Məhkəmə qərarları › İş №1(007)-648/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-648/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-648/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X17, X3 Azərbaycan Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 18 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə aşağıdakı məzmunda teleqram göndərərək teleqramın mətnində bildirmişdir ki, “Hörmətli Baş Prokuror yazıb Sizə bildirirəm ki, Binəqədi Rayon 2-ci X2 və bacısı X11 mən qan uddurlar. Belə ki, məndən küllü miqdarda borc pul alıb şəxsiyyət vəsiqəsinin seriya nömrəsylə və özünün imzasıyla pulumu bir aya qaytaracaqdı. Lakin vaxt keşməyinə baxmayaraq pulumu vermədilər. X8 Rusiyaya qaçmışdır. Mən Elşadın ***-***-**-** telefonuna zəng edib pulumu istədikdə Elşad məni çox pis küçə söyüşləri ilə təhqir etdi və mənə bir daha zəng edərsən səni evində öldürərəm dedi. X15 bir ana kimi acizanə xahiş edirəm ki, Elşad Fərəcova barədə ölçü götürəsiniz. X22 bütün qonşulara dələduzluq etmiş insanları borc altında qoymuşdur. Vəzifəsindən sui-istifadə edən Elşad və məktəbdən qovulan bacısı iki bacı və qardaş barədə ölçü götürəsiniz.” Qeyd etmək istəyir ki, X3 göndərdiyi teleqramda barələrində yazılanlar tamami ilə qərəz, yalan, böhtan, təhqir olmaqla yanaşı, bizi əsassız və qanunsuz olaraq bir sıra ağır cinayətlərdə ittiham edir. Bildirir ki, 14 may 2025-ci il tarixində, saat 13:58 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunun vatsapına tanımadığı ***-***-**-** nömrəli mobil telefondan zəng gəlmişdir. Telefonun zəngini açan kimi özünü “Gülnar Keşləli” kimi təqdim edərək, bacısı Dilşadın ona pul borclu olduğunu demişdir. O, “Sizi tanımıram, bacım 20 ildir ki, Azərbaycanda yaşamır, bacımın borcu ola bilməz, varsada bacım bilər, siz bilərsiniz. Məni bir də narahat etməyin, etsəniz polisə şikayət edəcəyəm” deyib telefonu söndürmüşdür. Danışıqları 38 saniyə davam etmişdir. Bu nömrəni telefonunun yaddaşına “Gülnarə Keşlə” kimi qeyd etmişdir. Həmin gün yəni 14 may 2025-ci il tarixində, saat 14:01 radələrində istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonunun vatsapına “Gülnarə Keşlə” adı ilə qeyd etdiyi istifadəçinin 055 ***-**-** nömrəli mobil telefonundan “Salaç” mesajı gəlmişdir. Mesaja cavab verməmişdir. 30 avqust 2025-ci il tarixində saat 17:05 radələrində istifadəsində olan 0***-***-**-** mobil nömrəmin vatsapına ***-***-**-** nömrəli telefondan “Salam” mesajı gəlmişdir. Mesaja cavab verməmiş və həmin nömrəni blok etmişdir. Qeyd edilən mesaj və danışıqlardan başqa onun həmin nömrə ilə heç bir formada əlaqəsi və kontaktı olmamışdır. 01 sentyabr 2025-ci il tarixində istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən ona zəng gəlmişdir. Həmin şəxs özünü Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin Keşlə ərazisi üzrə sahə müvəkkili polis-leytenantı Rövşən Məmmədov kimi təqdim edərək, barəsində şikayətin daxil olduğunu və izahat vermək üçün onu sahə müvəkkilinin məntəqəsinə dəvət etmişdir. Polis məntəqəsinə gedib özünü təqdim etmişdir. Polis-leytenantı Rövşən Məmmədov ona bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X10 18 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə yuxarıda qeyd edilən məzmunda teleqram göndərmişdir. O, izahatında həmin qadını tanımadığını, görmədiyini, onun teleqramda yazdıqlarının böhtan olduğunu bildirmiş və X3 müraciəti araşdırılan zaman o, heç bir dəlil, sübut təqdim edə bilməmişdir. Teleqram Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PB-də araşdırılmışdır. Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi Xəyal Şükürovun imzaladığı xx.xx.2925-ci il tarixli, 3-13-52-1/2-F-l0275 saylı məktubunda X22ya cavab olaraq bildirilir ki, “Sizin 12.09. 2025-ci il tarixli, 3-13-52-1/1-F-102xx/xx/2025 nömrəli müraciətinizə əsasən cavab olaraq bildiririk ki, müraciətinizdə göstərilən xüsusatlar tərəfimizdən araşdırıldı, X3 Sizin barənizdə etdiyi müraciət mülki məsələ olduğundan məhkəməyə müraciət etməsi bildirilmiş, eyni zamanda həmin müraciətdə qardaşınız X17 barəsində bildirdiyi şikayətlər tərəfimizdən araşdırılmış, fakt təsdiqini tapmamış, heç bir cinayət və inzibati tərkib aşkar edilməmişdir. Odur ki, Sizin xx.xx.2025-ci il tarixli, 3-13-52-1/1-F- 102xx/xx/2025 nömrəli müraciətiniz üzrə toplanmış material 23-cü PB-nin dəftərxanasında işə alınmışdır”. X3 barələrində yazdıqlarının yalan və böhtan olması Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü PB-nin 12 sentyabr 2025-ci il tarixli, 3-13-53-1/2-F-10275 saylı məktubu ilə təsdiq edilir. Eyni zamanda X5 2025-ci ilin yanvar və X4 isə xx.xx.2025-ci il tarixli 23-cü Polis Bölməsinin cavab məktublarında bildirilir ki; “Ərizənizdə qeyd olunan xüsusatlar üzrə müvafiq araşdırmalar aparılmış, şikayətiniz üzrə X6 izahatı alınmış, müraciətinizdə qeyd edilən mübahisəli məsələnin mülki xarakterli məsələ olduğu müəyyən edilmişdir. Yaranmış problemli məsələ ilə əlaqədar Sizə məhkəməyə mülki qaydada müraciət etməyiniz tövsiyə olunur. Araşdırma zamanı cinayət və inzibati tərkib aşkar edilməmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli, 1/1-M-1794/11/25 nömrəli ərizəniz əsasında toplanmış material Nizami RPİ-nin 23-cü PB-nin dəftərxanasında işə alınmışdır. (Solmaz Mamedova və qeyriləri bacısının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evini dağıdıb məhv etdikləri üçün bacısının şikayəti əsasında araşdırma Nizami RPİ-nin İstintaq Şöbəsində aparılır). Həmin rədd qərarlarının qəbulundan 10 ay keçməsinə baxmayaraq bu şəxslər hər hansı bir iddia ilə məhkəməyə müraciət edə bilmirlər. Çünki, böhtan atdıqlarını, yalan danışdıqlarını bilirlər. Məhkəməyə sübut təqdim edilməlidir. Onların isə heç bir sübutları yoxdur. Çünki dediklərinin hər biri yalan və böhtandır. Məhkəmədə ifşa olunacaqlarını bilirlər. Onlara böhtan atmaqla bu cür yalançı müraciətləri ilə eyni zamanda hüquq mühafizə orqanlarında məşğul edirlər. Gülnar Həsənava onlara nə qədər pulu, nə vaxt və harda verdiyini deyə, yaza bilmir. Çünki pul verməyib, onlara böhtan atır. X16 2 ali təhsili var, ailəlidir. 2001-2006-cı illərdə ünvan 3ünvanında olan evlərində ailəsi ilə birlikdə yaşamışlar. Özü orta məktəbdə müəllimə işləməklə, həm də evdə şagird hazırlamışdır (repititor). Həyat yoldaşı isə mebel dükanında yaxın qohumuz ilə birlikdə işləmişlər. Bir övladları vardır. Həsənova Gülnarın yalandan, böhtan ataraq uydurduğu kimi X13çmamışdır. 2006-cı ilin sentyabr ayından ailəsi ilə birlikdə Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yaşamış və işləmişlər. Qızı Sank-Peterburq Hüquq Universitetini bitirmişdir. 2013-cü ildə özü, 2016-cı ildə həyat yoldaşı, 2024-cü ilin yayında isə ailəliklə Bakı şəhərinə gəlmiş və bir müddət Bakı şəhərində yaşamışlar. Gülnar Həsənovanı bu gün bu qanunsuzluğa təhrik edən və ya edənlər Dilşadın, həyat yoldaşının və onun mobil nömrələrini bilirlər. Dilşad 2 ildir ki, Bakıdadır. Digər tərəfdən o və X19 borcları var idisə nə üçün bu 20-25 il və son bu 2 il ərzində borcunu tələb etmirdi? Həsənova Gülnar bacısı Dilşadın kimisə aldatdığını, hətta qonşudan oğurluq etdiyini teleqramda yazmaqla onlara böhtan atır və qanunu pozmuşdur. Gülnar Həsənova ona və Dilşada pul verdiyi yalanını-böhtanını sübut edə bilmədiyi halda, digər yalana, böhtana əl atmışdır. Bu yalanlar, böhtanlar onun özünü ifşa edir. Belə ki, son ayları çıxmaq şərti ilə onun və Fərəcov Dilşadın barəsində heç bir dövlət orqanına müraciət olunmamışdır. Ona və bacısına qarşı edilən bu son şikayətlərin bir səbəbi vardır. O da Fərəcova Dilşada və ailəsinə məxsus xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evinin Solmaz Mamedova və qeyriləri tərəfindən məhv edib dağıtdıqları üçün, Dilşad Fərəcovanın verdiyi şikayətlərindən imtina etdirmək və geri çəkindirmək məqsədi daşıyır. Hal-hazırda bu fakt üzrə Solmaz Mamedova və qeyriləri barədə verilən şikayət və təqdim edilmiş sübutlar Bakı şəhəri Nizami rayon Pİ-nin İŞ-də araşdırılır. Gülnar Həsənova onu şəxsən tanımır, mobil nömrəsini və iş yerini bilmir. (Dediyinə görə nömrəsini İsa adlı şəxs verib). Görünür ki, mobil nömrəsini və iş yerini deyən şəxs öz çirkin və yalançı, böhtan xarakterli niyyətlərini həyata keçirtmək üçün Gülnar Həsənovadan vasitə kimi istifadə edərək onun vasitəsi ilə bacısı Dilşadı şikayətindən geri çəkindirmək məqsədi daşıyır. Onlar bu cəhdlərinin qanunsuz olduğunu və bacısı Dilşadın qanuni tələblərindən geri çəkindirmək üçün heç hərəkət etməyəcəyini bilməlidir. X10 ona və bacısına qarşı qəsdən, yalandan böhtan ataraq ona qan uddurmaqları; Gülnarın onlara küllü miqdarda borc verdiyi; onun Gülnarı gedib evində öldürəcəyi, bacısı Dilşadın Rusiyaya qaçması, bacısı Dilşadın qonşulardan oğuluq etməsi, məktəbdən qovulması hər biri ayrı-ayrılqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ağır cinayət əməli kimi təsdiq və xarakterizə olunur. Məlumat üçün qeyd edir ki, O, Azərbaycan Respublikasının Milli Ordu sıralarında 27 ilədək qüsursuz xidmət etmişdir. Qüsursuz və nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Son dəfə 2024-ci ilin 25 iyun tarixində “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif edilmişdir. Qulluq etdiyi müddətdə bir sıra vəzifələrdə, 2003-cü ildən isə tərxis edilənə, yəni 2025-ci ilin iyul ayınadək Şöbə, Bölmə rəisləri, İdarə rəislərinin müavini vəzifələrini daşımışdır. Bu illər ərzində həm iş yerlərində, həm də yaşadığı ünvanlarda heç bir qanunsuz hərəkət və hərəkətsizliklərə yol verməmiş, barəsində dövlət və hakimiyyət orqanlarına heç bir şikayət, tələb və iddia ilə müraciət edilməmişdir. Zabit adını, şərəfini və şəxsiyyətini həmişə qorumuşdur. Dövlətinə, Umummilli Liderinə, Möhtərəm Prezidenti cənab Ali Baş Komandanına sədaqətlə qulluq etmişdir. Ona göstərilən etimadı həmişə doğrultmağa çalışmış və sona qədər bu amal və dəyərlərə hörmət edəcəkdir. Qəbul edilmiş qərarlardan və yuxarıda qeyd edilən faktlardan da görünür ki, X3 teleqramda yazdıqları həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır. X3 teleqramda onun barəsində olan böhtan dolu teleqramı kütləvi yayılmışdır. X3 onun barəsində ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda məqsədi onu ağır cinayətdə ittiham etmək, nüfuzunu alçaltmaq, ictimaiyyət arasında, dövlət orqanlarında onun haqqında yanlış fikirlər formalaşdırmaq, onu alçaltmaqdır. Qeyd olunanlara əsasən, xx.xx.1960-ci ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, Zakir 1 küçəsi, ev 11/4-də qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməsi və Azərbaycan Respublikasının Baş prokuroru Kamran X1 xx.xx.2025-ci il tarixli göndərilmiş teleqramla bağlı təkzib verilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X17 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, X3 Baş prokurora göndərdiyi teleqramda barələrində yazılanlar tamamilə qərəz, yalan, böhtan, təhqir olmaqla yanaşı, onları əsassız və qanunsuz olaraq bir sıra ağır cinayətlərdə ittiham etmişdir. O, X3 ona böhtan atdığını sənədlər və sübutlar vasitəsilə tam və qətiyyətlə rədd edir. Cəzanın təyini və onun icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi belə şəxslərin tərbiyə olunmalarına təsirini saxlayır ki, bununla da zərərli vərdişlərindən əl çəkərək yenidən qanunsuz hərəkətlər törətmirlər. Cəzanın tətbiqi ilə bağlı xüsusi tədbirlərdən istifadə etdikdən sonra bu müsbət məna da öz təsirini artırır. Şəxs səhvlərini anlayır. Buna görə də X10 törətdiyi əmələ görə qanunvericiliyin tələblərinə əsasən cəzalandırılmalıdır. O, Gülnar Həsənovanı tanımır. Gülnar Həsənova Baş prokurora göndərdiyi teleqramında onu ağır ittihamlarla ittiham edib. Guya o, Gülnar Həsənovadan külli miqdarda pul alıb. Bunların hamısı tamamilə böhtan, təhqir və şərdir. Bacısı illərdir, 2006-cı ildən Rusiyada yaşayır. Gülnar Həsənova kafedə qabyuyan işləyir, onun külli miqdarda pulu haradandır ki, o, Gülnar Həsənovadan da elə pul alsın. Şikayətinin məhkəmənin icraatına qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 göstərmişdir ki, o, bir kəlmə salam yazmış, Elşad Fərəcov onu söymüşdür. Bu səbəbdən də Baş Prokurorluğa şikayət etmişdir. Şikayət əsassız olduğundan icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçisi Müdafiəçi müvafiq əsaslar olmadığından şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə xüsusi ittiham qaydasında şikayətdə aşağıdakıların göstərilməsi imperativ xarakter daşıdığı halda X17 tərəfindən müvafiq pozuntulara yol vermişdir, belə ki, o: -cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, hansı əməlin Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma), hansı əməlin Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təsiri altına düşməsini, ağır və xüsusilə ağır cinayət dedikdə, məhz hansı cinayət əməlinin (maddəsi və tövsifedici əlamətləri göstərilməklə, sübutları təqdim etməklə) törədilməsində ittiham etməsini, böhtan xarakterli bu əməllərin törədilməsi zamanı zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği barədə göstərməmişdir; -xüsusi ittiham qaydasında şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X3 ona və bacısı X7 böhtan atdığını göstərsə də, sözügedən cinayətlərin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil etdiyindən belə obyekt qismində yalnız fiziki şəxs çıxış edə bilər, bu baxımdan X6 özü öz şərəf, ləyaqət və ya nüfuzunun qorunması üçün fərdi qaydada məhkəməyə müraciət edə bilər. Ona görə qeyd olunan fiziki şəxsə münasibətdə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətlərinin törədilib-törədilməməsi hissəsində araşdırma aparılması üçün hüquqi əsaslar yoxdur; -xüsusi ittiham qaydasında şikayətin nəticə hissəsində X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, təqsirli bilindiyi halda həmin şəxsə hər bir maddə üzrə cəzanın növünü və həddini, eləcə də Cinayət Məcəlləsinin cinayətlərin məcmusu üzrə cəzanın təyin olunmasını müəyyən edən 66-cı maddəsinin tələbləri qaydasında qəti cəzanın növünü və həddini göstərməmiş, xahiş etməmişdir. -şikayətin verildiyi yeri göstərməmişdir. Bu zaman, xüsusilə nəzərə alınmalıdır ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bununla da, X9 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclaslarında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən hər iş saatına 11 manat miqdarında əmək haqqı ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X9, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 hüquqlarının müdafiəsi üçün 6 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 66 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar