərini hadisəyədək tanımamış, hadisə ehtiyatsızlıqdan baş vermişdir. Əməlindən səmimi peşmandır, hadisədən sonra mərhumun ailə üzvlərinə maddi köməklik göstərmiş, onlarla barışıq əldə etmişdir. Qeyd etdiklərini, ağır ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iş üzrə məhkəmənin hazırlıq iclasında iştirak etmiş, məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Şəki rayonunda yaşaması ilə əlaqədar yol uzaq olduğuna və azyaşlı uşaqları olduğuna görə məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəkdir, qeyd olunanları nəzərə alıb onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmiş, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi həmin ifadəsində göstərmişdir ki, mərhum əri Zərərçəkmiş şəxs Baki şəhərində işləmişdir. 13 iyul 2023-cü il tarixdə Nizami rayonu, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarət nəticəsində əri Aqil hadisə yerində ölmüşdür. Həmin vaxt o, Şəki rayonunda olmuş, Aqilin dayısı zəng edərək ona bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə mərhum qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə işdən evə qayıdan vaxt 30 nömrəli avtobusdan Nizami rayonu, Babək prospektində düşmüşlər. Oradan kirayədə yaşadıqları Nizami rayonu, Keşlə qəsəbəsindəki mənzilə piyada getmək üçün Nizami rayonu, Babək prospekti, 95 ünvanında yerləşən dayanacaqdan Keşlə qəsəbəsi istiqamətində piyada hərəkət etmişlər. Həmin vaxt yolda avtomobillərin çoxluğundan səs çox olmuşdur. O, qəflətən qardaşı Aqili yük avtomobilinin vurmasını görmüşdür, sonra avtomobil onu vurmuş, yük avtomobilinin arxa sol təkəri onların üzərindən keçən zaman sürücünün onu eşitməsi üçün qışqırmağa başlamış, həmçinin əli ilə işarə etmişdir. Sürücü avtomobili saxlamış, lakin artıq gec olmuş, avtomobilin təkəri qardaşı Aqilin baş nahiyyəsindən keçdiyi üçün o, ölmüşdür. Onun isə təkərin altında qalan qolu sınmışdır. Hadisə yerinə gələn təcili yardım avtomobili onu Sabunçu xəstəxanasına apamışdır. Aqilin meyidi də hadisə yerindən aparılmış, sonra dəfn edilmişdir. İbtidai istintaqın gedişi zamanı Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə işlədiyi Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti üzrə axşam növbəsində onlara verilən inzibati ərazidə təmizlik işləri aparmışlar. Nizami rayonu, Babək prospektində olan tullantılları yığmaq üçün sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı **-JR-*** dövlət qeydiyyat nömrə nişanlı tullantı daşıyan yük avtomobilində olmuşlar. Babək prospekti, 95 ünvanında yerləşən avtoservisdən tullantıları yığmaq məqsədilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa tərəfini tullantılar tərəfə vermək üçün avtomobili arxaya verməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qəflətən avtomobili dayandırmış və hansısa şəxsi vurmasını demişdir. Onlar dərhal nəqliyyat vasitəsindən düşmüşlər və iki nəfər şəxsi Təqsirləndirilən şəxs idarə etdiyi tullantı daşıyan yük avtomobili ilə vurmasını görmüşlər. Vurulan şəxslərdən biri avtomobilin sol tərəfində, digəri isə avtomobilin altında qalmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs dərhal “102” və “103” xidmətlərinə zəng edərək hadisə barədə məlumat vermiş, hadisə yerinə polislər və təcili tibbi yardım əməkdaşları yaxınlaşmışlar, yaralı olan şəxsi müayinə etmək üçün aparmışlar, digər şəxs isə hadisə yerində dərhal ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 14 iyul 2023-cü il tarixli 2/22038 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50-də keçirilən müyinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 13) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 24 iyul 2023-cü il tarixli 3-13-52/2- 28431/2023 nömrəli məktubundan və ona əlavə edilən X3 çıxarışdan görünür ki, xx xxx 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05 iyun 2020-ci il tarixdə (05 iyun 2030-cu il tarixədək etibarlı olan) AF040397 nömrəli “B.C.D” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 44-46) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 08 avqust 2023-cü il tarixli 145 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş-beyin toxumasının əzilməsi və dağılması, kəllə qapağı, kəllə əsası və üz skeleti sümüklərinin çoxqəlpəli mürəkkəb sınıqları, bədənin yumşaq toxumalarının sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən yolnəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə başın küt travması nəticəsində kəllə qapağı, kəllə əsası, üz skeleti sümüklərinin çoxqəlpəli mürəkkəb sınıqları ilə müşayiət olunan baş-beyin toxumasının əzilməsi və dağılması səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 8-12 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 49-53) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 8/2623 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Ford Cargo markalı **-JR-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı zibil daşıyan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 64-67) - 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 13 iyul 2023-cü il tarixdə saat 23:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 nömrəli ünvanda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, həmin vaxt hadisə yerindən keçən **-XF-*** dövlət nömrə nişanlı minik avtomobilin sürücüsü X4 avtomobilində quraşdırdığı videoqeydiyyat yaddaşından götürülərək, “DVD”-yə köçürülmüş diskin içərisində 2 ədəd qeydə alınmış görüntüyə baxış zamanı diskin içərisində olan birinci görüntüdə 13 iyul 2023-cü il tarixdə saat 23:35-də Nizami rayonu, Babək prospekti, 95 nömrəli ünvanda yerləşən “UAZ” avtoservisin qarşısında avtomobilin yolun ikinci hərəkət zolağı ilə hərəkətdə olan vaxtı birinci hərəkət zolağında məişət tullantıları daşıyan avtomobilin arxa sol təkərinin altında iki nəfər kişinin olması müşahidə olunmuşdur. Həmçinin diskin içərisində olan bir dəqiqə qeydə alınmış ikinci görüntüdə 13 iyul 2023-cü il tarixdə saat 23:35-də Nizami rayonu, Babək prospekti, 95 nömrəli ünvanda yerləşən “UAZ” avtoservisin qarşısında avtomobilin yolun ikinci hərəkət zolağı ilə hərəkətdə olan vaxtı birinci hərəkət zolağında məişət tullantıları daşıyan avtomobilin arxa sol təkərinin iki nəfər piyada kişinin üzərindən keçməsi müşahidə olunmuşdur. (i.v. 70) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 26 sentyabr 2023-cü il tarixli 909 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Şahid1 almış olduğu - sol bazunun bayır, sol saidin arxa, sol bazunun ön səthlərinin və sol dirsək çuxurunun geniş sahəli əzilmiş yaraları və hemartrozla müşayiət olunan sol bazu sümüyünün bayır kondilusunun sınığı, sol kürək sümüyünün sınığı - bərk-küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri dəyməsi nəticəsində piyada qismində baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gəlmələri istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (i.v. 90-92) - 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs Şahid1 sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına dair hissədə, zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə hissəvi xitam verilmiş, Şahid1 zərərçəkmiş şəxs qismində tanınmasına dair statusuna xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264, 263-1.3 və 187-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eləcə də Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə icraatın başlanması rədd edilmiş, “Ford Cargo 1826” markalı 4X2 xüsusi təyinatlı zibil daşıyan tipli, ** JR *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sürücü Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış, cinayət işi üzrə 13 iyul 2023-cü il tarixdə saat 23:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 nömrəli ünvanda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ 4-054 videomüşahidə qurğusunun kamerasında qeydə alınmış görüntünün “DVD”-yə köçürülmüş 02 ədəd diski maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, cinayət işi üzrə 13 iyul 2023-cü il tarixdə saat 23:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 nömrəli ünvanda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həmin vaxt hadisə yerindən keçən **-XF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü X4 avtomobilində quraşdırdığı videoqeydiyyat yaddaşından götürülərək, “DVD”-yə köçürülmüş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 96-108) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 61) -X1 18 avqust 2023-cü il tarixdə notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 13 iyul 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həlak olmuş Zərərçəkmiş şəxs dəfni ilə bağlı xərcləri Təqsirləndirilən şəxs tərəfindən tam ödənilib, onunla barışmışlar və ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də həmin şəxsə qarşı heç bir şikayəti, iddia və tələbi olmayacaqdır. (i.v. 93) - 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 123-124) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “Ford Cargo” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı zibil daşıyan avtomobilin məhkəməyədək icraat zamanı mülkiyyətçisinə geri qaytarılması nəzərə alınmalı, 03 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Ford Cargo” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı zibil daşıyan avtomobilin məhkəməyədək icraat zamanı mülkiyyətçisinə geri qaytarılması nəzərə alınsın, 03 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-632/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-632/2023
29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver