Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-64/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarı ilə o, çəkilməmiş 07 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 28 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,546 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin və post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 iyul 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinin inzibati binasına gətirilmiş, həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən şəffaf rəngli sellofanın içərisində təmiz çəkisi 0,546 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən narkotik vasitə heroini falqada yandırıb çəkmə yolu ilə qəbul etməyə başlamışdır. 02 noyabr 2020-ci il tarixdə üzərində narkotik vasitə heroin saxladığı üçün barəsində cinayət işi başlanmış və 18 mart 2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 26 oktyabr 2022-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. 12 mart 2023-cü il tarixdən o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini falqada yandırıb çəkmə yolu ilə qəbul etməyə başlamışdır. O, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Nizami rayonu Keşlə qəsəbəsində və Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tanımadığı şəxslərdən alıb qəbul etmişdir. 2023-cü ilin aprel ayından o, “instagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Nasir adlı şəxslə tanış olmuş, Nasir ona narkotik vasitə və psixotrop maddə təklif etmişdir. O, Nasirə narkotik vasitə və psixotrop maddəni almağa razılıq vermişdir. Bundan sonra o, Nasirin “M10” nömrəsinə pul göndərirmiş və Nasir də ona Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində koordinat göndərmiş, o da gedib həmin narkotik vasitə və psixotrop maddəni götürüb qəbul etmişdir. 25 iyul 2023-cü il tarixdə o, yenə Nasirlə danışıb 01 qram narkotik vasitə heroin istəmiş, Nasir razılıq verdiyi üçün onun “M10” nömrəsinə 40 manat köçürmüşdür. Bundan sonra Nasir ona Qaraçıxur qəsəbəsində olan yerin koordinatını göndərmiş və gedib narkotik vasitəni götürməsini demişdir. O, həmin ünvana gedib 01 qram narkotik vasitə heroini götürmüş, ondan bir hissəni qəbul etmiş, qalan hissəsini isə əynində olan tünd boz rəngli şalvarın sol yan cibində saxlamışdır. 28 iyul 2023-cü il tarixdə saat 23 radələrində Nizami rayonu, T.Abbasov küçəsi 38 ünvanının qarşısı ilə piyada hərəkət etmiş, taksiyə əyləşib yaşadığı evə getmək istəmişdir. Həmin vaxt mülki və polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərini Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin və postpatrul xidməti bölüyünün əməkdaşları olduqlarını bildirmişlər. O da özü barədə məlumatları demiş, bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün onu Nizami rayon polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə getmişdir. Polis idarəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı ona bildirilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, etiraz etməyib əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, bildirmişdir ki, bir ədəd bükümdə olan maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, heroini 25 iyul 2023-cü il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan “Gülü” adlı qadından özü istifadə etmək üçün 45 manata almış, yarısını istifadə etmişdir. Bir ədəd büküm polis əməkdaşları tərəfində açılmış və həmin bükümün içərisində qəhvəyi rəngli maddə aşkarlanmışdır. Bundan sonra həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlənmiş, zərfin üzərini və tərtib olunmuş protokolu o və iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, narkotik vasitəni Nasirin “M10” nömrəsinə pul göndərməsi, Nasirin də ona Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində koordinat göndərdiyi yeri deməsi yolu ilə gedib narkotik vasitə və psixotrop maddəni götürüb qəbul etmişdir. Nasir narkotik vasitəni hər dəfə eyni koordinata atdığı üçün gedib əvvəlcədən orada kənarda gözləmişdir ki, narkotik vasitəni gətirib atan şəxsin kim olduğunu öyrənsin. Bu zaman bir qadının narkotik vasitəni gətirib atdığını görmüş, arxasınca gedib araşdırdıqda həmin qadının adının “Gülü” olduğunu öyrənmişdir. Ona görə saxlanılarkən narkotik vasitəni həmin qadından aldığını demişdir. İstintaq zamanı X2 ilə aralarında üzləşdirmə zamanı həmin şəxsin qeyd etdiyi “Gülü” adlı qadın olmadığını dəqiqləşdirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 iyul 2023-ci ildə “Fuad” adlı şəxsin Bakı şəhəri Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və “Fuad” adlı şəxsi cinayət başında ifşa etmək məqsədi ilə ondan və narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 28 iyul 2023-cü il tarixdə saat 23 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında “Fuad” adlı şəxsin əlamətlərinə uyğun olan kişi cinsli şəxsi görmüşlər, yaxınlıqda olan Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və Şahid4 köməyə çağırıb birlikdə “Fuad” adlı şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Nizami rayon polis idarəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Nizami RPİ-nə getmişlər. Xidməti otaqların birində təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bu barədə bildirildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, 25 iyul 2023-cü ildə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində adını “Gülü” bildiyi qadının kartına 55 manat göndərdiyini, “Gülü” adlı qadının isə Qaraçuxur qəsəbəsində yerləşən “Tatlı” un məmulatları mağazasının yaxınlığına narkotik vasitəni qoyduğunu, onun da həmin narkotik vasitə heroini oradan götürdüyünü bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənib götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Əlavə sualları cavablandırarkən şahid göstərmişdir ki, əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini səimi etiraf etmiş, ona qarşı tərəflərindən qanunsuz hərəkətə yol verilməmiş və hər hansı bir təzyiq göstərilməmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni “Gülü” adlı qadından yox, İran İslam Respublikasının vətəndaşı Nasir adlı şəxsin vasitəsi ilə, onun verdiyi koordinat əsasında əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 və Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4, Şahid1la eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmamış, o, ərizə ilə müraciət edərək qeyd olunan dövrdə ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahidin ifadəsinin elan olunub tədqiq edilərkən onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 29 iyul 2023-cü il və 23 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki, 29 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin təhqiqatçısı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkəti zamanı, müvafiq prosessual tələblərə əməl edildikdən sonra, sonuncuya üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqdim olunan bükümə baxış zamanı içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni özünün qəbul etdiyini, 25 iyul 2023-cü il tarixdə saat təxminən 18 radələrində Qaraçuxur qəsəbəsindən adının “Gülü” olduğunu bildiyi qadının kart hesabına 55 manat pul göndərdiyini, həmin qadının isə narkotik vasitəni Qaraçuxur qəsəbəsində yerləşən “Tatlı” un məmulatları mağazasının yaxınlığına qoyduğunu, onun da narkotik vasitəni həmin yerdən götürdüyünü bildirmişdir. Aşkar edilmiş həmin narkotik vasitəyə bənzər maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 23 sentyabr 2023-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 29-30, 147-148) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2023-cü il tarixli 3-16-16/2- 6/4071 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs (imza) F.B.Ağaməmədov” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,546 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,546 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,496 qram qalıq qalmışdır. (i.v. 44-47) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 08 sentyabr 2023-cü il tarixli 5773 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 165-166) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 3-16- 16/2-6/4695 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs (imza) F.B.Ağaməmədov” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,496 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “..R.Ağamalıyevin üzərindən aşkar olunan maddələr (imza) R.Ağamalıyev...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 9,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “..R.Ağamalıyevin avtomobilindən aşkar olunan (imza) R.Ağamalıyev...” sözləri yazılmış kağız yapışdırılmış bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 2000,5 qram olan narkotik vasitə heroin kimyəvi lomponent tərkiblərinə görə fərqlidirlər. Qeyd: heroinin təmiz çəkisi 0,496 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,446 qram qalıq qalmışdır. (i.v. 166-169) - 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etdiyi zaman qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarıma əlavə edilmiş, onun üzərində şəxsi axtarış zamanı narkotik vasitə üzərində sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində polis əməkdaşlarına narkotik vasitəni könüllü surətdə təhvil verməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə məqsədəmüvafiq hesab edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə 0,546 qram narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınaraq, ekspertiza tədqiqatlarından sonrakı qalıq 0,446 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİ-nin MSSKna təhvil verilmiş, X1 əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmişdir. (i.v. 182-193) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 28 iyul 2023-cü il tarixdə saat 23:00-da tutulmuşdur. (i.v. 20) - 30 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 28 iyul 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 81-83) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarı ilə o, çəkilməmiş 07 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin müddət bitdikdən sonra qeydiyyatdan çıxarılmışdır. (i.v.90-91, 151-153) Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs az ağır cinayətə görə təyin edilmiş cəzadan 26 oktyabr 2022-ci il tarixdə vaxtından şərti olaraq vaxtından əvvəl azad olunduqdan sonra məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 30 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalan 0,446 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-64/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-64/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver