Məhkəmə qərarları › İş №1(007)-65/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-65/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-65/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 iyul 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 06 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, 15 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtardığına görə şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamışdır. Belə ki, o, naməlum vaxtda, naməlum mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə 0,372 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış, 07 avqust 2021-ci il tarixdə saat 15 radələrində Nizamı RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2nda yerləşən 25-ci polis şöbəsinin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı tünd göy rəngli idman şalvarının sol cibindən 1 ədəd bükümdə 0,372 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, binanın birinci mərtəbəsində yerləşən mənzildə yaşadıqlarından həyətdə toyuq-cücə saxlayırlar. 07 avqust 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı binanın yaxınlığında zibil konteynerlərindən toyuq-cücələri üçün çörək qırıntıları yığdığı vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim edərək onu 25-ci polis şöbəsinin rəisinin çağırdığını bildirmişlər. O, etiraz etməmiş, yığdığı çörək qırıntılarını aparıb evə qoymağa icazə istəmiş, polislərin razılığını aldıqdan sonra evə getmiş, çörək qırıntıları ilə dolu olan paketi evə qoymuş, evdə olan həyat yoldaşı Sevgülə və qardaşının həyat yoldaşı Əminəyə onu 25-ci polis şöbəsinin rəisinin çağırdığını, gedib nə istədiklərini öyrənib qayıdıb gələcəyini demiş, sonra polislərlə birlikdə 25-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən polislər onu döymüş, sonra videoçəkiliş aparmışlar. Videoçəkilişdən də görünür ki, həmin vaxt o, ayaq üstə güclə dayanmışdır, polis əməkdaşı əlindən tutmuşdur. O, üzərində narkotik vasitə olmadığını dedikdən sonra polis əməkdaşı əlini cibinə salıb onun görmədiyi, özünə məxsus olmayan bir büküm çıxarmış və bükümün içərisində olan narkotikin ona məxsus olduğunu demişdir. Hansı ki, o, əvvəllər dəfələrlə məhkum olunmuşdur, üstündə narkotik vasitə olsa, polislər onu çağıran vaxt çörək qırıntılarını evə qoymağa gedəndə atardı və ya evdə saxlayardı. Onun üzərində narkotik vasitə aşakar olunmadığına görə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Sadin oğlu ifadəsində göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 25-ci polis şöbəsinin rəhbərliyinə müraciət edilib müvafiq icazə alındıqdan sonra təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə başlamışdır. Əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna onunla digər əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Əməliyyat tədbirinin gedişində Təqsirləndirilən şəxs 07 avqust 2021-cı il tarixdə saat 15:00-da tərəflərindən ünvan 3 ünvanında saxlanılmışdır. Həmin vaxt özlərini təqdim etməklə Təqsirləndirilən şəxs 25-ci polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə getmiş, polis şöbəsinin xidməti otaqlarının birində onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitəyə bənzər büküm aşkar edilmişdir. Həmin büküm qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüş, tərtib edilmiş protokol tərəflərindən imzalanmışdır. Şahid2 Sadin oğlu daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildikləri halda onun evinə getməsinə icazə verməzdilər, belə hal isə baş verməmişdir, həmin şəxsi saxladıqdan sonra dərhal 25-ci polis şöbəsinə dəvət etmişlər. Saxlanıldığı və polis şöbəsində olduğu müddətlərdə tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixioloji təsir göstərilməmiş, onun üzərindən aşkar olunmuş narkotik vasitəni cibinə qoyulmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik maddə və vasitələrdən istifadə edən, onu saxlayıb daşıyan şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1, Şahid2 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təxminən 22 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olmaqla yaşayırlar. Elxan 07 avqust 2021-ci il tarixdə saat 15 radələrində evə gəlmiş, əlində olan toyuq-cücələr üçün yığdığı çörək qırıntılarını evə qoyub demişdir ki, onu 25-ci polis şöbəsinin rəisi çağırır, gedib görsün nə deyir, gələcəkdir. Elxan iki gündən sonra evə gəlmiş, həmin vaxt qulağının dibi göyərmiş vəziyyətdə olmuş, bədənində izlər olmuşdur. Elxan demişdir ki, onu polislər polis şöbəsində döymüşlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, qaynı Təqsirləndirilən şəxs və arvadı X3 ilə bir mənzildə yaşayırlar. Elxan 07 avqust 2021-ci il tarixdə saat 15 radələrində evə gəlmiş, toyuq-cücələr üçün yığdığı çörək qırıntılarını evə qoyub demişdir ki, onu 25-ci polis şöbəsinin rəisi çağırır, gedib görsün nə deyir, gələcəkdir. Həmin vaxt o, hamamda paltar yumuş, Elxanın səsinə bayıra çıxmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 07 avqust 2021-ci il və 12 avqust 2021-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə 25-ci polis şöbəsinin inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı təklif edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sol cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilmiş, aşkar edilmiş kütlə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün nə olduğunu bilmədiyini göstərmişdir. Videogörüntüyə baxış zamanı qeyd edilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 27-28, 86) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 avqust 2021-ci il tarixli 6/3360 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi və “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,372 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 0,372 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,322 qram qalıq qalmışdır. (i.v. 43-46) - 20 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy idman şalvarının sol cibindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə xalis çəkisi 0,372 qram (tədqiqatdan sonrakı çəkisi 0,322 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət üzrə maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v. 96) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 11 avqust 2021-ci il tarixli 2805 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 99-100) -Bakı şəhəri Nizami rayon prokurorluğunun 08 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə müraciətində cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 103-104) - 26 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi doğru hesab edilmiş, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ittiham elan edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmış, maddi sübutlara dair qərarın qəbul edilməsi nəzərə alınmış, bir ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. (i.v. 114-118) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü təqsirli bilməsə də və işin halları ilə bağlı ziddiyyətli ifadələr versə də, şəxsi axtarış və götürmə zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir, eləcə də, Bakı şəhəri Nizami rayon prokurorluğunda aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə müraciətində cinayət hadisəsi müəyyən edilmədiyindən 08 sentyabr 2021-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hansı ki, həmin qərar Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir, qüvvədədir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Bundan başqa, məhkəmə müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X3 və X1 verdikləri ifadələrə münasibətdə qeyd edir ki, onların ifadələrində göstərdikləri işin faktiki müəyyən olunmuş halları, iş materialları və digər şahidlərin ifadələri ilə tam təkzib olunmaqla yanaşı, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamaqla bağlı verilmiş ittihama faktiki olaraq hər hansı qaydada aidiyyəti və təsiri yoxdur, Sevgül Şükürova təqsirləndirilən şəxsin birlikdə yaşadığı həyat yoldaşı, Əminə Məmmədova isə qardaşının həyat yoldaşı, gəlinləri olduğundan, məhkəmə həmin şəxslərin belə ifadə vermələrini onların təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmağa cəhd etmələri kimi qiymətləndirir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 23) - 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual prokuror tərəfindən imtina edilmişdir. (i.v. 70-72) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 09 avqust 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 73-76) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 19 sentyabr 1990-cı il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 30 aprel 1992-ci il tarixli qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən 03 il 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 15 iyul 1992-ci il tarixli Amnistiya Qərarının 8-ci maddəsinin “V” bəndinə əsasən cəzası 1/3 qədər azaldılıb 01 il 11 ay 13 gün saxlanılmış, 30 dekabr 1993-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən 06 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş; Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 12 aprel 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 39-cu maddəsinə əsasən 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 04 may 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 15,143 maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 39-cu maddəsinə əsasən 05 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 dekabr 1999-cu il tarixdə 10 dekabr 1999-cu il tarixli Amnistiya Qərarının 1.5-ci maddəsinə əsasən azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 yanvar 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 yanvar 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 iyun 2016-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 14 noyabr 2016-cı il tarixdə cəzasını çəkmiş kimi şöbənin qeydiyyatından çıxarılmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 iyul 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 06 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş, 15 yanvar 2021-ci il tarixdə cəzasını çəkmiş kimi şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 87-90, 92-94) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə məhkumluğu ödənilmiş olsa da, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 06 ay 13 gün vaxtından əvvəl şərti azad olunaraq 15 yanvar 2021-ci il tarixdə cəzasını çəkmiş kimi şöbənin qeydiyyatından çıxarıldıqdan sonra, 07 avqust 2021-ci il tarixdə hazırkı cinayət əməlini törədənədək iki il keçməmişdir, ona görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 07 avqust 2021-ci il tarixdən 09 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış 0,322 qram narkotik vasitə heroin məhv olunmalı, maddi sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, qərar əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən həmin dövr üçün hesabat arayışı təqdim edilməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 07 avqust 2021-ci il tarixdən 09 avqust 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,322 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar