Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-637/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, X1 Azərbaycan Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 24 sentyabr 2025-ci il tarixli, 1(008)-653/2025 nömrəli qərarı ilə şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hazırda Bakı şəhəri Nərimanov rayonu, məhəllə 1969, X9 küçəsi, ev 34, mənzil 8 ünvanında yaşayır. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X6 hüquqşünas vəzifəsində işlədiyi dövrdə kollecin rəhbərliyi, xüsusilə də direktor X2 tərəfindən davamlı olaraq qanunsuz təzyiqlərə, əsassız cəzalara, böhtan və təhqirlərə məruz qalmışdır. Sevinc Həmzəyevanın ona qarşı kin və ədavət bəsləməsinin əsas səbəbi kollecdə baş verən korrupsiya hallarını ifşa etməyi olmuşdur. Belə ki, keçmiş direktorun rəhbərlik etdiyi korpusda imtahanlar zamanı tələbələrdən 400- 450 manat məbləğində pul yığılması faktını üzə çıxardığı andan etibarən S.Həmzəyeva ona qarşı şəxsi ədavət güdmüşdür. O, tərbiyə işləri üzrə direktor müavini təyin edildikdən sonra bu kinini açıq formada göstərmiş, bəzi işçiləri öyrədərək onun əleyhinə qoymuş, dəfələrlə etdiyi rəsmi şikayətlərə baxılmamışdır. Bundan başqa, o, dəfələrlə ona qarşı “Anqırma”, “Küçük”, “Şərəfsiz”, “Şəxsiyyətsiz” kimi ifadələr işlətmiş (bununla bağlı səs yazıları mövcuddur), bu yolla onun şərəf və ləyaqətini alçaltmışdır. Həmçinin, bu təhqirləri tələbə və müəllimlərin qarşısında etdiyi üçün onun işgüzar nüfuzuna ciddi şəkildə xələl gətirmişdir. Daha sonra Nizam-intizam Komissiyasının saxta iclasları təşkil olunaraq əsassız olaraq ona qarşı intizam tənbehləri tətbiq edilmişdir. O, imtahanların gedişində tələbələrin kütləvi şəkildə telefon vasitəsilə cavab köçürdüklərini qeydə alaraq sosial şəbəkələrdə paylaşdığı üçün S.Həmzəyeva tərəfindən əsassız xəbərdarlıq və töhmət verilmiş, bununla da onun peşə fəaliyyətinə və müəllim nüfuzuna ciddi xələl gətirilmişdir. Hətta o, sadəcə 2 dəqiqə müddətində tam normal tonda Elm və Təhsil Nazirliyinin 146 qaynar xətti ilə kollecin işləri ilə bağlı danışmışdır. Lakin bu qabardılaraq guya onun telefonla danışarkən yüksək tonla danışdığı və imtahanın gedişatına mane olduğu kimi təqdim edilmişdir. Halbuki belə bir hal baş verməmişdir və bu əsassız iddia sadəcə ona qarşı süni şəkildə intizam tənbehi tətbiq etmək məqsədilə hazırlanmışdır. Bundan əlavə, o, ailə-məişət məsələləri ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixində ona ödənişsiz məzuniyyət verilməsi barədə ərizə yazmışdır. Lakin xx.xx.2025-ci il tarixdə, saat 17:20- 17:25 radələrində kollecin Kadrlar üzrə mütəxəssisi onun otağına yaxınlaşaraq direktor tərəfindən “işin çoxluğu” bəhanəsi ilə onun qanuni hüququ olan ödənişsiz məzuniyyətin verilməsindən imtina edildiyini bildirmişdir. Ona bu barədə çox gec xəbər verildiyinə görə, həmin andaca kadrlar mütəxəssisi Günelə etirazını bildirmişdir. Bu hal da S.Həmzəyevanın ona qarşı süni maneələr yaratmaq, əmək hüquqlarını pozmaq və psixoloji təzyiq göstərmək siyasətinin bir hissəsi olmuşdur. Həmzəyeva Sevinc dəfələrlə kollektivin və tələbələrin qarşısında ona açıq şəkildə təhqir və təhdidlər etmiş, onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. O, həmçinin iş otağının qarşısına üç kamera quraşdıraraq fəaliyyətinə qanunsuz nəzarət etmiş, onun peşə fəaliyyəti və şəxsi məxfiliyi üzərində sistemli psixoloji təzyiq göstərmişdir. Bundan əlavə, sosial şəbəkələrdə və saxta “faktinfo.az” səhifəsində barəsində böhtan xarakterli, nüfuzunu alçaldan yazılar dərc etdirmiş, “İnstagram” üzərindən haqqında şərləyici və alçaldıcı paylaşımları kütləvi şəkildə yaydırmışdır. Bu hərəkətlər yalnız onun şərəf və ləyaqətinə deyil, həm də peşə nüfuzuna, sosial imicinə ciddi xələl gətirmişdir. Məsələ bununla məhdudlaşmamış, onun sosial şəbəkə vasitəsilə Prezident və Birinci vitse-prezidentə etdiyi müraciətdən sonra S.Həmzəyeva anası - yaşlı və xəstə bir veteranı zənglə hədələyərək “ya qızın ərizə yazıb işdən çıxsın, ya da töhmətlə işdən azad olunacaq, müəllimləri toplayıb kollecin qarşısında nümayiş etdirəcəyəm” deməklə ailəsinə qarşı da təzyiq göstərmişdir. Kollecdə qeyriqanuni işçilərin rəsmi sənədsiz işlədilməsi, bufetin qanunsuz fəaliyyəti, tələbələrdən əsassız ödənişlərin tələb olunması, maliyyə fəaliyyətində şəffaflığın olmaması kimi hallar da bu şəxsin rəhbərliyi dövründə baş vermişdir. Onun iş otağı əsassız olaraq dəyişdirilmiş, qeyri-münasib şəraitdə işləməyə məcbur edilmişdir. Hətta S.Həmzəyeva Nizami rayon prokurorluğunun müstəntiqi tərəfindən qəbul olunmuş qərarı saxtalaşdıraraq dəyişdirilmiş formada mətbuata təqdim etmiş və bununla onun işgüzar nüfuzuna xələl gətirmişdir. “Patrul.az” adlı sosial media səhifəsində də barəsində şərəf və ləyaqətini alçaldan böhtan xarakterli məlumatlar yaydırmışdır. Bundan başqa, Sevinc Həmzəyeva ona qarşı xüsusi ittiham qaydasında Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və həmin müraciətində barəsində həqiqətə uyğun olmayan, sübut olunmayan və böhtan xarakterli iddialar irəli sürmüşdür. Belə ki, o, ərizəsində guya o, kollecin nizam-intizam qaydalarını pozmuş, kollektivin bir çox üzvləri ilə münaqişə yaratmış və kollecin etik qaydalarına uyğun olmayan davranışlar sərgiləmişdir. Halbuki bu iddiaların heç biri həqiqətə uyğun deyil, sübuta yetirilməmişdir və tamamilə əsassız böhtan xarakteri daşıyır. Bu hal da S.Həmzəyevanın onun şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzuna xələl gətirmək və ona qarşı süni şəkildə cinayət təqibi yaratmaq məqsədilə atdığı növbəti addımdır. Eyni zamanda, X7 rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında verdiyi ifadəsində də eyni böhtan xarakterli iddiaları təkrarlamışdır. Belə ki, həmin ifadəsində guya o, özünü qeyri-peşəkar, kollektivlə yola getməyən, mütəmadi olaraq kollecin fəaliyyətinə mane olan şəxs kimi təqdim etmişdir. Halbuki bu iddialar da həqiqətdən uzaqdır, heç bir fakt və sübutla təsdiq olunmamışdır və yalnız onun nüfuzuna xələl gətirmək məqsədilə uydurulmuş böhtan xarakterli ifadələrdir. Qeyd etdiyi bütün fakt və hallardan aydın olur ki, Sevinc Həmzəyeva ona qarşı qərəzli mövqe tutaraq davamlı şəkildə böhtan xarakterli iddialar irəli sürmüş, bununla da onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu və cəmiyyət içindəki mövqeyini alçaltmışdır. Xüsusilə də, o, barəsində yalan və böhtan xarakterli ifadələrini Xəzər TV telekanalına verdiyi müsahibəsində də təkrarlamış, bununla da 10 milyonluq xalqın gözü qarşısında onun şəxsiyyətini, şərəf və ləyaqətini, peşəkar nüfuzunu açıq şəkildə alçaltmış və cəmiyyət içində ona qarşı yanlış, əsassız təsəvvür formalaşdırmağa çalışmışdır. Yuxarıda sadalanan bütün hallar videoyazılar, audiomateriallar, sosial şəbəkə paylaşımları, rəsmi sənədlər və şahid ifadələri ilə təsdiq olunur. Qeyd olunanlara əsasən, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X4 şikayətin dəlillərini müdafiə etmiş və şikayətin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 vəkili Müdafiəçi Sərkər oğlu göstərmişdir ki, Sevinc Həmzəyeva barəsində məlumatlar şikayətdə yoxdur. Aynurə xanım orada 8-ci ildir ki, işləyir, o, kollektivin keyfiyyətini aşağı salır. Kütləviliklə baş verən heç nə yoxdur. Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi yoxdur. Şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə xüsusi ittiham qaydasında şikayətdə aşağıdakıların göstərilməsi imperativ xarakter daşıdığı halda X4 tərəfindən müvafiq pozuntulara yol vermişdir, belə ki, o: -şikayət vermiş şəxs kimi özü haqqında məlumatları tam, yəni doğulduğu ili göstərməmişdir; -törədilmiş cinayət barədə məlumatları ümumi şəkildə qeyd etməklə kifayətlənmiş, ehtimal olunan cinayətin məhz hansı tarixdə və ya tarixlərdə törədildiyi, bu zaman cinayətlərin təkrarlığının olub-olmaması müəyyən deyildir. Belə ki, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur; -cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, hansı əməlin Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma), hansı əməlin Cinayət Məcəlləsinin 148-ci maddəsinin (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) təsiri altına düşməsini, böhtan və təhqir xarakterli bu əməllərin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği barədə göstərməmişdir; -əməlin X2 tərəfindən törədildiyini, bunu təsdiq edən müvafiq sübutları olduğunu bildirsə də, bu sübutları təqdim etməmiş, sübutların əldə olunma mənbəyini göstərməmiş, irəli sürdüyü dəlillərin nə ilə təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini qeyd etməmişdir; -xüsusi ittiham qaydasında şikayətin nəticə hissəsində X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, təqsirli bilindiyi halda həmin şəxsə hər bir maddə üzrə cəzanın növünü və həddini, eləcə də Cinayət Məcəlləsinin cinayətlərin məcmusu üzrə cəzanın təyin olunmasını müəyyən edən 66-cı maddəsinin tələbləri qaydasında qəti cəzanın növünü və həddini göstərməmiş, xahiş etməmişdir. -şikayətin verilmə tarixini və verildiyi yeri göstərməmişdir. Bu zaman, xüsusilə nəzərə alınmalıdır ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə həmin şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-637/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-637/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver