Məhkəmə qərarları › İş №1(007)-64/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-64/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-64/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1993-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Kürdəmir rayonunun Atakişili kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(009)-99/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 03 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırkı işlə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 may 2021-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin qapısının kilidinin açıq olmasından istifadə etməklə həmin qapını açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətyanı sahədə olan Zərərçəkmiş şəxs2 azyaşlı uşaqlarının istifadəsində olan, hər biri 150 manat dəyərində iki ədəd 28 ölçülü “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 iyun 2021-ci il tarixdə səhər saat 07 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin qapısının kilidinin açıq olmasından istifadə elməklə həmin qapını açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətyanı sahədə olan Zərərçəkmiş şəxs1 azyaşlı övladının istifadəsində olan, 500 manat dəyərində “Stell Sport” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində ailəsi ilə birlikdə kirayə yaşamışdır, əvvəllər çörək sexində sürücü kimi fəaliyyət göstərsə də, həmin sex bağlandıqdan sonra işsiz qalmışdır. 10 may 2021-ci il tarixdə səhər saat 10 radələrində iş axtarmaq üçün fəhlə kimi tanıdığı Orxan adlı şəxslə piyada gəzmişlər. Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində piyada gəzərkən həyətlərin birinin darvaza qapısının açıq olduğunu və içəridə iki ədəd velosiped olduğunu görmüşdür. Həmin vaxtlarda iş tapa bilmədiyi üçün pula ehtiyacı olmuşdur. Küçədə heç kim olmadığından velosipedləri oğurlamaq qərarına gəlmişdir. Lakin Orxana bu barədə bir söz deməmiş, oradan bir xeyli aralaşandan sonra Orxana yaxınlıqda bir nəfər adamın ucuz velosiped satdığını və əgər ordadırsa gedib götürmək istədiyini bildirmişdir. Orxan onu dayandıqları yerdə gözləmiş, o, geriyə, həmin küçəyə qayıtmışdır. Darvazaya yaxınlaşdıqda bu dəfə qapının örtülü olduğunu görmüşdür. O, qapını itələyəndə qapının açıq olduğunu görmüş, həyətdə və küçədə heç kimin olmadığını dəqiqləşdirəndən sonra həyətə daxil olmuşdur. Həyətin sağ tərəfində olan bir ədəd velosipedi və bir az irəlidə olan digər velosipedi əli ilə tutub yavaşca darvazadan çıxartmış, iti addımlarla oradan uzaqlaşdıqdan sonra Orxanın onu gözlədiyi küçəyə tərəf getmişdir. Orxana həmin velosipedləri oğurluq yolu ilə əldə etdiyini deməmiş və ondan xahiş etmişdir ki, onları sürüb aparmaqda ona köməklik etsin. Orxan bir söz deməmiş və onunla birlikdə sürə-sürə Bakı şəhəri 3-cü mikrorayon bazarının qarşısına gəlmişdir. Orada giriş tərəfdən içəriyə keçmişdir. Həmin vaxt bazarda çoxlu adamlar olmuşdur. Orxan isə bazarın giriş tərəfində onu gözləmişdir. Oradan keçən tanımadığı orta yaşlı kişiyə velosipedlərin hər birini 40 manata, cəmi 80 manata satmışdır. Velosipedləri alan şəxs ondan bir söz soruşmadan 80 manatı vermiş və o, bazardan çıxıb getmişdir. Əldə etdiyi puldan Orxana heç nə verməmişdir. Bundan sonra Orxan öz işinin dalınca getmiş, o isə yaşadığı “Şamaxinka” tərəfə evinə getmişdir. 02 iyun 2021-ci il tarixdə səhər saat 06:30 radələrində Babək prospektinin yaxınlığında yerləşən tanımadığı küçələrdə iş axtarmaq üçün gəzdiyi vaxt həyət evlərindən birinin qapısının açıq olduğunu görmüş və həyətdə olan velosiped gözümə sataşmışdır. Velosipedi gördükdə onu oğurlamaq qərarına gəlmişdir. Səhər saatları olduğu üçün küçədə demək olar ki, adam olmamışdır. Ətrafa göz gəzdirərək heç kimin olmadığına əmin olduqdan sonra sakit şəkildə həyətə daxil olmuş və içəridə qapının sağ tərəfində saxlanılmış velosipedi götürərək çölə çıxartmışdır. Sonra velosipedə əyləşərək sürüb surətlə həmin ərazidən uzaqlaşmışdır. Velosipedi sürərək “Şamaxinka”ya getmiş, orada yerləşən ağ rəngdə olan piyada keçidinin altında dayanaraq velosipedi satmaq qərarına gəlmişdir. Bir neçə nəfərə yaxınlaşaraq velosipedi satmaq istədiyini bildirsə də, almaq istəyən olmamışdır. Daha sonra yaxınlaşdığı şəxslərdən biri velosipedlə maraqlanmağa başlamış və ondan işlək vəziyyətdə olub-olmadığını və neçəyə satdığını soruşmuşdur. O, velosipedin işlək olduğunu, 50 manata satdığını bildirmişdir. Həmin şəxs ona 50 manat pul verərək velosipedi alıb getmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə maddi imkanı olmadığını göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qızı, oğlu və həyat yoldaşı ilə birlikdə yaşayır. 2021-ci ilin əvvəllərində oğlu Məhəmmədəlinin istəyi ilə ona 500 manata “Stels Sport” markalı boz rəngli velosiped almışlar. Məhəmmədəli velosipeddən hər gün bir saata yaxın istifadə edərək yaşadıqları evin həyətində girişdə sağ tərəfdə pəncərənin yanında saxlamışdır. Həyat yoldaşı Müşfiq 02 iyun 2021-ci il tarixdə səhər saat 06:30 radələrində işə gedərkən onu yola salmadığı üçün o, evdən çıxarkən həyətin qapısı açıq qalmışdır. Saat 06:45 radələrində qızı Aytən işə getmək üçün oyanmış, pəncərədən baxan zaman qardaşı Məhəmmədəliyə məxsus velosipedin həyətdə olmadığını görmüşdür. Bundan sonra Aytən onun yanına gələrək bu barədə ona demişdir. O, dərhal bayıra çıxaraq həyətə göz gəzdirmiş və velosipedin həyətdə olmadığını görmüşdür. Daha sonra darvazanın açıq olduğunu görüb tez bayıra çıxmış və ətrafa nəzər salmış, lakin şübhəli heç kimi görməmişdir. O, həyat yoldaşı Müşfiqə zəng vuraraq səhər evdən çıxan zaman velosipedin həyətdə olub-olmadığını soruşmuş, Müşfiq səhər evdən çıxıb işə gedərkən velosipedin həyətdə həmişə saxlanıldığı yerdə, evin darvazasının sağ tərəfində pəncərənin yanında olduğunu bildirmişdir. Müşfiqlə danışdıqdan sonra velosipedin oğurlandığı qənaətinə gəlmiş və dərhal DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Sonradan araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəmədiyi üçün onunla barışmamışdır, maddi ziyanı tələb edir. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin təxminən fevral-mart aylarında övladlarına 28 ölçülü 2 ədəd “Stels” markalı velosiped almışdır. 10 may 2021-ci il tarixdə səhər tezdən yuxudan durub işlərini görməyə başlamışdır. Evin həyətinə düşdükdə velosipedlər yerində, yəni hər gün saxladığı məhəccərin və “besedka”nın yanında olmuşdur. Övladları tez-tez evdən çıxıb qayıtdıqları üçün evin darvaza qapısı kilidli olmamışdır. Yenidən evə keçib, bir qədər sonra həyətə düşən zaman biri mavi, digəri ağ rəngli olan iki ədəd, hər birinin qiyməti 150 manat olan, 28 ölçülü, “Stels” markalı velosipedlərin yerində olmadığını görmüş və onların oğurlandığını başa düşmüşdür. Dərhal zəng edərək bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polislə tərəfindən araşdırma aparılaraq oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməsə də, onunla barışmışdır, şikayəti və tələbi yoxdur. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, zərərçəkmiş şəxs Ş.A.Həziyevlə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, müəyyən edilmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 02 iyun 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ekspertkriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7-11) - 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən “AL” marketə məxsus videomüşahidə kameralarında qeydə alınaraq CD diskə köçürülmüş görüntülərə baxış keçirilmişdir. Baxış zamanı 02 iyun 2021-ci il tarixdə bir nəfər kişi cinsinə mənsub arıq bədən quruluşlu, orta boylu, əynində ağ köynək və göy cins şalvar olan şəxsin velosipedi sürərək hadisə yerindən uzaqlaşması məlum olmşdur. (i.v. 33) - 07 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, ünvan 2 ünvanında yerləşən hadisə yerini əyani olaraq göstərib, oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 70-71) - 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan videogörüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə ünvan 2 ünvanından oğurluq cinayətini törətmiş şəxsin və həmin velosipedi sürərək uzaqlaşan şəxsin özü olmasını etiraf etmişdir. (i.v. 79) - 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin istintaq şöbəsindən daxil olmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 80) - 19 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 85) - 10 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 89-90) - 05 iyul 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, ünvan 4 ünvanında yerləşən hadisə yerini əyani olaraq göstərib, oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 108-110) - 20 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 138) - 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü əsasında Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş hesab edilmiş, 02 iyun 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. (i.v. 188-193) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 52) - 07 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual prokuror tərəfindən imtina edilmişdir. (i.v. 74-75) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 07 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021ci il tarixli 1(009)-99/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 03 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 37-38, 167-187) Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törətdikdən sonra, hazırkı hökm çıxarılmazdan əvvəl, digər cinayət əməllərinə görə müvafiq məhkəmə hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 31 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2021-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(009)-99/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələbləri ilə yanaşı, həmçinin, həmin Məcəllənin 202-ci maddəsinin tələbi (202.3. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır.) baxımından qeyd edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da, bu tutulma cəmi bir neçə saat davam etmiş, həmin tarixdə o, müvəqqəti tutulmaqdan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutulduğu bir neçə saat müddət günlə hesablanan tutma müddətinə daxil edilərək cəzaçəkmə müddətindən çıxıla bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, digər hökmlə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, qərar əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə görə ona əmək haqqının ödənilməsi barədə 10 dekabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Bundan başqa, həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 36 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(009)-99/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(009)-99/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 216 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar